Stresdən yaxa qurtarmaq mümkündürmü?

 

Sərnişini olduğum avtobus dayanacaqdan tərpənmək istəyirdi ki, başqa bir marşrutda işləyən avtobus gəlib düz qənşərdə dayandı. Geridə də sıxlıq idi - maşın maşına dirənmişdi. Bizim avtobusun sürücüsü pəncərədən başını çıxarıb həmkarından yol verməyi xahiş etdi. Reaksiya olmadı. Təkrar xahişlər nəticə vermədi. Sonra hədələr başladı, nə başladı. Bir-iki dəqiqənin içində səhnə də dəyişdi, sürücülərin bir-birinə ünvanladığı sözlərin mahiyyəti və ahəngi də.

Vəziyyət dartışmağa, yaxa cırmağa keçəndə sərnişinlər araya girdi. Hər iki sürücü qıpqırmızı olmuşdu. Gözləri az qala hədəqəsindən çıxacaqdı. Nəfəsləri təngimiş, boğazları qurumuşdu. Arterial təzyiqlərini ölçən olsaydı, yəqin ki, hər ikisinə birbaşa təcili yardım xəstəxanasına yollanmağı məsləhət görərdi. Maşını ikicə metr qabağa sürüb arxada dayanana yol verməyi özünə sığışdırmayan, üç-dörd sərnişin artıq götürməyi qazanc bilən sürücü özünün də, həmkarının da ömrünün, bəlkə də, aylarla qısalmasına rəvac vermişdi. Hələ ətrafındakıların, istidən nəfəsi darıxan, mənzil başına tələsən sərnişinlərin əsəbdən nələr çəkdiklərini demirik.

Belə mənzərələrlə gündə neçə yol rastlaşırıq, hesabını aparmaq mümkün deyil. Yolda-rizdə, işdə, bağda-bağçada, evdə, həyət-bacada, dükan-bazarda hirslənmək, özündən çıxmaq üçün çoxlu "bəhanə" taparsan. Ürəyini, beynini zədələyən, sıradan çıxaran saysız faktorlar insan psixikasında sonradan bərpası çətin, bəlkə də mümkünsüz olan "şırımlar" açır. Bəs hər deyəndə əsəbiləşməmək, hirslənməmək mümkündürmü? Təbii ki, bu məsələdə kiməsə konkret məsləhət, yaxud tövsiyə vermək imkan xaricindədir. Hər kəsin özünəməxsus xarakteri, həyat tərzi, dünyagörüşü, hadisələrə qiymət vermək bacarığı bu cür vəziyyətlərdə özünü necə aparmağı da şərtləndirir, orijinal, rəngarəng, təkrarsız metod və vasitələr kara gəlir. Kimisə narahat edən, həyəcanlandıran, hətta özündən çıxaran hadisə başqa birisi üçün milçək vızıltısı kimi adi görünür, yanından saymazyana keçir.

Həmkarlarımdan biri hər gün gördüyü, rastlaşdığı hadisələri bircə-bircə, bütün təfərrüatınadək nağıl etməsə, rahat olmur. Həmişə də "həkim mənə məsləhət görüb ki, ürəyində heç nə saxlama, danış, hirsin soyusun, beynin dincəlsin", - deyir. Belələri bəlkə də ürəklərini boşaltmaqla stresdən, artıq psixoloji yükdən azad olurlar. Ola bilsin ki, bu, bir özünütəlqin formasıdır. Amma hər yerdə keçərli deyil, ətrafdakılar tərəfindən düzgün qəbul edilmir. İnsan qəlbi sirli-sehrli, heç kimin əl apara bilməyəcəyi möcüzəli xəzinədir və bu xəzinənin gizlinləri, heç vaxt heç kəsə açıqlanmayası saxlancları da olmalıdır. Hər yerdə hər şeydən danışmaqla bir az yüngülləşmək isə hələ əsəbdən, stresdən yaxa qurtarmaq demək deyil. Bəs necə etməli ki, mənasız yerə əsəbiləşməyəsən, qanın qaralmaya?!

