Ümid qapısı, mərhəmət ünvanı

 

"İstər təhsil, istər səhiyyə sahəsində, mədəniyyət sahəsində, mənəvi irsimizin qorunması işində, Azərbaycanın dünya birliyində təbliğ edilməsi işində, Azərbaycanın olduğu kimi təqdimatı işində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılması işində Heydər Əliyev Fondunun rolunu mən çox yüksək qiymətləndirirəm. Bu fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Bu fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən "xoşniyyət" deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük".

 

İlham ƏLİYEV

 

Dünya siyasətinin transmilliləşməsi bəşəri səviyyədə praqmatizm və fərdiçilik meyillərini qabarıq üzə çıxarsa da, humanizmə, insanpərvərliyə əsaslanan yüksək dəyərlər insanlığın ali zinəti kimi aktuallığını, mənəvi təsir gücünü qoruyub saxlayır. Ədalətlilik, dürüstlük, xeyirxahlıq və mənəvi saflıq hər bir insanın özündən sonra qoyub getdiyi ülvi, müqəddəs dəyərlərdən sayılır. Kamil və yetkin insanın dünyanın xilası barədə düşüncələri də məhz bu kimi ülvi, saf dəyərlərin üzərində köklənir. Başqalarına təmənnasız yaxşılıq etməkdən rahatlıq tapan belə insanlar isə, sözün əsl mənasında, mənəvi ucalığa qovuşur.

Beş il əvvəl ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondu da Azərbaycan xalqının düşüncə sistemində xüsusi yer tutan mərhəmət, insanpərvərlik, xeyirxahlıq kimi ali dəyərlərə tapınaraq cəmiyyətin mənəvi saflaşmasına və yüksəlişinə hesablanan xoşməramlı missiya həyata keçirmişdir. Fond ötən müddətdə ölkənin inkişafına və xalqın rifahının yüksəlməsinə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasına kömək etmək, Azərbaycan mədəniyyətinin geniş təbliği və qorunması ilə bağlı aparılan işlərə yardımçı olmaq, milli mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək vermək, ölkə həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya sahələrinə aid proqram və layihələr hazırlayıb həyata keçirmək, xüsusi qayğıya ehtiyac duyan insanlara yaxından kömək göstərmək kimi məqsədləri uğurla həyata keçirmişdir.

Cəmiyyətin ən həssas qütblərini əhatə edən bu xoşməramlı fəaliyyət təkcə Azərbaycanda deyil, ümumilikdə ölkə hüdudlarından kənarda da yüksək dəyərləndirilir. Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki səylərinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2004-cü ildə YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Sivilizasiyalararası dialoq prosesinə mühüm töhfələr verən Azərbaycanın birinci xanımının fəaliyyəti İslam Konfransı Təşkilatına üzv dövlətlər tərəfindən də yüksək dəyərləndirilmişdir. 2006-cı ildə Mehriban xanım Əliyevanın daha bir yüksək titula - İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) xoşməramlı səfiri adına layiq görülməsi bütövlükdə Azərbaycanın qazandığı böyük nailiyyət sayıla bilər. Məhz Azərbaycanın birinci xanımının timsalında bu status humanist fəaliyyətə, qayğıkeşliyə, eləcə də hansısa problemlərlə qarşılaşan, hansısa məqamda hüquqları pozulan sıravi vətəndaşların ümid yerinə çevrilmişdir.

 

Milli-mənəvi irsə qayğı örnəyi

 

Milli maraq və mənafelərə daim yüksək sadiqlik nümayiş etdirən Heydər Əliyev Fondu qloballaşmanın qarşısıalınmaz prosesə çevrildiyi bir dönəmdə xalqın milli varlığının, özünəməxsusluğunun ifadəsi olan zəngin mənəvi irsi, dəyərlər sistemini, mədəni-intellektual mülkiyyəti yad təsirlərdən qorumaq kimi çətin missiyanın öhdəsindən inamla gəlir. Əminliklə demək olar ki, Azərbaycan mədəniyyəti son illərdə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın timsalında özünə etibarlı hami və xilaskar tapmışdır. Azərbaycanın birinci xanımı haqlı olaraq bildirir ki, Azərbaycan xalqının milli mədəniyyətinin yad təsirlərdən qorunması üçün, ilk növbədə, milli-mənəvi və əxlaqi dəyərlərin cəmiyyətdə tam bərqərar olmasına, habelə ictimai şüurda daha möhkəm yer tutmasına çalışmaq lazımdır.

