Qədim Şəkinin ədəbiyyat dastanı
Azərbaycanın istər
siyasi, istərsə də ədəbi xəritəsində qədim
Şəkinin öz yeri var. Əlbəttə, başqa
bölgələrdə olduğu kimi, Şəkidə də ədəbiyyat
ilk dəfə şifahi şəkildə meydana gəlib, dildən-dilə,
eldən-elə keçib. İstər şifahi, istərsə
də yazılı şəkildə bu ədəbiyyat zaman
boyunca möhtəşəm və özünəməxsus
olub. Şəkidə doğulub böyümüş
dilşünas-alim Ə.Dəmirçizadə deyirdi:
"Söz insanın varlığı necə dərk etdiyini
əks etdirən bir güzgüdür". Bədii söz isə
bu güzgülərin ən sehrlisidir. Şəkidə
yaranmış qədim bir bayatıda deyilir:
Quru yaşdan gileyli,
Kabab şişdən
gileyli.
Ovçu
ovdan, ov dağdan
Dağ da daşdan gileyli.
Əsatiri, əfsanəsi,
rəvayəti, zərb-məsəli, lətifəsi,
laylası, bayatısı, oxşaması və sairə ilə
zəngin olan Şəkidə yazılı ədəbi
nümunələrə XVIII əsrin ortalarından rast gəlinir.
Bunun bir səbəbini qılıncla yazılan tariximizin qələmlə
təsdiqinə olan laqeydliklə bağlasaq da, əsas səbəbi
əski əlifba ilə yazılan kitabların sovet dönəmində
kütləvi şəkildə məhv edilməsi ilə əlaqədardır.
Klassik şairlərin əsərlərində
Şəkinin dəfələrlə adı çəkilib. Məsələn,
1038-1039, 1066-1067-ci illərdə Gəncəyə səfər
etmiş Qətran Təbrizi mədhiyyələrinin birində
yazır: "Şəkinin də neməti sənin
olacaqdır". Şəddadilər sülaləsinin
hökmdarlarından biri olan Əbülhəsən Əli Ləşkəriyə
ünvanlanmış bu misralar çox şeydən xəbər
verir. Eləcə də XII əsrdə yaşayıb
yaratmış Nizami Gəncəvi də "Leyli və Məcnun"
əsərində Zeynəbin gözəlliyini belə təsvir
edib:
Tük kimi incəydi
beldən o dilbər,
Ağzı
xırdacaydı qarışqa qədər.
Şəki almasıtək
çənəsi vardı,
Məkkə qumundan da
çox yandırardı.
Eləcə də digər
klassiklərin əsərlərində bu məşhur şəhərin
adı dəfələrlə çəkilib. Bunlar göstərir
ki, Şəki ədəbi mühiti lap qədimlərdən
qaynaqlanıb. Yaşıl libaslı Şəkinin ədəbiyyat
dastanı, həqiqətən, çox zəngin və dərin
köklərə malikdir. Bu barədə ətraflı məlumat
almaq üçün AYB Şəki bölməsinin sədri
Vaqif Aslanla görüşdük. Şair, publisist, dramaturq,
araşdırmaçı və tərcüməçi olan
Vaqif Aslan Prezident təqaüdçüsüdür. O, həm
də AMEA-nın Folklor İnstitutunun Şəki bölməsinə
rəhbərlik edir.
Yeddi kitabın müəllifidir.
Pyesləri bir neçə dilə tərcümə edilib. İki
əsəri Şəki Dövlət Dram Teatrında
tamaşaya qoyulub. "Odla qol-boyun" qısametrajlı,
"Şəki: tarixin naxışları"
qısametrajlı sənədli filmlərin müəllifidir. Onun
haqqında "Azərtelefilm" film çəkmişdir.
Vaqif Aslanla apardığımız söhbətdə Şəki
ədəbi mühitinin inkişaf mərhələlərinə
güzgü tutmağa çalışdıq.
- Şəki ədəbi
mühitinin tarixindən bəhs edən müəlliflər
müxtəlif dövrlərin bədii mənzərələrini
dolğun əks etdirə biliblərmi?
