Azərbaycan qısa müddətdə dünyada avarçəkənlər ölkəsi kimi tanınacaq

 

Avqustun 20-də gənclər və idman naziri Azad Rəhimov Kanadada keçirilən kayak və kanoe qayıqlarında avarçəkmə üzrə kişi və qadınlar arasında keçirilən dünya çempionatından ölkəmizə 1 qızıl (Valentin Demyanenko), 1 gümüş və 1 bürünc (Sergey Bezuqlıy-Maksim Prokopenko) medalla qayıtmış idmançıları qəbul etmişdir.

İlk növbədə idmançıları qələbə münasibətilə təbrik edən nazir, ölkə başçısı İlham Əliyevin bu yarışı çox böyük maraqla izlədiyini və qələbədən sonra Azad Rəhimova idmançıları təbrik etməyi tapşırdığını qürur hissi ilə diqqətə çatdırdı. Nazir bildirdi ki, Azərbaycan Prezidenti daim görüşlərində ölkəmizə ənənəvi olan idman növləri ilə yanaşı, inkişafda olan idman növlərində də medal gətirməsinin zəruri olduğunu bildirir.

Azad Rəhimov, Avarçəkmə Federasiyasının son zamanlar qazandığı qələbələri çox böyük uğur adlandıraraq, federasiya rəhbərliyini təbrik etmiş, bu işdə baş məşqçilərin xüsusi rolu olduğunu bildirmişdir. Hazırda Mingəçevirdə yüksək standartlara cavab verən "Kür" avarçəkmə bazasının tikildiyini qeyd edən nazir, onun inşasından sonra bu idman növündə daha böyük uğurların qazanılacağına əmin olduğunu bildirmişdir.

Nazir hər ilin yekununda mükafatçı idmançılar sırasında bu il avarçəkənlərin də adlarının olacağına əmin olduğunu bildirərək, qazanılan uğurun tək idman sahəsində deyil, siyasi mənada da böyük önəm daşıdığını bildirdi. Hazırda Daşkəsəndə tikilən Olimpiya-İdman Kompleksində də bu idman növünün fəaliyyəti üçün şəraitin olduğunu deyən nazir, kompleksdə bu sahədə müəyyən işlərin görüləcəyini qeyd etdi.

Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov diqqətə görə Prezident İlham Əliyevə, gənclər və idman naziri Azad Rəhimova öz təşəkkürünü bildirdi. Federasiya rəhbəri Mingəçevirdə yaradılan şəraitə görə minnətdarlığını bildirib, Bakıda da təlim məşq bazasının yaradılmasına ehtiyac duyulduğunu və bu işdə dövlətin dəstəyini alacağına inandığını qeyd etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-  21 avqust.- S. 3.