Heydər Əliyev Fondunun prezidentinin milli mədəniyyətin dünya miqyasında təbliği və qorunması naminə həyata keçirdiyi nəcib missiya, əslində, son illərlə məhdudlaşmır. Xatırlatmaq lazımdır ki, 1995-ci ildə "Azərbaycan Mədəniyyətinin Dostları" Fondunu yaratmış Mehriban xanım Əliyeva hələ o dövrdən məhz bu missiyanı qarşıya qoymuş, yüksək təşəbbüskarlığı, fitri idarəçilik keyfiyyətləri ilə milli mədəniyyətimizin inkişafına töhfəsini vermişdir. Qədim ənənələrə xas Azərbaycan xalqının maddi və mənəvi mədəniyyət nümunələrinin, incəsənətinin, folklorunun, musiqisinin qorunması, eləcə də dünya miqyasında təbliğ olunması məqsədilə 1996-cı ildən "Azərbaycan-İrs" jurnalının təsis edilməsi də xüsusi xatırlanmalıdır. Azərbaycan, rus və ingilis dillərində işıq üzü görən jurnalda son 10 ildə milli mədəniyyətimizin, tarixi-milli irsimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi vacibliyi ilə bağlı çoxsaylı məqalələr işıq üzü görmüşdür. Azərbaycanın mədəniyyəti və incəsənəti ilə bağlı ən aktual problemlərin, böyük məzmun yükünə malik materialların dərc edildiyi "Azərbaycan-İrs" jurnalı ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və təbliği işinə də böyük dəstək olmuşdur.

Heydər Əliyev Fondu isə "Azərbaycan Mədəniyyətinin Dostları" Fondu ilə birgə xalqın milli varlığını özündə yaşadan maddi-mənəvi və intellektual irsə böyük diqqət və həssaslıqla yanaşmış, milli mədəniyyətin dünya arenasına çıxmasında və təbliğində fəal iştirak etmişdir. Fondun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülmüşdür. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması da bilavasitə bu fəaliyyətin nəticəsidir. Fondun milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi uğurlu layihələrdən biri də "Qarabağ xanəndələri" albomudur. YUNESKO xətti ilə hazırlanmış alboma belə bir adın seçilməsi Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu bütün dünyaya nümayiş etdirmək istəyindən irəli gəlmişdir. Albomun təqdimat mərasimində çıxış edən Mehriban xanım Əliyeva Azərbaycanda bir neçə muğam məktəbinin olduğunu, Qarabağ muğam məktəbinin də aparıcı muğam məktəblərindən sayıldığını diqqətə çatdırmış, eyni zamanda, gənc muğam ifaçılarının sayının azaldığını narahatlıqla bildirmişdir: "Balaca muğam ifaçılarını, adətən, Qarabağ bülbülləri adlandırırlar. Bu gün Qarabağın sakinləri olan məcburi köçkünlərin düşərgələrində böyüyən uşaqlar daha muğam oxumurlar, onların arasında belə Qarabağ bülbülləri son dərəcə azdır. Oxumaq üçün onlara Qarabağ dağları, Qarabağ təbiəti, Qarabağ torpağı lazımdır. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyov və Bülbül kimi belə böyük korifeylərinin Şuşada doğulduqlarını demək kifayətdir".

