Güclü infrastruktur inkişafın
mühüm şərtlərindən
biridir
Azərbaycanda həyata
keçirilən inkişaf strategiyasının əsas qayəsi
ölkənin kompleks inkişafının təmin
olunmasıdır. Ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu bu kurs Prezident İlham Əliyev tərəfindən
layiqincə davam etdirilir. Azərbaycanın
inkişafının real mənzərəsi göstərir ki,
qarşıya qoyulan məqsədlər gerçəkləşmişdir.
Hazırkı dinamik
inkişaf mərhələsində vacib məsələlərdən
biri ölkənin hər yerində infrastuktur sahələrinin
modernləşməsidir. Çünki davamlı və
tarazlı sosial-iqtisadi inkişaf ilk növbədə
infrastrukturun yeniləşməsindən, bu sahədə beynəlxalq
və müasir standartların tətbiqindən, qabaqcıl
biliklərin, texnologiyaların mənimsənilməsindən
keçir. Hələ 2004-cü ildə Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafına
dair birinci dövlət proqramı təsdiq olunanda
qarşıya qoyulan prioritet vəzifələrdən biri
keçmişdən qalan infrastrukturun bərpası və
yeniləşdirilməsi, müasir standartlara cavab verən yeni
layihələrin həyata keçirilməsi idi. Artıq
birinci dövlət proqramının icrası başa
çatıb və ümumi nəticələr nəzərdə
tutulan bütün vəzifələrin yerinə yetirildiyini təsdiq
edir.
2004-cü ildən bu
yana Astara, Şəki, Xaçmaz və Naxçıvanda modul
tipli elektrik stansiyalarının, Xınalıq,
Masallı-Yardımlı, Gəncə-Daşkəsən-Xoşbulaq
avtomobil yollarının, Bakı-Qazax magistralının
Hacıqabul-Kürdəmir və Şəmkir-Qazax hissələrinin,
Gəncədə Beynəlxalq hava limanının, Lənkəran,
Naxçıvan, Şirvan və digər şəhərlərdə
müalicə-diaqnostika mərkəzlərinin istifadəyə
verilməsi, Azərbaycanla İran arasında
Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinin
yenidən qurulması, ucqar dağ rayonları olan Lerik və
Yardımlıya təbii qazın verilməsi, rayonlarda yeni
avtovağzalların, xəstəxanaların tikilməsi və
ya əvvəlkilərin müasir səviyyədə yenidən
qurulması, bankların filiallarının yaradılması,
olimpiya komplekslərinin, turizmin inkişafının əyani təcəssümü
olan otellərin, istirahət mərkəzlərinin
inşası infrasrukturun yeniləşməsinə
mühüm töhfələr verməklə yanaşı,
ölkənin sosial-iqtisadi həyatında böyük hadisəyə
çevrilmişdir.
Ölkə rəhbərliyi
sosial, nəqliyyat, kommunal və xidmət
infrastrukturlarının müasir standartlar səviyyəsinə
çatdırılmasına xüsusi diqqət göstərir,
bu sahələrə əsaslı vəsait qoyuluşunu ilbəil
artırır. Ölkənin dörd bir yanında yollar çəkilir,
vətəndaşların sosial rahatlığına xidmət
edən müxtəlif təyinatlı obyektlər istifadəyə
verilir, əvvəllər təbii qaz olmayan rayonlar
qazlaşdırılır, hər yerdə su və kanalizasiya
xətləri, kənd təsərrüfatında suvarma sistemləri
yenidən qurulur, subartezian quyuları qazılır.
2008 və 2009-cu illərin
statistikası da ölkəmizdə infrastruktur sahələrinin
daha dinamik inkişafından xəbər verir. Bu müddətdə
icrası başa çatan layihələrin sayı həm də
ölkənin inkişafının real mənzərəsini
ortaya qoyur.
Məlumdur ki, hər bir
cəmiyyətin həyatında idmanın çox
böyük rolu var. İdman həm ölkənin şöhrətini
ucaldan, həm də insanları fiziki cəhətdən
sağlam edən, eyni zamanda sosial sahədir. Bu amillər
idmanı hər bir ölkədə cəlbedici və
mühüm sahəyə çevirir. Azərbaycan da istisna deyil.
