Cəbrayıl rayonunun işğalından
16 il keçir
Sahəsi 104980 hektar olan
Cəbrayıl rayonu 1993-cü il 23 avqust tarixində erməni
işğalçıları tərəfindən zəbt
olunmuşdur.
Cəbrayıl rayonunda
respublika və rayon əhəmiyyətli 120-dək tarixi
memarlıq abidəsi, qiymətli ağac növlərindən
ibarət meşələr, böyük ehtiyata malik yeraltı
sərvətlər, özünün qeyri-adi flora və
faunası ilə seçilən Diridağın özünəməxsus
təbiət guşələri, mineral maddələrlə zəngin
su mənbələri erməni işğalçıları
tərəfindən dağıdılmış və məhv
edilmişdir.
Ekologiya və Təbii Sərvətlər
Nazirliyindən bildirmişlər ki, zəngin yeraltı sərvətlərə
və təbii gözəlliyə malik olan Cəbrayıl
rayonu 1930-cu ildə yaradılmışdır.
Cəbrayıl rayonunda
mişar daşı istehsalına yararlı və istismara cəlb
edilmiş ehtiyatları 2937 min kubmetr olan Tulus tuf, ümumi
ehtiyatları 5434 min kubmetr olan Çaxmaqçay, Soltanlı
tikinti qumu, ehtiyatları 296 min kubmetr olan kərpic
istehsalına yararlı Qaracallı gil, ehtiyatları 6644 min ton
olan sement istehsalına yararlı Göyərçin-Veysəlli
vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc,
ehtiyatları 5226 min ton olan əhəng istehsalına
yararlı Ağtəpə əhəngdaşı,
ehtiyatları 4130 min kubmetr olan Cəfərabad
qum-çınqıl qarışığı, ehtiyatları
504 ton olan Sahverdi yəşəm və ehtiyatları 1348 ton
olan Çaxmaqqaya xalsedon yataqları vardır.
Rayonda yaşı
200-1600 olan 14 ədəd iri diametrli Şərq çinarı
və digər qiymətli ağaclar, həmçinin
Dağtumas kəndində "Divlər sarayı" adlanan
mağara təbiət abidəsi kimi qorunurdu.
2006-2007-ci illər ərzində
erməni işğalçıları tərəfindən
rayonun 16 min hektardan artıq ərazisində yanğınlar
törədilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 23 avqust.- S. 4.