Fərqli sivilizasiyaların qovuşduğu tolerant məkan

 

Bəşər tarixi göstərir ki, müxtəlif dünyagörüşə, milli-mənəvi irsə, dini-sakral baxışlara malik xalqlar bir-biri ilə dil tapmağa, ortaq mədəni dəyərləri bölüşməyə, sivil dialoq qurmağa çalışmışlar. Məhz belə nəcib təşəbbüslər bir çox fəlakətlərin, müharibə və toqquşmaların qarşısını almış, sivilizasiyaların yaxınlaşmasına, tolerant düşüncə tərzinin güclənməsinə, insanlığın mənəvi yüksəlişinə və nicatına xidmət etmişdir. Fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması bu gün də qloballaşan dünyada sülh və sabitliyin, əmin-amanlığın, dinc yanaşı yaşamağın vacib amili kimi çıxış edir.

Sivilizasiyaların dialoqu və tolerantlıq düşüncə tərzi, cəmiyyətin tarixi inkişafının nəticəsi, müxtəlif mədəniyyət və lokal insan birliklərinin birgəyaşayışı nəticəsində əldə olunmuş tarixi nailiyyəti olaraq demokratik cəmiyyətin, mədəniyyətlərarası münasibətlərin təməl prinsiplərindəndir.

Tarixən başqa millətlərə və səmavi dinlərə, fərqli mədəniyyətlərə dözümlü yanaşması ilə seçilən Azərbaycanda tolerantlıq xalqın milli-mənəvi dəyərlər sistemindən, düşüncə sistemindən qaynaqlanır.

Geostrateji mövqeyinə görə çeşidli dünyagörüşü və həyat tərzinin, mədəni-mənəvi dəyərlərin, dini konfessiyaların qovuşduğu bu torpaq milli-etnik tərkibi ilə dünyanın nadir mədəni sivilizasiyalarından birinə çevrilmişdir. Belə bir məkanda yaşayan insanlar bu təmasın təkcə coğrafi deyil, həm də mənəvi təzahürünü, Qərb və Şərq mədəniyyətinin dialoqunu da öz gündəlik həyatında hiss edir. Bəzən dünyanın ən müxtəlif qütblərində siyasi qarşıdurmalara çevrilən bu dialoq Azərbaycan mədəniyyətində hər hansı çatışmazlıqlara səbəb olmamış, əksinə, bu məmləkətdə bənzərsiz mədəni mühit formalaşdırmışdır.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının tam bərqərar olması naminə ardıcıl tədbirlər həyata keçirmiş, milli təhlükəsizlik maraqları baxımından bu sahəyə daim xüsusi diqqətlə yanaşmışdır. 1995-ci ildə Azərbaycanda ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada hər bir ölkə vətəndaşının vicdan azadlığı birmənalı təsbit edilmişdir. Bunun nəticəsi kimi ölkəmizdə mövcud olan etnik-dini tolerantlıq hazırda bəzi inkişaf etmiş ölkələrə də örnək göstərilə bilər. Əsrlərin sınağından çıxmış mədəniyyətini, mənəvi dəyərlərini, adət-ənənələrini hifz etməyi bacaran Azərbaycan xalqı ümumbəşəri mütərəqqi dəyərlərə tolerant münasibət bəsləməklə, müasirliyə və yeniliyə həmişə can atır.

Ümummilli lider Heydər Əliyev böyük strateq kimi, hər bir fərdin maraqlarının yüksək səviyyədə təmin olunmadığı cəmiyyətdə güclü dövlət yaratmağın mümkünsüzlüyünü daim önə çəkmiş, respublikamızın ərazi hüdudlarında yaşayan bütün xalqların mədəniyyətinə, adət-ənənəsinə, dini baxışlarına tolerant münasibətin vacibliyini xüsusi vurğulamışdır. Konstitusiyanın qəbulundan sonra ölkədə dini-mənəvi münasibətləri tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi müxtəlif dini icmaların qanunla müəyyənləşmiş qaydada fəaliyyətinə geniş imkanlar açmış, bu sahədə dövlət tənzimlənməsinin həyata keçirilməsi məqsədilə Dini İşlər üzrə Dövlət Komitəsi yaradılmışdır. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə rəğmən, respublikamızda insanların dini inanclarının, habelə vicdan azadlığının əleyhinə heç bir addım atılmamışdır.

