Mənəvi yüksəlişə xidmət edən nəcib missiya

 

Tarixdən məlumdur ki, hər bir xalq ictimai-iqtisadi formasiya dəyişkənliyində minilliklər boyu formalaşmış milli-mənəvi dəyərlərini, adət-ənənələrini, ümumilikdə, düşüncə sistemini mənfi təsirlərdən qorumaqla özünütəsdiq imkanı qazanır. Qloballaşan dünyanın milli mədəniyyətləri təhdid edən yad ideyalar fonunda xalqların özünəməxsusluğunu səciyyələndirən dəyərlərin hifz olunması xüsusilə zəruridir. Bu zərurət ilk növbədə onunla şərtlənir ki, fərqli mədəniyyətlərin dialoqu, dünya iqtisadiyyatının təmərküzləşməsi, informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı bəzən mütərəqqi mahiyyətindən uzaqlaşır, milli mədəniyyətə və mənəvi dəyərlər sisteminə təhlükə yaradır.

Müstəqillik tarixi o qədər də böyük olmayan Azərbaycan ötən əsrin sonlarına doğru qloballaşma "qasırğa"sına düşsə də, ulu öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti sayəsində milli-mənəvi, dini dəyərlərini, adət-ənənələrini kənar təsirlərdən qorumağa nail olmuşdur. Ümummilli lider xalqa daxilən, qəlbən yaxın, milli düşüncə və məfkurə sahibi olan şəxsiyyət olaraq milli kimliyi ifadə edən dəyərlərə daim həssas yanaşmış, onların hifz edilərək gənc nəslə aşılanmasını vacib saymışdır. Ulu öndər Heydər Əliyev, bu mənada, həm də xalqın inanclarını, milli dəyərlərini bütün siyasi proseslərin fövqündə saxlayaraq qorumağı bacarmışdır. Eyni siyasi kursu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətində də milli-mənəvi, əxlaqi dəyərlərə, adət-ənənələrə hörmət prinsipi ön plandadır. Dövlət başçısı milli mədəniyyətin total təsirlərə məruz qalmasına yol vermir, xalqın əsrarəngiz mədəni irsinin dünya miqyasında təbliğini vacib sayır.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin dövlətin inkişafı, qüdrətlənməsi naminə həyata keçirdiyi çoxşaxəli siyasətə töhfəsini verən Heydər Əliyev Fondu da Azərbaycan xalqının milli mədəniyyətinin, milli-mənəvi dəyərlər sisteminin qorunmasında, habelə cəmiyyətdə saflıq, nəciblik, xeyirxahlıq kimi dəyərlərin təbliğində müstəsna xidmətlərə malikdir. Fond yarandığı gündən ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan ali ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışır, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirir, ümummilli liderin xeyirxah və nəcib əməllərini yaşadır, ölkə vətəndaşlarının zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verir.

Həyat amalı insanlara təmənnasız xidmətdən ibarət olan, xeyirxahlıq, mərhəmət, humanizm kimi dəyərlərə tapınan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da son illərdəki əzmkar fəaliyyəti ilə məhz belə bir mənəvi ucalığa yüksəlmiş, cəmiyyətdə böyük nüfuz və hörmət qazanmışdır. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt isə məhz milli genefondun qorunması, saf dəyər və duyğuların ictimai şüurda möhkəmlənməsidir. Heydər Əliyev Fondunun prezidenti haqlı olaraq qloballaşmanın qarşısıalınmaz prosesə çevrildiyi, informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə insani və mənəvi-əxlaqi dəyərlərin yad təsirlərdən qorunmasına daha çox ehtiyac olduğunu bildirir. Qarşıya qoyduğu bu kimi nəcib məqsədlərlə cəmiyyətin mənəvi yüksəlişinə, saflaşmasına çalışan Mehriban xanım Əliyeva son 5 ildə nəinki respublika hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuz və etimad qazanmışdır. Son illərdə Azərbaycanın birinci xanımının istər daxildə, istərsə də ölkə hüdudlarından kənarda yüksək təltiflərə layiq görülməsi də bunun əyani təcəssümüdür. Fondun prezidenti Mehriban xanım Əliyevanın özünün də söylədiyi kimi, başqalarına yaxşılıq, mərhəmət ömrü boyu onun üçün ümdə anlayışlara, ən ülvi insani keyfiyyətlərə çevrilmiş, eyni zamanda, bu xeyirxahlıq missiyasının kökündə təmənnasızlıq prinsipi dayanmışdır.

