"And yerimiz vətəndir!"

 

Səbail rayonunda gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, onların Vətənin layiqli keşikçisi kimi tərbiyə olunması işləri hər zaman diqqət mərkəzində olmuşdur. Bu istiqamətdə görülən işlərin daha səmərəli və yaddaqalan olması məqsədi ilə təşkil edilən tədbirlər rayon ərazisindəki hərbi hissələrin şəxsi heyətinin, rayon veteran və gənclər təşkilatlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilir.

Belə tədbirlərdən biri rayonun Badamdar qəsəbəsindəki N saylı hərbi hissədə keçirilən "And yerimiz Vətəndir!" mövzusunda toplantı olmuşdur.

Hərbi hissənin şəxsi heyətinin, rayon Veteran Təşkilatları və Ağsaqqallar Şurasının, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin, rayon gənclərinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov qeyd etmişdir ki, dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri gənclərin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsi ilə bağlı aparılan işlərdir. Gənclərin milli-mənəvi dəyərlərimizə hörmət, dövlətçiliyimizə sədaqət, Vətənə məhəbbət ruhunda tərbiyə edilməsi, müstəqil dövlətimizin gələcək təminatçıları kimi mənəvi və fiziki cəhətdən sağlam inkişaf etdirilməsi ümummilli konsepsiya əsasında həyata keçirilir. V.Mürsəlov Səbail rayonunda gənclərlə bağlı görülən işlər barədə məlumat vermiş və nəzərdə tutulan işlərdən danışmışdır.

Tədbirdə çıxış edənlər İkinci Dünya müharibəsi illərində və Qarabağ savaşı zamanı azərbaycanlı gənclərin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan, ümummilli lider Heydər Əliyevin gərgin əməyi və səyləri nəticəsində yaradılmış Azərbaycan Ordusunun keçdiyi döyüş yolundan danışmış, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında gənc əsgərlərimizə uğurlar arzulamışlar.
Çıxış edənlər bildirmişlər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyləri nəticəsində ordumuza diqqət və qayğı gündən-günə artmaqdadır, milli ordunun silah, texniki və digər təminatı ən yüksək səviyyədədir.

Tədbirdə rayondakı hərbi hissələrin şəxsi heyəti arasında keçirilmiş şahmat üzrə yarış barədə də məlumat verilmiş və turnirdə müvafiq olaraq birinci üç yeri tutmuş Əfşar Mehdiyev, Elbrus Kəlbiyev, Rüstəm Çələbiyev qiymətli hədiyyə və diplomlarla mükafatlandırılmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-  21avqust.- S. 3.