Heydər Əliyev Fondunun prezidentinin şəxsi təşəbbüsü ilə 2005, 2007 və 2009-cu illərdə keçirilən və Azərbaycan televiziyası ilə canlı yayımlanan muğam müsabiqələri də Azərbaycanın milli sərvəti olan muğamın təbliği baxımından təqdirəlayiqdir. Azərbaycan mədəniyyətinin incisi olan muğamın dünyada geniş təbliği məqsədilə Bakı şəhərində müasir üslubda Beynəlxalq Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi də fondun qlobal layihələri sırasında mühüm yer tutur. 2005-ci il aqvustun 24-də Azərbaycan Prezidenti İlham Əliyev və YUNESKO-nun Baş direktoru cənab Koişiro Matsuuranın iştirakı ilə əsası qoyulan Beynəlxalq Muğam Mərkəzinin 2008-ci ilin dekabr ayında təntənəli açılış mərasimi olmuşdur. Mərkəzdə gənc ifaçılar Azərbaycan musiqi mədəniyyətinin gözəl nümunəsi olan muğam sənətinin incəliklərinə yiyələnirlər. Mərkəzdə dünya ictimaiyyətinin diqqətini Azərbaycan muğam sənətinə cəlb etməyi bacarmış görkəmli muğam ustalarının konsertləri, muğam gecələri, beynəlxalq konfrans və festivallar təşkil olunur. Fond regionlarda muğam mərkəzlərinin yaradılmasına da ciddi dəstək verir. 2008-ci ilin sentyabrında fondun təşəbbüsü əsasında Ağcabədidə Qarabağ Muğam Mərkəzi inşa olunmuşdur.

Heydər Əliyev Fondunun Azərbaycan xalçaçılıq sənətinin tarixi şöhrətinin, zəngin ənənələrinin inkişaf etdirilməsi sahəsindəki fəaliyyəti də xüsusi vurğulanmalıdır. Fondun dünya xalçaçılıq sənətinə misilsiz töhfələr verən, Azərbaycan xalçaçılığının zəngin ənənələrini yaşadan, istehsal etdiyi malları dünyaya çıxarmaqla bu qədim el sənətinin fəal təbliğatçısına çevrilən "Azər-İlmə" Məhdud Məsuliyyətli Cəmiyyətinə qayğısı bu nadir sənət incisinə diqqətdən irəli gəlir. "Azər-İlmə" MMC-nin istehsal sahəsində xalqın tarixini, məişətini, adət-ənənələrini, müxtəlif inanclarını, estetik görüşlərini, fəlsəfi baxışlarını özündə əks etdirən, bu keyfiyyətləri sirli-sehrli ilmələrdə, naxışlarda yaşadan sənət nümunələri bütün dünyada məşhurlaşmışdır. Yüksək bədii və texnoloji səviyyədə toxunan "Şeyx Səfi" xalçasının hanadan kəsilməsi mərasimində YUNESKO-nun baş direktoru Koişiro Matsuura və Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva iştirak etmişlər.

Fondun bu sahədə həyata keçirdiyi mühüm layihələrdən biri də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin inşasıdır. 2008-ci ilin mayında Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və YUNESKO-nun Baş direktoru Koişiro Matsuuranın iştirakı ilə təməlqoyma mərasimi keçirilmiş Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və YUNESKO-nun dəstəyi ilə inşa olunur. Sərgi salonu, kitabxana, toxuma və tikmə mərkəzi, suvenir və kitab köşkü, danışıqlar və audiovizual təqdimatlar otağı, böyük tərtibat imkanlarına malik sərgi zonası olacaq binada, həmçinin açıq havada heykəllərin və xalçaların nümayişi üçün sahə də nəzərdə tutulmuşdur.

2009-cu ilin martında fondun təşəbbüsü ilə Bakıda Müasir İncəsənət Muzeyinin açılması da mədəni sahədəki qlobal layihələr sırasında xüsusi vurğulanmalıdır. Muzeydə Azərbaycanın gənc, avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 800-dən çox işi toplanmışdır. Burada, həmçinin, Azərbaycan xalq rəssamlarının əsərləri, rəngkar və heykəltəraşların işləri də sərgilənir.

 Qərbi Avropa incəsənəti salonunda isə dünya klassiklərinin rəsm əsərləri və əl işləri nümayiş olunur.