Tarixən xalqına layiqli xidməti özünün həyat kredosuna çevirmiş böyük şəxsiyyətlər bunun müqabilində hər zaman təmənnasız olmuş, hansısa məqsəd güdməmişlər. İnsanpərvərlik və humanizm ruhunda köklənmiş xeyriyyəçilik fəaliyyətinə, nəcib, tərəqqipərvər təşəbbüslərinə görə hələ 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülən, 2007-ci ildə "Qızıl ürək" beynəlxalq mükafatı, Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı, "Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq Fondunun Yaqut Xaç ordeni ilə təltif olunmuş Azərbaycanın birinci xanımının dövlət başçısı İlham Əliyevin 2009-cu il 5 may tarixli Sərəncamı ilə "Heydər Əliyev mükafatı"na layiq görülməsi isə onun fəaliyyətinin ən yüksək səviyyədə dəyərləndirildiyini göstərir.

Heydər Əliyev Fondunun yaranmasının beş illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev qurumun xəttilə həyata keçirilən tədbirləri yüksək dəyərləndirərək demişdir: "Heydər Əliyev Fondu milli fonddur. Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır. Eyni zamanda, Heydər Əliyev Fondu Azərbaycanı gələcəyə aparan gözəl bir vasitədir. Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyada təqdim edilməsi - bütün bu şərəfli funksiyalar bu fondun üzərinə düşübdür. Düşübdür deyəndə, fond və fondun rəhbərliyi bütün bu işləri öz təşəbbüsü ilə görür, mən bunu da deməliyəm. Ona görə mən fondun fəaliyyətini çox təqdir edirəm, çox bəyənirəm və şübhə yoxdur ki, bundan sonra da Azərbaycanın gələcək inkişafında fondun rolu böyük olacaqdır".

Müasir dövrdə iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, hər bir dövlətdə sosial müdafiəyə, köməyə, xeyirxahlığa ehtiyacı olan köməksiz təqəbəyə rast gəlinir. Əksər dövlətlər bu həssas sosial təbəqənin ehtiyaclarına, problemlərinə biganə yanaşmır, onları imkan daxilində öz himayəsinə götürür. Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyəti də xüsusilə diqqəti çəkir - respublikamızın dövlət büdcəsində sosialyönümlü xərclər, eləcə də insan inkişafına xidmət edən, iqtisadi səmərə məqsədi güdməyən investisiyalar xüsusi çəkiyə malikdir. Dövlət başçısı İlham Əliyev ölkədə yoxsulluğun yaxın illərdə aradan qaldırılmasını, insanları qayğılandıran bütün sosial problemlərin həllini hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Minimum əməkhaqqı ilbəil yüksəlir, pensiyalar və müxtəlif sosial müavinətlər müntəzəm olaraq artırılır, sosial obyektlərin tikintisi genişlənir. Bununla belə, mövcud problemlərin həllini bilavasitə hökumətin üzərinə qoymaq, orta təbəqəni, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını məsuliyyətdən tamamilə kənarlaşdırmaq düzgün yanaşma olmayıb sovet dövrünün qeyri-adekvat, yanlış düşüncə tərzindən irəli gəlir. Heydər Əliyev Fondunun dövlətin fəaliyyətinə hərtərəfli dəstəyə əsaslanan nəcib, xeyirxah fəaliyyəti, bu mənada, digər qurumlar üçün də örnək sayıla bilər.

Azərbaycanın birinci xanımının bu fikri də xüsusi maraq doğurur ki, müasir anlamda xeyriyyəçilik daha geniş məna daşıyaraq cəmiyyətin rifahı naminə təmənnasız könüllü fəaliyyəti əhatə edir. Bu fəaliyyət həm konkret fərdlərə və zəif müdafiə olunan qruplara, həm də ictimai həyatın müxtəlif sahələrinin - təhsilin, elmin, mədəniyyətin, incəsənətin inkişafının dəstəklənməsinə yönəldilə bilər. "Xeyriyyəçilik - insanların hər hansı direktivlər və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir. Mənə belə gəlir ki, xeyriyyəçilik fəlsəfəsinin əsası, ilk növbədə, insanların yaxşılıq etməyə çalışması, başqasının dərdinə şərik olmaq, onun halına yanmaq, ehtiyacı olanlara kömək əli uzatmaq istəyi kimi insani keyfiyyətlərin və qabiliyyətlərin fundamental xarakterinin qəbul edilməsidir. Mənəviyyatın ali qanunlarına görə, xeyriyyəçilik fəaliyyətinin əsas motivi şəxsən özün üçün hər hansı dividendlər və ya səmərə gözləmək deyil, məhz insanlara sevgi və təmənnasız olaraq xeyirxah işlər görmək arzusundan ibarət olmalıdır", - deyə Heydər Əliyev Fondunun prezidenti bildirir.

