Azərbaycanda səfərdə
olan Çexiya Respublikasında Şərq ölkələri
üzrə mütəxəssis, professor İvan Meznik avqustun
21-də Qubadakı kütləvi məzarlıqda olmuşdur.
Çexiyalı qonaq məzarlıqda
gördüklərindən dəhşətə gəldiyini
bildirmişdir. O demişdir: "Mən dünyanın
heç bir ölkəsində belə dəhşətli faciə
ilə qarşılaşmamışam. Bunu hətta Xatın
faciəsi, eləcə də Yuqoslaviyada şahidi olduğum dəhşətli
mənzərələrlə də müqayisə edə bilmərəm.
Dünya xalqları bu barədə məlumatlandırılmalıdır.
Bunun üçün nəşrlər hazırlanmalı və
yayılmalıdır. Hadisəyə ədalətli qiymət
verilməlidir".
Dünyanın 14
nüfuzlu universitetində mühazirə oxuyan avropalı alim
burada gördüklərini, eləcədə ölkəmizə
səfəri zamanı azərbaycanlıların
deportasiyası və soyqırımına məruz qalması
faktlarını, xüsusilə də Xocalı faciəsini həmin
təhsil müəssisələrində professor və tələbələrin
diqqətinə çatdıracağını, bu barədə
kütləvi informasiya vasitələrində materialların
hazırlanıb nəşr edilməsində yaxından
iştirak edəcəyini bildirmişdir.
Çexiyalı alim
ölkəmizə səfəri çərçivəsində
Beynəlxalq Diaspora Mərkəzinin deportasiya və
soyqırımı mövzusunda təşkil edəcəyi
"dəyirmi masa"da iştirak edəcək, Azərbaycan
alimləri ilə görüşəcəkdir.
Azərbaycan.- 2009.- 22 avqust.- S. 3.