Doğma yurdun ocaqları
daha gur yanacaq
Son illər Azərbaycan
dövləti qaçqın və məcburi
köçkünlərin problemlərinin həlli istiqamətində
nəzərəçarpan işlər görmüş,
dünyanın bir sıra aparıcı dövlətlərinin,
beynəlxalq qurumların iştirakı ilə əhəmiyyətli
layihələr həyata keçirmişdir. Dövlət Neft
Fondunun vəsaiti hesabına məcburi köçkünlər
üçün bütün sosial-texniki infrastrukturu ilə
birlikdə salınmış yeni qəsəbələr bu
kateqoriyadan olan insanların həyat şəraitinin
yaxşılaşdırılmasına xidmət edir.
Dövlət
başçısı İlham Əliyev hələ
2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində
Biləsuvar rayonu ərazisində məcburi
köçkünlər üçün salınmış
yeni qəsəbədə görüş keçirərkən
verdiyi "Ölkədə bir dənə də
çadır şəhərciyi qalmayacaq" bəyanatı
artıq reallığa çevrilmişdir. Ölkə rəhbərinin
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli istiqamətində
apardığı uğurlu xarici siyasət nəticəsində
beynəlxalq səviyyədə mühüm tədbirlərin
həyata keçirilməsi davam etdirilməkdədir. 2008-ci
ilin martında BMT Baş Assambleyasının 62-ci
sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində
vəziyyət" adlı qətnamə qəbul
edilmişdir. Bu mühüm sənəddə erməni
silahlı qüvvələrinin Azərbaycanın işğal
altında olan bütün ərazilərindən
çıxması tələb edilərkən bir daha göstərilmişdir
ki, problem birmənalı şəkildə Azərbaycan
Respublikasının beynəlxalq sahədə
tanınmış sərhədləri çərçivəsində,
ölkəmizin ərazi bütövlüyü və
suverenliyinə hörmət prinsiplərinə əsasən həll
edilməlidir.
Hazırda ata-baba
yurdlarını itirmiş 1 milyondan artıq
soydaşımızın həyətyanı sahəsi və hər
cür kommunal rahatlığı olan mənzillərlə təmin
olunması, iş yeri və dolanışıq tapması
üçün zəruri tədbirlər
ardıcıllıqla davam etdirilir. Ölkə
başçısının 2007-ci il 31 oktyabr tarixli sərəncamı
ilə Dövlət Proqramına edilmiş əlavələr
üzrə Məcburi Köçkünlərin Sosial
İnkişaf Fondu tərəfindən bir sıra işlərin
görülməsi də bu qəbildəndir. Adıçəkilən
qurum 15 fin tipli qəsəbədə müvəqqəti məskunlaşmış
6 min 227 məcburi köçkün ailəsi və ölkənin
bir sıra rayon və kəndlərindəki məktəblərdə
məskunlaşmış 2 min 768 məcburi köçkün
ailəsi üçün yeni qəsəbələr
salınmasını, hündürmərtəbəli və fərdi
yaşayış evlərinin tikintisini həyata keçirir. Bu
sahədə artıq mühüm irəliləyişlər nəzərə
çarpmaqdadır.
Goranboy rayonunun inzibati ərazisində
Kəlbəcərdən olan 596 ailə üçün 120
hektar torpaq sahəsi ayrılmışdır. Bu ilin iyunundan həmin
ərazidə evlərin, sosial obyektlərin, mühəndis-kommunikasiya
qurğularının tikintisinə başlanmışdır. Kəlbəcərlilər
üçün bu ərazidə 89 birotaqlı, 275
ikiotaqlı, 200 üçotaqlı və 32 dördotaqlı
birmərtəbəli yaşayış evləri tikiləcək.
Yeni qəsəbədə 360 şagirdlik orta məktəb, 50
yerlik uşaq bağçası, klub-icma mərkəzi,
poçt binası, yanğınsöndürmə deposu,
ambulatoriya, anbar və inzibati binalar da istifadəyə veriləcək.
