Qəbələdə Beynəlxalq musiqi festivalı çərçivəsində möhtəşəm muğam axşamı olmuşdur

 

Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Musiqi Xadimləri İttifaqının təşkilatçılığı ilə Qəbələdə keçirilən Beynəlxalq musiqi festivalı çərçivəsində avqustun 21-də muğam axşamı təşkil olunmuşdur.

"Qafqaz Resort" otelində keçirilən muğam axşamında Akademik Opera və Balet Teatrının solistləri, xalq artistləri Mənsum İbrahimov və Aygün Bayramova solo proqramla çıxış etmişlər.

Çoxsaylı tamaşaçılar qarşısında iki saatdan artıq proqramla çıxış edən muğam ifaçılarını konsert boyunca əməkdar artistlər - tarzən Elçin Həşimov və kamançaçı Elnur Əhmədov müşayiət etmişlər.

Tanınmış xanəndələr konsertdə Azərbaycan muğamlarını, xalq və bəstəkar mahnılarını gözəl ifa etməklə tamaşaçıların qəlbini oxşamışlar. Muğam ustalarının maraqlı çıxışı xarici qonaqları da heyran etmişdir.

Xatırladaq ki, avqustun 22-də Beynəlxalq musiqi festivalının təntənəli bağlanış mərasimi olacaqdır. Həmin gün axşam saat 20:30-da Qəbələdə İsrailin məşhur Ranaana simfonik orkestrinin müşayiəti ilə solistlər Daniel və Aleksandr Qurfinkel (klarnet), Vyaçeslav Vaynorovski (tenor) və Boris Berezovskinin (piano) çıxışı nəzərdə tutulmuşdur. Konserti tanınmış dirijor Dmitri Yablonski idarə edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 22 avqust.- S. 2.