İlahidən möhürlü ay

 

"Allah-taala buyurur: Adəm övladlarının orucdan başqa gördükləri hər bir əməl onların özlərinə aiddir. Oruc isə mənə aiddir və onun mükafatını da mən özüm verəcəyəm. Dünyada silahla özünüzü qoruduğunuz kimi, oruc da qiyamət günü möminləri axirətin əzabından hifz edib qoruyar. Bu bir həqiqətdir ki, oruc tutan şəxsin ağzından gələn iy Allah üçün müşk iyindən daha gözəldir. Oruc tutan şəxslər iki dəfə sevinərlər: iftar etdikləri və məhşərdə Allahla görüşüb onları cənnətə daxil etdiyi zaman".

"Ayların sultanı" adlanan Ramazan yenə də öz şərafətli qədəmlərini Yer üzünə atmaqdadır. Hər bir müsəlmanın üzərinə düşən ilahi vəzifələrdən biri də Ramazan ayının vacib orucudur. Qurani-Kərimin surələrinin birində deyilir: "İnsanlığa yol göstərən, doğru nədir, əyri nədir ayırd edən Quranın nazil olduğu Ramazan ayı ki var, kim o zaman Ayı gördü, oruc tutsun ay uzunu."

Orucun hansı şəraitdə, hansı şərtlərlə tutulması haqqında ilahiyyat kitablarında ətraflı məlumat verilmişdir. Oruc insanın günah, şəhvət, nəfsani istəklərdən uzaq olması üçün ən gözəl vasitədir. Bu yolla Allahın istək və məhəbbətini, bunun da nəticəsində onun rizasını qazanmaq mümkün olur.

Bu il avqustun 21-i niyyət axşamıdır. Avqustun 22-si səhər ertədən (dan yeri ağarmamış) isə müsəlmanlar oruc tutmağa başlayacaqlar. Peyğəmbər (s.) buyurub ki, "oruc cəhənnəm odunun qarşısında iman əhli üçün bir sipərdir" və buna görə də hər bir müsəlmanın oruc tutmağı çox vacibdir.

Orucluq vaxtı gündüz yemək, içmək olmaz. Yəni insan öz iradəsini sınağa çəkərək nəfsinin qarşısını almalı, Allah yolunda vacib əməli yerinə yetirmək üçün həm də bəd əməllərdən qaçmalı, təkcə mədəsinə deyil, dilinə, hərəkətinə də nəzarət etməlidir. Oruc tutan insanın dilindən pis söz, qarğış çıxmamalı, Allah yolunda oruc tutduğunu nəzərə alaraq daim dua etməli, ibadət və xeyirxah işlərlə məşğul olmalıdır. Əlbəttə, orucluq dövründə dünya ləzzətindən əl çəkib nəfsini təmiz saxlayaraq Allaha ibadətlə məşğul olanların qəlbinə heç vaxt şeytan yol tapa bilməz. İblisdən uzaq olanların duaları həmişə eşidilir. Orucluq vaxtı hamının oruc tutmağı mümkün olmaya bilər. Bunun üçün müəyyən şərtlər var: xəstə insanlar, hamilə qadınlar, uşaqlar, səfərə çıxanlar oruc tutmamalıdırlar. Döyüşdə və yaxud qeyri-adi bir şəraitdə olduğuna görə oruc tutmayanlar sonra münasib bir vaxtda ya onun qəzasını tutmalı, ya da zəkat verməlidir. Oruc təsadüfən pozularsa, günaha yazılmaz, qəsdən pozanların isə tutduğu orucun bir mənası olmaz. Orucluq insanlara öz iradələrini, dözümlüklərini yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir.

Ramazan hər bir müsəlman üçün Quranın nazil olduğu ay kimi müqəddəsdir. Amma Quran bu ayın hansı günü nazil olub, - konkret bilinmir. Ona görə oruc tutan şəxs bu il sentyabrın 8, 10, 12 16 tarixlərini əhya, yəni Qədr gecəsi kimi qarşılamalı, sübh namazınadək dualar etməli, hədislər oxumalıdır. Qurani-Kərimdə deyilir: "Biz Qədr gecəsində nazil elədik Quranı. biləsən nədir Qədr gecəsi. Min aydan yaxşıdır Qədr gecəsi. Yenər yerə mələklər Ruh bu zaman hər üçün Rəblərinin icazəsilə. Dan yeri sökülənədək salamatlıq deməkdir Qədr gecəsi". Yüzillərin sınağından keçib ki, həmin gecələrdə edilən dualar diləklər ulu Tanrı tərəfindən eşidilir.

