Dağ yollarının dağlar qədər dərd-səri var

 

Dövlətimizin başçısı İlham Əliyev səfalı dağlar diyarında olarkən demişdir: "Gədəbəyin çox gözəl təbiəti, çox gözəl iqlimi var. Burada turizmin inkişafı üçün çox böyük işlər görmək olar. Mən hesab edirəm ki, əgər biz bu məsələlər üzərində birlikdə, səmərəli işləsək, qısa müddət ərzində bu gözəl diyar turizm üçün də çox cəlbedici ola bilər".

Gədəbəyi tanımaq olmur. Son beş ildə beş mərtəbə ucalıb. İqtisadiyyatı da yüksəlib, abadlıq və quruculuq işləri də... Onlarca yeni məktəb binası, müalicə, məişət obyekti tikilib, mədəniyyət ocağı, ictimai bina təmir olunub. İdman kompleksi yenidən qurulub. Neçə-neçə kəndə təbii qaz, su, elektrik xətti çəkilib, yüzə yaxın sənaye-emal müəssisəsi açılıb. Ümumi daxili məhsul istehsalının həcmi bir neçə dəfə artıb. Gədəbəy etibarlı əllərdədir. Görürlər ki, vəziyyət düzəlir, yaxın-uzaq ölkələrə gedənlər qayıdır, səfalı dağlar diyarı tədricən turizm mərkəzinə çevrilir. Bir sözlə, Gədəbəy elə gözəlləşib, elə abadlaşıb ki, əvvəllər o qədər də diqqəti cəlb etməyən hər hansı əyər-əskik indi o dəqiqə nəzərə çarpır. Ən böyük nigarançılıq yol sarıdandır. Kənd yollarının vəziyyəti bugünün tələbi, tərəqqisi ilə əsla uyuşmur. Bu, əslində, təkcə Gədəbəyin deyil, bütün dağ rayonlarının dərdi, problemidir.

Qədim Qalakəndin hündür bir zirvəsindən boylanırıq. Qıjıltı ilə axan dağ çayının məcrası boyunca sıldırım qayaların qoynundan burula-burula enli-ensiz yollar belədən-beləyə uzanır. Məxməri dağların qoynunda, yamyaşıl dərələr boyunca, bir-birindən yaraşıqlı çeşmələrin, bulaqların başında evlər düzülüb. Yaşıllıqlar qoynunda ağ daşdan tikilib qırmızı kirəmitlə üstü örtülən bu yaraşıqlı evlərə baxdıqca sanki bir istirahət guşəsinə düşmüsən. İndi günəşli bir gündə sərin bir zirvədən baxanda bu yerlər, bu yollar göz oxşayır. Amma dağların dağ boyda da qayğısı, dərd-səri var. Elə ki qış gəlir, qar-çovğun hər yanı bürüyür, yaxud da yaz yağışları, sel-su aləmi başına götürür. Onda gəl kənd yollarının gününə bax! Uçurumlar, sıldırımlar, yarğanlar gediş-gəlişə min bir əngəl törədir.

İndi zaman başqadır. Müasir nəqliyyatsız yaşayışı təsəvvür eləmək çətindir. Maddi imkanlar getdikcə artır. Maşın, texnika məişətə daxil olub. Dedilər ki, təkcə Gədəbəydə "Cip", "Mersedes", BMV kimi müxtəlif markalı minlərlə avtomobil qeydə alınıb. Bəs yolların, körpülərin, keçidlərin vəziyyəti necə? Bugünün tələbləri ilə uzlaşırmı?

Onlarca adam tanıyıram ki, müasir maşını ilə doğma kəndə, dədə-baba yurduna getməkdə çətinlik çəkir. Neçə-neçə fermer görmüşəm - məhsulu bazara daşımaq üçün kəndə maşın sürdürə bilmir. Turizmin sürətlə inkişaf etdiyi indiki dövrdə çoxu gileylənir ki, harasa - mənzərəli bir yerə, tarixi abidəyə, səfalı guşəyə baxmağa gedəndə yarı yolda ilişib qalır.

Gədəbəy böyük rayondur. İrili-xırdalı 108 kəndi var. Coğrafi şəraiti elədir ki, evlər bir-birindən aralı tikilib, dağlara, dərələrə səpələnib. Gediş-gəliş mürəkkəbdir. Rayonun baş magistraldan və şəhərdaxili küçələrdən əlavə 336 kilometr yerli əhəmiyyətli yolları var. Söhbət, bax, bu 336 kilometrlik kənd yollarından gedir. Onların abadlığı, rahatlığı hər bir insanın taleyində, kəndin tərəqqisində mühüm rol oynayır. Kənd yollarının vəziyyəti isə heç də xoş deyildir. İndi bu, bəlkə də bütün ölkə üzrə, xüsusən dağlıq bölgələrdə ən önəmli problemlərdən biri sayılır.

