Söz ağacının meyvələri

 

Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu il Uşaq ili elan edilmişdir. Uşaqlara diqqətin daha da artırılması, onların maddi və mənəvi cəhətdən kamilləşməsi yolunda müəyyən işlərin həyata keçirilməsi müntəzəm davam etməkdədir. Təbii ki, uşaqlara göstərilən qayğının içində təhsil və dərslik, ədəbiyyat məsələləri də öz əksini tapmaqdadır.

Mütəxəssislər bəzən haqlı olaraq bir fikri çox vurğulayırlar ki, əvvəlki dövrlərdən fərqli olaraq, son vaxtlar uşaq ədəbiyyatında bir zəiflik hiss olunur. Belə ki, ötən zamanlarda olduğu kimi, uşaqlar üçün mükəmməl hekayələr, nağıllar, şeirlər yazılmır. Yazılanlar da ya bədii və sənətkarlıq cəhətdən zəif olur, ya da uşaq psixologiyasına, yaşına uyğun gəlmir. Xüsusilə də orta məktəb dərsliklərində elə şeirlərə, mətnlərə rast gəlinir ki, nəinki şagirdlər, elə böyüklər üçün də anlaşılmaz olur.

Təsadüf elə gətirdi ki, orta məktəbin Əlifba, Ana dili kitablarını vərəqləyərkən orada bir şairin imzası diqqətimizi cəlb etdi. Bu, Rafiq Yusifoğlu idi. Həqiqətən də müəllifin şeirləri maraqlı və yaddaqalandır. Bu səbəbdən də imzası oxuculara yaxşı tanış olan, onlarla kitabın müəllifi Rafiq Yusifoğlunun uşaqlarla bağlı qələmə aldığı bir sıra kitabları, topluları nəzərdən keçirdik.

Fərəhləndirici bir faktın şahidi olduq ki, bu müəllifin Azərbaycan poeziyasında özünəməxsus yeri və dəst-xətti var. Təkcə balacalar üçün deyil, bütövlükdə hər kəs üçün mükəmməl və gözəl şeirlər yazmaqdadır. Belə bir aforizm var: "Şair söz ağacıdır". Sizə haqqında danışacağımız bu "söz ağacı"nın çox yaddaqalan, unudulmayan töhfələri var. Sadəlik, təbiilik, uşaq psixologiyasına dərindən bələdlik Rafiq Yusifoğlu şeirlərinin başlıca məziyyətlərindəndir. Əsərlərində dərin məzmun, ideya fikir var.

Əlinə qələm alan gündən ömrünü söz uğrunda girov qoyan Rafiq Yusifoğlu respublikanın əməkdar mədəniyyət işçisidir. Onu bəzən təqdim edəndə çətinlik çəkirsən. Ədəbiyyatşünas-alim, tərcüməçi, dramaturq, şair, pedaqoq, jurnalist və nəhayət, uşaqlar üçün çap edilən "Göyərçin" jurnalının baş redaktoru olan Rafiq Yusifoğlu bəlkə də hər gün gördüyümüz, səmimiyyətlə salamlaşdığımız, amma böyük poetik dünyasından ətraflı məlumatımız olmayan istedadlı söz sahibidir. Bioqrafiyasına nəzər salarkən maraqlı faktların şahidi olursan. 1985-ci ildən "Göyərçin" jurnalında müxtəlif vəzifələrdə çalışan Rafiq Yusifoğlu həm Sumqayıt, həm də Azərbaycan dövlət pedaqoji universitetlərinin professorudur. Bir alim kimi tədqiqat obyekti də məhz Azərbaycan poeziyası olub. Poema janrının inkişaf problemlərinə, sənətkarlıq xüsusiyyətlərinə aid elmi araşdırmalar aparıb. Bu sahənin tədqiqatı ilə əlaqədar həm namizədlik, həm də doktorluq dissertasiyaları müdafiə edib. Neçə-neçə şeir kitabının, monoqrafiyanın, dərsliyin, publisistik topluların, tərcümələrin müəllifidir. Əsərləri bir sıra dillərə tərcümə olunub, şeirlərinə mahnılar bəstələnib. Azərbaycan Dövlət Televiziyasının Qızıl Fondunda saxlanılan "Qəm karvanı" və "Bütün Azərbaycan əsgər olmalı" adlı televiya tamaşalarının müəllifidir.

