Heydər Əliyev Fondu
ölkəmizin tərəqqisinə
misilsiz töhfələr
verir
YUNESKO ilə əməkdaşlıq bəşəri
dəyərlərə istinad edir
Ölkəmizin gələcək
sosial-iqtisadi tərəqqisində mühüm rol oynayan təhsil
sisteminin inkişafı, yüksək intellektə malik gənc
kadrların yetişdirilməsi Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.
Bu istiqamətdə həyata keçirilən proqramlar və
layihələrdə YUNESKO ilə əməkdaşlığın
genişləndirilməsi mühüm rol oynayır. 2005-ci ilin
avqustunda YUNESKO ilə birgə keçirilmiş "YUNESKO-Azərbaycan:
gələcəyə körpü" mövzusunda beynəlxalq
konfrans təhsil sahəsində aparılan mütərəqqi
islahatların başlanğıc mərhələlərindən
idi. Gələcək fəaliyyət istiqamətləri ətrafında
geniş fikir mübadiləsi aparılan konfransda Avropa təhsil
sisteminə inteqrasiya və digər mühüm məsələlər
müzakirə edildi.
YUNESKO ilə tərəfdaşlığın
daha da möhkəmləndirilməsi baxımından 2008-ci il
uğurlu dövrlərdən biri kimi yadda qaldı. Həmin
ilin mayında Heydər Əliyev Fondunun və Təhsil
Nazirliyinin təşkilatçılığı ilə
dünyada savadlılığın dəstəklənməsi
üzrə YUNESKO-nun regional konfransları silsiləsindən
"Avropada subregional çərçivədə
savadlılıq problemlərinə baxış: tərəfdaşlıq
əlaqələrinin qurulması və innovativ
yanaşmaların tətbiqinə dəstək"
mövzusunda keçirilən Bakı konfransı qlobal
savadlılığın dəstəklənməsinə
yönəlmiş YUNESKO konfranslarının davamı, milli,
regional və beynəlxalq səviyyələrdə
savadlılığın təşviqinə yönəlmiş
səylərin bir hissəsi idi. Heydər Əliyev Fondunun təşəbbüsü
ilə keçirilən tədbir həm də Avropa ictimaiyyətinin
savadlılıq və böyüklərin təhsili sahəsində
ən aktual məsələlərin həllinə diqqət cəlb
etmək məqsədi daşıyırdı. Dünyada
savadlılığın dəstəklənməsi üzrə
regional konfranslar silsiləsindən olan bu tədbirin Bakıda
keçirilməsi xüsusi əhəmiyyətə malik idi. Forum
müxtəlif hökumətlərin və beynəlxalq təşkilatların
gördüyü tədbirlər haqqında məlumat verərək
dialoqu gücləndirdi, savadlılıq və təhsil sahəsindəki
problemlərin həlli üçün milli strategiyaların
formalaşdırılmasına mühüm töhfə bəxş
etdi.
Mədəniyyətlərarası dialoqda yeni mərhələ
- Bakı forumu
BMT Baş Məclisinin qərarı
ilə 2001-ci il sivilizasiyaların dialoqu ili elan olunsa da, məhz
2008-ci ilin 10 iyununda Heydər Əliyev Fondunun təşəbbüsü
sayəsində YUNESKO və İSESKO-nun dəstəyi ilə
Bakıda keçirilən "Mədəniyyətlərarası
dialoqda qadınların rolunun genişləndirilməsi"
beynəlxalq forumu ümumbəşəri mədəniyyətə,
sülhün və əmin-amanlığın bərpa olunmasına
hesablanmış ən böyük addım idi. Dünyanın
müxtəlif ölkələrindən 300-dən çox
nümayəndənin, mötəbər şəxslərin
qatıldığı həmin forum bir çox beynəlxalq
toplantıların və konfransların əsas mövzusu olan
mədəniyyətlərarası dialoq predmetinin
araşdırılmasında yeni mərhələnin əsasını
qoydu. Forum müxtəlif ölkələrin və mədəniyyətlərin
təmsilçilərini bir araya gətirməkdə
böyük əhəmiyyət kəsb etdi, geniş fikir və
təcrübə mübadiləsinin aparılmasına imkan
yaratdı.