Cəmiyyətdə praqmatikləşmə, eləcə də konyunktur maraqlara əsaslanan mənfəətçilik meyillərinin müəyyən dərəcədə artması cəmiyyətdə nəcib və saf dəyərlərə kölgə salmaqla bərabər, bəzən xeyriyyəçilik institutunun inkişafına da mane olur. Şübhəsiz, cəmiyyətdə iqtisadi cəhətdən zəngin insanların, iş adamlarının sayının çoxalması son dərəcə sevindiricidir. Belə insanların cəmiyyət qarşısında sosial öhdəliklərini unutmasına, yalnız varlanmaq amalı ilə bütün nəcib təşəbbüslərdən kənarda qalmasına heç bir halda haqq qazandırmaq olmaz. Bütün sivil dövlətlərdə olduğu kimi, Azərbaycanda da iri şirkət rəhbərlərinin, nüfuzlu iş adamlarının xeyriyyəçilik tədbirlərində yaxından iştirakı onlara yalnız yüksək etimad və rəğbət qazandırar. Azərbaycanın birinci xanımı bu həssas məqama özünəməxsus yanaşma tərzi ilə diqqət ayırır və cəmiyyətdə xeyriyyəçiliyin gerçək rolunun aydın dərkinə ehtiyac olduğunu bildirir.

Fond qarşıya qoyduğu məqsədlərin miqyasına, əhatə dairəsinə, mahiyyətinə və miqyasına görə analoqu olmayan qurum kimi tanınır. Şübhəsiz, Azərbaycanın birinci xanımının yüksək mənəvi aləmindən, nəcibliyindən, insanpərvərliyindən irəli gələn bu fəaliyyət bütövlükdə cəmiyyətdə xoş ovqatın, nəcib duyğuların, xeyriyyəçilik meyillərinin güclənməsinə səbəb olur. Dünyanın xilası naminə çalışan yüksək amallı insanlarla eyni sırada dayanan YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri qeyd edir ki, xeyriyyəçilik cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasibətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir: "Axı çətin məqamda başqalarından dəstək almış insan özü də imkan daxilində başqalarına kömək göstərməyə daha çox meyil edəcəkdir. Beləliklə, cəmiyyətimizdə "xeyirxah işlər dairəsi", qarşılıqlı kömək və dəstək sistemi yaranır ki, bu da son nəticədə insanların qarşılıqlı münasibətlərinə, onların ovqatına və sosial əhvali-ruhiyyəsinə müsbət təsir göstərir".

Fəaliyyəti yalnız xeyriyyəçiliklə məhdudlaşmayan Heydər Əliyev Fondu cəmiyyət üçün son dərəcə gərəkli olan sosial sahələrin inkişafına da xüsusi diqqət yetirir. Fondun humanitar və sosialyönümlü fəaliyyətində cəmiyyətin mənəvi və mədəni-intellektual yüksəlişini təmin etmək, habelə Azərbaycanın zəngin mədəni irsini - tarixi abidələrini, musiqisini, incəsənətini, ümumən isə ölkə həqiqətlərini dolğunluğu ilə dünya ictimaiyyətinə çatdırmaq məramı daim ön plandadır.

Azərbaycanın birinci xanımı bu və digər məqsədlərin həyata keçirilməsi, eləcə də ölkənin hərtərəfli inkişafı, cəmiyyətin mənəvi-intellektual yüksəlişi baxımından təhsil problemlərinin həllini xüsusilə vacib sayır.

Müasir dövrdə təhsil problemlərinin həllini təkcə dövlətdən gözləmək düzgün deyildir - bu sahədə özünü göstərən bəzi neqativ halların aradan qaldırılmasında sıravi vətəndaşların, ayrı-ayrı ictimai qurumların da fəal iştirakı vacibdir. Bu mənada, fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın istər xeyriyyəcilik, istərsə də ictimai fəaliyyətinin prioritet istiqamətləri sırasında təhsilin mühüm yer tutması millətin gələcəyini, nicat yolunu təhsilin inkişafında, vətəndaşların maariflənməsində görərək Azərbaycanın gələcək taleyinin təhsilli insanlardan asılı olduğunu müdrikliklə bəyan etmiş ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik konsepsiyasına əsaslanır.