Emosiyasız həyat yoxdur, amma biganə, laqeyd, hissiyyatsız adamlara da çox rast gəlinir. Belələri, adətən, əsəbiləşmir, etinasız ömür sürürlər. Paradoksal vəziyyət yaranır. Bu cür adamları bəyənmirik, əsəbi, çılğın, hər hansı gözlənilməz hadisəyə çevik reaksiya verənləri də qınayırıq. Stresdən, əsəbdən asanlıqla yaxa qurtarmaq hər kəsə müyəssər olmur. Bəs özünü bu bəladan qorumaq üçün ilkin şərtlər hansılardır? Yazının sərlövhəsində qısaca bu barədə xatırlatmışıq. Tibb elmləri doktoru, professor Maqsud Qasımov uzun illər bu sahənin yorulmaz tədqiqatçısı kimi öz fikirlərini belə açıqlayır:

- Xarakteri möhkəmləndirmək, sinir sisteminin davamlığını, sabitliyini yüksəltmək, onun az da olsa pozulmasına imkan verməmək, özünü daim həyəcan törədən vəziyyətdən çıxarmaq insanın həyat kredosuna çevrilməlidir. Kim istəyirsə sağlam həyat sürsün, həyatı dəyərli olsun, deməli, bütün bunların insanın öz əlində olduğunu dərk etməlidir. Əsəb sisteminin möhkəmləndirilməsinə, mənfi emosiyalarla meydana gələn əzab, əziyyət, iztirab səbəblərinin aradan götürülməsinə, yüngülləşdirilməsinə yaxşı kömək göstərən autogen üsuludur, yəni bu, insanların öz-özünə həyata keçirdiyi təlim, məşq, təmrindir - bunun texnologiyası son illərdə bütün dünyada geniş yayılmışdır. Bütün bunlar insana kömək edir ki, iradəsi möhkəmlənsin, müəyyən qədər öz hissiyyatlarını, hal-əhvallarını idarə etməyə qadir olsunlar.

Əsəb sistemi dörd əsas fəaliyyəti ilə fərqlənir. Sanqvinlər (diribaş, şən, qanı qaynar, coşqun adamlar) - fəal, sakit, gülərüz, şən olurlar. Fleqmatiklər (soyuqqanlı, laqeyd adamlar) - bunlar da sakit, amma çox astagəl, təmkinli, ağır xasiyyətli insanlardır. Xoleriklər (tündməcaz, tez hirslənən, tez özündən çıxan adamlar) - tünd xasiyyətli, hirsli, acıqlı olurlar. Belə adamlar nəsə edirlər, sonradan fikirləşirlər. Nəhayət, melanxoliklər - qəm, məyusluq gətirənlər. Belə insanlar daim kədərli, ümidsiz, hüznlü, pessimist ovqatlıdırlar. Melanxoliklər mənfi emosiyaların öhdəsindən çox pis gəlirlər. Onlar həyatda tez-tez ağır psixi travmalarla rastlaşırlar. Əksinə, sanqvinlər və fleqmatiklər bu planda daha çox davamlıdırlar, necə deyərlər, belələrini "yəhərdən vurub yerə salmaq o qədər də asan deyil".

Əgər məqsədləri varsa, axıradək mübarizə aparacaq, vəziyyəti düzəltmək üçün nə isə edəcəklər.

Uzun illərin praktikası göstərir ki, emosional streslərlə əlaqədar yaranmış xoşagəlməz nəticələrin öhdəsindən gəlməkdə sağlamlıq olduqca mühüm şərtdir. Xəstə adama, o cümlədən ürək, qan-damar xəstəliklərindən əziyyət çəkənlərə isə öz iradəsini səfərbər etmək olduqca çətin başa gəlir. Statistikaya görə, miokard infarktı, ürəyin işemik xəstəliyinin ağır fəsadları çox vaxt kəskin psixiki travma nəticəsində baş verir.