Forumun məqsəd və
məramından söhbət açan Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva bir sıra vacib məsələlərə
toxunaraq dedi: "Son 15 ildə alimlər və
yazıçılar, din xadimləri və siyasətçilər
çox sadə səslənən bir suala cavab axtarırlar:
Dialoq, yoxsa qarşıdurma? Bu problem bir çox beynəlxalq
forumların və konfransların əsas mövzusu olubdur. Zənnimcə,
hər bir belə toplantı özlüyündə dialoq
olaraq müxtəlif ölkələrin və mədəniyyətlərin
təmsilçilərini bir araya gətirməklə
böyük əhəmiyyət kəsb edir. Belə
görüşlər ən azı insanların bir-birini daha dərindən
tanımasına, fikir və təcrübə mübadiləsinin
aparılmasına xidmət edir. Bu gün biz mədəniyyətlər
və sivilizasiyalararası dialoq probleminə qadınların
gözü ilə baxmalıyıq, qadın mövqeyini
qabartmalıyıq".
Heydər Əliyev
Fondunun təşəbbüsü ilə mədəniyyətlərarası
dialoqda qadınların rolu mövzusunun məhz ölkəmizdə
müzakirə edilməsi Azərbaycanın sivilizasiyalar
arasında körpü rolu oynadığını bir daha
sübut etdi. Respublikamızın beynəlxalq foruma ev sahibliyi
etməsi isə ölkəmizin insan hüquq və
azadlıqlarının qorunmasına verdiyi önəmin
xüsusi göstəricisi, demokratik dəyərlərə,
qadın hüquqlarının qorunmasına və mövcud
problemlərin həllinə göstərdiyi diqqətin parlaq təzahürü
idi.
"Mədəniyyətlərarası
dialoqda qadınların rolunun genişləndirilməsi"
mövzusunda beynəlxalq forum çərçivəsində
Gənclər forumu da keçirildi. Müxtəlif ölkələrin
yüksək səviyyəli nümayəndələrinin
iştirak etdikləri tədbirdə gənc qadınların cəmiyyət
həyatının iqtisadi, mədəni, sosial və siyasi sahələrində
rolunun genişləndirilməsi istiqamətində
qanunların gücləndirilməsi, gənc qadınların
hüquqlarını müdafiə etmək üçün
milli təsisatların və vətəndaş cəmiyyəti
təşkilatlarının işinin təkmilləşdirilməsi,
təhsil problemlərinin həlli və digər məsələlər
müzakirə edildi.
Azərbaycan mədəniyyəti və elminin dünya
miqyasında uğurlu təbliği
YUNESKO ilə əməkdaşlıq
çərçivəsində Azərbaycan mədəniyyətinin
dünya miqyasında uğurlu təbliği Heydər Əliyev
Fondunun xüsusi önəm verdiyi məsələlərdəndir.
Fondun dəstəyi ilə 2008-ci il mayın 20-də Parisdə
YUNESKO-nun qərargahında xoşməramlı səfirlərin
illik yığıncağı çərçivəsində
ölkəmizin gənc istedadlarının "Azərbaycanın
xoşməramlı mələkləri" adlı
böyük konsert proqramı bu qəbildən idi. Konsertdə
respublikamızın təbiət mənzərələrini,
turizm güşələrini, qədim xalq sənətlərini,
əfsanəvi Neft Daşlarını, gündən-günə
gözəlləşən Bakının görməli yerlərini
əks etdirən film nümayiş etdirildi.
Noyabrın 10-da Parisdə,
YUNESKO-nun iqamətgahında ədəbiyyatımızın
görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin 100
illiyinə həsr olunmuş mərasimin yüksək səviyyədə
qeyd edilməsi isə ilk növbədə Azərbaycan elminə,
mədəniyyətinə və ədəbiyyatına
dünya miqyasında verilən dəyərin təzahürüdür.
2008-2009-cu illərdə YUNESKO-nun dünya miqyaslı hadisələrinin
və şəxsiyyətlərinin yubileylərinin qeyd olunması
ilə bağlı qərarına Mir Cəlal Paşayevin
adının daxil edilməsi Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın xoşməramlı səfir
kimi bu sahədə geniş və səmərəli fəaliyyətinin
bu qurumla əlaqələrin inkişafına verdiyi töhfə
idi.
"Orta əsr əlyazmalarında
tibb və əczaçılıq" mövzusunda beynəlxalq
konfransda fondun dəstəyi ilə Əlyazmalar İnstitutunda
saxlanılan qədim təbabətə dair 3 nadir tibb əlyazmasının
YUNESKO-nun Dünya Yaddaşı Proqramının beynəlxalq
siyahısına daxil edilməsi də mühüm hadisə sayıla
bilər. Azərbaycanın tarixi və mədəni irsinin
dünya miqyasında geniş təbliği öz bəhrəsini
çox gözlətmədi.