Hazırda ölkəmiz
idman infrastrukturuna görə dünyanın lider dövlətlərindən
biridir. Təkcə 2008-ci ilin əvvəlindən Ağdam
rayonunun Quzanlı qəsəbəsində, Qusar, Kürdəmir,
Sabirabad, Oğuz, Salyan, Biləsuvar, Şəmkir və Şərurda
olimpiya idman kompleksləri, Naxçıvan şəhərində
əyləncə-idman mərkəzi, Sumqayıtda Paralimpiya
İdman Kompleksi, Zaqatalada şəhər stadionu, Lənkəranda
Uşaq Sağlamlıq Mərkəzi istifadəyə verilmişdir.
Bunlar göstərir ki, ölkəmizdə idmana münasibət
ən yüksək səviyyədədir və bu sahənin
maddi-texniki bazasının möhkəmlənməsi
üçün çox böyük işlər
görülür. Bu gün Azərbaycanda idmanla məşğul
olmaq üçün çox yaxşı şərait var. Gələcək
illərdə dövlətimizin ardıcıl, məqsədyönlü
siyasəti nəticəsində Azərbaycanın hər yerində
müxtəlif təyinatlı müasir idman qurğuları
tikiləcək.
Respublikanın bölgələrində
müasir standartlara cavab verən xəstəxanaların,
poliklinikaların tikilməsi, köhnə, yararsız vəziyyətdə
olanların təmir olunması məqsədilə dövlət
büdcəsindən böyük həcmdə vəsaitlərin
ayrılması ölkəmizin məqsədyönlü sosial
siyasətindən xəbər verir. 2008-2009-cu illərdə
Naxçıvanda tibb məktəbi, Doğum Mərkəzi, Gəncə,
Qazax, Qəbələ, Zaqatala və Bərdədə
müalicə-diaqnostika mərkəzləri, Masallıda
akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutunun filialı açılmış, Yevlax şəhərində
uşaq xəstəxanası, Göygöldə mərkəzi
rayon xəstəxanası, Şahbuzda rayon mərkəzi xəstəxanasının
yeni binası inşa olunmuşdur.
Xatırladaq ki,
hazırda səhiyyə xərcləri bir neçə il əvvəllə
müqayisədə təxminən 10 dəfədən
çox artmışdır. Bu, ölkəmizdə həyata
keçirilən sosial siyasətin mühüm əlamətlərindən
biridir. Bütün bunlar bir daha təsdiq edir ki, tibb sahəsinin
inkişafı, güclü səhiyyə infrastrukturunun
yaradılması Prezident İlham Əliyevin sosial siyasətinin
əsas istiqamətlərindən biridir.
Nəqliyyat
infrastrukturunun inkişafı günümüzün
reallığıdır. Nəzərə alsaq ki, Azərbaycanda
nəqliyyat vasitələrinin sayı sürətlə
artır və ölkəmiz bir sıra iri beynəlxalq nəqliyyat
dəhlizlərinin qovşağında yerləşir, onda bu
infrastrukturun inkişaf etdirilməsinin zəruriliyi məlum
olar. Artıq bir neçə ildir ki, ölkəmizin nəqliyyat
sferasında mühüm layihələrin həyata
keçirilməsinə başlanılıb. Bu layihələrin
bəzilərinin icrası başa çatıb, bəziləri
isə davam edir. 2008-2009-cu illər ərzində Füzulidə
Zobucuq adlanan ərazidə - Quruçayın üzərində,
yeni çəkilmiş 15 kilometrlik yolda salınmış
körpü, Kürdəmir dairəvi avtomobil yolu,
Naxçıvan-Sədərək avtomobil yolu, Balakəndə
yeni avtovağzal binası, Zaqatalada hava limanının, Lənkəranda
beynəlxalq hava limanı və digər çoxsaylı belə
obyektlər istifadəyə verilmişdir.
Respublikamızın
sosial-iqtisadi həyatında son illər müşahidə
olunan dinamik inkişaf kommunal sektorda, o cümlədən su təchizatı
sistemində də öz əksini tapmışdır. Azərbaycan
Prezidenti İlham Əliyevin diqqət və qayğısı
nəticəsində infrastrukturun vacib sahələrindən
olan su təchizatı, irriqasiya və kanalizasiya sistemlərinin
yaxşılaşdırılmasına dövlət qayğısı
artırılmış, bu sahədə geniş
islahatların və proqramların həyata keçirilməsinə
başlanmışdır. Xatırladaq ki, 2002-ci ilin dekabr
ayında ulu öndər Heydər Əliyev tərəfindən
Oğuz və Qəbələ rayonları ərazisindən
Bakı şəhərinə su kəmərinin çəkilişi
ilə bağlı hazırlıq işlərinin
görülməsi üçün müvafiq
tapşırıq verilmiş, 2005-ci ildə Prezident İlham Əliyev
bu kəmərin maliyyələşdirilməsi barədə sərəncam
imzalamışdır. 2007-ci il martın 1-də Prezident
İlham Əliyevin iştirakı ilə Oğuz-Qəbələ-Bakı
su kəmərinin təməli qoyulmuşdu. Bu kəmərin
istifadəyə verilməsi paytaxt Bakının içməli
su ilə təminatına əhəmiyyətli dərəcədə
təsir edəcək.