Öz əqidəsinə uyğun olmayan tərzdə hərəkət etmək zərurətinin törətdiyi mənfi emosiyaların sağlamlığa mənfi təsiri mütəxəssislərin tez-tez yada saldıqları məqamlardandır. Məşhur rus alimi, akademik Y.Çazov deyirdi: "İnfarkt - əsrin, sizinlə bizim zəmanəmizin xəstəliyidir. Onun səbəblərini mənəviyyatda axtarmaq lazımdır. Bizim hamımızdan daim - sistem halına salınmış riyakarlıq tələb edilir. Sağlamlıq naminə gündən-günə hisslərinin əksinə getmək, sevmədiyinin qarşısında alçalmaq, sənə bədbəxtlik gətirən şeyə sevinmək olmaz. Sinir sistemimiz sadəcə olaraq buna dözmür". Belə bir fikir də söylənilir ki, hər şey emosiyanın xarakterindən asılıdır. Amma çoxdan sübut edilib ki, daxilə verilmiş, ürəyə salınmış qəzəb hissi hipertoniya xəstəliyinə, paxıllıq mədə xorasının inkişafına kömək edən həzmin pozulmasına, cavabsız qalmış məhəbbət bronxial astmaya səbəb olur. Beləliklə, psixi sarsıntı dərəcəsinə çatan mənfi emosiyalarla insanın səhhəti, son nəticə etibarilə ömür müddəti arasında birbaşa əlaqə üzə çıxır. Durğunluq emosiyasının ən çox ehtimal olunan nəticəsi - nevraastenika da müxtəlif mənşəli ola bilər. Professor Maqsud Qasımovun fikrincə, o, çox vaxt həddən artıq zehni yorulma nəticəsində törənir. Bununla belə, əsəbləri qorumaq məsləhətlərin birincisi olaraq qalır. Həddən artıq gərginlikdən mühafizə edilmiş, möhkəmlənmiş sinir sistemi sağlamlığın və uzunömürlüyün ilkin şərtlərindəndir. Əsəblərin qorunması, stresdən yan keçilməsi dedikdə, mənfi emosiyalardan qorunmaqdan daha çox onlara düzgün reaksiya vermək və sinir sistemini möhkəmləndirmək (bu, oyanma və ləngimə prosesləri arasındakı müvazinəti və onların yüksək mütəhərrikliyini təmin edir) nəzərdə tutulur. Beləliklə, emosiyaları aradan qaldırmaq qabiliyyətinin sağlamlığın səviyyəsi ilə birbaşa bağlılığı qənaətinə gəlmək mümkündür. Hər birimiz dəfələrlə şahidi olmuşuq ki, sağlam şəxs, məsələn, xoşagəlməz xəbər aldıqda bunu ağılla dərk edir və hisslərini cilovlayaraq özünü baş vermiş hadisəyə uyğun yeni şəraitə kökləməyə məcbur edir. Ağlı ona pıçıldayır ki, özünü necə aparsa, hisslərinə nə qədər meydan versə də, bu, heç bir şeyi dəyişdirməyəcək. Həyat isə davam edir, yaşamaq lazımdır.

Müasir dövrün insanları öz əcdadlarından, ulu babalarından fərqli olaraq daha gərgin, narahat ömür sürürlər. İnformasiya axınının kəskin surətdə artması, müasir texnologiyaların geniş tətbiqi həyatda daha çox bilik əldə etməyə imkan verməklə yanaşı, emosional vəziyyətin yaranmasını da şərtləndirir. Lokal müharibələr, texnogen və təbii fəlakətlərin çoxalması kütləvi şəkildə fiziki və psixi travmaların yaranmasına rəvac verir. Belə vəziyyətə düşməkdənsə heç kəs sığortalanmayıb. İnsan üçün fiziki və psixi şikəstlik qorxusu qaçılmazdır. Amma adi şəraitdə bu qorxu, ruhi düşkünlük vəziyyəti hiss olunmur və heç kəs bunu anlamır, başa düşmür. İnsanlar təhlükəli vəziyyətə düşürsə və ya onun şahidi olursa, onda ruh düşkünlüyü yaranır, həyəcanlıq səviyyəsi son dərəcə yüksəlir.

Professor Maqsud Qasımov özünün "Sağlam həyat tərzi uğrunda" kitabında stresdən yaxa qurtarmağın ən optimal yollarını həyatın diktə etdiyi, hər bir insanın taleyində özünü göstərən gözlənilməz hadisələr fonunda ətraflı şərh etmişdir. Alim öz oxucularına verdiyi məsləhətlər sırasında gümrah, sağlam və əlbəttə, xoşbəxt həyat sürmək, səadət və firavanlıq işığında yaşamaq üçün daim hərəkətdə olmağı, alkoqol və siqaretdən, digər zərərli vərdişlərdən uzaq qaçmağı, paxıllıq, xudbinlik hisslərini yaxın buraxmamağı, düzgün qidalanmağı, dərmanlarla ehtiyatlı davranmağı, hər hansı hadisəyə yalnız soyuqqanlı, ayıq başla münasibət göstərməyi, emosiyalarını cilovlamağı məsləhət görür. Bunları, sadəcə, həkim resepti kimi qəbul etmək olmaz. Söylənilən fikirlər aqillərin, ötən əsrlərdə yaşayıb-yaratmış müdrik loğmanların, insanların həyat tərzi, yaşayış və məişəti ilə bağlı sınaqdan çıxmış, cilalanmış tövsiyə və qənaətlərinin ciddi axtarış və tədqiqatlarla zənginləşmiş dolğun, qiymətli elmi nəticələr kimi dəyərləndirilməlidir.

 

 

Akif CABBARLI

 

Azərbaycan.- 2009.- 21 avqust.- S. 6.