Ölkəmizdəki
yüksək tolerantlığı nəzərə alan
Latın Mədəniyyəti Akademiyası özünün
sayca XIII konfransının respublikamızda təşkilinə
qərar verdi. Bakıda Heydər Əliyev Fondu ilə birgə
keçirilən "Avrasiyada mədəniyyət müxtəlifliyi:
Azərbaycan - sivilizasiyalararası dialoqun keçmişi və
bu günü" XIII beynəlxalq konfrans ölkəmizdə
dini etiqad azadlığının, dini
dözümlülüyün yüksək səviyyədə
olduğunu, eləcə də Azərbaycanın Şərq və
Qərb sivilizasiyalarının ən yaxşı ənənələrini
özündə birləşdirməsi
reallığının əyani təcəssümü idi.
Müasir dövrdə
demokratiyanın inkişafının getdikcə daha
böyük vüsət alması, yeni-yeni əraziləri əhatə
etməsi bütün xalqların və millətlərin
demokratiyanı dövrümüzün həlledici inkişaf təmayülü
kimi qəbul etməsinə səbəb olmuşdur. Ümummilli
liderin anadan olmasının 85 illik yubileyinə həsr
etdilmiş, Heydər Əliyev Fondu ilə Yeni Azərbaycan
Partiyasının birgə təşkilatçılığı
ilə keçirilən "Demokratiya və sabitlik naminə: əməkdaşlığın
yeni imkanları" mövzusunda keçirilən beynəlxalq
konfrans fundamental ictimai-siyasi məsələlərin
müzakirəsini reallaşdırdı.
Gələcək inkişafı təmin edən gənclər
siyasəti
Ölkə gənclərinin
məşğulluğunun təmin edilməsi, onların
ictimai-siyasi proseslərdə yaxından iştiraka cəlb
olunması Heydər Əliyev Fondunun ümummilli liderin
ideyalarına dəstək konsepsiyasının tərkib hissələrindən
biridir. Ətraf mühit problemlərinin həllində gənc
liderlərin iştirakı, gənclərin məşğulluğuna
təsir göstərən maneələrin qlobal, milli səviyyələrdə
müzakirəsi və digər məsələlər ötən
ilin sentyabrında Heydər Əliyev Fondunun, Gənclər və
İdman Nazirliyinin təşkilatçılığı ilə
Dünya Gənclərinin IV Məşğulluq Sammitində
(YES) diqqət mərkəzində oldu. Azərbaycanın
birinci xanımının himayəsi ilə keçirilən
sammit ölkəmizdə dövlət gənclər siyasətinin
uğurla həyata keçirildiyini, bununla bağlı
mühüm qərar və qanunların, dövlət
proqramlarının icra olunmasını nümayiş etdirdi. Tədbirdə
aparılan fikir mübadiləsi və problemlərin müzakirəsi
gənclərin məşğulluğu kimi qlobal problemlərin
həlli baxımından faydalı oldu. Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın gənc
ölkə olduğunu diqqətə çatdıraraq ölkəmizdəki
iqtisadi artım səviyyəsindən, respublikamızın
sosial-iqtisadi tərəqqisindən söhbət açdı.
Sammitin müxtəlif bölmələrinin iclasında kənd
yerlərində gənc nəslin gəlirləri, bu zümrənin
imkanlarının genişləndirilməsi və məşğulluğunun
təmin edilməsində dünyanın ən qabaqcıl təcrübələri,
məşğulluq mərkəzlərinin yaradılması,
sahibkarlıqla bağlı maarifləndirmə, insan
kapitalının idarə edilməsi, təhsildən kənar
qalan gənclərlə iş və digər məsələlər
müzakirə olundu, təkliflər səsləndi.
Heydər Əliyev
Fondunun fəaliyyəti fərqli sivilizasiyaların uğurlu
dialoquna, keçmişlə gələcək arasında
körpü salınmasına, insanlara yüksək mənəvi-etik
dəyərlərin əxz edilməsinə yönəlmişdir.
İctimai həyatımızın
ayrı-ayrı sahələrində həyata keçirilən
layihələr, beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq
Azərbaycanın uğurlu gələcəyinin təmin
olunmasına, respublikamızın sivil dünyaya
inteqrasiyasına hesablanıb. Ulu öndərin ideyalarına
sadiq qalan, onun əməllərini yaşadan və
ideyalarını gerçəkləşdirən fond səmərəli
fəaliyyəti ilə ölkəmizin tərəqqisinə,
dövlət quruculuğuna yeni-yeni töhfələr bəxş
edir.
Anar RASİMOĞLU
Azərbaycan.- 2009.- 22
avqust.- S. 2.