Fondun milli maarifçilik xəttinin həyata keçirilməsi sahəsindəki əzmkar fəaliyyəti hansısa konkret çərçivə ilə məhdudlaşmır - məktəb tikintisindən tutmuş YUNESKO ilə konkret təhsil proqramlarının həyata keçirilməsinədək - geniş spektri əhatə edir. Qısa müddət ərzində uğurla gerçəkləşdirilən bu layihələr cəmiyyətdə böyük rəğbətlə qarşılanmışdır. Azərbaycanın zəruri ehtiyaclarını nəzərə alan Heydər Əliyev Fondunun yeni məktəblərin tikintisi, mövcud ümumtəhsil müəssisələrinin əsaslı təmir və bərpası istiqamətində həyata keçirdiyi tədbirlər də son dərəcə təqdirəlayiqdir. İctimai əsaslarla fəaliyyət göstərən fondun ümummilli mənafelərinə hesablanmış bu tədbirlərin həyata keçirilməsində cəmiyyətdən ciddi mənəvi-maddi dəstək alması görülən işlərin miqyasını, dinamikliyini və səmərəliliyini daha da artırır.

Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu strateji məqsəd Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurulması, milli təhsil modelinin gerçəkləşdirilməsinə maddi-texniki və intellektual zəmin formalaşdırmasıdır. Şübhəsiz, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan bu məqsədlərə nail olmaq qeyri-mümkündür. Bunu nəzərə alan fond, ilk növbədə, yeni məktəblərin inşası istiqamətində sistemli və ardıcıl iş aparmış, Azərbaycanın birinci xanımının birbaşa təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bu baxımdan cəmiyyətdə daha böyük əks-səda doğurmuşdur. Layihə çərçivəsində yalnız 2005-ci ildə Azərbaycanın ən müxtəlif bölgələrində rekord sayda - 132, sonrakı illərdə isə 106 yeni məktəb binasının istifadəyə verilməsi və lazımi avadanlıqlarla təchiz olunması dövlətin bu sahədə həyata keçirdiyi işlərə əvəzsiz töhfədir.

Ümumilikdə, fondun xəttilə 238 yeni məktəbin inşası ağır müharibə şəraitində yaşayan, iqtisadiyyatı yeni inkişaf etməyə başlayan Azərbaycan üçün olduqca böyük nailiyyətdir. Müasir tələblərə cavab verən məktəb binaları müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompüterlərlə təchiz olunmuşdur. Heydər Əliyev Fondu belə yüksək göstəricilərə nail olmaqla sübut etdi ki, yüksək əzm və iradə, ən əsası, vətənpərvərlik milli inkişafda son dərəcə vacib amildir.

Bütün dünyada elm və təhsilin, mədəniyyətin yüksək hamisi kimi çıxış edən, sivilizasiyalararası dialoq təşəbbüsünü ələ alan mötəbər beynəlxalq qurumla - YUNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurmuş Heydər Əliyev Fondu milli-mənəvi irsimizə, təhsilimizə yüksək bəşəri münasibətə də nail olmuşdur. Azərbaycanın birinci xanımının təşkilatın xoşməramlı səfiri təyin olunması bu əlaqələrə yeni impulslar vermiş, strateji əhəmiyyət daşıyan müxtəlif layihələrin müştərək icrasına geniş imkanlar açmışdır. Fondun son 5 illik fəaliyyətinin aparıcı istiqamətlərindən biri də məhz ölkənin təhsil problemlərinin həllinə köməkdən, bu məqsədlə nüfuzlu beynəlxalq təşkilatlardan sayılan YUNESKO-nun geniş imkanlarından səmərəli faydalanmaqdan ibarət olmuşdur. Geniş imkanlara malik bu nüfuzlu beynəlxalq təşkilatın ölkəmizin təhsil problemlərinin həllində yaxından iştirakı, təşkilatla birgə reallaşdırılan müştərək layihələr uğurlu nəticələrlə zəngindir.

