Əlincəçay vadisinin yeni növrağı

 

40 min nəfərə yaxın əhalinin yaşadığı Culfa rayonunda 1 şəhər, 24 kənd var. Əksəri Əlincə çayı boyuncadır. Vaxtilə Əlincə nahiyəsi də təxminən elə bu ərazini əhatə edib. O, XVIII əsrin əvvəllərində, Səfəvilər dövlətinin süqutundan sonra Osmanlıların idarəsində olan Naxçıvan sancağının 14 bölgəsindən biri olub. "Naxçıvan sancağının müfəssəl dəftəri"ndən də aydın olur ki, bu nahiyədə 28 yaşayış məskəni olub. Əhalisinin böyük əksəriyyətini müsəlman türklər təşkil edib. Qədim zamanlardan bu yerlərdə oğuz-türk tayfaları yaşayıb. Ağsal, Zoğala, Qazançı, Saltax, Xanəgah yaşayış yerlərində aparılan arxeoloji qazıntılar bu deyilənləri təsdiqləyib.

Xanəgah kəndindəki memarlıq kompleksi isə orta əsrlərə aid möhtəşəm abidə olub. Kompleksdən dövrümüzədək türbə, məscid, naməlun abidənin sütunları və digər bir tikilinin xarabalığı qaılıb. Son illər regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Naxçıvanda aparılan genişmiqyaslı quruculuq tədbirləri sayəsində bu abidəyə də yeni nəfəs verilib, orada bərpa-təmir işləri görülüb.

Kompleksdəki türbə əmir Uluq Qutluq Lala bəyin göstərişi ilə dövrünün böyük memarı Xacə Cəmaləddin tərəfindən inşa olunub. Daş kitabə üzərində yazılan və onun tikilmə tarixini bildirən lövhə indi də qalır. Tədqiqatçı alimlər memarlıq- konstruktiv quruluşuna görə onun XII-XIII əsrlərdə inşa olunduğunu bildirirlər. Türbədəki məzarın kimə məxsus olması barədə fikirlər isə müxtəlifdir. Yerli əhalinin fikrincə, hürufilik təliminin banisi Fəzlullah Nəimi 1394-cü ildə Əlincədə faciəli surətdə qətlə yetirildikdən sonra müridləri onun cənazəsini burada dəfn ediblər.

Deyilənlərə görə, orta əsrlərdə sufi şeyxləri ailələri ilə bu xanəgahlarda yaşamış, burada ibadət və zikrlə məşğul olmuş, öləndən sonra onun yaxınlığında dəfn olunmuşlar. Epiqrafik mənbələrə görə, xanəgahlar XVIII əsrdə də fəaliyyət göstərmiş, onun üzvləri buradan öz ideyalarını yaymışlar.

Əlincəçayın sağ sahilində, eyni adlı dağın zirvəsində yerləşən Əlincəqala da bu yerlərin əzəmətinin, mübarizliyinin rəmzidir. Qədim mənbələrdə "Erincaq", "Erincik", "Alancik", "Alınca", "Alancuq" kimi qeyd olunan bu sözün mənşəyini tədqiqatçı alimlər qədim türk dilində "düzənlik" mənasında işlədilən "alan" sözü ilə bağlayıblar. Bu, qalanın yerləşdiyi sahənin kiçik meydançaya bənzəməsi ilə əlaqədar olub. Burada bişmiş kərpicdən tikilmiş çoxlu yaşayış və ictimai binaların xarabalıqları və daş bünövrə qalıqları indi də qalmaqdadır. Bir vaxtlar qala rəislərinin və iri feodalların yaşadığı hissə isə "Şah taxtı" adlanıb. Tədqiqatçıların fikrincə, bu qala iki min il bundan əvvəl inşa olunub. Qalanın möhkəm divarları və qayanın sıldırım olması isə onu alınmaz müdafiə istehkamına çevirib. "Kitabi-Dədə Qorqud" dastanında da o, möhkəm istehkam kimi təsvir olunub. Bu səbəbdən yerli hökmdarlar da bu qaladan istifadə ediblər. Azərbaycan Atabəyləri - Eldəgizlərin hökmranlığı dövründə isə o, hökmdar ailəsinin sığınacaq və dövlətin xəzinədarlığının saxlanc yerinə çevrilib. XIV əsrin 80-90-cı illərində isə Əlincəqala xalqımızın Teymurləngə qarşı mübarizəsinin əsas istinadgahına çevrilmiş və 14 il mərdliklə müdafiə olunmuşdur.