Heydər Əliyev Fondu Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində də mühüm addımlar atmışdır. YUNESKO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi, Gəncə şəhərindəki Cavad xan türbəsinin, "Comərd Qəssab" məqbərəsinin, Bakının Şüvəlan qəsəbəsindəki Pirhəsən ziyarətgahının, Abdulla Şaiqin ev-muzeyinin əsaslı təmiri buna əyani sübutdur. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı ev-muzeyinin müasir tələblər səviyyəsində təmir olunması da fondun həyata keçirdiyi xeyirxah layihələrdən biridir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2005-ci ildə Bakıda və Parisdə dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illik yubileyi keçirilmiş, Parisdə YUNESKO çərçivəsində görkəmli kimyaçı-alim, akademik Yusif Məmmədəliyevin 100 illiyi qeyd olunmuş, dünya şöhrətli musiqi ifaçıları - mərhum Mstislav Rostropoviç və xanımı Qalina Vişnevskayanın 50 illik birgə fəaliyyətinə həsr edilmiş albom və disklər hazırlanmışdır. Eləcə də Mstislav Rostropoviçin, Şostakoviçin, Bülbülün yubileylərinə həsr olunmuş beynəlxalq festivallar keçirilmişdir. Dahi Üzeyir Hacıbəyovun "Arşın mal alan" əsərinin Vyana Kamera Teatrı ilə birgə səhnələşdirilməsi barədə razılığın əldə edilməsi də xalqımızın milli mədəniyyətinin dünyada təbliği yolunda mühüm hadisədir.

"İndi, kütləvi mədəniyyət stereotiplərinin hakim olduğu bir şəraitdə, milli ənənələrin qorunub saxlanılması, onlara qayğı ilə, düşünülmüş münasibət göstərilməsi son dərəcə vacibdir. YUNESKO-nun çoxsaylı vəzifələrindən biri də insanın mənəvi dünyasını qorumaqdır. Odur ki, planetimizdə məskunlaşmış xalqlardan hər birinin milli "mən"ini daha parlaq əks etdirən qeyri-maddi irs incilərinin qorunması ən aktual vəzifəyə çevrilir" deyən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Azərbaycan xalqının zəngin milli-mənəvi irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması naminə əzmlə çalışır.

 

Humanizm və insanpərvərlik nümunəsi

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən əsas xətt yüksək humanizm və insanpərvərlikdir. Azərbaycanın birinci xanımı informasiya texnologiyalarının sürətli inkişafı dövründə mənəvi-əxlaqi dəyərlərin yad təsirlərdən qorunmasına daha çox ehtiyac olduğunu bildirir. Azərbaycan cəmiyyəti onun vətəndaşlara diqqət və qayğı nümunələri ilə zəngin olan çoxşaxəli fəaliyyətinə nəzərən mənəvi dəyərlərin nisbətən aşındığı indiki "sürət əsrində" - savab və xeyirxah əməllərin nə qədər müstəcəb olduğunu dərk edir, özlərinin yaşam fəlsəfəsini bu ideallara uyğunlaşdırmağa çalışırlar.

Humanizm prinsipinə söykənən praktik fəaliyyəti ilə cəmiyyətdə böyük ictimai nüfuz qazanmış Heydər Əliyev Fondu bu gün kimsəsiz, köməyə ehtiyacı olan insanların maddi-mənəvi hamisi rolunda çıxış edir. Heydər Əliyev Fondu insanlara ən müxtəlif səviyyələrdə yardım göstərməklə cəmiyyətdə yalnız sağlam ənənələrin, zəngin əxlaqi dəyərlərin möhkəmlənməsinə çalışır. "Bu gün biz müasir texnika və qloballaşma əsrində yaşayırıq. Fikrimcə, zəmanənin ən böyük təzadlarından biri ondan ibarətdir ki, əldə edilən tərəqqi, kommunikasiya imkanları insanların birləşməsinə, daha sıx ünsiyyət qurmasına şərait yaratsa da, gerçək həyatda biganəlik artır, insanlar arasında uçurum artır. Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu qonşunu eşitmir, qardaş qardaşa kömək əlini uzatmır. Bu gün dünyanın qarşılaşdığı ən ağrılı problemlərdən biri mənəvi idealların ucuşlaşması, onların saxta ideallarla əvəz edilməsidir" deyən YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva insanları səmimi birlik və həmrəyliyə çağırır.