Yol iqtisadiyyatın qan damarı sayılır, yol mədəniyyət deməkdir. Odur ki, yolların abadlaşdırılması dövlətimizin başçısı İlham Əliyevin fəaliyyət proqramının tərkib hissəsini təşkil edir. Hələ 2005-ci ilin oktyabr ayında cənab İlham Əliyev Qərb bölgəsində olarkən regionun bir sıra qlobal problemləri ilə yanaşı, kənd yollarına fikir verilməsinin vacibliyini xüsusi vurğuladı. Yerlərdə bu işin əsaslı surətdə yenidən qurulması üçün hər rayona xeyli vəsait ayırdı. Bununla da illər boyu nəzər-diqqətdən kənarda qalmış yerli əhəmiyyətli yolların nizama salınmasının əsası qoyuldu. Cənab Prezidentin bu göstərişi ilə əlaqədar Gədəbəy rayonunda da bir sıra işlər görüldü. Slavyanka-Qoşabulaq, Arıxdam-Söyüdlü-Ərtəpə, Gədəbəy-Rüstəm Əliyev, Gədəbəy- Qızıltorpaq, Şınıx yolları əsaslı təmir olundu.

2008-ci il noyabr ayının 1-də isə dövlətimizin başçısı İlham Əliyevin dağlar diyarına tarixi səfəri zamanı bu yerlərin taleyinə daha bir önəmli səhifə yazıldı. Cənab İlham Əliyev göstəriş verdi ki, Şəmkir-Gədəbəy yolu başdan-başa yenidən qurulsun. Bu müdrik tapşırıq qısa bir vaxtda yerinə yetirildi. İndi müasir tipli asfalt yol burula-burula gözəlliklər məskəni Gədəbəyə doğru qalxır, ətrafda qoruyucu "xətlər", təhlükəsizlik zolaqları yaradılıb.

İnsanlar həmişə irəliyə, yüksəlişə can atırlar. Bu yeni, yaraşıqlı magistral yol yerli əhəmiyyətli yolların da müasir səviyyədə qurulması üçün inam, etibar yaradır.

Gədəbəy dağlar diyarıdır. Dağ yollarını mühafizə etmək çox çətindir; qışda qardan, yaz-yay aylarında isə sel-sudan... Son ayların qeyri-sabit hava şəraiti kənd yollarını dönə-dönə sərt sınağa çəkdi. Dəfələrlə leysan-yağış, dolu, çovğun, sel-su hər yana güclü ziyan vurdu. Təkcə iyunun 14-dəki güclü dolu və leysan xüsusən Ağrıdam, Qaradağ, Söyüdlü, Ərtəpə kəndlərinə çoxlu ziyan vurdu, bir neçə körpü və keçidi dağıtdı. İyunun 18-də Daryurd kəndinə gedən yoldakı keçidi su apardı. Kiçik Qaramurad-Əliismayıllı kəndlərini birləşdirən 60 metrlik körpü sıradan çıxdı. İyulun 28-də sel-su Çalburun kəndində iki keçidi dağıtdı, şəhərin mərkəzindəki körpü-keçid qəza vəziyyətinə düşdü.

Təbii fəlakətlərin törətdiyi bu cür fəsadlar heç də az deyildir. Kənd yollarına vurulan ziyanı bərpa eləmək heç də asan olmur. Rayon fövqəladə hallar komissiyasının sədri Qüdrət Paşayev deyir ki, neçə vaxtdı operativ qərargah yaratmışıq. İmkan daxilində müəyyən qüsurları öz qüvvəmizlə düzəldirik. Lakin imkanımızdan xaric olan işlər haqqında respublikanın müvafiq təşkilatlarına məlumat verir, kömək üçün müraciət edirik. Təəssüf ki, çox zaman müraciətlərimiz nəticəsiz qalır. Elə buna görədir ki, bir sıra daxili yolların, körpü və keçidlərin vəziyyəti dözülməzdir. Məsələn, Qızıltorpaq-Şınıx avtomobil yolunun Fındıqlı çayı üzərindəki körpü qəza vəziyyətində olduğu üçün bir ildən çoxdur ki, iri avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Gədəbəy qədim diyardır. Hələ on doqquzuncu yüzillikdə burada yollar çəkilib, körpülər salınıb. Təəssüf ki, indi onların çoxu işləmir. Düzyurd səmtindəki yeddi aşırımlı körpü istifadəyə yaramır.

Qalakənd ərazisindəki Qanlı körpü, Kiçik Qaramurad-Parakənd yolundakı daş körpü yararsız hala düşüb. Bunların heç birinin təmiri, bərpası rayon təşkilatlarının imkanı səviyyəsində deyildir.

Narahatlıq doğuran cəhətlərdən biri də budur ki, mühüm dövlət sənədlərində nəzərdə tutulan bir sıra tədbirlər də müvafiq respublika təşkilatlarının təqsiri üzündən vaxtında həyata keçirilmir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2004-2008-ci illər) uyğun olaraq Gədəbəy rayonunda dörd körpü tikilməli idi. Kiçik Qaramurad-Əliismayıllı istiqamətində 120 metrlik körpü on dörd kəndi birləşdirir. Çayrəsullu-Göyəlli yolundakı 160 metrlik körpüyə onlarca kənd baxır. Çobankənd-Arabaçı və bir də Söyüdlü-Ərtəpə kəndlərinə gedən körpülər də neçə-neçə yaşayış məntəqəsini qovuşdurur. Təəssüf ki, mühüm dövlət proqramının tələbinə əməl olunmadı. Həmin körpülərin heç biri tikilmədi. Bu isə minlərlə evin, ailənin narahatlığı, nigarançılığı deməkdir.