2004-cü il iyulun 6-da fondun təşəbbüsü ilə Parisdə YUNESKO-nun iqamətgahında "Davamlı inkişaf üçün Azərbaycanda təhsil islahatları" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Təşkilatla əldə olunmuş razılaşmaya əsasən, 2005-ci ilin avqust ayında "YUNESKO-Azərbaycan: Azərbaycanın təhsil problemləri və perspektivləri" mövzusunda növbəti konfrans Bakıda təşkil olunmuşdur. Konfransda çıxış edən Mehriban xanım Əliyeva Azərbaycan milli təhsilinin problemlərindən söz açmış, həyata keçirilən islahatlar barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişdir. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təzavüzünün təhsilimizdə yaratdığı çətinlikləri YUNESKO-nun baş direktorunun və nümayəndə heyətinin nəzərinə bir daha çatdırmışdır: "Biz işğala məruz qalan ərazilərdə əvvəllər mövcud olan təhsil infrastrukturunu qoruyub saxlaya bilmişik. Bu, məktəblər qaçqın-köçkün düşərgələrində yerləşir. Biz həm də müəllim kollektivini saxlaya bilmişik və onlar düşərgələrdə uşaqların təlim-tərbiyəsi ilə məşğul olurlar. Bu, doğrudan da, nadir bir təcrübədir. Mən inanıram ki, bu təcrübə bütün münaqişə zonalarında istifadə oluna bilər".

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin yayında Bakıda YUNESKO-nun "Dünyada savadlılığın dəstəklənməsi" üzrə regional konfransının keçirilməsi də ümumilikdə Azərbaycanın təhsil sahəsində mühüm beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini əminliklə söyləməyə əsas verir. İnformasiya cəmiyyətinin qurulması yolunda son illər uğurlu addımlar atan Azərbaycan rastlaşdığı yeni tipli problemlərin də çevik həllinə nail olmağa çalışır. Məhz bu baxımdan Bakıda belə bir konfransın keçirilməsi böyük əhəmiyyət kəsb etmiş, respublikanın təhsil ictimaiyyətinə Avropa ölkələrinin müsbət təcrübəsindən bəhrələnmək üçün geniş imkanlar yaratmışdır.

Heydər Əliyev Fondu ötən illərdə YUNESKO çərçivəsində keçirilən mədəni tədbirlərdə də fəal iştirak etmişdir. Fondun bu beynəlxalq təşkilatla əməkdaşlığı sayəsində qısa müddətdə şifahi musiqi ənənələrinin təbliği və qorunması sahəsində böyük işlər görülmüşdür. Eyni zamanda, 2006-cı ilin yayında qurumun Litvada keçirilən illik toplantısında Azərbaycan tarixinin əzəmətli yadigarı sayılan Qobustan Milli Qoruğu YUNESKO-nun irs siyahısına daxil edilmişdir. Fondun təşəbbüsü ilə aşıq sənətinin də YUNESKO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi irsin şah əsərləri" siyahısına salınması təklifi irəli sürülmüşdür.

Fond Azərbaycan xalqının kökü çox qədimlərə gedən sənət xəzinəsinə - muğama da sahib çıxaraq bu sahəyə yaxından himayədarlıq etmiş, ilkin layihələrdən biri kimi "Qarabağ xanəndələri" adlı albom nəfis tərtibatda buraxılmış, 2005-ci ilin martında Parisdə YUNESKO-nun qərargahında, xoşməramlı səfirlərin illik toplantısında albomun təntənəli təqdimatı olmuşdur. Bu, adi musiqi layihəsi olmaqdan savayı, həm də ermənilərin ifşası baxımından mühüm əhəmiyyət daşımışdır.

2008-ci il sentyabrın 17-də "Gülüstan" sarayında Heydər Əliyev Fondunun "Üzeyir dünyası" və "Azərbaycan muğamı ensiklopediyası" layihələrinin təqdimatı da milli mədəniyyətə qayğının tərkib hissəsidir. 2009-cu ilin mart ayında Heydər Əliyev Fondunun xəttilə keçirilmiş Beynəlxalq muğam festivalı da Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması və təbliği istiqamətində mühüm tədbirlərdən biri kimi yadda qalmışdır.

Azərbaycanın birinci xanımı üzərinə götürdüyü xoşməramlı missiya ilə həm də insan hüquqlarının böyük hamisi, müdafiəçisi statusunda çıxış edir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı kimi ictimaiyyətin ən müxtəlif təbəqələri ilə əlaqələrini genişləndirməklə ümummilli liderin nəcib ideyalarının praktik surətdə gerçəkləşməsinə, Azərbaycanın hərtərəfli inkişafı və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə töhfəsini verməyə çalışır. İmkan daxilində vətəndaşların problemlərinin həllinə səy göstərir, rəhbərlik etdiyi fondun imkanlarını bu yönümdə səfərbər edir.