- Bu sahədə xidmətləri
olan tədqiqatçılarımız var. Kərim ağa
Fateh, Seyid Əbdülhəmid Əfəndi, Mustafa ağa
Şuxi, Mirabbas Mirbağırzadə və başqaları. Onların
yolunu sonralar Salman Mümtaz, Firudin bəy Köçərli,
Hüseyn əfəndi Qayıbov kimi tədqiqatçılar
davam etdiriblər. Doğrudur, birincilər öz
xronikalarında dövrün ədəbi simasını elə
də dolğun əks etdirə bilməyiblər. Amma Salman
Mümtazın yaradıcılığı, həqiqətən,
nümunə olasıdır. Onun əsərlərində
Şəkili Nəbinin adı xüsusilə çəkilir. Biz
indi Şəki ədəbi mühitinin bizə məlum olan
ilk yazı nümunələrini məhz Şəkili Nəbinin
əsərləri əsasında təqdim edirik. Onun çox
zəngin yaradıcılığı olub. Maraqlıdır ki,
bütün müxəmməslərində Şəkidə
cərəyan edən tarixi hadisələr öz əksini
tapıb.
Şəki ədəbi
mühitinin Şəkili Nəbidən sonra ikinci görkəmli
nümayəndəsi Məhəmmədhüseyn xan Həsənağa
oğlu Müştaqdır. Bəllidir ki, 1759-1780-ci illərdə
xanlıq etmişdir. Məhz onun xanlığı
dövründə Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Şəkili
Raci, Şəkili Nəbi, Ağcayazılı Zari, Kəlbirli
Rafei və digərlərinin dostluq münasibətləri ədəbi
mühitin daha da inkişaf etməsinə təkan vermişdir.
Vaqiflə Məhəmmədhüseyn xan Müştaq
arasında böyük dostluq əlaqələri olmuşdur.
Məhəmmədhüseyn
xan özü də gözəl şeirlər
yazırmış. O, müxəmməs, qoşma, təcnis, qəzəl
qoşarmış. Həmişə də şeirlərini
yazarkən "Müştaq" sözündən təxəllüs
kimi istifadə edirdi. Salman Mümtazın təqdim etdiyi
"El şairləri" kitabında Müştaqın
şeirləri də yer tutur.
- Eşitdiyimizə
görə, Müştaq təkcə ədəbiyyatda deyil, həyatda
da abidələr ucaltmağı sevərmiş. O, əslində sözlə kərpicin
dastanını yaradırmış.
- Həqiqətdir. Şəkiyə
layiq müxtəlif mədrəsələri, məscid və
hamamları inşa etdirən babası Hacı Çələbi
xanın ənənələrini davam etdirən Məhəmmədhüseyn
xan Müştaq Şəkidə tikilən sarayların
daş və kərpiclərinin, ağac və şəbəkələrinin
rənginə, naxışına, ölçüsünə
poeziyasındakı kimi həssaslıqla yanaşırdı. Onun
yaratdıqları həm gözü, həm də
könlü oxşayardı.
XVIII əsr şairləri
sırasında Süleymanın da adı çəkilir. Salman
Mümtaz öz tədqiqatında göstərib ki, hətta
Molla Pənah Vaqif şair Süleymana nəzirə də
yazıb və bu nəzirə kitablara daxil edilib. Amma təəssüf
ki, Süleymanın şeirləri itib batıb.
- Xanlıqların əldən-ələ
keçməsi, siyasi həyatda baş verən dəyişikliklər
XIX əsrin rəngini dəyişdi. Azərbaycan dili ilə
yanaşı, gah ərəb, gah fars, gah da rus dillərində
əsərlər qələmə alınmağa
başlandı. Bu illərin qovğasında Şəki necə
görünürdü?
- Yəqin ki, siz ədəbiyyat
məsələləri ilə maraqlanırsınız. XIX əsrin
əvvəllərində Şəki ədəbi mühitində
xüsusi yeri olan şairlərdən birincisi Molla Qasım
Zakir olmuşdur. Tədqiqatçı F.Köçərli onu
Şəki şairlərinin ustadı kimi təqdim edib. Onun
yaradıcılığını nəzərdən
keçirəndə görürsən ki, Molla Qasım Zakir
qoşmalarında sələflərinin yolunu davam etdirib.
- Yəqin ki, bu dövrdə
təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərq
ədəbi fəlsəfi fikir tarixində böyük yeri
olan Mirzə Fətəli Axundov da Şəki ədəbi
mühitinin daha parlaq olmasına, inkişafına xüsusi
kömək edib.
- Əlbəttə, Mirzə
Fətəli Axundov təkcə Şəki üçün
deyil, bütün türk dünyası, Şərq aləmi
üçün analoqu olmayan misilsiz xidmətlər göstərmiş
mütəfəkkir idi. Azərbaycanda ilk dram, ilk mükəmməl
nəsr və fəlsəfi trilogiya onun adı ilə
bağlıdır. Azərbaycan teatr sənəti Mirzə Fətəli
Axundovun əsəri ilə həyata vəsiqə aldı. O,
elə bir şəxsiyyətdir ki, türk ədəbi səmasının
sönməyən günəşinə çevrilib.