Qeydlərimə tarixi mənbələrdən başlamağım təsadüfi deyil. Torpaqlarımıza zaman-zaman göz dikən, məkrli erməni iddialarına görə, guya bir vaxtlar Culfa rayonu ərazisində yerləşən bir çox yaşayış məskənləri ermənilərə aid olub. Hətta utanıb-qızarmadan orta əsrlərə məxsus bir çox nekropollara - qədim qəbiristanlıqlara da "sahib çıxmağa" çalışıblar. Göründüyü kimi, tarixi mənbələr onların iddialarını rədd edir.

Ərəfsə kəndi Culfanın ən ucqar və sərhəd yaşayış məskənlərindən biridir. Rayon mərkəzindən 55 kilometr aralıda yerləşir. Burada min nəfərə yaxın əhali yaşayır. Hələ 83 il bundan əvvəl - sovet hakimiyyətinin ilk illərində aparılan arxeoloji qazıntılar nəticəsində burada tunc və ilk dəmir dövrünə məxsus yaşayış məskəni aşkar edilib. Tapılan maddi mədəniyyət nümunələri içərisində eramızdan əvvəl ikinci minilliyə aid monoxrom boyalı gil qab nümunələri də olub. 1590-cı ilə aid arxiv sənədlərində isə yaşayış məntəqəsinin adı "Ərəfsaq" şəklində işlədilib. Bəzi tədqiqatçıların fikrincə, bu, "sak ərlərin evi, yurdu" mənasını verir. Sak tayfaları isə eramızdan əvvəl ikinci minillikdə Naxçıvanın yerli sakinlərindən olublar. Ərəfsəliləri qədim kəngər tayfalarının bir qolu hesab edənlər də var. Hər iki halda kəndin başqa millətlərə bağlılığı olmayıb. Ərəfsə piri də uzun illər adamların inanc yerinə çevrilib.

Hazırda 250 nəfərə yaxın əhalinin yaşadığı Boyəhməd kəndi də rayonun sərhəd yaşayış məskənlərindən biridir. Kəndin cənub-qərb hissəsində Dərəçayın hər iki sahilində yerləşən qədim nekropolda aparılan qazıntılar nəticəsində tapılan maddi-mədəniyyət nümunələri eramızdan əvvəl birinci minilliyə aid olub. Alimlər bu qənaətə gəliblər ki, bu yerlərdə də qədim türk tayfaları məskən salıblar.

Bəzi tədqiqatçı alimlər isə "Arsini" toponiminin indiki Ərəzin kəndi olduğu fikrini irəli sürüblər. Arsini bir vaxtlar böyük şəhər olub. Onların fikrincə, eramızdan əvvəl IX əsrdə urartuların Culfa ərazisinə basqınları və Arsini şəhər əhalisinin onlara müqavimət göstərmələri tarixi mənbələrdə əksini tapıb. Böyük İpək yolu üzərində yerləşən bu şəhər coğrafi-strateji mövqeyi ilə də seçilib. XIX əsrin əvvəllərində çar Rusiyasının İrandakı səfiri A.S.Qriboyedovun general V.Paskeviçə məktubunda isə Türkmənçay müqaviləsindən sonra buraya İran və Türkiyədən erməni ailələrinin köçürüldüyü qeyd olunub.

