Yerli özünüidarə orqanlarının inkişaf etməsində YAP-ın əhəmiyyətli rolu vardır

 

Yeni Azərbaycan Partiyasının (YAP) diqqət mərkəzində duran əsas məsələlərdən biri növbəti bələdiyyə seçkilərinə hazırlıqla əlaqədardır. Bununla əlaqədar partiyanın İcra Katibliyində müvafiq proqram hazırlanıb və onun yerinə yetirilməsi üzərində iş gedir. Hazırlanmış konsepsiyada əsas diqqət yetirilən məsələlərdən biri partiyanın yerli strukturlarının bələdiyyə seçkilərinə hazırlığını təmin etməkdir.

Bu barədə məlumat verən YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov demişdir ki, hakim partiyanın bələdiyyələrdə təmsil olunan nümayəndələri bütövlükdə Azərbaycan bələdiyyələrinin sütununu təşkil edir. YAP-ın üzvləri 2004-cü ildə keçirilən seçkilərin nəticələrinə görə bələdiyyələrə seçilənlərin 60 faizə qədərini təşkil etmişdir. Bu mənada hesab etmək olar ki, bütövlükdə yerli özünüidarə orqanlarının inkişaf etməsində YAP-ın əhəmiyyətli rolu vardır.

Ə.Əhmədov demişdir ki, bələdiyyələr Azərbaycanın sosial-siyasi həyatında yeni hadisədir. Ona görə də bələdiyyələr daim təkmilləşməyə ehtiyac hiss edirlər.

Digər siyasi partiyaların bələdiyyə seçkilərində iştirakını vacib sayan Ə.Əhmədov bildirmişdir ki, seçkilərdə iştirak hər bir partiyanın başlıca fəaliyyət istiqamətidir. Əgər hansısa partiya seçkilərdən kənarda qalırsa, özünün mövcudluğunu sual altında qoyur. Eyni zamanda, bələdiyyə seçkilərində iştirak siyasi partiyaların ictimaiyyət tərəfindən nə dərəcədə dəstəklənməsini təsdiqləyən amildir. Həmçinin bu seçki partiyaların ölkənin bölgələrində də hansı imkanlara və dəstəyə malik olduğunu nümayiş etdirir. Ona görə də hesab edirəm ki, özünə hörmət edən siyasi partiyalar bələdiyyə seçkilərində iştirak etmək haqqında düzgün qərar qəbul edəcəklər.

Növbəti bələdiyyə seçkiləri dekabr ayında keçiriləcəkdir. Səsvermə gününə 75 gün qalmış seçki kampaniyasına rəsmi start veriləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 22 avqust.- S. 3.