- Siz söhbət əsnasında
Kərim ağa Fatehin adını çəkdiniz. Onun Şəki
ədəbi mühitində yeri nədən ibarət olub?
- Kərim ağa Fatehin
1829-cu ildə yazdığı "Şəki
xanlarının müxtəsər tarixi" kitabı
çox məşhurdur. F.Köçərlinin məlumatına
görə, Fateh 75 yaşında Şəkidə vəfat
edib. Kərim ağa Fatehin bugünümüzə bir
divanı gəlib çatıb. Əsərlərini əsasən
fars dilində yazan Fatehin türkcə də qəzəlləri
var. O, bu qəzəlləri əsasən qələm
dostlarına ithaf edib. Fateh ən çox "Möhnəti"
təxəllüsü ilə yazırmış.
- XIX əsr Şəki ədəbi
mühitini təmsil edənlər çoxdurmu?
- Əlbəttə,
Hacı Mahmud əfəndi Nafe Şəkidə doğulub
boya-başa çatıb. Nəsillikcə ruhani
olduqlarından dini mövzuda mükəmməl əsərlər
yazıb. Hacı Rəsul - o da Nafe kimi dini məzmunlu əsərlər
yazıb. Rəsul Dülgər sənətinə uyğun təxəllüs
seçib. Onun da çox sayda klassik əsərləri var. Xəstə
Qədir çox az yaşayıb. Bu müəllif haqqında
da məlumatı Firudin Köçərli verib. Mustafa ağa
Şuxi dövrün alim və şairləri ilə bir yerə
yığışaraq ovqat məclisləri keçirərmiş.
Əslində hərbçi olub.
Amma şeir, sənət
vurğunu imiş. Onun da iki divanı qalıb. Əsərləri
dini-didaktik məzmundadır.
XIX əsr Şəki ədəbi
mühiti, həqiqətən, çox zəngindir. Molla Məhəmməd
Hüzni, Çarıxçı Məhəmməd Şəməmduz,
Molla İbrahimxəlil Dodui, İsmayıl bəy Nakam və
başqaları o dövrdə şeirləri ilə geniş
şöhrət qazanıblar. F.Köçərli öz tədqiqatlarında
Şəkidə yaşayıb yaradan şairlər
sırasında Mirzə Həsənin, İbrahim Əfəndi
Nicatın da adını çəkir. Bu dövrdə Şəki
şairlərinin bir qismi öz təxəllüslərini məşhur
olduqları sənətin adından götürürdülər.
Məsələn, Rəsul Dülgər, Lətif Nəqqaş
və s.
- Maraqlıdır, Azərbaycan
poeziyasının Gəncədə göyərən Məshəti,
Qarabağda səs salan Natəvan şöhrətinin Şəkidə
əks-sədası olmayıb? Elə yazıb-yaradanın
hamısı kişilərdir ki?..
- XIX əsr Şəki ədəbi
mühitindən danışarkən Mah xanım və Mahtab
xanımın adlarını çəkməmək olmaz. Mah
xanım XIX əsrin ikinci yarısında
yaşamışdır. Bunu şair Mustafa ağa Şuxiyə
yazdığı şeir də təsdiq edir.
Ağaların
bağçası var, bağı var,
İlxısı var,
atı, malı, varı var.
Kasıbın da namusu var, arı var.
Mahtab xanım Mah
xanımın müasiri olmuşdur. Əldə bir
qoşması var:
Səhərdən
varmışdım o gözəl bağa,
Bir tuti quş gəlib
qondu budağa.
Mübarək qədəmin
basdı otağa,
Gizlicə sirrimi
vermişəm bu gün.
Mahtabam, yaman
günüm keçildi,
Dolandı saqilər, badə
içildi.
Gözün aydın
olsun, baxtım açıldı,
Bir ali nəsəbi
sevmişəm bu gün.
- Vaqif müəllim, həqiqətən
də, Şəki ədəbi mühiti çox zəngindir. Heç
ola bilməz ki, burada ədəbi məclislər fəaliyyət
göstərməmiş olsun.
- Şəkidə ədəbi
məclisin hansı ad altında fəaliyyət göstərdiyi
hələ dəqiq açılmayıb. Amma şəkili ədiblərin
Şuşada təsis edilmiş "Məclisi-üns".
