V. Quba-Xaçmaz iqtisadi rayonu

 

Prezident İlham Əliyevin 2004-cü il fevralın 11-də təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" uğurla icra olunaraq ölkəmizin bütün bölgələrinin simasını kökündən dəyişdi.

Bu proqramda qarşıya qoyulmuş məqsədlərin reallaşması, nəzərdə tutulmuş bütün vəzifələrin vaxtında və uğurla yerinə yetirilməsi nəticəsində iqtisadi rayonlar tarazlı inkişaf mərhələsinə qədəm qoydu. Yeni müəssisələrin və iş yerlərinin açılması ilə əhalinin məşğulluq səviyyəsi artırıldı, yoxsulluq əhəmiyyətli dərəcədə azaldı, ölkədə kommunal xidmət və sosial infrastruktur təminatı gücləndirildi, sahibkarlıq mühiti daha da yaxşılaşdırıldı. Beləliklə, ölkənin dinamik sosial-iqtisadi tərəqqisi təmin edildi.

Bütün bu uğurların davamlı və daha əzəmətli olmasını təmin etmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev bu il aprelin 14-də regionların sosial-iqtisadi inkişafına dair II Dövlət Proqramını təsdiq edib. 2009-2013-cü illəri əhatə edəcək proqramda I Dövlət Proqramının davamı olaraq bölgələrin genişmiqyaslı tərəqqisi, əhalinin rifahının daha da yüksəldilməsi və digər bu kimi həyata keçiriləcək mühüm tədbirlər öz əksini tapıb. Qəzetimizdə ardıcıl olaraq 10 iqtisadi rayon üzrə Dövlət Proqramının icrası və nəzərdə tutulan layihələr barədə oxuculara ardıcıl məlumat verilir.
Quba-Xaçmaz iqtisadi rayonu Dəvəçi, Xaçmaz, Quba, Qusar və Siyəzən rayonlarını əhatə edir. Regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramında bu iqtisadi rayonun payına düşən 81 tədbir uğurla reallaşdırılmışdır.

Ölkə başçısı cənab İlham Əliyev 2004-cü ilin iyul ayında Siyəzən, Quba, Qusar, Xaçmaz rayonlarına, 2005-ci ilin iyulunda Quba, Xaçmaz və Qusar rayonlarına, 2006-cı ilin oktyabrında Quba, dekabrında isə Xaçmaz, 2007-ci ilin noyabrında Dəvəçi, 2008-ci ilin sentyabrında Quba, Qusar və Xaçmaz rayonlarına səfərləri zamanı görülən işlərlə tanış olmuş, bir sıra müəssisələrin açılışında, təməlqoyma mərasimlərində iştirak etmişdir.

2005-ci il iyulun 28-də Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Qusar şəhərində regionun sosial-iqtisadi inkişafına və mövcud problemlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilmiş, bölgənin sosial-iqtisadi inkişafına mane olan problemlərin aradan qaldırılması yolları müzakirə edilmiş və müvafiq təkliflər dinlənilmişdir. Tədbirin nəticəsi olaraq, olkə Prezidenti tərəfindən 2005-ci il avqustun 3-də "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair əlavə tədbirlər haqqında" sərəncam imzalanmışdır. Sərəncama əsasən, "Azərbaycan Respublikası regionlarının, o cumlədən Quba, Qusar, Xaçmaz, Siyəzən və Dəvəci rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı" təsdiq olunmuşdur. Tədbirlər Planında "Aqrolizinq" ASC-nin bölgədə bazalarının yaradılması, turizm sahəsinin inkişafı, infrastruktur təminatının daha da yaxşılaşdırılması üçün müvafiq tədbirlər, o cümlədən Siyəzən Kondensator və Böyük Həmyə Şərab Emalı zavodlarının fəaliyyətinin bərpası və digər məsələlər əksini tapmışdır.

Quba-Xaçmaz iqtisadi rayonunda görülmüş işlərə misal olaraq Quba-İspik-Xınalıq avtomobil yolunu, Xaçmazda modul tipli elektrik stansiyasını, Siyəzən Mərkəzi Klinik Xəstəxanasını, Qusar Olimpiya-İdman Kompleksini, Xaçmazda "N-KAY M" özəl klinikasını, Xaçmaz Regional Turizm İnformasiya Mərkəzini göstərmək olar.

II Dövlət Proqramı çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda meyvəçilik, heyvandarlıq, quşçuluq məhsullarının istehsalına, həmçinin yüngül və yeyinti sənayesi sahələrinin inkişafının dəstəklənməsinə dair müxtəlif tədbirlər nəzərdə tutulur. Rayonda ölkə əhəmiyyətli avtomobil yolları yenidən qurulacaqdır. Eyni zamanda, magistral avtomobil yollarının ətrafı yaşıllaşdırılacaqdır.

Proqramda bu iqtisadi rayonda elektrik enerjisi, istilik, su və qaz təchizatının yaxşılaşdırılmasına da xüsusi diqqət yetiriləcək. Proqramın icrası üçün nəzərdə tutulmuş müddətdə iqtisadi rayon üzrə toplam gücü 20 mVt olan kiçik su elektrik stansiyalarının, şimal çaylarında su götürmə və nəqletmə qurğularının tikintisi nəzərdə tutulur. Meliorasiya və irriqasiya tədbirləri ilə bağlı Vəlvələçay çayında mühafizə işləri görüləcəkdir. Quba-Xaçmaz iqtisadi rayonunda Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması da diqqətdən kənarda qalmamışdır.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2009.- 22 avqust.- S. 4.