Azərbaycan regionda ABŞ-ın etibarlı tərəfdaşıdır

 

Ölkəmizin tam müstəqil xarici siyasi kurs yürütməsi dünya miqyasında Azərbaycanın önəmini daha da artırır

 

Beynəlxalq müstəvidə Azərbaycanın tutduğu mövqenin günü-gündən güclənməsinin və Cənubi Qafqaz da daxil olmaqla daha geniş ərazini əhatə edən regionda maraqlarının mütləq nəzərə alınmasının ən önəmli səbəblərindən biri də ölkəmizin etibarlı tərəfdaş olmasıdır. İndi Azərbaycan onunla əməkdaşlığın genişləndirilməsinə can atan dövlətlər üçün təkcə zəngin enerji ehtiyatları, geostrateji mövqeyinə görə yox, həm də verdiyi vədlərə, imzaladığı müqavilələrə daim sadiq olan ölkə kimi də olduqca cəlbedicidir.

Azərbaycan bəzi dövlətlərdən fərqli olaraq, müstəqil xarici siyasi kurs həyata keçirir və bu siyasətin dəyişməsi üçün ona hər hansı kənar təzyiqlərin edilməsi mümkünsüzdür. Çünki kifayət qədər güclənən Azərbaycan istənilən təzyiqi vaxtında tam neytrallaşdırmaq iqtidarındadır. Bu səbəbdəndir ki, indi dünya miqyasında tutduğu mövqedən, böyük və ya kiçikliyindən asılı olmayaraq, istənilən dövlət ölkəmizə regionu əhatə edən hər hansı məsələni birmənalı şəkildə maraqların uzlaşdırılması, qarşılıqlı tərəfdaşlıq əsasında çözməyə çalışır. Halbuki regionun bir sıra dövlətləri üçün eyni fikirləri söyləmək mümkün deyil. Məsələn, Ermənistanın xarici siyasi kursunu rəsmi Yerevan yox, kənar qüvvələr müəyyən edir və bu qüvvələrin sayının çox olması sirr deyil. Elə buna görədir ki, Ermənistanın xarici siyasətində tez-tez bir-birilə tam ziddiyyət təşkil edən hallara rast gəlinir. Elə buna görə də bu ölkə beynəlxalq miqyasda müstəqil dövlət yox, vassal imicinə malikdir.

Bütün əsas parametrlər üzrə Cənubi Qafqazın lider dövləti olan Azərbaycan isə regionda əsas söz sahibi kimi qəbul olunmaqla yanaşı, milli maraqlarının tam təmin edilməsilə müstəqil xarici siyasət həyata keçirir. Prezident İlham Əliyev bununla bağlı bildirmişdir: "Azərbaycanın xarici siyasəti olduqca aydın və proqnozlaşdırılandır. Biz bütün ölkələrlə səmərəli ikitərəfli münasibətlərin tərəfdarıyıq. Qarşılıqlı maraqlar, ortaq dəyərlər, qarşılıqlı hörmət, daxili işlərə müdaxilə etməmək prinsipinə əsaslanan və tərəfdaşlıq ruhunda olan münasibətlərin qurulması bizim üçün vacibdir.

Hesab edirəm ki, bu yanaşma artıq müsbət nəticələri nümayiş etdirmişdir. Bir daha qeyd etmək istəyirəm ki, xarici siyasətimiz müstəqildir. Bu siyasətə heç bir xarici amil təsir göstərmir. O, iqtisadi potensiala və müstəqilliyə əsaslanır". Güclü iqtisadi potensiala, zəngin enerji resurslarına, davamlı inkişaf və sabitliyə malik olan Azərbaycanla qeyd edildiyi kimi, dünyanın aparıcı dövlətləri qarşılıqlı maraqlar əsasında əməkdaşlığın daha da dərinləşdirilməsinə xüsusi diqqət yetirməkdədir. Belə dövlətlərdən biri olan və dünya siyasətinin müəyyən edilməsində özünəməxsus rol oynayan ABŞ-la da Azərbaycan arasında münasibətlər tərəfdaşlıq səviyyəsinə yüksəlməkdədir. Hazırda ABŞ ölkəmizə regionda özünün ən etibarlı tərəfdaşlarından biri kimi yanaşır. ABŞ dövlət katibinin sabiq müşaviri, hazırda German Marşal Fondunda çalışan Devid Kramer bununla əlaqədar qeyd edir: "Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ-ın təbii və etibarlı tərəfdaşıdır. Biz bu ölkə ilə əlaqələrə böyük əhəmiyyət veririk".

