Azərbaycanın birinci xanımı
"XXI əsrin böyük
qadını" fəxri
titulunun nominantıdır
Məlum olduğu kimi, zəmanəmizin
bir sıra görkəmli qadınları, o cümlədən
İngiltərə Kraliçası II Yelizaveta, Amerika Birləşmiş
Ştatlarının indiki dövlət katibi Hillari Klinton,
öz xeyirxah əməlləri ilə dünya şöhrəti
qazanmış Tereza Ana və başqaları bu mühüm fəxri
ada layiq görülmüşlər. Lap yaxın vaxtlarda, bu il
iyulun axırlarında isə Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu
beynəlxalq səviyyəli titula layiq görülmək
üçün nominant kimi irəli
sürülmüşdür.
Beynəlxalq Niaqara
Festivalının bədii rəhbəri, Toronto Kral
Konservatoriyasının professoru Atis Bankas, Moskva
Konservatoriyasının professoru, Niaqara Festivalının
"İpək yolu" Komitəsinin həmsədri Nina Koqan,
"İpək yolu" kamera orkestrinin baş dirijoru və
"İpək yolu" Komitəsınin sədri, həmvətənimiz
İsmayıl Hacıyev və Beynəlxalq Niaqara
Festivalının baş meneceri Virciniya Meynprays bu təkliflə
Amerika Bioqrafiya İnstitutunun prezidenti cənab Evansa müraciət
etmişlər. Onların hamısı Azərbaycanın
böyük şərqşünas alimi Aida
İmanquliyevanın adını daşıyan Kanada Beynəlmiləl
Universal Bəşəri Dəyərlər Mərkəzinin
İdarə Heyətinin üzvləridir.
Amerika Bioqrafiya
İnstitutuna müraciətin müəllifləri öz təkliflərini
əsaslandırmaq üçün Mehriban xanımın
öz ölkəsinin mədəni sərvətlərinin
inkişafına, Şərq və Qərb mədəniyyətlərinin
yaxınlaşmasına yönəlmiş, mənəvi
yaradıcı inteqrasiyaya kömək edən geniş fəaliyyətini
vurğulamışlar.
Onun yaratdığı
Azərbaycan Mədəniyyət Fondu bu fəaliyyəti həyata
keçirmək üçün festivallar, sərgilər,
konsertlər, mədəniyyət sahəsi ilə əlaqədar
digər tədbirlər təşkil edir. Bircə misal
göstərək: Azərbaycan musiqi folklorunun ənənəvi
klassik forması olan muğamı təbliğ etmək məqsədilə
Bakıda Muğam Mərkəzi yaratmaq barədə Prezident
İlham Əliyevin dəstəklədiyi təşəbbüsün
müəllifi ölkəmizin birinci xanımıdır.
Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə təhsil, səhiyyə və
idman sahəsində geniş və çoxşaxəli iş
aparılır.
Müraciətdə qeyd
edilir ki, Heydər Əliyev Fondunun prezidenti uşaqlara,
onların problemlərinə xüsusi diqqət yetirir. Fondun
xeyriyyə proqramı Azərbaycanda uşaq evlərinin yenidən
qurulmasını və modernləşdirilməsini, məktəblər
açılmasını, diabetdən və digər
ağır xəstəliklərdən əziyyət çəkən
uşaqların müalicə olunmasını əhatə
edir. Qocalar evlərinə
də ən müasir tibbi səviyyədə kömək
göstərilir.
Müraciətdə Azərbaycanın
birinci xanımının beynəlxalq miqyasda fəaliyyəti
xüsusi vurğulanır. Sənəddə deyilir:
"Xanım Əliyevanın təşəbbüsü ilə
Niaqarada Azərbaycan Muğamı Günləri keçirilməsi,
Niaqara Festivalının təşkilati strukturu çərçivəsində
"İpək yolu" komitəsinin yaradılması
Şimali Amerikanın mədəni həyatında əlamətdar
hadisəyə çevrilmişdir.
Qədim İpək yolu
üzərində yerləşən ölkələrin
musiqisinin və bütün mədəniyyətinin
inkişafına kömək məsələsində xanım
M.Əliyevanın rolu nəzərə alınaraq, ona Niaqara
Festivalının yüksək mükafatı - dünya mədəniyyətlərinin
və sivilizasiyaların yaxınlaşması və
inteqrasiyası üzrə nəcib missiyanı həyata
keçirən insanın qədim rəmzi olan "Sülh
qızılgülü" mükafatı
verilmişdir..."
Amerika Bioqrafiya
İnstitutunun prezidentinə ünvanlanmış müraciətdə
daha sonra YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın dünya irsinin qorunub saxlanmasında
iştirakını təsdiq edən konkret faktlar göstərilir.
Onun başçılıq etdiyi Heydər Əliyev Fondu ilə
Roma Katolik Cəmiyyəti arasında imzalanmış Memoranduma
müvafiq olaraq, Fransada Strasburq Kafedral kilsəsinin,
Bakıdakı Müqəddəs Məryəm katolik kilsəsinin
bərpası üçün vəsait
ayırmışdır. Fond "Azərbaycan
tolerantlığın ünvanıdır" layihəsi
çərçivəsində ölkədəki
bütün dini abidələrin bərpasına yardım
göstərir.
Azərbaycanın birinci
xanımını XXI əsrin tanınmış görkəmli
qadınları olan müasirlərimiz sırasına daxil etmək
təklifi ilə Amerika Bioqrafiya İnstitutunun ünvanına
daxil olmuş digər müraciəti Niaqara şəhər
meri lord Qeri Borrou imzalamışdır. Keçən il bu
şəhərdəki İncəsənət qalereyasında
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
büstü qoyulmuşdur. İlk növbədə Mehriban Əliyevanın
dəstəyi sayəsində həyata keçirilmiş bu tədbir
Kanada ilə Azərbaycan arasında əsl mədəni
körpüyə çevrilmişdir.
Bəli, həqiqətən
böyük işlər görən Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın yorulmaz fəaliyyəti
dünya miqyasında qiymətləndirilməyə layiqdir!
AzərTAc
Azərbaycan.- 2009.- 21
avqust.- S. 1, 2.