Heydər Əliyev
Fondunun dəstəyi ilə Qəbələdə keçirilən
Beynəlxalq musiqi festivalının proqramına uyğun olaraq
hər gün musiqisevərlər üçün müxtəlif
konsertlər təşkil edilir.
Avqustun 20-də gənc
pianoçuların müsabiqəsinin qaliblərinə və
mükafatçılarına hədiyyələr təqdim
olunmuşdur. Sonra isə müsabiqə iştirakçılarının
ifasını qiymətləndirən münsiflər heyətinin
qala-konserti olmuşdur.
Tamaşaçılar
qarşısında Vinçenso Baltsani (İtaliya), Leonel
Moralis (İspaniya) və Murad Adıgözəlzadə (Azərbaycan)
dünya və Avropa bəstəkarlarının əsərlərini
səsləndirmişlər. Onların
çıxışları maraqla
qarşılanmışdır.
Avqustun 21-də
keçiriləcək muğam axşamında isə xalq
artistləri Mənsum İbrahimov və Aygün Bayramova konsert
proqramı ilə çıxış edəcəklər. Avqustun
22-də isə Beynəlxalq musiqi festivalının təntənəli
bağlanış mərasimi olacaqdır.
Bağlanış
konsertində İsrailin məşhur Ranaana simfonik orkestrinin
müşayiəti ilə solistlər Daniel və Aleksandr
Qurfinkel (klarnet), Vyaçeslav Vaynorovski (tenor) və Boris
Berezovskinin (piano) çıxışı gözlənilir.
Konserti tanınmış dirijor Dmitri Yablonski idarə edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 21
avqust.- S. 3.