"Gənc liderlər
üçün Yay Universiteti" layihəsinin
iştirakçıları mükafatlandırıldı
Gənclər və
İdman Nazirliyinin, "İRƏLİ" İctimai
Birliyinin və Azərbaycan Respublikası Gənclər Təşkilatlarının
Milli Şurasının "Gənc liderlər
üçün Yay Universiteti" layihəsi
iştirakçılarına diplomların təqdimetmə mərasimi
keçirildi. Tədbiri açan "İRƏLİ"
İctimai Birliyinin sədri Ceyhun Osmanlı bildirdi ki, layihəyə
avqustun 8-də Qazax rayonunda yerləşən Milli Olimpiya
Kompleksində start verilmiş, avqustun 17-də başa
çatdırılmışdır. "Gənc liderlər
üçün Yay Universiteti" layihəsini
iştirakçıların sayına və proqramın zənginliyinə
görə son illərin ən yaxşı tədbiri hesab etmək
olar.
Mərasimdə "Gənc
liderlər üçün Yay Universiteti" layihəsini əks
etdirən film nümayiş etdirildi. Layihə çərçivəsində
130 gənc lider üçün liderlik təlimləri, ritorik
və natiqlik bacarıqları, insan hüquqları, layihələrin
yazılması və idarə olunması, şəbəkələşmə,
müasir internet texnologiyaları mövzusunda təlimlər,
Azərbaycan tarixinin ötən əsri əhatə edən
dövrü, azərbaycançılıq ideyası, Azərbaycan
tarixi haqqında mühazirələr keçirilmişdir. Layihədə
iştirak edənlər əsasən "İRƏLİ"
İctimai Birliyinin fəalları, müxtəlif gənclər
təşkilatlarının nümayəndələri, ali məktəblərin
tələbə-gənclər təşkilatlarının
liderləri və fəal gənc jurnalistlər olmuşlar. Eyni
zamanda, gənclərin asudə vaxtlarını səmərəli
təşkil etmək məqsədilə maraqlı intellektual
oyunlar, ekskursiyalar, idman yarışları, mədəni-əyləncəli
proqramlar təşkil olunmuşdur. Gənclər layihə
çərçivəsində müxtəlif rayonlara səfərlər
etmiş, o cümlədən sərhədyanı hərbi hissədə
olmuşlar.
Gənclər və
idman naziri Azad Rəhimov bildirdi ki, gənclər
üçün təşkil edilən belə layihələr
onların istedadının, fiziki qabiliyyətlərinin, elmi
potensiallarının daha da genişlənməsi
üçün xüsusi əhəmiyyət kəsb edir. Müasir
Azərbaycanda gənc liderlər nəslinin formalaşması
olduqca vacibdir. Buna görə də gələcəkdə
yeni layihələrin həyata keçirilməsi zəruridir.
Azərbaycan
Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və
informasiya təminatı şöbəsinin müdiri Elnur
Aslanov hazırda yetişməkdə olan gənc nəslin gələcəkdə
cəmiyyətin ayrı-ayrı sahələrini idarə edəcək
kadrlara çevriləcəyini deyərək bunun məsul vəzifə
olduğunu qeyd etdi. Elmi potensialın daim genişlənməsi,
müasir informasiya texnologiyalarının sirlərinə dərindən
bələd olmaq hər bir gənci irəli aparacaqdır. Layihədə
iştirak edənlər arasında gələcəkdə
liderlik xüsusiyyətləri ilə seçilən kadrlar
formalaşmaqdadır.
Tədbirin sonunda "Gənc liderlər üçün Yay Universiteti" məzunlarına diplomlar təqdim edildi.
Anar RASİMOĞLU
Azərbaycan.- 2009.- 22
avqust.- S. 3.