Yuri Pompeyev: "Ermənilərin özlərinin təsdiqinə görə, işğal olunmuş torpaqlarda ot da bitmir o ərazilərin qanuni sahibləri - azərbaycanlı qaçqın məcburi köçkünlər doğma yurdlarına qayıtmayana qədər heç bitməyəcəkdir "

 

Heydər Əliyev Fondunun dəvəti ilə Azərbaycanda səfərdə olan rusiyalı yazıçı-publisist, Rusiya Təbii Elmlər Akademiyasının akademiki, professor Yuri Pompeyev jurnalistlərə müsahibəsində demişdir ki, mən Azərbaycanın yeni tarixinə həsr olunmuş bir neçə kitabın müəllifiyəm. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı ilk kitabım - "Qarabağ qan girdabında" 1992-ci ildə Sankt-Peterburqda nəşr etdirilmişdir. Müəllif xudbinliyi ilə demək istərdim ki, kitabın çap olunmasından 17 il keçsə də, əsər aktuallığını, əhəmiyyətini itirməmişdir. Kitab internet vasitəsilə yayılmış və bir çox beynəlxalq forumlarda müzakirə olunmuşdur.

Hazırda İslam Konfransı Təşkilatının Gənclər Forumu Heydər Əliyev Fondunun dəstəyi ilə mənim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş üçcildliyimi çap etdirmək niyyətindədir. Mənim bu mövzu ilə bağlı 1993-cü ildə "Məşəqqətli günlər" kitabım da çap olunmuşdur. Əvvəlki kitabın davamı olan bu əsərdə də ermənilərin məfkurəvi millətçiliyi tənqid olunur. Son 10-15 ildə isə mənim bu istiqamətdə məqalələrim, oçerklərim Sankt-Peterburqun qəzet və jurnallarında, eləcə də Bakıda nəşr olunan beynəlxalq "İrs" jurnalında dərc edilmişdir. Bu məqalə və oçerklər, eləcə də Rusiya, Ermənistan mətbuatında Azərbaycanın işğal olunmuş ərazilərindəki hazırkı vəziyyətlə bağlı dərc olunmuş materiallar əsasında kitabımın üçüncü cildi - "Xarabalıqlar" adlı kitab ərsəyə gələcəkdir. Onu da qeyd edim ki, ermənilərin özlərinin təsdiqinə görə, işğal olunmuş torpaqlarda Azərbaycan zərb-məsəlinə əsasən "ot da bitmir" və o ərazilərin qanuni sahibləri - azərbaycanlı qaçqın və məcburi köçkünlər doğma yurdlarına qayıtmayana qədər heç bitməyəcəkdir də.

 

 

Azərbaycan.- 2009.-  22 avqust.- S. 3.