Ötən müddətdə
Balakəndə içməli su xəttinin
açılışı olmuş, Şəmkir
çayı üzərində dəryaçanın təməli
qoyulmuşdur. Bu dəryaça əkin sahələrinin su ilə
təminatında müstəsna əhəmiyyət kəsb edəcək.
Ölkədə mavi qaz
və elektrik enerjisinə olan ehtiyaclar da ödənməkdədir.
Ötən ildən başlayaraq Ağcabədiyə, Beyləqana,
Horadiz şəhərinə, Ağdamın Quzanlı qəsəbəsinə
təbii qazın verilməsinə
başlanılmışdır. Yeni elektrik
stansiyalarının istismara verilməsinin və mövcud su və
istilik elektrik stansiyalarının yenidən qurulmasının əhəmiyyətini
isə vurğulamağa o qədər də ehtiyac yoxdur. Çünki
elektrik enerjisi normal inkişafın lokomotividir. Son illərdə
ölkədə bir neçə modul tipli elektrik stansiyası
istifadəyə verilmiş, su və istilik elektrik
stansiyaları əsaslı şəkildə rekonstruksiya
olunmuşdur. Bu yaxınlarda isə Füzuli rayonunda su elektrik
stansiyasının təməli qoyulmuşdur.
Məlumdur ki, turizm
dünyada ən gəlirli sahələrdən biridir. Azərbaycanda
isə bir tərəfdən əsrarəngiz təbiət, digər
tərəfdən zəngin tarixi və mədəni irs
turizmin inkişafı üçün münbit zəmin
yaradır. Son illərdə ölkəmizdə turizmin
inkişafı üçün görülən işlərin
bəhrəsi göz önündədir. Bu gün turizm
baxımından əhəmiyyət kəsb edən elə bir
yer yoxdur ki, orada modern turizm infrastrukturu formalaşmasın. Ölkənin
bölgələrində müasir standartlarla ayaqlaşan
hotellər, istirahət mərkəzləri tikilib turistlərin
və istirahət etmək istəyənlərin ixtiyarına
verilmişdir. Yeni istifadəyə verilən Oğuz
rayonundakı "Afra-otel" kurort və biznes mərkəzi,
Lənkərandakı "Qafqaz Sahil", Mingəçevirdəki
"River side", Zaqataladakı "Qafqaz" hotelləri də
bu qəbildəndir.
Azərbaycan Prezidenti
İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin birinci
rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş
iclasında demişdir: "Bütün infrastruktur layihələri
icra olunur. Dövlət investisiya proqramı xətti ilə
aparılan işlər bu il və növbəti illərdə
Azərbaycanda infrastruktur layihələrinin yaranmasına xidmət
göstərəcəkdir. Artıq Azərbaycan cəmiyyəti
də açıq-aydın görür ki, bunun nə dərəcədə
böyük əhəmiyyəti var. İnfrastruktur layihələri
biznes imkanlarını genişləndirir, insanların normal
yaşamasına, Azərbaycanın hərtərəfli
inkişafına xidmət göstərir və ölkəmizdə
aparılan iqtisadiyyatın şaxələndirilməsi siyasətinə
də böyük dəstəkdir".
Dövlətimizin
başçısı rayonlara səfərləri çərçivəsində
Füzuli rayonunda tibb mərkəzinin, Qusarda mərkəzi
rayon xəstəxanasının, Tovuz şəhərində
Müalicə-Diaqnostika Mərkəzinin, Qax şəhərində
idman kompleksinin, Şəki rayon mərkəzi xəstəxanasının
yeni korpusunun təməlqoyma mərasimlərində iştirak
etmişdir.
Hazırda Tovuz, Balakən
və Qəbələdə olimpiya-idman komplekslərinin, Mingəçevirdə
"Kür" olimpiya tədris-idman mərkəzinin, Gəncədə
"Ramada Plaza" mehmanxanasının, Ucar-Yevlax avtomobil
yolunun tikintisi davam edir və yaxın vaxtlarda istifadəyə
veriləcəkdir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2009.- 22 avqust.- S. 1, 3.