Peyğəmbərin (s.) bir hədisində deyilir: "Allah-taala buyurur: Adəm övladlarının orucdan başqa gördükləri hər bir əməl onların özlərinə aiddir. Oruc isə mənə aiddir onun mükafatını da mən özüm verəcəyəm. Dünyada silahla özünüzü qoruduğunuz kimi, oruc da qiyamət günü möminləri axirətin əzabından hifz edib qoruyar. Bu bir həqiqətdir ki, oruc tutan şəxsin ağzından gələn iy Allah üçün müşk iyindən daha gözəldir. Oruc tutan şəxslər iki dəfə sevinərlər: iftar etdikləri məhşərdə Allahla görüşüb onları cənnətə daxil etdiyi zaman".

Həzrəti Əli (ə.) buyurur ki, "Allah-taala orucu insanların imanlarının sınağı üçün vacib etmişdir". Bu sınağın da vacibliyi müəyyən şərtlərə söykənir. Varlı yoxsul bərabər olsun. Varlılar istədiklərini çətinlik çəkmədən əldə edər, aclığın olduğunu təsəvvürə belə gətirə bilməzlər. Ona görə oruc müsəlman üçün ilahi bir hökmdür onun üzərində ilahidən möhür var. Həzrət Əli (ə.) elə belə deməyib ki, orucun möminlərə üçün vacib olduğunu soruşsanız, cavabında sizə deyiləcək. Allah rizasını qazanıb axirət dünyasının mükafatına nail olsunlar. "Bütün bunlarla yanaşı, möminlər oruc tutduqları müddət ərzində yoxsulların keçirdikləri ağır həyat tərzini özlərində yaşadır, qəzəb şəhvət kimi şeytani xislətləri özlərindən uzaqlaşdıraraq mənəvi saflığa nail olurlar" (Həzrət Əli).

Ramazan ayında insan təkcə nəfsinə yox deyib iştahasının qarşısına sipər çəkmir. O həm qulağını, gözünü gözəlliyə öyrədir. Yaxşı işlər görsün, yaxşı sözlər danışsın. Özü , onu dinləyən feyziyab olsun. Bəlkə elə buna görə imamlardan gələn sədadır ki, "oruc tutduğunuz zaman qulağınız, gözünüz, dəriniz tükləriniz oruc tutmalıdır".

Ramazanın fəzilətləri çoxdur. Bu dəyərlərə əməl etmək insanı həqiqi mənada paklaşdırır, saflaşdırır, onu Tanrının sevdiyi şəxsə çevirir. Yəni hər bir imanlı şəxs Ramazan boyu təkcə yeməyində deyil, danışığında, davranışında, əməllərində "pəhriz" gözləməli, gözəl-gözəl sözlər danışmalı, rəftarında mülayim olmalı, iztirab çəkənlərin həm dildə, həm əməldə könlünü almalı, imkanı daxilində kimsəsizlərə əl tutmalı, iftar süfrələri açmalıdır. Ramazan həm ruhi, həm fiziki təmizlənmədir. Quranda göstərilir: "Xeyirxahlığı könüldən eləyənin qarşısına xeyirxahlıq çıxar".

Bir məsələ var ki, sovet dövründə Azərbaycanda yaşayan müsəlmanlar sərt bir rejimin diktəsi altında olduqlarından onlar bu bayramı müəyyən mənada gizli şəraitdə qeyd edirdilər. Oruc tutan da, namaz qılan da xiffətli duyğularla öz ayinlərini yerinə yetirməyə çalışırdı. Dövlət müstəqilliyimizi qazandıqdan sonra Ramazan bayramı ölkəmizdə açıq şəkildə qeyd edildi. Milli Məclisin qəbul etdiyi "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna əsasən bu qədim müqəddəs bayram dövlət səviyyəsində qeyd olunmağa başlayıb.

Orucluğun başa çatdığı gün bayram edilir. Həmin gün bütün müsəlmanlar bir-birini təbrik, dünyasını dəyişənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs ehtiyacı olanlara fəqir-füqəraya mütləq fitrə zəkatı verməlidir.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Ramazan ayının 29-da (19 sentyabr) Ay görünərsə, 20 sentyabr bayram günüdür, görünməzsə, sentyabrın 21-i bayramdır.

Allah orucunuzu dualarınızı qəbul etsin!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 21 avqust.- S. 6.