Qazançı kəndi də bu qədim yaşayış məskənlərindən sayılır. Kənd ərazisində, Əlincəçay üzərində inşa olunan körpü orta əsrlərə məxsus tarixi-memarlıq abidəsidir. Abidə Şərq memarlığı üslubunda inşa edilib. Tədqiqatçı alimlər onu ölkəmizdə biraşırımlı körpülərin ən yaxşı nümunəsi hesab edirlər. Böyük İpək yoluna xidmət edən bu körpüdən bir vaxtlar karvan yolları keçib.

Əbrəqunus kəndindəki nekropolda daş qutu qəbirlərdən aypara şəkilli tunc sırğalar tapılıb.

Ümumiyyətlə, Əlincəçay vadisi Culfa rayonunun gözəl, füsunkar guşələrindən hesab olunur. Bu ərazi təkcə özünün məğrurluq simvolu olan Əlincə qalası, Əlincəçay ilə öyünmür. Dəniz səviyyəsindən 2415 metr hündürlükdə yerləşən İlandağ bu yerlərin yenilməzlik, ucalıq rəmzinə çevrilib. Romantik bir əfsanədə bu dağ müzəffər sərkərdənin başından düşən daş-qaşla bəzədilmiş dəbilqəyə bənzədilib. Deyilənə görə, Nuh peyğəmbərin nəhəng gəmisinin zərbəsindən ikiyə bölünən dağ da elə İlandağ olub. O vaxtdan həm də Haçadağ adlanıb.

Əlincəçay vadisi həm də yaşıl ormanları, yerin təkindəki təbii sərvətləri, bulaqları, neçə-neçə dərdin dərmanı olan mineral suları ilə də məşhurdur. Rayon ərazisində 85 mineral su bulağı qeydə alınıb, onlardan 42-si buruq quyuları vasitəsilə aşkar olunub. Burada "Narzan" tipli bir neçə mənbə var. Dünyanın nadir müalicə sularından sayılan Darıdağ mərgümüşlü mineral bulağı isə Əlincəçay vadisindən bir qədər kənarda yerləşir.

Təbiətin füsunkar gözəllikləri ilə zəngin olan bölgədə qadir insan əlləri ilə görülən işlər az deyil. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlər dağ kəndlərinə yeni ab-hava gətirib. Ərəfsə kəndini buna misal göstərmək olar. 320 şagird yerlik orta məktəb binası ilə yanaşı, burada həkim ambulatoriyası, "Kənd mərkəzi" adlı sosial obyekt tikilib.

Ərəfsəçay üzərində inşa olunan körpü də son illərin quruculuq ərməğanlarındandır. Əbrəqunus kəndində yeni obyektlər inşa edilərkən onun gələcək inkişafı nəzərə alınıb. Bu məqsədlə 330 şagirdin təhsil aldığı kənddə 432 yerlik məktəb binası tikilib. Üçmərtəbəli məktəbdə 23 sinif otağı, fənn kabinetləri, laboratoriyalar müəllim və şagirdlərin ixtiyarına verilib. Gənc nəslin müasir informasiya texnologiyalarının sirlərinə yiyələnmələri üçün kompüter mərkəzi yaradılıb. Kənddəki yeni ambulatoriyanın imkanları genişdir. İki həkimin və 8 orta tibb işçisinin çalışdığı müəssisədə 16 kabinet var. Sakinlər bu xidmətdən yerərincə istifadə edirlər.

"Kənd mərkəzi"ndə yerli icra nümayəndəliyi və bələdiyyə qurumları ilə birlikdə kənd kitabxanası, klub, poçt məntəqəsi, sahə polis müvəkkili fəaliyyət göstərir. Həmin qurumların bir mərkəzdə cəmlənməsi onların fəaliyyətinin ahəngini də xeyli canlandırıb.

