Yaşıl dağların bəyaz işığı

 

Dağlar insanın qəlbində həmişə möhtəşəm duyğular oyadır. Bu duyğularda heç vaxt xırda, cılız hisslərə yer olmur. Ta başdan-binadan dağlarla insanların sevgisi qarşılıqlı olub. Gün çıxandan gün batana qədər üzü dağlara yaşayan, dağların "gözləri" qarşısında ömür sürən insanların hərdən sözünü-söhbətini, sevincini-kədərini dağlarla bölüşməyə də ehtiyacı olur.

Zirvəsindən bəyaz qarı, pənbə buludları əskik olmayan vüqarlı dağlar həmişə insanların səsinə, harayına əks-səda ilə cavab verib. Neçə gündən bəri məmləkətimizin, sözün həqiqi mənasında, axar-baxarlı, dilbər guşələrindən olan qədim Qəbələ torpağında, yaşıllıqlar, gözəlliklər qoynunda keçirilən Beynəlxalq musiqi festivalı da, burada səslənən dünya musiqi inciləri də uca dağların fonunda əks-səda verərək hər yana yayılır.

Dağlar bu möhtəşəm musiqili günləri, dünyanın müxtəlif ölkələrindən gəlmiş qonaqların ona zillənən maraq dolu baxışlarını əbədi olaraq yaddaşına yazır, əvəzində öz vüqarından, əzəmətindən onların da qəlbinə heç vaxt unuda bilməyəcəkləri möhtəşəm duyğular bəxş edir. Belə bir festivalın Qəbələdə yaşıl dağlar qoynunda keçirilməsi yəqin ki, həm də rəmzi məna daşıyır.

Dünyanın 16 ölkəsindən -ABŞ-dan, Fransadan, Rusiyadan, Çindən, Xorvatiyadan və digər ölkələrdən gəlmiş musiqili qonaqlar bir daha şahid oldular ki, Azərbaycanda belə dünyamiqyaslı tədbirlərin keçirilməsi üçün təkcə paytaxt Bakıda deyil, ölkənin regionlarında da hər cür şərait yaradılır. Son dövrlərdə yüksək sürətlə inkişaf edən Qəbələ rayonu müasir görkəmi, milli memarlıq nümunələri, abad yolları, bir sözlə, yüksək infrastruktur səviyyəsi ilə gələn qonaqları doğrudan da heyran etmişdir.

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Beynəlxalq Qəbələ festival-müsabiqəsi proqram zənginliyi ilə də diqqəti çəkirdi. İştirakçılar hər cür qayğı ilə əhatə olunmuşdu.

Bir çox dünya şöhrətli ifaçıların çıxışları, korifey sənətkarlar qarşısında öz məharətlərini nümayiş etdirən gənclərin həyəcanlı sevinc dəqiqələri "Qafqaz Resort otel"ə toplaşmış tamaşaçılar tərəfindən alqışlarla qarşılanırdı. Festival iştirakçıları ilə görüşüb təəssüratlarını soruşduq.

 

İlya MAKSİMOV, pianoçu: - Rusiyanın Yekaterinburq şəhərindən gəlmişəm . Müsabiqədə birinci yeri tutaraq "Qran-Pri" mükafatına layiq görüldüyüm üçün çox xoşbəxtəm. Bu yerlər, buraların insanları maraqlı və istiqanlıdırlar. Salonda ifa zamanı güclü musiqi atmosferi, musiqi ovqatı hiss edirdirm. Bu mənə ruh yüksəkliyi verirdi. Buraların təbiəti çox gözəldir. Məşqlərdən və ifadan əvvəl bu dağlara baxanda həyəcanımı, nigarançılığımı unudurdum. Qəbələni isə heç vaxt unutmayacağam.

 

Fərhad BƏDƏLBƏYLİ, xalq artisti, Beynəlxalq Qəbələ Festival-Müsabiqəsinin bədii rəhbəri: - Belə bir festivalın Azərbaycanda keçirilməsi olduqca qürurvericidir. Həm böyük məsuliyyət, həm də perspektivli bir işdir. Heydər Əliyev Fondunun dəstəyi sayəsində bütün təşkilat işləri yüksək səviyyədə həll olunub.

Bir hissimi gizlətməməliyəm, ilk günlər mənə elə gəlirdi ki, tamaşaçı sarıdan bir az çətinliyimiz olacaq, ancaq şükürlər olsun ki, maraq çox böyük oldu. Təkcə Qəbələdən deyil, qonşu rayonlardan - Oğuzdan, Ağdaşdan, İsmayıllıdan, Şəkidən və digər rayonlarımızdan da o qədər tamaşaçı gəlirdi ki, fərəhdən ürəyimiz dağa dönürdü. Bu festival bir daha göstərdi ki, Azərbaycanda beynəlxalq tədbirlər yüksək səviyyədə keçirilir. Mən çox diqqət yetirirdim, iştirakçılar məşqlərdən imkan tapan kimi yurdumuzun bənzərsiz gözəllikləri ilə maraqlanır, dağlara, meşələrə heyran-heyran baxmaqdan həzz alırdılar. Bu festival münasibətilə bütün xalqımızı, bütün musiqi ictimaiyyətimizi təbrik edirəm.

 

Robert KARRASS, musiqişünas (Kanada): - Görkəmli ifaçılar iştirak etdilər. Onların ifalarından çox şey öyrəndik. Tamaşaçılar isə çox duyğulu, istiqanlı idilər.

Azərbaycanlı pianoçu Toğrul Hüseynlinin cəmi 16 yaşı olsa da, çox bacarıqlı və istedadlıdır.

Həssas pianoçu barmaqları, güclü hissiyyatı var. Toğrul daha çox çalışsa, daha böyük uğurlar qazanacaq. Qəbələyə vuruldum. Qəbələ Moskva, Toronto olmasa da gözəl və müasirdir. Hər şey əla idi. Ürəyim buralardan ayrılmaq istəmir.

Festival günləri gözəl bir xatirə kimi təkcə insanların deyil, bu sehrli gözəlliklər diyarının, bu uca dağların da yaddaşında uzun müddət yaşayacaqdır. Hər gün, hər axşam yaşıl dağlara sarı uzanan bəyaz musiqi işığının sehri həm də yeni əsərlərin, yeri əlaqələrin yaranmasına öz təsirini göstərəcəkdir.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2009.- 22 avqust.- S. 2.