Avqustun 20-də Təhsil
Nazirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində
dünyanın nüfuzlu ali məktəblərinə qəbul
olunmuş tələbələrlə görüş
keçirilmişdir.
Tələbələri
təbrik edən təhsil naziri Misir Mərdanov bildirmişdir
ki, son vaxtlar Azərbaycan iqtisadiyyatı kimi, elm, təhsil və
mədəniyyət sahələri də inteqrasiya proseslərinə
cəlb olunmuşdur. Bu sahələrdə alim, müəllim
və tələbə mübadiləsi geniş vüsət
almışdır. Mövcud intellektual potensialın zənginləşdirilməsi
ölkəmizdəki elm və təhsil ocaqları ilə bərabər,
xarici ölkələrdə kadr hazırlığı məsələsini
aktuallaşdırır, informasiya-kommunikasiya texnologiyalarına
yiyələnən və beynəlxalq diplomatik təcrübəni
yaxşı mənimsəyən yüksək
hazırlıqlı mütəxəssislərə olan
ehtiyacın ödənilməsini tələb edir.
Nazir demişdir ki,
Prezidentin sərəncamı ilə təsdiq edilmiş
dövlət proqramı 2007-ci ildən etibarən Təhsil
Nazirliyi tərəfindən uğurla həyata keçirilir. Dövlət
proqramı çərçivəsində 5 min gəncin
dünyanın nüfuzlu ali məktəblərində təhsil
almağa göndərilməsi nəzərdə
tutulmuşdur. Proqramın şərtlərinə əsasən,
həmin tələbələrin bütün xərcləri
dövlət tərəfindən ödənilir.
Dövlət proqramı
çərçivəsində 2007-ci ildə xarici ölkələrin
ali məktəblərində təhsil almaq üçün
74, 2008-ci ildə 120 tələbə göndərilmişdisə,
2009-2010-cu dərs ilində bu göstəricinin 250 nəfərə
çatacağı gözlənilir. İndiyədək
dövlət proqramı çərçivəsində xaricdə
təhsil almaq məqsədi ilə göndərilən tələbələrin
ümumi sayı 450-yə yaxındır. Bunun
üçün Təhsil Nazirliyi, İqtisadi İnkişaf
Nazirliyi və Dövlət Neft Fondu tərəfindən
lazımi tədbirlər görülmüşdür. Ötən
iki ildə xaricdə təhsil alan tələbələrdən
8 nəfəri məzun olmuş, 35-i isə cari ildə təhsilini
başa çatdıracaqdır. Dövlət proqramına
uyğun olaraq, xarici ölkələrə göndərilən
azərbaycanlı gənclərdən 93 nəfəri tibb, 81-i
iqtisadiyyat, 57-si siyasi, 53-ü idarəetmə, 25-i
hüquqşünaslıq, 54-ü texniki ixtisaslar, 10-u incəsənətin
müxtəlif sahələri və 27-si isə digər elmlər
üzrə təhsil alır.
M.Mərdanov
vurğulamışdır ki, tələbələrimiz
Böyük Britaniya, Almaniya, Türkiyə, Fransa, Niderland
Krallığı, ABŞ, İsveç, Rusiya, İtaliya,
İsveçrə, Yaponiya və digər ölkələrdə
təhsillərini davam etdirirlər. Artıq növbəti tədris
ilində azərbaycanlı tələbələrin proqram
çərçivəsində təhsil alacağı
ölkələrin coğrafiyası 20-dən artıq olacaqdır.
Tədbirdə Azərbaycan
Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, xarici işlər
nazirinin müavini Vaqif Sadıxov, Dövlət Neft Fondunun
icraçı direktoru Şahmar Mövsümov, Xarici Dillər
Universitetinin rektoru Səməd Seyidov, yazıçı
Çingiz Abdullayev və digər qonaqlar tələbələrə
uğurlar arzulamışlar. Natiqlər qeyd etmişlər ki,
xaricə göndərilən tələbələr bu ölkələrdə
Azərbaycan xalqının təmsilçisi, onun qədim mədəniyyətinin,
adət və ənənələrinin təbliğatçılarıdır.
AzərTAc
Azərbaycan.- 2009.- 21
avqust.- S. 3.