Hüquqi dövlət quruculuğunun fundamental şərtlərindən biri də vətəndaş cəmiyyəti institutlarının - qeyri-hökumət təşkilatlarının ictimai münasibətlər sistemində fəal iştirak imkanlarının təmin edilməsidir. İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, ölkənin ümumi inkişafı ilə bağlı məsələlərin həllini yalnız dövlətin üzərinə qoymaq obyektiv yanaşma deyildir. Cəmiyyət üçün taleyüklü müəyyən məsələlərin həllində qeyri-hökumət təşkilatları, nüfuzlu, tanınmış insanlar da fəal mövqe tutmalıdır. Bu baxımdan YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xeyirxahlıq ruhunda köklənmiş çoxşaxəli fəaliyyəti cəmiyyət üçün əsl örnək sayıla bilər. Fondun prezidenti yardım istəyilə ona üz tutmuş insanların himayədarı, qayğıkeşi kimi çıxış edir, imkan daxilində onların problemlərinin həllinə çalışır. Heydər Əliyev Fonduna üz tutmuş hər bir vətəndaşın müraciətinə böyük həssaslıq və diqqətlə yanaşılır, imkan daxilində onun qayğılarının həllinə yardım göstərilir. Bu, həm də fondun insan hüquq və azadlıqlarının müdafiəsində layiqincə dayanan ictimai təşkilat olduğunu göstərir.

Fondun humanizmə və insanpərvərliyə əsaslanan fəaliyyəti səhiyyə sahəsində həyata keçirilən layihələrdə bir daha parlaq təcəssümünü tapır. Bu layihələr 2004-2009-cu illərdə səhhətindəki problemlər üzündən əziyyət çəkən minlərlə insanı yenidən sağlam həyata qaytarmış, onlara həyat eşqi vermişdir. Bu baxımdan "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri cəmiyyətdə daha böyük diqqət və rəğbətlə qarşılanmışdır. "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" şirkəti ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilmişdir. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və şpris-qələmlərlə təmin edilmişlər.

"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində isə bu xəstəlikdən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsi, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması, talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsi və ölkədə yüksək ixtisaslı kadrların hazırlanması tədbirləri həyata keçirilmişdir. Talassemiya Diaqnostika Mərkəzinin 2009-cu il mayın 10-da istifadəyə verilməsi də ulu öndərin xatirəsinə böyük töhfə olmuşdur.

Heydər Əliyev Fondunun xəttilə Əzizbəyov rayonunun Türkan və Zirə qəsəbələrində poliklinika, təcili yardım stansiyası, aptek, Şüvəlan qəsəbəsində xəstəxana, İsmayıllı rayonunun İvanovka kəndində poliklinika yenidən qurulmuş və avadanlıqla təchiz olunmuşdur. Almaniyanın "Fresenius Medical Care" şirkətinin Heydər Əliyev Fonduna hədiyyə etdiyi 10 ədəd hemodializ aparatı və "Storz" şirkətinin hədiyyəsi olan endoskopik avadanlıq tibb müəssisələrinə verilmişdir.

Eləcə də Fransanın "Servye" şirkəti tərəfindən fonda verilmiş "Diabeton MR" preparatları diabetdən əziyyət çəkən insanlara paylanmışdır.

Fond uşaqların müayinə və müalicəsi üçün geniş mərkəzin zəruriliyini nəzərə alaraq 2009-cu ildə Bakı şəhərində Psixo-nevroloji Uşaq Mərkəzinin inşasını da təmin etmişdir. Ümumiyyətlə, Heydər Əliyev Fondu səhiyyə məsələləri ilə bağlı hər bir müraciəti diqqətlə araşdırır, onlara kömək göstərilməsi üçün tibb müəssisələri ilə sıx əlaqə qurur.