Yeni sosial obyektlərin qarşısında salınan yaşıllıq və gülzarlıq sahələri adamlarda xoş ovqat yaradır. Dekorativ daşlarla bəzədilən parkda həmişəyaşıl ağac növləri, qızılgül kolları becərilir. Bir vaxtlar ərik, alma, cəviz, alça, gilas, qələmə, söyüd ağacları əkilən yerdə indi Şərq tuyası, Eldar şamı, akasiya tingləri də vardır.

Xanəgah, Əlincə, Göydərə, Saltaq, Boyəhməd kəndlərində də kompleks şəkildə quruculuq işləri görülüb. Həmin kəndlərdə məktəb binaları ilə bərabər tibb ocaqları inşa olunub. Rayon təhsil şöbəsinin müdiri Adəm Qasımov söhbət əsnasında bildirdi ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramında nəzərdə tutulan tədbirlərin icrası nəticəsində 1796 yerlik 9 məktəb binası tikilib istifadəyə verilib. Bu isə mövcud təhsil ocaqlarının üçdə bir hissəsindən çoxunun yeni təhsil ocaqları ilə təmin olunması deməkdir.

Əlincəçayın vadisində aparılan quruculuq tədbirləri indi də davam etdirilir. Ərəzin kəndinin böyük bir ərazisi inşaat meydançasına çevrilib. "Gəmiqaya" MMC-nin inşaatçıları 432 şagird yerlik orta məktəb binası ilə yanaşı, həkim ambulatoriyasında və "Kənd mərkəzi"nin tikintisində səylə çalışırlar. Hər üç obyektin tikintisinə bu ilin mart ayından başlanılıb. Sentyabr ayının birinci yarısında həmin obyektlər də istifadəyə veriləcək.

Ərəzin kəndi Əlincəçayın sağ sahilində, Zəngəzur dağ silsiləsinin yamacında yerləşir. Geostrateji mövqeyinə görə qədim zamanlarda şəhər olub. Ərazisindən tapılan mixi yazıda onun urartulara müqavimət göstərdiyi əksini tapıb. Kənd ərazisində tariximizin orta əsrlər dövrünə aid arxeoloji abidə də qeydə alınıb. Buradan saxsı qab parçaları, bişmiş kərpic nümunələri, istehsalat tullantıları və ocaq yerləri üzə çıxarılıb.

Ərəzin kənd orta məktəbi öz müsbət ənənələri ilə daha çox tanınıb. Məmməd Qaffarov, Kamran Cəfərov, Fatma Qeybullayeva, Kərim Rəhimov kimi qabaqçıl müəllimlərin çalışdığı məktəbdə qazanılan uğurlar çoxdur. Hər il məktəbi bitirən xeyli məzun ali məktəblərə qəbul olunur. Cari ildə də bu ənənə davam edib. Tikilməkdə olan müasir tipli məktəb binası istifadəyə veriləndən sonra təlim-tərbiyə işində keyfiyyət dəyişiklikləri daha da artacaq.

Onu da qeyd edək ki, hazırda bu kənddə 2 min nəfərə yaxın adam yaşayır. Adamların əsas dolanışığı əkinçilik və heyvandarlıqla bağlıdır. Son illər taxılçılığa maraq daha da artıb. Bu il 400 hektara yaxın sahədə biçin keçirilib. Hər hektardan orta hesabla 30-32 sentner məhsul götürülüb.

Rayon icra hakimiyyəti başçısının müavini Nazim İmaməliyev deyir ki, cari ildə Əlincəçay vadisində inşa olunan sosial obyektlərin bir qismi körpülərdir. Camaldın kəndi yaxınlığında, Əlincəçay üzərində salınan körpü 36 poqon/metr uzunluğundadır. Xoşkeşin kəndində salınan körpüdə son tamamlama işləri aparılır.

 

 

M.MƏMMƏDOV

 

Azərbaycan.- 2009.- 21 avqust.- S. 4.