Azərbaycanın bütövlükdə Qərb dünyası üçün mühüm xarakter daşımasına toxunan Buxarest Universitetinin professoru Florin Dyakonu isə "Foreign Policy Romania" dərgisinə verdiyi müsahibədə bir sıra maraqlı məqamlara toxunur: "Unutmayaq ki, Azərbaycan Avrasiya qitəsində beş vacib mərkəzdən biridir və bu səbəbdən Qərb üçün çox önəmlidir".

ABŞ-ın aparıcı mətbu orqanlarından biri olan "Wall Street Journal" qəzeti isə iki ölkə arasında enerji sahəsində həyata keçirilən əməkdaşlığa toxunur və bildirir ki, Azərbaycan Xəzər regionunda əsas neft ixracatçısı kimi çıxış edir. Onun sözlərinə görə, Azərbaycana Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq "Nabukko" layihəsinin reallaşmasında əsas tərəflərdən biri kimi yanaşılır.

Ümumiyyətlə, ABŞ-da belə hesab edirlər ki, Vaşinqton administrasiyası regionun lider dövləti olan Azərbaycanla münasibətlərin daha da gücləndirilməsinə xüsusi önəm verməlidir. Məsələn, Texas ştatından olan amerikalı konqresmen Eddi Bernis Conson qeyd edir ki, Obama administrasiyasının regiona, xüsusən də Azərbaycana böyük marağı var: "Biz enerji təhlükəsizliyi və beynəlxalq terrorizmlə mübarizədə Birləşmiş Ştatların ən etibarlı tərəfdaşı və müttəfiqi olan Azərbaycanla münasibətlərimizi daha da möhkəmləndirməliyik. Qafqaz regionunda Azərbaycan ABŞ-ın ən vacib müttəfiqlərindən biridir. Azərbaycan azadlığın təminatı da daxil olmaqla, üzərinə götürdüyü digər bütün öhdəlikləri yerinə yetirir".

Bundan əvvəl isə ölkəmizdə üç illik diplomatik missiyasını başa vurmuş amerikalı diplomat Enn Dersi də bildirib ki, Azərbaycan çox vacib bir dövlətdir: "Bu ölkə ABŞ, Avropa və ümumiyyətlə, bütün dünya üçün böyük əhəmiyyət kəsb edir. Bu, Azərbaycanın coğrafi nöqteyi-nəzərdən dünyanın strateji nöqtəsində yerləşməsidir. Eyni zamanda, Azərbaycanın çox əhəmiyyətli enerji ehtiyatları var. Bununla yanaşı, Azərbaycanın bölgədə lider və demokratik dövlət kimi inkişafı üçün böyük bir potensialı var".

ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun üzvü Bill Şuster də qeyd edir ki, Azərbaycan dünyada ABŞ-ın əsas müttəfiqlərindən biridir. Xatırladaq ki, Bill Şuster, eləcə də ABŞ Konqresinin Azərbaycan üzrə İşçi qrupunun həmsədrləri Salamon Ortiz qanunverici orqanın Dövlət və Xarici Əməliyyatlar Alt Komitəsinin sədri Nita Lovey və bu komitənin sədr müavini Kay Qringerə cari illin iyununda göndərdikləri məktubda xüsusi olaraq bildirmişlər ki, Prezident Barak Obamanın xarici siyasətinin əsas prioritetləri müsəlman dünyası ilə münasibətlərin gücləndirilməsidir: "Enerji təhlükəsizliyi və beynəlxalq terrora qarşı mübarizədə ABŞ-ın ən sadiq müttəfiqi olan Azərbaycana ilk olaraq əlimizi uzatmalı və münasibətlərimizi möhkəmləndirməliyik". Bununla yanaşı, məktubda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi səbəbindən qaçqın və məcburi köçkünə çevrilmiş minlərlə azərbaycanlıya da yardımın göstərilməsi tələb olunub. Azərbaycanla əlaqələrin inkişafında bütün maneələrin aradan qaldırılmasını istəyən konrqresmenlər "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin, 1974-cü il ABŞ Ticarət Aktına əlavə edilmiş "Cekson-Venik" düzəlişinin ölkəmizlə münasibətdə ləğvi istiqamətində fəal iş aparırlar.

Bütün bunlar həm okeanın o tayında, həm də ümumiyyətlə, dünya miqyasında Azərbaycanın nüfuzunun günü-gündən artdığını göstərməklə yanaşı, ölkəmizin beynəlxalq arenada ən etibarlı tərəfdaşlardan biri kimi qəbul edildiyini göstərir. Bunun nəticəsidir ki, Azərbaycanla əməkdaşlıq edən dünyanın aparıcı ölkələri indi bu əməkdaşlığın miqyasının daha da genişlənməsi və dərinləşməsinə xüsusi önəm verməkdədir.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2009.- 23 avqust.- S. 1.