Onun ömür karvanının yükü poeziya inciləridir. Həqiqətən də Rafiq Yusifoğlunun qələmindən çıxan hər bir şeir nümunədir, dərin poetik məzmuna, sənətkarlıq xüsusiyyətlərinə malikdir. Amma biz bu yazımızda Rafiq Yusifoğlunun məhz uşaqlar üçün qələmə aldığı şeirlərdən söz açacağıq. Nədir diqqətimizi cəlb edən? "Yurdum, yuvam", "Ətirli düymələr", "Ocaq yeri", "Aylı cığır", "Qəm karvanı", "Həsrət köçü", "Şirin yağış" və başqa kitabları ilə ədəbi ictimaiyyətin rəğbətini qazanan Rafiq Yusifoğlu həm də "Çiçək yağışı" adlı bir kitabın müəllifidir. Şairin bu kitabında əsasən uşaq şeirləri toplanıb. Duzlu-məzəli, tez yadda qalmaq qüdrətinə malik olan bu şeirlərdə əsl uşaq dünyası var.

Təqdirəlayiq haldır ki, Rafiq Yusifoğlu "Göyərçin"in kitabxanası" seriyasından uşaqlar üçün rəngli, nəfis tərtib olunmuş toplular çap etdirir. Hər bir toplunun öz mövzusu var. Müəllif çalışıb ki, bu toplularda işıq üzü görən yazılar uşaqların bilik və məlumatlarını daha da zənginləşdirsin, onların duyğu və düşüncələrinə təsir etsin, maraq dünyasına uyğun gəlsin və yadda qalsın. Demək olar ki, müəllif bu istəyinə nail olmuşdur. Bu toplular adi poetik nümunələrin bir araya gəldiyi nəşrlər deyil və təkcə uşaqlar üçün yox, böyüklər üçün də maraq kəsb edir. Məsələn, "Ulu yurd yerləri" adlı topluda vətənimizin qədim yaşayış yerlərindən söhbət açılır. Bu kitab tariximiz haqqında uşaqlara konkret məlumat verir. Qobustandan başlamış Qəbələyə kimi qədim yaşayış məskənlərindən danışılır. Diqqətçəkən bir məsələ də var ki, adı yalnız tarixdə qalan, özü isə xarabalığa çevrilmiş, bəzən də unudulmuş şəhərlər haqqında da uşaqlara maraqlı məlumatlar verilir. Məsələn, Şabran, Astabad, Şortəpə, Çardaxlı yaşayış yerləri haqqında da uşaqlara maraqlı bilgilər çatdırılır. Bu yazıların təsirini artıran vasitələrdən biri hər bir mətnə uyğun rəsmlərin çəkilməsidir.

"Günlərimiz, aylarımız" adlanan topluda isə ilin əlamətdar günlərinə şeirlər həsr edilib. Məsələn, "Orucluq bayramı", "Qurban bayramı", "Təzə il", "8 Mart", "Novruz bayramı" kimi mərasimlərlə bağlı şeirlərlə yanaşı, tariximizdə işıqlı və qara səhifələri əks etdirən günlər haqqında da poetik nümunələr diqqət çəkir. Uşaqlar bu şeirləri əzbərləməklə həm həmin günləri yadda saxlayır, həm də gözəl bir şeirin məzmunu ilə tanış olurlar. Ramazan bayramı ilə bağlı yazılan şeirin son bəndinə fikir verək:

 

İnsana yaraşarmı

Tamahına qul olsun?

Qəlbi saf olanların

Orucu qəbul olsun!

 

"Ana dilim" adlı toplu daha maraqlıdır. Burada ana dilimizin özündən tutmuş Əlifba kitabına, fonetikaya, hətta nitq hissələrinə, cümlə üzvlərinə, durğu işarələrinə, eləcə arxaikləşmiş sözlərə aid şeirlər var. Bu şeirlərin hər biri öyrədici mahiyyət daşıyır. "İsim" adlı şeirə diqqət yetirin:

 

Bu dünyada nə varsa:

Ağac, torpaq, daş, adam.

Hər şey, hər şey isimdi,

İsim addı, mən adam.

Budaq mənəm, bar mənəm,

Alma, heyva, nar mənəm.

Həm tikan, həm güləm mən,

Qarışqayam, filəm mən.

Həm quzuyam, həm otam,

Həm suyam, həm odam.

Maşın mənəm, at mənəm,

Quş mənəm, qanad mənəm,

Günəş mənəm, Ay mənəm,

Bulaq mənəm, çay mənəm.

Səmayam, ulduzam mən,

Oğlanam mən, qızam mən.

Ocaq mənəm, köz mənəm,

Çörək mənəm, duz mənəm.

