Ermənistanda 500 minlik işsizlər ordusu yaranıb

 

Ciddi sosial-iqtisadi problemlər yaşayan Ermənistanda onsuz da məhdud sayda olan iş yerlərinin növbəti ixtisarı başlanıb. Bu ölkənin Əmək və Sosial Məsələlər üzrə Nazirliyinin yanında sosial təminat dövlət xidmətinin rəisi Vazgen Xaçikyan bununla bağlı bildirib ki, hazırda ölkədə 101 min nəfər işsiz kimi qeydiyyatdan keçib. İlin əvvəlində isə qeydiyyatdan keçən belə şəxslərin sayı 85 min nəfər olub. Lakin göstərilən rəsmi rəqəmlərin reallığı əks etdirmədiyini Vazgen Xaçikyanın özü də etiraf edir: "Ermənistanda hazırkı dövr üçün 101 min nəfərin işsiz kimi qeydiyyatdan keçməsi rəsmi rəqəmlərdir. Lakin elə vətəndaşlar var ki, öz işlərini itirsələr də məşğulluq mərkəzlərinə müraciət etməyiblər. Yəni, indi ölkədə işsizlərin sayı rəsmi rəqəmlərdə ifadə olunduğundan çoxdur".

Ermənistan Milli Statistika Xidmətinin açıqladığı hesabata görə, cari ilin ilk yarısı üçün ölkədə işsizliyin səviyyəsi 6,7 faiz artıb. Təkcə son bir ay ərzində bu rəqəm 0,4 faiz olub. Məlumatlara görə, birinci yarımilliyin yekunu üzrə ölkədə iqtisadi fəal əhalinin ümumi sayı 1 milyon 178,3 min nəfər təşkil edib. Lakin müstəqil ekspertlər həm işsizlərin, həm də iqtisadi fəal əhalinin ümumi sayı ilə bağlı göstərilən rəsmi rəqəmlərlə razılaşmırlar. Bu ölkənin sabiq baş naziri Qrant Baqratyan qeyd edir ki, iqtisadi cəhətdən fəal olan əhalinin bir qismi çoxdan ölkəni tərk etsə də, onlar hələ dövlət qeydiyyatında qalmaqdadırlar: "Halbuki belə şəxslər çoxdan ölkə xaricindədir və onların iqtisadi fəaliyyətinin Ermənistana heç bir aidiyyəti yoxdur. Özü də Ermənistanı tərk edən fəal işçi qüvvələrinin sayı yüz minlərlədir".

Müxalifmeyilli Ermənistan mətbu orqanlarında yer alan məlumatlardan isə məlum olur ki, əslində ölkədə iqtisadi cəhətdən fəal olan işçi qüvvələrinin sayı 800 mindir. İşsizlərin sayına gəlincə, bununla bağlı da rəsmi rəqəmlərlə müstəqil mənbələr arasında ciddi ziddiyyətlər mövcuddur.

"Aykakan Jamanak" qəzetinn yazdığına görə, hazırda Ermənistanda əmək qabiliyyətli əhalinin 60 faizindən çoxu işsizdir. Ermənsitanda əmək qabiliyyətli insanların 800 mininin 60 faizindən çoxunun işinin olmaması isə hazırda burada 500 minə qədər işsizlər ordusunun formalaşdığından xəbər verir.

İşsizlər ordusunun sıralarının genişlənməsinə təsir göstərən əsas amillərdən biri isə qlobal iqtisadi böhranın Ermənistana daha dağıdıcı təsir göstərməsi olub. Ermənistanın Məşğulluq Xidmətinin rəis müavini Artak Simonyan bildirib ki, işsizlik daha çox bölgələrdə hiss olunur. İş axtaranların sayı ötən illə müqayisədə 30 faiz artdığı qeyd edilir. O da xüsusi olaraq vurğulanır ki, işsizlərin təxminən 25 faizini gənclər təşkil edir.

Ermənistanda yaranan belə acınacaqlı vəziyyət mötəbər beynəlxalq maliyyə institutlarının araşdırma və hesabatlarında da öz əksini tapmaqdadır. Məsələn, bir müddət əvvəl Dünya Bankı mütəxəssislərinin apardığı araşdırmalardan belə məlum olmuşdur ki, 2009-2010-cu illərdə Ermənistanda daha 172 min nəfər işsiz qalacaq. Ümumilikdə yoxsulların sayı 906 min nəfər olacaq. Dünya Bankının hesabatında o da bildirilir ki, Ermənistan hakimiyyətinin yoxsulluğa qarşı mübarizə sahəsində gördüyü tədbirlər səmərəli deyil.