"Məclisi-fəramuşan" və Şamaxıdakı
"Beytüs-səfa", Bakıdakı "Məcməüş-şüara"
ilə əlaqə saxladığı dəqiqdir. Eləcə
də şəkili ədiblərin Ordubadda təsis edilən
"Əncüməni-şüara", Qubadakı
"Gülüstan", Tiflisdəki "Divani-hikmət"
məclisləri ilə sıx əlaqələri olmuşdur.
- Şəkidə
aşıq ədəbiyyatının vəziyyəti necə
olub?
- Ədəbi mühitin
bu qanadını inkişaf etdirmək Aşıq Molla
Cümanın bəxtinə düşüb. Molla Cüma
çox istedadlı söz adamı olub. Azərbaycan
aşıq şeirinin inkişafında onun xidməti
çoxdur. "İsmi-pünhan" təxəllüsü
ilə yazıb yaradırmış. Onun qoşmaları indi də
dillər əzbəridir:
İsmi-pünhan, niyə
məndən küsübsən?
Dost-mehriban ya bir olar, ya iki.
Bəllidir
ki, Molla Cümanı 1920-ci ilin may ayında ermənilər qətlə
yetiriblər. Təkcə Molla Cümanın yaradıcılığına
görə Şəki Azərbaycan aşıq ədəbiyyatının
möhtəşəm məkanlarından biridir.
- XIX əsrdən fərqli olaraq XX əsr ədəbi
mühitinin rəngi daha da tünd idi.
- Milli münaqişələr,
dünyanın bölüşdürülməsinə yönələn
çəkişmələr, çaşqınlıqlar Azərbaycan
ədəbiyyatına öz təsirini göstərməyə
bilməzdi. XX əsr Şəki ədəbi mühitinin ilk
nümayəndələrindən biri Rəşid bəy Əfəndiyev
olub. Maarif xadimi, etnoqraf, tərcüməçi, şair,
nasir və dramaturq kimi tanınan Rəşid bəy Əfəndiyevin
əsərləri İstanbul, Bakı və Tiflisdə nəşr
edilmiş pyesləri Azərbaycan və Orta Asiya səhnələrində
tamaşaya qoyulmuşdur. O, Puşkinin, Lermontovun əsərlərini,
o cümlədən Firdovsinin "Şahnamə"sini tərcümə
etmişdir. Rəşid bəyin qardaşı Abdulla bəy Əfəndizadə
Tiflisdə Müəllimlər İnstitutunu bitirmişdi. O,
Şəkidə ilk oğlan, ilk qız məktəblərinin
və gimnaziyanın banisi kimi tanınırdı. 1918-ci ildə
Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinə üzv
seçilmişdir.
Parlamentdə onun
latın əlifbasına keçmək layihəsi bəyənilmişdir.
Azərbaycan Pedaqoji İnstitutunda məntiq fənnini tədris
etmişdir. Uşaqlar üçün şeirlər, hekayələr
yazırdı. Abdulla bəy Əfəndizadənin "Ya
ölüm, ya Türkiyə" mənzuməsi məşhur
idi.
Söhbət əsnasında
adını tez-tez çəkdiyimiz Salman Mümtaz öz
dövrünün ziyalıları arasında həm də
şair kimi tanınmışdır. O, ədəbiyyat
toplayıcısı, tədqiqatçısı idi. 1938-ci
ilin repressiyasına məruz qalan Salman Mümtaz 1941-ci ildə
ölüm düşərgəsində güllələnmişdir.
Hüseyn Kişli
akademik Ə.Dəmirçizadənin müəllimi
olmuşdur. Ədəbi yaradıcılığı hekayələrdən,
şeirlərdən və dini risalələrdən ibarətdir.
İlk kitabı 1915-ci ildə Tiflisdə nəşr
olunmuşdur. Şəki ədəbi mühitində fəaliyyəti
ilə bağlı çoxlu məlumatlar var.
Mustafa Quliyev həm
dövlət xadimi idi, həm də ədəbiyyatın
inkişafında mühüm xidmətləri olan şəxsiyyət
idi. O da repressiya qurbanlarından biridir.