Bəzən müəyyən dövlət qurumlarında biganəliklə üzləşən, problemlərini həll edə bilməyən insanlar sonda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya rəsmi müraciət etməklə nicat tapırlar. Özünün də qeyd etdiyi kimi, fondda hər bir vətəndaşın müraciətinə böyük diqqət və həssaslıqla yanaşılır, mümkün qədər vətəndaşların problemlərinin həllinə qayğı göstərilir. Bu, həm də fondun vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən sanballı və nüfuzlu ictimai təşkilat olduğunu göstərir.

Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın 2007 və 2009-cu illərdə qanunvericilik təşəbbüsü əsasında amnistiya təşəbbüsü ilə çıxış etməsi də onun humanizm və insanpərvərlik prinsiplərinə sadiqliyini nümayiş etdirir. Bu baxımdan, Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycandakı digər qeyri-hökumət təşkilatları, o cümlədən hakimiyyət strukturları üçün də örnək sayılmalıdır.

Xüsusi vurğulamaq lazımdır ki, Ermənistanın təcavüzü nəticəsində tarixi torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yardım göstərilməsi də Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qaçqın və məcburi köçkün uşaqların təhsil rroblemləri ilə əlaqədar məruzə hazırlamaq məqsədilə 2005-ci ilin mayında ölkəmizdə səfərdə olan ÜUNESKO nümayəndələri Sabirabad, Saatlı və İmişli rayonlarında məcburi köçkün məktəblərinin fəaliyyəti ilə tanış olmuşlar.

Mehriban xanım Əliyeva bu təbəqədən olan vətəndaşların problemlərini həssaslıqla duyur və imkan daxilində maddi və mənəvi yardımlarla onlara təsəlli verməyə çalışır. Azərbaycanın birinci xanımı xarici mətbuat orqanlarından birinə verdiyi müsahibədə qaçqın və məcburi köçkünlərimizin ağır vəziyyətindən söhbət açmış, onların ilk növbədə köməyə və həyana ehtiyacının olduğunu vurğulamışdır: "Mən inanıram ki, həqiqət zəfər çalacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərra edəcəkdir. Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, görünməmiş humanitar fəlakətdir. Bir milyon qaçqın-köçkünün hər birinin öz şəxsi faciəsi var. Bəli, biz bu gün Azərbaycan dövlətinin və Azərbaycan cəmiyyətinin imkanı çatan hər şeyi edirik. Neft Fondundan ilk vəsait məhz qaçqın-köçkünlər üçün şəhərciklərin tikintisinə və onların çadır düşərgələrindən köçürülməsinə xərclənmişdir. Onlarla ünsiyyət zamanı bu insanların hədsiz dözümlülüyü və elə bir o qədər də hədsiz inamı adamı heyrətə gətirir. Onlar ədalətin zəfər çalacağına, işğal olunmuş torraqların azad ediləcəyinə və yenidən ev-eşik sahibi olacaqlarına inanırlar".

Hər bir millətin mənəvi-fiziki sağlamlığının və kamilliyinin təmin olunması eyni zamanda idmanın, bədən tərbiyəsinin dinamik inkişafından keçir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Milli Gimnastika Federasiyasının prezidenti kimi bu yöndəki fəaliyyəti gənc nəslin fiziki-mənəvi sağlamlığının təmin olunmasına xidmət edir. Qısa müddətdə Azərbaycanın həmin idman növünün inkişafı istiqamətində atdığı əhəmiyyətli addımlar, habelə 2005 və 2007-ci illərdə Bakıda bədii gimnastika üzrə mötəbər çempionatların keçirilməsi onun bu sahədə də yaxşı təşkilatçı olmasının bariz göstəricisidir.

Xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrinə xas gözəl keyfiyyətlərdən biridir və fərəhlidir ki, hazırda Heydər Əliyev Fondu bu ənənələri uğurla davam etdirir. Məhz bu xoşməramlı fəaliyyətinə görə də fond Azərbaycanda böyük hörmətə malik olan və ölkənin ictimai həyatında mühüm rol oynayan bir quruma çevrilmişdir. Ölkə vətəndaşlarının mütləq əksəriyyətinin bu fəaliyyəti rəğbət və məmnunluq hissi ilə izləməsini isə Azərbaycanın birinci xanımının yüksək humanizmində, işgüzarlığında və qayğıkeşliyində axtarmaq lazımdır.

 

 

Qüdrət KƏRİMOV,

"Xəzər" Səhmdar Cəmiyyətinin sədri,

iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2009.- 23 avqust.- S. 2.