Avqustun 20-də Azərbaycanın
İndoneziya və eyni zamanda Filippindəki səfiri İbrahim
Hacıyev Ümid Beynəlxalq Məktəbinin müəllim və
şagirdləri ilə görüşmüşdür.
Səfirlikdə
keçirilmiş görüşdə İ.Hacıyev ölkəmizin
coğrafi mövqeyi, əhalisi, tarixi, mədəniyyəti,
turizm imkanları, dünya birliyinə inteqrasiyası istiqamətində
uğurları, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi
ilə əldə edilmiş sosial-iqtisadi və siyasi nailiyyətlər,
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri
kimi mötəbər beynəlxalq layihələrdə
dövlətimizin aparıcı rolu, regionda, dünyada
nüfuzu, Azərbaycan-İndoneziya əlaqələri barədə
məlumat vermişdir.
Azərbaycanın
İndoneziya və eyni zamanda Filippindəki səfirliyindən
bildirmişlər ki, bundan əlavə, görüşdə
ölkəmizin mədəniyyətini, musiqisini və incəsənətini
əks etdirən videomaterial nümayiş etdirilmişdir. Qonaqların
sualları cavablandırılmışdır.
Heydər Əliyev
Fondunun hazırladığı "Qarabağ həqiqətləri"
toplusu, "Azərbaycana qarşı müharibə: mədəni
irsin hədəfə alınması" kitabı, səfirlik
tərəfindən ingilis və İndoneziyanın bahasa dillərində
nəşr etdirilmiş Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə dair kitablar məktəbin
kitabxanasına hədiyyə olunmuşdur.
Müəllim və
şagirdlər səfirliyin kitabxanasında Azərbaycan
haqqında kitab-jurnallarla və digər əyani vəsaitlərlə
tanış olmuşlar.
AzərTAc
Azərbaycan.- 2009.- 21
avqust.- S. 3.