 

Bu topluda, həmçinin, cinaslı şeirlər də verilib. Uşaq təfəkkürünü inkişaf etdirmək baxımından bu nümunələrin əhəmiyyəti böyükdür. Həm uşağın dili inkişaf edir, həm də eyni sözlərin ayrı-ayrı məna daşıdığını da anlaya bilir. Məsələn:

 

Nə soruşsan, Qara dinməz,

Adı qalıb qaradinməz.

 

***

Evimdədi Gülgəzim,

Niyə çöldə gül gəzim?

 

***

Tutmaq üçün bu qurdu,

O tələni bu qurdu.

 

Ayrı-ayrı əşyalar haqqında yazılan şeirlər də çox mənalı və lakonikdir.

Rafiq Yusifoğlunun "Zamanın qatarı" adlı toplusunda isə fəsillər haqqında şeirləri toplanıb.

Zamanı qatara bənzədən müəllif hər fəsli bu qatarın bir vaqonu adlandırıb. "Hər vaqonun isə üç kupesi var. Hər ay bir kupedir. Hər kupedə 28, 29, 30, ya 31 gün əyləşir. Günlərin içində saatlar, saatların içində dəqiqələr, dəqiqələrin içində saniyələr yol gedir". Bax beləcə, zamanın qatarı şeirlərə çevrilir. Bahar, yay, payız, qış öz rənginə uyğun libas geyərək balaca oxucuların yaddaşında dərin iz salır. Hər bir şeirin özünün mənası və məzmunu var. Məsələn, "Payız" şeiri:

 

Çən yığılıb indi uca dağlara,

Gəldi payız bağçalara, bağlara.

Çöldə çiçəklər saralıb soldular,

Bağda xəzəllər nə qədər boldular!

Yarpağını tökdü ağaclar yerə,

Sapsarı paltar geyinib dağ-dərə.

 

Gözlərimiz önündə qızıl payızın mənzərələri açılır.

Rafiq Yusifoğlunun növbəti toplusu "Yollar" adlanır. Bu da təsadüfi deyil. Həqiqətən də insan həyatını yolsuz təsəvvür etmək qeyri-mümkündür. Yol insanı harasa aparır. Yol həm də mədəniyyətin əsas göstəricilərindən biridir. Yolla bağlı müxtəlif müdrik fikirlər, aforizmlər də var. Elə ifadələr var ki, onların mənası daha dərindir. Məsələn, yola salmaq, yoluna qoymaq, yoldan çıxarmaq, yola vermək, yola gətirmək. İçində "yol" sözünün olmasına baxmayaraq, bu ifadələrin hərəsinin məhz öz mənası var. Cığırların böyük yollara birləşməyi, şose yolları, dəmir yolları, hava yolu, dəniz yolu - bütün bunlar haqqında yaddaqalan şeirlər diqqəti cəlb edir. Xüsusilə də yol göstəriciləri və işıqfor haqqında yazılan şeirlər daha maraqlıdır. Toplunun sonluğu daha təsirli başa çatır: "Dünyada yollar çoxdur. Ancaq təəssüf ki, ulu yurd yerlərimizə gedən yollar üzümüzə bağlanıb. Düşmən tapdağı altında qalan torpaqlarımızın gözü igid oğulların, qızların yoluna dikilib..." Bu fikirdən sonra isə müəllifin "Yol" adlı şeiri əsil çağırışdır, vətən harayıdır.

 

El yolunda ocaq ol,

Yad gözünə bıçaq ol.

 

Növbəti toplunun adı isə "Qızıl balıq" adlanır. Burada dünya xalqlarının nağılları toplanıb.

Rafiq Yusifoğlu ingilis, monqol, Braziliya, island, Norveç, hind, Koreya və digər xalqların folklorundan etdiyi tərcümələri uşaqlara təqdim edir. Bu da kiçik oxucuların dünya ədəbiyyatından xəbər tutmasına kömək edir.

Uşaq ədəbiyyatı ilə bağlı Rafiq Yusifoğlunun gördüyü işlər çoxdur. Həqiqətən də qələm dostumuz bu sahədə özünəməxsus cəfakeşlik göstərir. Onun yaradıcılığı ilə bağlı fikir söyləyən mütəxəssislər bildirirlər ki, Rafiq Yusifoğlu həm uşaq mətbuatının naşiri kimi səmərəli iş aparır, baş redaktoru olduğu "Göyərçin" jurnalında uşaq ədəbiyyatının nümunələrini dərc edir, həm də dünya folklorunu balaca oxuculara çatdırır. Digər tərəfdən də alim-publisist kimi səmərəli fəaliyyət göstərir.

İnsan mənəviyyatı haqqında, təbiət, vətən mövzusunda poetik əsərlər yaradır.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 23 avqust.- S. 5.