Şərur çörəkli diyardır

 

Bu mövsüm rayonda ötənilkindən 5,5 min ton çox taxıl istehsal edilib 

 

Bu mövsüm Şərur rayonunda 16 min 813 hektarda əkin aparılıb. Onun 9038 hektarı taxıl idi. Taxılçılığa marağın çox olması bir çox amillərlə bağlıdır. Bu sahədə dövlətin istehsalçılara göstərdiyi qayğı və diqqət önəmli rol oynayıb. 2159 nəfər torpaq mülkiyyətçisinə subsidiya şəklində 563 min manat pul verilib.

Bundan əlavə, istehsalçılar "Naxçıvan Aqrolizinq" ASC-nin xidmətindən səmərəli istifadə ediblər. Sahələrə lazımi miqdarda mineral gübrə səpilib, texnika və suvarma suyu sarıdan çətinliklər olmayıb. Havaların bir qədər yağıntılı keçməsi də taxılçılıq üçün əlverişli şərait yaratdı. Taxılçılığın intensiv yolla inkişafına xüsusi diqqət yetirilməsi, mütərəqqi üsulların tətbiqinə geniş meydan verilməsi, əkinin şırım üsulu ilə aparılması və bu səbəbdən su itkisinin, torpağın yuyulmasının qarşısının alınması da istehsalın artımında əhəmiyyətli rol oynayıb. Bu zaman məhsuldar toxum növləri də yaddan çıxmamalıdır. Akademik Cəlal Əliyevin yetişdirdiyi "Qiymətli", Rusiyadan gətirilən "Moskviç", eləcə də "Qılçıqsız" buğda növləri ümidləri doğrultdu.

Artıq zəmilərdə biçin kampaniyası başa çatıb. Min bir əziyyətlə yetişdirilən məhsul son sünbülədək toplanılıb. Əldə olunan nəticələr sevindiricidir: hər hektarın orta məhsuldarlığı 30,5 sentner - 27,5 min ton məhsul. Bunun 25,4 min tonu buğdadır. Ötən illə müqayisədə hər hektarın orta məhsuldarlığı 5 sentner, ümumi məhsul istehsalı 5,5 min ton artıb. RİH-in başçısı İbrahim Məmmədov deyir ki, builki istehsal 100 min nəfərə yaxın əhalinin yaşadığı rayonda çörək və çörək məhsullarına olan ehtiyacı artıqlaması ilə ödəyir. Bununla yanaşı, yerli istehsaldan növbəti əkin kampaniyası üçün 3 min ton toxumluq buğda ehtiyatı da yaradılıb.

Taxıl biçini kampaniyası başa çatandan yerli un dəyirmanlarında qaynar iş günləri başlayıb. Son illər Şərurda müasir texnoloji avadanlıqlarla təmin olunan 5 un dəyirmanı tikilib. Onların 2-si Şərur şəhərində, 3-ü rayon mərkəzinə yaxın kəndlərdədir. Hər bir dəyirmanda iki növdə keyfiyyətli un və kəpək istehsal olunur.

Müəssisələrin istehsal gücləri fərqlidir. Rayon mərkəzindəki dəyirmanların hər birində gün ərzində 22-23 ton məhsul üyüdülür. Digərlərinin gündəlik istehsal gücləri isə 7-8 ton arasındadır. Bütövlükdə sutka ərzində bu dəyirmanlarda üyüdülən 65-67 ton buğdadan təxminən 46-47 ton un alınır. İndi dəyirmanlarda növbədir.

- Bazarda istehlakçılar yerli məhsula üstünlük verirlər. Çünki yerli şəraitdə yetişdirilən buğda unundan bişirilən çörəyin ayrı dadı var. Bu da səbəbsiz deyil. Əkində qiymətli buğda növlərindən istifadə olunur və ekoloji baxımdan təmiz məhsul yetişdirilir, - bu sözləri ixtisasca həkim olan fermer Hacı İsa Hüseynov söylədi və sonra əlavə etdi ki, onun fermer təsərrüfatında bu il 50 hektarda taxıl yetişdirilib, hər hektardan orta hesabla 35 sentnerə yaxın məhsul götürülüb. Məhsulun bir hissəsini artıq üyütdüyünü deyən fermer unu dükanlara verdiyini söylədi.