Rayonda 24 saylı yol istismar idarəsi fəaliyyət göstərir. Texnikası heç də az deyildir. Di gəl ki, vəsait çatışmadığı üçün əsaslı işlər görə bilmir. İdarənin müdiri Firudin İbrahimov deyir ki, cari ilin yanvarından bəri təmir-bərpa işləri üçün bir manat belə pul ayrılmamışdır. Asfalt zavodumuz var. Mazut-yanacaq, vəsait tapılmadığına görə lazımınca işlədə bilmirik. Hardasa qəza vəziyyəti yarananda rayon təşkilatlarının köməyi ilə daxili imkanlar hesabına müəyyən işlər görülür.

Ümumən kənd yollarının vəziyyəti müasir inkişafın tələblərinə əsla cavab vermir. Qəribədir ki, yerlərdə az-çox texnikası, mütəxəssisi olan yol istismar idarələri ola-ola kənd yolları bələdiyyələrin ixtiyarına verilib. İndiki halda isə bələdiyyələr əliyalın bir təşkilatdır. Nə texnikası var, nə vəsaiti. Neçə-neçə kənd bələdiyyəsinin fəalı ilə söhbət elədim. Yolların təmiri-bərpası üçün onların, təəssüf ki, heç bir imkanı yoxdur.

Bəs kənd yollarının taleyi necə olsun?

Ölkədə əhalinin həyat şəraitinə, eləcə də turizmin inkişafına böyük diqqət yetirildiyi indiki şəraitdə ümumən dağ yollarının, xüsusən cənnətməkan Gədəbəyin yerli əhəmiyyətli yollarının nizama salınması hökmən vacibdir.

Dövlətimizin başçısı İlham Əliyev səfalı dağlar diyarında olarkən demişdir: "Gədəbəyin çox gözəl təbiəti, çox gözəl iqlimi var. Burada turizmin inkişafı üçün çox böyük işlər görmək olar. Mən hesab edirəm ki, əgər biz bu məsələlər üzərində birlikdə, səmərəli işləsək, qısa müddət ərzində bu gözəl diyar turizm üçün də çox cəlbedici ola bilər".

Rayon icra hakimiyyətinin başçısı Kamran Rzazadə deyir ki, cənab İlham Əliyevin bu dəyərli tövsiyə və tapşırığının həyata keçirilməsi üçün rayonda geniş tədbirlər görülür. Səfalı Slavyankada "Bala Narzan" və "Şırxan" ailəvi istirahət mərkəzləri fəaliyyət göstərir. Bir qədər aralıdakı müasir görkəmli, səliqə-sahmanlı, milli-memarlıq quruluşlu "Böyük Narzan" səfalı təbiəti, ləziz yeməkləri, xidmət mədəniyyəti ilə gəlib-gedənlərdə xoş ovqat yaradır. Turist cığırları Qızıl Torpaq bölgəsinə, Şınıxa, Qalakəndə, Novosaratovkaya və neçə-neçə digər yerlərə uzanır. Bir sözlə, gözəlliklər məkanı, abidələr diyarı, saf suların, sərin yaylaqların məskəni Gədəbəyin əsl turizm mərkəzinə çevrilməsi üçün hər cür imkan və şəraitimiz var. Yalnız yöndəmsiz yerli yollar bizim bu xoş arzularımıza maneçilik törədir. Doğrudur, ən zəruri yerlərdə daxili imkanlar hesabına vaxtaşırı müəyyən işlər görülür. Yığışıb öz gücümüzlə bir dağın döşündə, sıldırım qayanın qoynunda birtəhər yol düzəldirik. Yağış yağan kimi hər şeyi dağıdır, yuyub aparır...

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Gədəbəy rayonu üzrə yol təsərrüfatına və nəqliyyat problemlərinə xüsusi önəm verilir. Nəqliyyat Nazirliyinə tapşırılıb ki, rayonda yerli əhəmiyyətli çınqıl və asfalt örtüklü avtomobil yollarının təmiri və tikintisinə, mövcud körpülərin əsaslı təmirinə və yeni körpülərin salınmasına xüsusi üstünlük verilsin. Çox gözəl məsələdir. Lakin birinci proqramda nəzərdə tutulmuş dörd körpünün inşası və digər tədbirlərin icrası yarımçıq qaldığı üçün adamlarda müəyyən şübhə və narahatlıq yaranır.

Əliyalın bələdiyyələr və imkansız yol-istismar idarəsi bu mühüm vəzifənin öhdəsindən gələ biləcəkmi? Görünür, yerli əhəmiyyətli yolların güclü, qüvvətli respublika təşkilatlarının köməyi ilə birdəfəlik sistemli surətdə nizama salınması vacibdir.

Özü də təkcə Gədəbəydə yox, bütün dağlıq bölgələrdə...

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2009.- 21 avqust.- S. 4.