Ermənistanın KİVləri yazırlar ki, indi böyük sayda olan işsizlər ordusunun bir hissəsi ən müxtəlif yollarla ölkəni tərk etməyə çalışır. Elə bunun nəticəsidir ki, son altı ayda Ermənistanı iqtisadi cəhətdən fəal olan insanların tərk etməsi hallarında ciddi artım qeydə alınıb və bu tendensiya yüksələn xətt üzrə inkişaf etməkdədir. Yerdə qalanların isə yaxın perspektivdə Ermənistanda iş tapması inandırıcı görünmür. Ermənistan Məşğulluq Xidməti etiraf edir ki, hazırda orta hesabla ölkədə hər vakant yerə təqribən 100 işsiz düşür, bəzi yerlər üçün onların sayı hətta 200-ü də keçir.
Onu da xatırladaq ki, cari ilin ilk yarısında Ermənistan iqtisadiyyatında rəsmi məlumatlara görə, 16,3 faiz geriləmə qeydə alınıb. Lakin reallıqda bu rəqəmin daha böyük olması şübhə doğurmur. Cari ilin sonuna kimi Ermənistan iqtisadiyyatında tənəzzül həddinin 20 faiz olacağı gözlənilir. Bunu Ermənistanın baş naziri Tiqran Sarqsyan da istisna etməyib: "Biz ilin sonuna kimi iqtisadi geriləmənin 12 faiz olacağını gözləyirik. Lakin mən bu həddin 20 faiz ola biləcəyinə dair əvvəlki proqnozlarımın reallaşa biləcəyini də istisna etmirəm".

Ermənistan Mərkəzi Bankının məlumatına görə, ölkə əhalisinin əsas dolanışıq mənbələrindən biri sayılan xaricdən pul köçürmələri əvvəlki kimi azalmaqda davam edir. Belə ki, ilin ilk yarısında xaricdən Ermənistana fiziki şəxslər üçün 446,7 milyon dollar pul köçürülüb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 33,2 faiz azdır. İlin sonuna qədər bu azalma həddinin 40-45 faiz olacağı gözlənir.

Ermənistan dövlətinin və əhalisinin iqtisadi problemlərin əlində aciz qaldığını göstərən daha bir maraqlı fakt isə bu ölkə idmançılarının beynəlxalq yarışlara göndərilməsi üçün pul tapılmamasıdır. Artıq məlumdur ki, Ermənistan idmançıları cari ilin sentyabr ayında Koreyada keçiriləcək kamandan oxatma üzrə dünya çempionatına yollana bilməyəcəklər. Çünki hökumətin onları yarışa göndərmək üçün pulu yoxdur. "ArmSport.am" portalının verdiyi xəbərə görə, Ermənistanın kamandan oxatma üzrə yığmasının baş məşqçisi Boris Vasilyan bildirib ki, beynəlxalq maliyyə böhranı səbəbindən erməni idmançıları bu il beynəlxalq yarışlarda təmsil olunmayacaqlar. İlin əvvəlindən dövlət büdcəsindən idmanın bu növünə təqribən 27 min dollar ayrılmışdı. Lakin sonradan maliyyələşmə təqribən 5 min dollaradək azaldılıb. Xatırladaq ki, Ermənistan idmançıları eyni səbəb üzündən bir neçə gün əvvəl Şanxayda start götürən Dünya Kubokuna da yollana bilməyiblər.

Belə vəziyyətdə isə müxalifət daha ciddi-cəhdlə əhalini hakimiyyətə qarşı səfərbər etməyə çalışır. Əsas müxalif qüvvələrin cəmləşdiyi Ermənistan Milli Konqresinin koordinatoru Levon Zurabyan qeyd edir ki, onların bu yaxınlarda keçirəcəkləri növbəti mitinqdə diqqət yetiriləcək əsas məsələlərdən biri də əhalinin sosial-iqtisadi durumunun daha da ağırlaşması və hakimiyyətin bu istiqamətdə həyata keçirdiyi yarıtmaz siyasət ilə bağlı olacaq.