Müstəqilliyin ilk illərində dövlətin maliyyə imkanlarının məhdudluğuna baxmayaraq, ulu öndər Heydər Əliyev ölkədə mövcud olan dini ziyarətgahların təmiri və bərpasına, qorunmasına da xüsusi diqqət ayırmışdır. Ulu öndər hələ 1994-cü ildə Bibiheybət məscidini ziyarət etmiş, onun təmiri və bərpası ilə bağlı göstərişlərini vermişdir. 1997-ci ildə Heydər Əliyevin göstərişi ilə Bibiheybət məscidinin bərpa olunmasına vəsait ayrılmış, 1998-ci il iyulun 12-də ümummilli liderin iştirakı ilə ziyarətgahın böyük bir hissəsinin açılışı olmuşdur. Heydər Əliyev ölkədə mütərəqqi islam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da tolerant mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdır. Ulu öndərin diqqəti və qayğısı ilə Bakı şəhərinin mərkəzində Qafqazda ən böyük Sinaqoqun inşa edilməsi də bunu bir daha təsdiqləyir.

Xalqlar arasında dostluq və qardaşlıq, qarşılıqlı anlaşma şəraitində milli, dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması tolerantlığın bariz nümunəsidir. Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xaricdə də daim yüksək qiymətləndirilmişdir. Roma-katolik kilsəsinin sabiq başçısı II İoann Pavelin 2002-ci ilin mayında respublikaya etdiyi səfəri zamanı Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd etmişdir. Eləcə də Roma patriarxı I Varfolomey 2003-cü il aprelin 16-dan 18-dək Azərbaycanda rəsmi səfərdə olmuşdur. Şərqi Roma pravoslav kilsəsi başçısının səfərinin əsas məqsədi müxtəlif dinlərə etiqad edən insanların narahatçılığına səbəb olan bir çox mürəkkəb məsələlərdə qarşılıqlı anlaşma və razılığa nail olmaq, sıx münasibətlər yaratmaq, habelə dinlərarası dialoqu daha irəli aparmaqdan ibarət olmuşdur. O da etiraf etmişdir ki, respublikamızdakı dövlət-dini konfessiyalar münasibətləri, habelə ənənəvi və qeyri-ənənəvi dini konfessiyalar arasındakı mövcud münasibətlər nümunəvidir: "Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir". Xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq bu gün də ölkəmizdə dövlət siyasətinin mühüm tərkib hissəsidir.

Hələ andiçmə mərasimində "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deyən Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən dini və milli azlıqların nümayəndələrinə xüsusi həssaslıqla yanaşmış, onların problemlərinin həlli üçün bütün lazımi tədbirləri həyata keçirmişdir. Dövlət başçısı respublikada bütün milli və dini azlıqların birgə yaşayışı üçün kifayət qədər tolerant mühitin olduğu barədə demişdir: "Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanlar vahid ailə kimi yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və xalqımızın gündəlik həyatıdır. Biz fəxr edirik ki, Azərbaycanda müxtəlif millətlərdən olan insanlar arasında qarşılıqlı anlaşma mövcuddur. Başqa dövlətlər Azərbaycanın bu təcrübəsindən faydalana bilərlər".

Dövlət başçısı İlham Əliyev son beş ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də dini ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına da xüsusi diqqət yetirmişdir. Azərbaycan Prezidentinin İslam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Son illərdə Bibiheybət, Təzəpir, Əjdərbəy məscidləri və digər məscidlər əsaslı təmir olunmuş, onların təchizatına lazımi yardım edilmişdir. Bundan başqa, cənab İlham Əliyevin göstərişi ilə paytaxtın ən gözəl guşələrinin birində katolik kilsəsi inşa edilmiş, pravoslav kilsəsi təmir və bərpa olunmuşdur.

Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolu oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islam və qeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər. Son illərdə ölkədə 500-dən artıq müxtəlif etiqadlı dini icmanın dövlət qeydiyyatından keçməsi də tolerantlığın bariz nümunəsi sayıla bilər.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın dini-etnik sivilizasiyaların qovuşduğu məkan kimi tanınmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir. 2008-ci ildə Bakıda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü sayəsində YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.

YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva həmin tədbirdə Azərbaycanın bu gün mədəniyyətlərarası dialoq prosesindəki roluna xüsusi toxunmuş, ölkəmizdə mövcud olan tolerant düşüncə tərzini xalqın dünyagörüşü və milli adət-ənənələri ilə əlaqələndirmişdir: "Azərbaycan Böyük İpək Yolu üzərində yerləşən ölkə kimi tarix boyu yüksək tolerantlıq mühitini yaşatmışdır. Bu, həm mədəniyyətimizdə, həm də cəmiyyətimizdə dərin iz qoymuşdur. İndi də bizim cəmiyyətdə belə bir tolerantlıq ab-havası hökm sürür. Bakı unikal şəhərdir. Artıq uzun müddətdir ki, burada müsəlman məscidi atəşpərəst məbədi, katolik kilsəsi sinaqoq, pravoslav məbədi kirxa yanaşı mövcuddur. Onların coğrafi yaxınlığı faktı belə, yüksək tolerantlıq şəraitində birgə fəaliyyətin mümkünlüyünü nümayiş etdirir hər bir dinin əsas dəyərlərinin ümumbəşəri dəyərlərlə üst-üstə düşdüyünü təsdiq edir. Bu, təkcə tarixin ayrı-ayrı məqamları deyil. Bu il biz yeni katolik məbədi açmışıq. Tarixi əhəmiyyət daşıyan məscid kilsələrin bərpası ilə yanaşı, yenilərini tikirik. Ümidvaram ki, Bakı forumu gələcəkdə ənənəvi şəkil almaqla, sivilizasiyaların faydalı dialoqunun formalaşmasına dair hər birimizin öz ideya məqsədlərimizi həyata keçirmək üçün imkan yarada bilər".

Son illər Heydər Əliyev Fondunun səyləri ilə Azərbaycanla İKT ölkələri arasında humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində də mühüm işlər görülür. İKT-nin 2009-cu ildə Bakını "İslam mədəniyyətinin paytaxtı" elan etməsi də humanitar sahədə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə qurulduğunu göstərir. Respublikamızın müsəlman dövləti kimi islam dəyərlərinə hörmətlə yanaşması, eyni zamanda tarixi ənənələrini qoruyub saxlaması bu əməkdaşlıq üçün ciddi zəmin yaradır. Hazırda Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xeyirhax, nəcib və savab işləri də müsəlman dünyasında yüksək dəyərləndirilir. Milli-mənəvi dəyərlərə yüksək həssaslıq nümayiş etdirən Azərbaycanın birinci xanımının fəaliyyəti İslam Konfransı Təşkilatına üzv dövlətlər tərəfindən alqışlanır. Mehriban xanım Əliyevanın 2006-cı ildə daha bir titula - İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) xoşməramlı səfiri adına layiq görülməsi bütövlükdə Azərbaycanın qazandığı böyük nailiyyətdir. Dünyanın 57 ölkəsini birləşdirən təşkilatın bu qərarı obyektiv reallığı əks etdirməklə yanaşı, Heydər Əliyev Fondunun prezidentinin savab və nəcib əməllərinə verilən yüksək qiymətin təcəssümüdür.

Bir sözlə, Azərbaycanın adı ən müxtəlif beynəlxalq təşkilatların hesabatlarında dini azadlıqların təminatı sahəsində heç bir problemin olmadığı ölkələr sırasında çəkilir. Habelə ölkəmizdə bu sahədə mövcud olan tolerant münasibət bəzi inkişaf etmiş ölkələrə örnək kimi göstərilir. ABŞ Dövlət Departamentinin, eləcə də ATƏT və insan hüquqları üzrə ixtisaslaşmış digər beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda müxtəlif dini sivilizasiyalar arasındakı münasibətlərin yüksək səviyyədə olduğu, dini azlıqların maraq və mənafelərinin qorunduğu razılıqla bildirilir.

 

 

Samir ELMANOĞLU

 

Azərbaycan.- 2009.- 22 avqust.- S. 1, 3.