 

Regional inkişafa töhfə

 

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva 2005-ci ildən Milli Məclisin deputatı kimi seçicilərini qayğılandıran problemlərin həllində yaxından iştirak edir, ona ünvanlanan bütün müraciətlərə həssaslıqla yanaşır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Əzizbəyov rayonunun İnkişaf Fondu"nun yaradılması və Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək əməli fəaliyyətə başlaması rayonun inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur.

2004-2009-cu illərdə fondun xəttilə Əzizbəyov rayonunun Zirə, Binə, Türkan, Qala və digər qəsəbələrində yollar çəkilmiş, Binə qəsəbəsində elektrik yardımçı stansiyası bərpa edilmiş, habelə qəsəbələrin su təchizatı yaxşılaşdırılmış, abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Fondun maliyyə vəsaiti hesabına dini və tarixi-mədəniyyət abidələrinin ətraf ərazisi abadlaşdırılmış, insanların asudə vaxtlarını səmərəli keçirməsi üçün parklarda lazımi şərait yaradılmışdır. Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsində kütləvi kitabxanada yenidənqurma işləri aparılmış, Pirhəsən ziyarətgahının yenidən qurulması ilə bağlı işlər başa çatmışdır.

Fondun prezidenti Mehriban xanım Əliyeva respublikanın hər bir bölgəsinə, eyni zamanda paytaxt rayonlarına xüsusi diqqət və qayğı ilə yanaşır, sosial infrastrukturun yeniləşdirilməsi ilə bağlı həyata keçirilən dövlət siyasətinə töhfəsini verir. Regional inkişafa xidmət edən sosial layihələr sırasında Qaradağ rayonu Lökbatan qəsəbəsində 20 min sakinin su təminatının yaxşılaşdırılmasına imkan verən su kəmərinin çəkilişini, Şamaxı rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 16 mənzilli yaşayış binasının inşasını, istilik sistemi, ev əşyaları və zəruri avadanlıqla təmin edilməsini xüsusi qeyd etmək lazımdır.

Fondun respublikanın bütün regionlarını, hətta ən ucqar kəndləri əhatə edən layihələri isə, əsasən, təhsillə bağlı olmuşdur. Təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan bu məqsədlərə nail olmaq da qeyri-mümkündür. Azərbaycanın birinci xanımının birbaşa təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bu baxımdan cəmiyyətdə daha böyük əks-səda doğurmuşdur. Layihə çərçivəsində yalnız 2005-ci ildə Azərbaycanın ən müxtəlif bölgələrində rekord sayda - 132, sonrakı mərhələdə isə 100-dən artıq yeni məktəb binasının tikilərək istifadəyə verilməsi və lazımi avadanlıqlarla təchiz olunması dövlətin bu sahədə həyata keçirdiyi işlərə əvəzsiz töhfədir.

"İnsan doğularkən verilən ad onun bütün taleyinə təsir göstərir. Deyə bilmərəm, bu nəzəriyyə real həyatda özünü nə dərəcədə doğruldur, amma yaxşılıq, mərhəmət kimi anlayışlar mənim üçün, həqiqətən, ümdə anlayışlardır. Hər zaman öz fəaliyyətimdə çalışmışam ki, bir neçə amala əsaslanım. Bunlar vətənpərvərlik, insansevərlik və mərhəmətdir" deyən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ulularımızdan bizə miras qalan ali mənəvi dəyərləri öz fəaliyyətində yaşatmaqla həyatını xalqa həsr edən maarifpərvər ziyalılarımızın, nurlu insanlarımızın yolunu uğurla davam etdirir. Bu məsuliyyətli seçim ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, onun layiqli siyasi davamçısı - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük müvəffəqiyyətlə davam etdirdiyi strateji siyasət kursunun həyata keçirilməsinə, bu siyasətin hər bir vətəndaşın həyatında hiss olunmasına dəstək verməyə yönəlmişdir.

 

 

Gülağa TƏNHA,

xeyriyyəçi-şair

 

Azərbaycan.- 2009.- 23 avqust.- S. 3.