Qəsəbənin içməli su, qaz və elektriklə təchizatı
da nəzərdə tutulmuşdur.
İmişli, Yevlax,
Ağcabədi rayonlarında və Mingəçevir şəhərində
məcburi köçkünlər üçün tikiləcək
fərdi evlərin layihə-smeta sənədləri
hazırlanmış, torpaq sahələri ayrılmış,
digər təşkilati tədbirlər həyata
keçirilmişdir.
Xocalı rayonundan olan
500 ailə üçün Goranboy rayonu ərazisində 4 yeni
qəsəbənin salınması da gündəlikdədir. Qeyd
edək ki, Aşağı Ağcakənddə 150 ailəlik,
Böyrü kəndində 130 ailəlik, Meşəlidə
100 ailəlik qəsəbələrin tikintisi artıq başa
çatdırılmışdır. Yuxarı Ağcakənd
qəsəbəsində 120 ailəlik yaşayış məntəqəsinin
tikintisi də tamamlanmaq üzrədir. Bu qəsəbələrdə
orta məktəb, uşaq bağçası, klub-icma mərkəzləri
və inzibati binaların tikilməsi də nəzərdə
tutulmuşdur. Beyləqan rayonu ərazisində müvafiq
mühəndis-kommunikasiya qurğuları olan 500 ailəlik yeni
qəsəbə artıq təhvil verilmişdir. Burada da zəruri
sosial obyektlər və xidmət sahələri
yaradılmışdır. Paytaxtın Pirşağı qəsəbəsində
Elmi-Tədqiqat Əkinçilik İnstitutunun
yardımçı binalarında müvəqqəti məskunlaşmış
əsasən Zəngilan rayonundan olan 31 məcburi
köçkün ailəsi üçün məhəllənin
tikintisi də tamamlanmışdır.
Nazirlər Kabinetinin 9
oktyabr 2007-ci il tarixli sərəncamının icrası ilə
əlaqədar Göygöl və Qəbələ
rayonları ərazisində müvafiq olaraq 25 və 155 məcburi
köçkün ailəsi üçün bələdiyyə
mülkiyyətində olan torpaq sahəsi
ayrılmışdır. Tikinti işlərinin
aparılması üçün layihə-smeta sənədləri
hazırlanmışdır. Hazırda Qəbələdə
iki beşmərtəbəli yaşayış evinin və 188
şagirdlik məktəb binasının tikintisi davam edir. Bu məhəllənin
su, kanalizasiya, elektrik və qaz təchizatı xətlərinin
tikintisi başa çatmaqdadır.
Binəqədi
rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinə
ayrılan 3 hektar torpaq sahəsində tikiləcək
çoxmərtəbəli evlərdə 369 məcburi
köçkün ailəsi məskunlaşacaq. Burada işlərin
80 faizi artıq görülmüşdür. Füzuli rayonunun
Horadiz şəhəri ərazisində yeni idman kompleksinin
tikintisinin başa çatdırılması 2010-cu ilə təsadüf
edəcək. Biləsuvar rayonu ərazisində isə Cəbrayıl
Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi
başa çatmaqdadır.
Göründüyü
kimi, ölkəmizdə məcburi köçkünlərin həyat
şəraitinin yaxşılaşdırılması,
onların zəruri sosial ehtiyaclarının daha dolğun
ödənilməsi üçün rasional tədbirlər
uğurla davam etdirilir.
Soydaşlarımız
dövlət başçısı İlham Əliyevin həyata
keçirdiyi uğurlu daxili və xarici siyasəti ürəkdən
bəyənir, dəstəkləyir və ümid edirlər
ki, işğal altında olan torpaqlarımız tezliklə
azad ediləcək, o yerlərdə yenidən təzə imarətlər,
mədəniyyət ocaqları, təhsil müəssisələri,
səhiyyə obyektləri tikiləcək. Qarabağlıların
öz əzəli yurdlarında yandırdıqları ocaqlar
daha gur işıq saçacaq!
Akif CABBARLI
Azərbaycan.- 2009.- 22 avqust.- S. 5.