Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurası 2010-cu ildə QHT-lərin
maliyyələşdirilməsinin istiqamətləri,
qaydaları və mexanizmlərinin təkmilləşdirilməsi
ilə bağlı məsləhətləşmələrini
davam etdirir. Avqustun 20-də Zaqatala rayon ictimaiyyətinin
nümayəndələri ilə keçirilən
görüşdə şura katibliyinin icraçı direktoru
Fərasət Qurbanov QHT-lərin dövlət büdcəsindən
maliyyələşdirilməsi məsələləri ilə
bağlı məlumat vermişdir.
Ölkədə vətəndaş
cəmiyyətinin inkişafı və möhkəmləndirilməsi
istiqamətində şuranın həyata keçirdiyi tədbirlərdən
danışan F.Qurbanov demişdir ki, artıq
reallaşdırılmış iki maliyyə yardımı
müsabiqəsi nəticəsində 400-dən artıq QHT
layihəsinə dövlət dəstəyi verilmişdir.
F.Qurbanov layihələrin
ekspertizası, qiymətləndirilməsi qaydaları, nəticələri,
habelə şuranın beynəlxalq donor təşkilatlarla əlaqələri
barədə də toplantı iştirakçılarına ətraflı
məlumat vermişdir.
Yerli və ətraf
rayonların QHT-lərinin nümayəndələri layihələrin
yazılışı, idarə olunması və mühasibat
uçotunun aparılması ilə əlaqədar ciddi təlimlərə
ehtiyac olduğunu bildirmişlər.
Yeni Azərbaycan
Partiyasının Zaqatala rayon təşkilatının qərargahında
keçirilmiş bu görüşdə rayon icra hakimiyyətinin
nümayəndələri iştirak etmiş, rəy və təkliflərini
bildirmişlər.
Azərbaycan.- 2009.- 21 avqust.- S. 2.