Digər erməni politoloq Suren Surenyan isə ölkənin ağır iqtisadi durumunun səbəbləri sırasında hakimiyyətin regional siyasətdə ciddi səhvlərə yol verməsini, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Serj Sarkisyan iqtidarının heç bir əməli iş görməməsini göstərir: "Xalq onun sosial durumunu ağırlaşdıran bu problemin artıq çözümünü istəyir və bunu iqtidardan tələb edir". Onun sözlərinə görə, münaqişənin həllinin uzanması Ermənistanın durumunu bir qədər ağırlaşdıracaqdır.

Hazırda Ermənistanda açıq etiraf olunur ki, sözügedən problemin həll edilməməsində əsas günahkar məhz Serj Sarkisyan iqtidarıdır. Bu fakt indi beynəlxalq arenada da daha geniş miqyasda qeyd edilir. Məsələn, Şərq Tədqiqatları Mərkəzinin eksperti Masej Folkovski bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində irəliləyişdən danışılarsa, bu, Azərbaycan timsalında daha çox nəzərə çarpır. Ermənilərin isə hələ irəliləyişə xidmət edən mövqe nümayiş etdirmədiyini bildirən ekspert prosesdə Azərbaycan Prezidenti İlham Əliyevin kifayət qədər güclü mövqedə olduğunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevdən fərqli olaraq Serj Sarkisyan danışıqlarda çox uzağa gedəcəyi halda öz həyatı və prezidentliyi üçün qorxur.

Belə bir vaxtda bir sıra erməni siyasətçilər və ekspertlər ATƏT-in Minsk qrupunun təklif etdiyi "Madrid prinsipləri"nin Ermənistan üçün qəbuledilməz olduğunu bəyan edirlər. Lakin Ermənistan hakimiyyətinin bəzi təmsilçiləri rəsmi Yerevanın razılığa gəlməkdən başqa çarəsinin qalmadığını bildirirlər. Ermənistanda hakimiyyətdəki Respublika Partiyasından olan millət vəkili Lernik Aleksanyan qeyd edir ki, rəsmi Yerevan işğal altında olan 7 rayonun azad edilməsi təklifini qəbul etməlidir. Onun fikrincə, "Madrid prinsipləri" ətrafında razılıq əldə olunarsa, onda təbii ki, Dağlıq Qarabağ ərazisində təhlükəsizlik zolağı yaradılacaq. "Belə olan halda həmin rayonları geri verməklə Dağlıq Qarabağın təhlükəsiz gələcəyini təmin etmək, əlbəttə, bizim üçün daha yaxşıdır".

Aleksanyan onu da əlavə edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində müharibədə iştirak edən heç bir erməni, o cümlədən Sarkisyan 7 rayonun Ermənistana birləşdirilməsini qarşısına məqsəd qoymayıb.

Maraqlıdır ki, son vaxtlar hakimiyyətə yaxınlığı ilə tanınan digər bəzi siyasətçilər də buna bənzər fikirlər səsləndirirlər. Erməni ekspertləri hesab edirlər ki, hakimiyyətyönümlülərin belə bəyanatlarla çıxış etməsi Ermənistana beynəlxalq təzyiqlərin artmasıyla bağlıdır. Belə ki, "Böyük səkkizlər"in zirvə görüşündə Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa prezidentlərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlarından sonra Ermənistanın dövlət başçısı Serj Sarkisyan da açıqlamasında Ağdamın ermənilərin vətəni olmadığını bildirmişdi. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan da həmvətənlərinə müraciətlə eyni məzmunda fikir səsləndirib. Bütün bunları nəzərə alan erməni ekspertlər də etiraf edirlər ki, Ermənistan hakimiyyətində bu istiqamətdə verilən bəyanatların məğzini xarici amillər müəyyənləşdirir.

Bütün bunlar onu göstərir ki, Ermənistan tezliklə işğal altında olan Dağlıq Qarabağa bitişik 7 rayonu geri qaytarmalı olacaq. Bunun ardınca isə Dağlıq Qarabağın özünü işğaldan azad etmək məcburiyyətində qalacaq. Çünki həm güclü Azərbaycanın, həm də beynəlxalq ictimaiyyətin təzyiqləri qarşısında Ermənistanın tab gətirməsi mümkünsüzdür. Ölkənin ağır sosial-iqtisadi durumu isə Ermənistanın işğalçı mövqeyindən daha tez geri çəkilməsi prosesini bir qədər də sürətləndirməkdədir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2009.- 21 avqust.- S. 2.