Qəbələdə Beynəlxalq musiqi festivalı başa çatmışdır
Heydər Əliyev Fondunun
dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan
Musiqi Xadimləri İttifaqının təşkilatçılığı
ilə Qəbələdə keçirilən Beynəlxalq
musiqi festivalı avqustun 22-də başa
çatmışdır. On gün davam etmiş festival çərçivəsində
gənc pianoçuların beynəlxalq müsabiqəsi,
klassik musiqi axşamları, muğam konserti
keçirilmişdir. Gənc pianoçuların müsabiqəsində
dünyanın 15 ölkəsindən 22 ifaçı
iştirak etmişdir.
Möhtəşəm
musiqi bayramının təntənəli bağlanış mərasimində
Milli Məclisin deputatı Fəttah Heydərov, İsrailin Azərbaycandakı
səfiri Mixael Lavon-Lotem və festivalın bədii rəhbəri,
SSRİ xalq artisti Fərhad Bədəlbəyli
çıxış etmişlər.
On gün ərzində
Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələdə
əsl musiqi bayramının yaşandığını
vurğulayan Fəttah Heydərov demişdir ki, bu Beynəlxalq
festival dostluq, sülh, əmin-amanlıq, səadət,
xoşbəxtlik bayramı olmuşdur. Belə gözəl
bayramı Azərbaycanımıza bəxş edən, bu
möhtəşəm tədbirin Qəbələdə
keçirilməsinin təşəbbüskarı Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya
dərin təşəkkürümüzü bildiririk. On
gün müddətində Azərbaycan dinləyicilərini və
tamaşaçılarını, Qəbələ əhalisini
öz uğurlu, gözəl ifaları ilə feyziyab etmiş
sənətkarlara minnətdarıq. On beş ölkəni təmsil
edən korifey musiqiçilərə, Azərbaycan sənətkarlarına
ürəkdən təşəkkür edirəm.
Festivalı möcüzəli
layihə adlandıran F.Heydərov, müxtəlif ölkələrdən
gələn sənətkarların tamaşaçıları
valeh etdiyini xüsusi vurğulamışdır. O, əmin olduğunu
bildirmişdir ki, festival təmsil olunmuş ölkələr
arasında dostluq və əməkdaşlığın
inkişafına yeni təkan verəcəkdir. Qeyd etmişdir
ki, tədbir həm də Azərbaycan təbiətinin, qonaqpərvərliyinin,
musiqisinin nümayişinə çevrilmişdir. Bu möhtəşəm
tədbir ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin
layiqli davamçısı Prezident İlham Əliyevin mədəniyyətə,
incəsənətə, sənət adamına
qayğısı, diqqəti sayəsində mümkün
olmuşdur.
Məhz dövlətimizin
başçısının yeritdiyi siyasət belə
möhtəşəm tədbirin keçirilməsinə imkan
vermişdir.
İsrailin ölkəmizdəki
səfiri Mixael Lavon-Lotem xatırlatmışdır ki, cəmi
iki həftədir ki, Azərbaycandadır, bu gün isə
gözəl Qəbələdədir. Səfir tədbirin təşkilatçısı
olan Heydər Əliyev Fonduna minnətdarlığını
bildirmişdir. Diplomat xüsusi vurğulamışdır ki,
festival heyrətamiz məkanda keçirilir. Bu musiqi bayramı
ölkələrimiz arasında mədəni əlaqələrin
inkişafına layiqli töhfədir. Söz verirəm ki, belə
tədbirlərin davamlı olaraq keçirilməsi
üçün səyimi əsirgəməyəcəyəm.
Səfir məlumat
vermişdir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə
İsraildən bir qrup tibb mütəxəssisi dəvət
olunmuşdur. Onlar eşitmə problemi olan xəstələri
müalicə edəcəklər. Bundan əlavə, bu
bölgədə yaşayan, eşitmə duyğusundan məhrum
16 yaşlı bir gəncə Heydər Əliyev Fondunun təşəbbüsü,
İsrail peşəkarlarının səyi ilə eşitmək,
bu festivalı dinləmək nəsib olmuşdur.
Festivalın bədii rəhbəri
Fərhad Bədəlbəyli qeyd etmişdir ki, hər
şeyin sonu olduğu kimi, bu möhtəşəm tədbirimiz
də başa çatır. Bu gözəl musiqi bayramına
görə Azərbaycanın birinci xanımına dərin
minnətdarlığımızı bildiririk. Biz bu on gün ərzində
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
diqqət və qayğısını daim hiss etmişik. Festivalın
uğurlu keçməsində əməyi olan bütün
insanlara təşəkkür edirəm. Öz iştirakları
ilə festivalı daha da rövnəqləndirmiş dünya
şöhrətli musiqiçilərə minnətdarlığımı
bildiriəm. Onlar gənc pianoçulara yorulmaq bilmədən
ustad dərsləri keçmişlər. İsrailin məşhur
Ranaana simfonik orkestrinin çıxışları uzun
müddət yaddaşlardan silinməyəcəkdir. Orkestr on
gün ərzində ən çətin proqramları yüksək
peşəkarlıqla ifa etmişdir.
Tədbir maraqlı yekun
konserti ilə başa çatmışdır. Konserti məşhur amerikalı dirijor Dmitri Yablonski idarə etmişdir.
Sonda Qəbələnin
gecə səmasını sürəkli atəşfəşanlıq
əlvan rənglərə boyamışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 23 avqust.- S.4.