Şərurda iri torpaq mülkiyyətçiləri çoxdur. Onlardan biri Dizə kəndində yaşayan Musa Vəliyevdir. O, təcrübəli təsərrüfat adamıdır, ötən il əməkdə qazandığı uğurlara görə "Əməkdar kənd təsərrüfatı işçisi" fəxri adına layiq görülüb. Onun başçılıq etdiyi təsərrüfat əkinçiliklə yanaşı, heyvandarlıqla da məşğul olur. Fermerin təsərrüfatında çoxlu texnika və texnoloji avadanlıq var. Bu mövsüm təsərrüfat üzvləri 130 hektar sahədə taxıl yetişdiriblər. Çəkilən zəhmət hədər getməyib.

Zəmilərdən 400 tondan artıq məhsul toplanılıb. Taxılın satış problemi yoxdur. Naxçıvan şəhərindəki taxıl anbarı buğdanın hər kilosunu 30 qəpikdən alır.

Zeyvə kəndində İskəndər Cabbarovun fermer təsərrüfatı çoxşaxəlidir. Bu mövsüm 80 hektardan 200 tondan artıq keyfiyyətli buğda götürülüb. Artıq məhsulun 100 tonu üyüdülərək "Dostluq unu" adı altında satışa çıxarılıb. Fermerin fikrincə, məhsulu un kimi satmaq daha sərfəlidir. Söz düşmüşkən qeyd edək ki, yerli bazarda 50 kiloqramlıq un kisəsinin qiyməti 26-28 manatdır.

Onu da bildirək ki, builki əkin kampaniyasında da rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların gücündən istifadə olunub. Onlar yerli bələdiyyə və dövlət fondunda saxlanılan 1042 hektar torpaq sahəsini icarəyə götürərək bol məhsul yetişdiriblər. Rayon suvarma sistemləri idarəsinin kollektivi becərdiyi 100 hektar sahədən 300 tondan artıq məhsul toplayıb. Dəmiryolu stansiyasının kollektivi isə hər hektardan orta hesabla 35 sentnerə yaxın məhsul yığıb. Rayon mədəniyyət və turizm, təhsil şöbələrinin, rabitə idarəsinin kollektivləri də məhsul bolluğunun yaradılmasında öz güclərini əsirgəməyib. Toplanılan məhsulun 1200 tonu Naxçıvan şəhərindəki taxıl anbarına satılıb.

Hazırda rayonda payızlıq əkin kampaniyasına ciddi hazırlıq işləri görülür. Artıq zəmilərdə şum işinə başlanılıb. Zəmilərə xeyli sayda texnika çıxarılıb. RİH başçısının birinci müavini Həbib İbrahimov:

- Yerli sahibkarlarda işlək vəziyyətdə olan 180 traktor var ki, onların da əksəriyyətindən əkin prosesində istifadə edilir. Son illər lizinq xətti ilə daha 18 traktor alınıb. Bu mövsüm azı 9 min hektar sahədə əkin keçiriləcəyi planlaşdırılıb. Taxılçılıq gəlirli sahə olduğundan torpaq mülkiyyətçilərinin əksəriyyəti bu sahə ilə məşğul olmağa çalışır. Növbəli əkin sisteminin tətbiqi də gündəmdədir.

Tutumu 150 milyon kubmetr olan Arpaçay su dəryaçasında kifayət qədər su ehtiyatının olması isə payızlıq taxıl əkininin mütəşəkkil keçirilməsinə zəmanət verir.

Şərur həmişə çörəkli diyar olub. Yaşlı adamların dediklərinə görə, tariximizin ən ağır və məşəqqətli dövrlərindən biri olan Böyük Vətən müharibəsi illərində bu torpaq çörəyi ilə tanınıb. Adamlar indi bu ənənəni yaşatmağa çalışırlar. Bu gün rayonun 64 kəndinin hamısı çörək sarıdan öz tələbatını ödəyir.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2009.- 22 avqust.- S. 4.