Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları peşə bayramlarını qeyd etmişlər

 

Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları peşə bayramlarını qeyd etmişlər. 1993-cü il avqustun 23-də ümummilli lider Heydər Əliyevin fərmanı ilə yaradılan Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları ölkəmizdə sabitliyin və təhlükəsizliyin təmin olunmasına öz töhfələrini verirlər.

Peşə bayramlarını qeyd edən Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunmuşdur.

Sonra Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsini yad etmişlər.

Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda 34 şəhid vermiş, 55 hərbi qulluqçu yaralanmış, 14 əməkdaş əlil olmuşdur. Ötən əsrin 90-cı illərinin əvvəllərində Xüsusi Dövlət Mühafizə Xidmətinin şəxsi heyəti Azərbaycanda dövlətçiliyin qorunmasında mühüm rol oynamışdır. Bu qurumun fəaliyyəti nəticəsində bir sıra terror və təxribat hallarının qarşısı alınmışdır.

Peşə bayramı münasibətilə təşkil olunmuş mərasimdə Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunan bir qrup əməkdaşa medalları təqdim etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 23 avqust.- S. 1.