Ənvər Qaziyev
publisist kimi fəaliyyət göstərirdi. O da repressiya
qurbanıdır. Sovet dönəmində Bakıya ziyalı
axını görünməmiş bir səviyyəyə
qalxmışdır. Əyalət sıxıntılarından
uzaqlaşmaq üçün insanlar Bakıya ümid gözü
ilə baxırdılar. Təəssüf ki, şura hökumətinin
sonradan həyata keçirdiyi repressiya paytaxta gəlmiş qələm
sahiblərinin sonralar mühacirətə üz tutmalarına səbəb
oldu. Bəziləri ədəbi fəaliyyətləri ilə
nüfuz qazanaraq məşhurlaşsalar da, çoxunun taleyindən
xəbər tutulmadı.
Məsələn, Şəkidə
doğulub böyümüş Fuad Əmircan Əbdüləli
1920-ci ildə ailəsi ilə birlikdə İstanbula
köçmüşdür. Qalatasaray liseyini bitirib, Parisdə
ali siyasi, Berlində isə ali hüquq təhsili
almışdır. Amma onu nə Bakıda, nə də Şəkidə
tanıyırdılar.
Şəkidə
doğulub Bakıda pərvəriş tapan ədiblərin
çoxu öz yaradıcılıqları ilə Azərbaycan
ədəbiyyatının inkişafına təkan verirdilər.
Əhməd Həsən oğlu Rəhimov kimi. O, "Bir
sarayın tarixi" kitabını redaktə etdiyinə
görə repressiya qurbanı oldu. Hüseyn Cavid, Əhməd
Cavad, Seyid Hüseynlə əlaqə saxladığına
görə 1939-cu ildə Sibirə sürgün edilən
Gülarə Qədirbəyova - Göylü qızı belələrindəndir.
Sovet dönəmində
həyatı və fəaliyyəti təkcə Şəki
mühiti ilə məhdudlaşan ədiblərimizdən biri də
Müseyib Sadıqovdur. 1934-cü ildən AYB üzvü idi.
Şeirləri, poeması və bir sıra oçerkləri
vardı. O da repressiya qurbanıdır. 1938-ci ildə həbs
edilərək güllələnmişdir.
Lütfəli Həsənovun
da imzası bir vaxtlar çox məşhur idi. O, 1916-cı ildə
Şəki şəhərində anadan olmuşdur. Ədəbi
yaradıcılığa şeir və hekayə ilə
başlamışdır. Əsərləri Gəncə Dram
Teatrında tamaşaya qoyulmuşdur. Şəkidə
dünyasını dəyişmiş bu müəllifin zəngin
ədəbi irsi qalıb.
XX əsr Şəki ədəbi
mühitinin Azərbaycan ədəbiyyatına verdiyi
istedadlı insanlar çoxdur. Məsələn, təmsil
janrının inkişafında xüsusi rolu olan Hikmət
Ziyanı, tərcüməçi və publisist İsmət
Səfərovu, tarixçi və yazıçı Mahmud
İsmayılovu, nasir-dramaturq Məmmədiyyə Yusifzadəni,
dilşünas-alim Ə.Dəmirçizadəni, şair
Rövzəti, dramaturq Sabit Rəhmanı, şair Vaqif İbrahimi,
Nəzir Eltəkini, filoloq-alim Yaşar Qarayevi, tənqidçi,
ədəbiyyatşünas, türkoloq Aydın Məmmədovu,
ədəbiyyatşünas, şair, nasir Arif Abdullazadəni,
bütün türk dünyasına səs salan Bəxtiyar
Vahabzadəni bu siyahıya əlavə etsək, onda Şəki
ədəbi mühitinin necə geniş parametrlərə
malik olduğunu görərik. Şəkidə doğulub
boya-başa çatanlardan filologiya elmləri doktoru Baba Babazadə,
folklorşünas Ramil Əliyev, folklor toplayıcısı
Hikmət Əbdülhəlimov, publisist və nasir Tofiq Yusifov,
şairlərdən Qiymət xanım, M.Məsimoğlu, Akif
Salamoğlu və başqaları öz fəaliyyətlərini
Bakıda davam etdirirlər.
Dramaturq və nasir kimi
yazıb yaradan Çingiz Məmmədov isə Sumqayıtda
yaşayır.
XIX əsr Şəki ədəbi
mühiti əsasən Mirzə Fətəli Axundzadəsi ilə
fəxr edirdisə, XX əsr Şəki ədəbi mühiti
S.Mümtazı, S.Rəhmanı, Ə.Dəmirçizadəsi,
H.Ziyası, Y.Qarayevi və nəhayət, Bəxtiyar Vahabzadəsi
ilə qürur duyur.
- Bir neçə kəlmə
də AYB Şəki bölməsinin fəaliyyəti barədə
danışmağınızı xahiş edirəm.
