Cahana sığmayan şair

 

Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin dillər əzbəri olan bir beytində deyilir:

 

Məndə sığar ikən cahan,

Mən bu cahana sığmazam!

 

Fotomüxbirimizin Sumqayıt şəhərindən lentə aldığı bu əzəmətli abidəyə və zümrüd aləmə baxdıqca qəribə duyğular keçirirsən. Qəlblərdə abidələşmiş, dərin məzmunlu poeziyası ilə ədəbiyyatda əbədi yaşamaq hüququ qazanmış, uzaq Hələbdə uyuduğu torpağı ziyarətgaha çevrilmiş Nəsiminin sovet dövründə təqdimatı çox ziddiyyətli olmuşdu. Onu allahsızlar sırasına qoşmuşdular.

Halbuki yuxarıda nümunə gətirdiyimiz beytinin də sonrakı izahatlarında bildirilir ki, Nəsimi, əslində, "məndə sığar iki cahan" deyirmiş. Son illərin məlumatlarından da bəlli oldu ki, böyük şairin əbədi uyuduğu məkanda onu Şeyx Nəsimi çağırırmışlar. Bir fərəhli fakt da var ki, bəzi klassik şairlərimizdən fərqli olaraq, Nəsiminin şəcərəsi bu gün davam etməkdədir. Hələbdə bu unudulmaz ustadın nəsli-nəcabəti yaşamaqdadır. Cismi və ruhu zamanlara, məkanlara bölünmüş dahi şairin gənclik şəhəri Sumqayıtda ucaldılan möhtəşəm abidəsi də bu yaşıllığın qoynunda nə qədər mənalı və müdrik görünür.

 

 

Azərbaycan.- 2009.- 23 avqust.- S. 5.