TANINMIŞ
RUSİYALI YAZIÇI-PUBLİSİST YURİ POMPEYEV İNSAN
HÜQUQLARI İNSTİTUTUNDA OLMUŞDUR
Bakı,
20 avqust (AzərTAc). Avqustun
20-də AMEA-nın İnsan
Hüquqları İnstitutunda (İHİ)
Heydər Əliyev Fondunun dəvəti ilə
Azərbaycanda səfərdə olan
tanınmış rusiyalı yazıçı-publisist, Rusiya Təbii Elmlər Akademiyasının akademiki, professor Yuri Pompeyevlə görüş
keçirilmişdir.
İHİ-nin
direktoru, hüquq elmləri namizədi Aytən Mustafayeva
institutda dünyanın tanınmış alimləri, siyasətçiləri,
mədəniyyət xadimləri ilə görüşlərin
artıq ənənə halını aldığını
söyləmiş, sonuncu belə tədbirin avstriyalı
tarixçi, görkəmli şərqşünas, erməni
yalanlarını cəsarətlə ifşa etmiş mərhum
Erix Fayql ilə keçirildiyini diqqətə
çatdırmışdır. Bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin Fərmanı ilə
yaradılmış ən gənc elmi tədqiqat
institutunun əsas fəaliyyəti insan hüquqlarının qorunması məsələlərinə,
Ermənistan ordusunun torpaqlarımızda
törətdikləri vəhşilikləri dünya
ictimaiyyətinə çatdırmağa yönəldilmişdir. A.Mustafayeva
İHİ-nin ilk direktoru olmuş mərhum professor Rövşən Mustafayevin
kitabları barədə Yuri Pompeyevə məlumat
vermiş və bu nəşrlərin
nümunələrini qonağa hədiyyə
etmişdir.
Professor
Yuri Pompeyev sonuncu dəfə Azərbaycanda 1994-cü ildə
olduğunu və 15 ildən sonra respublikamızda
gördüklərindən heyrətə gəldiyini,
bütün sahələrdə böyük irəliləyişləri
müşahidə etdiyini söyləmişdir. Bildirmişdir ki, səfərin
məqsədi Qarabağ hadisələrinə
həsr olunmuş üçcildlik
üzərində işlə bağlıdır. Bu mövzu ilə
bağlı "Qarabağ qan girdabında" ("Krovavıy omut Karabaxa") ilk kitabım 1992-ci ildə, "Məşəqqətli
günlər" ("Yudolnıye dni")
adlı ikinci kitabım 1993-cü ildə çap olunmuşdur.
"Xarabalıqlar" ("Ruinı") adlı üçüncü kitabda
isə Moskvada, Sankt-Peterburqda
və Bakıda nəşr olunan jurnal və qəzetlərdə dərc edilmiş məqalələrim toplanacaqdır.
Bu kitabda Ermənistan
tərəfindən işğal olunmuş əzəli Azərbaycan
torpaqlarının hazırkı vəziyyəti öz əksini tapacaqdır. Azərbaycan öz ərazi bütövlüyünü
mütləq bərpa etməlidir.
Yazıçı
Qarabağ hadisələri şahidlərinin xatirələrini
nəşr etdirilməsinin vacibliyini də tədbir
iştirakçılarının diqqətinə
çatdırmışdır. Bir gün əvvəl cəbrayıllı qoca kişi ilə söhbət
etdiyini söyləyən Y.Pompeyev,
qaçqının doğma yurd-yuvası
üçün gözlərindəki kədərin,
səsinin titrəyişinin ona böyük təsir etdiyini
vurğulamış, bildirmişdir ki, bu açı görüşü heç
vaxt
unutmayacaqdır, belə qəddarlıqları insan
insana qarşı törətməməlidir.
Dünyanın ən böyük bəlalarından
biri də qatı millətçilikdir və
erməni millətçiliyi, erməni şovinizmi
onların ən müdhişləridir.
Azərbaycanla bağlı
xatirələrini danışan Yuri Pompeyev 1990-ci il yanvarın
23-də Bakıya gəldiyini və Qanlı Yanvardan
bir neşə gün
sonra şəhərin tanklarla
və əsgərlərlə dolu olduğunu, yanmış və əzilmiş
avtomobilləri, komendant saatının tətbiq
edildiyini öz
gözləri ilə gördüyünü
söyləmişdir.
Tədbirdə
çıxış edənlər Y.Pompeyevin
fəaliyyətini yüksək qiymətləndirmiş və ona elmi fəaliyyətində
nailiyyətlər arzulamışlar.
Sonda
yazıçı-publisist Yuri Pompeyevə
xatirə hədiyyəsi təqdim edilmişdir.
Azərbaycan. - 2009.- 21 avqust.- S. 3.