- Bu bölmə
1993-cü ilin payızında ulu öndər Heydər Əliyevin
tarixi qayıdışından bir qədər sonra
böyük şairimiz Bəxtiyar Vahabzadənin, ədəbiyyatşünas
Yaşar Qarayevin, yazıçı Anarın təşəbbüsü
ilə yaradılmışdır. Respublikamızın
şimal-qərb bölgəsi üzrə ədəbi qüvvələri
birləşdirməyi qarşısına məqsəd qoyan
AYB-nin Şəki bölməsi coğrafiyasına görə
Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən
rayonlarını əhatə edir. Şəki bölməsinin
ilk sədri tanınmış jurnalist, yazıçı
Teymur Abuzər olub. O, çox səmərəli fəaliyyət
göstərirdi.
Şəkinin tarixi abidələrindən
bəhs edən üç dildə - Azərbaycan, rus və
ingilis dillərində çap olunan "Şəki"
adlı kitabça 1985-ci ildə Teymur Abuzərin
redaktorluğu ilə çap edilmişdir. Müəllifin
yaradıcılığının zirvəsi kimi iki əsərinin
adını xüsusilə qeyd etmək olar: "Şəki
qaçaqları" və "Əl quzuları".
Jurnalist və tərcüməçi kimi Teymur Abuzər
çox məhsuldar işləyirdi. O, müxtəlif rus
yazıçılarının əsərlərini dilimizə
tərcümə etmişdir. Dünyasını dəyişdikdən
sonra biz onun yarımçıq qalmış işlərini ləyaqətlə
davam etdirməyə çalışırıq. Bölməmizin
işi, əlbəttə, ədəbiyyatın milli
şüura, əxlaqa və mənəviyyata, estetik
zövqün səviyyəsinə təsir etməsini daim diqqət
mərkəzində saxlamaqdır. Üzvlərimizdən Namizəd
Xalidoğlu (Şəki), Sabir Tahiroğlu (Qax), Nəzir Əhmədov
(Şəki), Abbas Bəxtiyarov (Şəki), Yusif
Şükürlü (Şəki), Nazim Hüseynli (Oğuz),
Tacəddin Məmmədov (Qəbələ), Mustafa Ramazanov
(Zaqatala), Ramazan Xutrayev (Balakən) və başqaları həm
Azərbaycan, həm də başqa dillərdə şeirlər
yazırlar. Onların kitabları da müntəzəm olaraq
işıq üzü görür.
Bölməmizin işi,
əlbəttə ki, rəsmi şəkildə AYB üzvü
kimi fəaliyyət göstərən şəxslərin
yaradıcılığı ilə məhdudlaşmır. Qəbələdə
"Qəbələ", Qaxda "Kürmik nəğmələri",
Zaqatalada "Yurdun səs xəzinəsi", Balakəndə
"Sultan" ədəbi dərnəkləri fəaliyyət
göstərir. Onların da siyahısına bölməmizin nəzdindəki
ədəbi məclisi də əlavə etsək, onda
çevrəmizin necə böyük olduğunu aydın
görərik.
Onlarla yaradıcı
insanları birləşdirən bu ədəbi dərnəklərdə
yetişən, cilalanan qələm sahibləri dövri mətbuata
çıxdıqca oxucu rəğbəti qazanır, poetik ruhumuzun
daşıyıcılarına çevrilirlər.
Biz başqa bölgələrdə
fəaliyyət göstərən bölmələrlə də
birgə tədbirlər həyata keçiririk. Məsələn,
Mingəçevir, Qazax bölmələri ilə birgə
hazırladığımız poeziya axşamları, yubiley
gecələri çox rəğbətlə
qarşılandı. Bölməmizin vaxtaşırı olaraq
Bakıda yaşayan və fəaliyyət göstərən
alim və yazarlarla da daim əlaqəsi olur.
Respublikamızın görkəmli elm xadimləri və
ziyalıları tez-tez Şəkiyə gələrək bizim
qonağımız olurlar. Onların bu gəlişi həm əlaqələrimizin
inkişafına, həm də ədəbi mühitin səviyyəsinə
öz töhfəsini verir. İnamla deyə bilərəm ki,
AYB-nin Şəki bölməsi müstəqil
respublikamızın bugünü və sabahı naminə
döyünən ürəklərin arzularını
özündə əks etdirən əsərlərin
yaranması üçün mükəmməl fəaliyyət
göstərir.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2009.- 21 avqust.- S. 5.