Salnamədən gələn səslər

 

Kinoşünas, əməkdar mədəniyyət işçisi Aydın Kazımzadə uzun illər Azərbaycan kino tarixinin salnaməsi üzərində işləyərək filmlərin izahlı kataloqunu (iki cilddə) hazırlayaraq oxuculara təqdim etdi. Təqdirəlayiq haldır ki, müəllif müxtəlif illərdə ölkəmizdə istehsal olunmuş bədii və cizgi filmlərini xronoloji ardıcıllıqla qruplaşdırmışdır. O bu sahədə böyük fədakarlıq göstərmişdir. Müxtəlif kinostudiyalarda, muzeylərdə, eləcə də kino işçilərinin şəxşi arxivlərində çalışaraq maraqlı məlumatlar, fotoşəkillər toplayıb üzə çıxarmışdır. "Azərbaycan kinosu" adlanan ikicildlikdən həm mədəniyyət və incəsənət işçiləri, kino mütəxəssisləri, həm də tələbələr faydalana bilərlər.

 

"Sevil"

 

Bu il 80 yaşı tamamlanan "Sevil" filmi böyük dramaturq Cəfər Cabbarlının eyni adlı pyesinin motivləri əsasında çəkilmişdir. Bu səssiz filmin rejissoru A.Bəynəzərov, ssenari müəllifi Cəfər Cabbarlıdır. Sevil rolunu ilk azərbaycanlı kinoaktrisa İzzət Orucova yaradıb. Məlumat üçün deyək ki, İzzət Orucova sonralar tədqiqatla məşğul olaraq ömrünü elmə bağlayıb. Müqtədir aktyor Ağasadıq Gəraybəyli isə Balaşı təqdim edib. Filmdə Mustafa Mərdanov, Lətif Səfərov və başqaları çəkilmişlər.

Filmdə əsas mövzu qadın azadlığıdır. Sevil savadsız bir qadındır. Ər evində hər cür təhqirə, əzaba məruz qalır. Əri Balaş ona ömür-gün yoldaşı kimi deyil, qul kimi baxır. Münasibətlərində meşşanlıq, nadanlıq duyulur. "Sevil" Azərbaycan kino tarixinin şərəfli səhifələrindən biridir.

 

"Kəndlilər"

 

"Sevil"dən 10 yaş kiçik olan "Kəndlilər" filminin rejissoru Səməd Mərdanovdur. Film Azərbaycanda gedən inqilabi hərəkatdan və o dövrdə baş verən çevrilişlərdən, hadisələrdən bəhs edir. Səməd Mərdanov ali kino təhsili almış ilk professional azərbaycanlı kinorejissordur. Maraqlıdır ki, bu film unudulmaz kino fədaisinin ilk müstəqil işidir.

Tarixi-inqilabi mövzuda çəkilmiş bu filmdə o dövrün çox məşhur aktyorları - Ələsgər Ələkbərov, Sidqi Ruhulla, Rza Əfqanlı, Möhsün Sənani, Mustafa Mərdanov, Rza Darablı, Atamoğlan Rzayev, Mikayıl Mikayılov, Əlisəttar Məlikov, Əli Qurbanov, Tamara İsgəndərova b. iştirak edib.

Toxunduğu mövzudan asılı olmayaraq bu film Azərbaycan kino tarixinin yaddaqalan sənət incilərindən biridir. 70 ildir ki, bu filmə maraqla baxılır.

 

 

Bəhruz NİFTƏLİYEV,

Azərbaycan Dövlət Mədəniyyət

İncəsənət Universitetinin magistrantı

 

Azərbaycan.- 2009.- 23 avqust.- S. 5.