Azərbaycanın bölgələri tarazlı inkişaf edir
Azərbaycanda son beş
il yarımda uğurla davam etdirilən iqtisadi siyasət xətti
ölkənin hər bir vətəndaşının maddi
rifah halının daha da
yaxşılaşdırılmasına, dünya
iqtisadiyyatına sıx inteqrasiyaya geniş imkanlar
açmışdır. Ölkənin təbii sərvətlərindən,
əlverişli coğrafi-strateji mövqeyinin
üstünlüklərindən milli mənafelərimizə
uyğun şəkildə istifadə edilməsi, irimiqyaslı
qlobal layihələrin həyata keçirilməsi sahəsində
böyük nəticələr əldə edilmişdir. Belə
iqtisadi layihələrin həyata keçirilməsində
aparıcı rol oynayan Azərbaycan yerləşdiyi regionda
lider dövlət statusunu qoruyub saxlamışdır.
Azərbaycanın siyasi,
iqtisadi, ictimai və mədəni həyatının
bütün sahələrində həyata keçirilən
kompleks islahatlar bugünkü uğurları şərtləndirmişdir.
Dövlət başçısı İlham Əliyev
prezidentlik səlahiyyətlərinin icrasına
başladığı ilk gündən bildirmişdir ki,
demokratik dövlət insanların birgə fəaliyyətinin
təşkili və tənzimlənməsinin mühüm
şərti, onların qarşılıqlı münasibətlərinin
qaydaya salınmasının, cəmiyyətdə
nizam-intizamın və sabitliyin başlıca təmini vasitəsidir.
Bu yolla irəliləyən dövlətlərin əksəriyyətində
ictimai-siyasi sabitliyin möhkəm təmələ söykənməsi,
insanların iqtisadi azadlığı, yüksək maddi rifah
halı, vətəndaş-cəmiyyət münasibətlərinin
ahəngdarlığı, şəxsiyyətin mənafelərinin,
hüquq və azadlıqlarının maksimum səviyyədə
qorunması, qanunun aliliyi prinsipinə bütün səviyyələrdə
əməl olunması demokratiyanın optimal idarəetmə
üsulu kimi dominantlığını təmin etmişdir. Həyatın
bütün sahələrində dövlətin hüquqi
bazasının möhkəm təməllər üzərində
qurulması, ictimai ədalət prinsiplərinə ciddi riayət
olunması həmin dövlətdə sabitliyin, vətəndaş
həmrəyliyinin və dinamik iqtisadi inkişafın
başlıca təminatlarından biridir.
Müasir dövrdə
demokratiyanın inkişafı, qanunçuluğun təminatı
həm də sosial rifah, iqtisadi tərəqqi amilləri ilə
şərtlənir. Müasir politoloji nəzəriyyələr
də birmənalı təsdiqləyir ki, hər bir dövlətdə
demokratikləşmə prosesinin inamla həyata keçirilməsi,
insan hüquq və azadlıqlarının etibarlı təminatı
üçün ilk növbədə insanın
azadlığını təmin edən iqtisadi mühit
olmalıdır.
Azərbaycan ümumi
daxili məhsulun artım tempinə görə dünyada yenə
də birinciliyini qoruyub saxlayır. Dünyanın iqtisadi cəhətdən
ən qüdrətli dövlətlərinə qlobal maliyyə
böhranı ciddi təsir göstərsə də, Azərbaycan
rəhbərliyinin gördüyü qabaqlayıcı tədbirlər
və uğurlu iqtisadi siyasət strategiyasınn nəticəsində
ölkəmiz bu böhrandan yan keçə bildi. Prezident
İlham Əliyev bildirmişdir: "Təxminən bir ilə
yaxındır ki, dünyanın əksər ölkələrində
ciddi iqtisadi problemlər yaşanır.
Azərbaycanda isə
iqtisadiyyat uğurlu inkişafında davam edir. Bu ilin
birinci yarısında ümumi daxili məhsul 3,6 faiz
artmışdır. Çox sevindiricidir ki, qeyri-neft sektorunda
artım 4,1 faiz təşkil etmişdir. Bu, çox gözəl
göstəricidir və onu göstərir ki, bizim
iqtisadiyyatımız və ümumiyyətlə, ölkəmizin
gələcəyi neft amilindən daha az asılıdır. Əlbəttə,
neft-qaz sektorunun inkişafı, bu sahədə görülən
işlər bizim iqtisadi imkanlarımızı böyük dərəcədə
genişləndirmişdir. Biz də bu gözəl imkanlardan səmərəli
istifadə etdik və iqtisadiyyatımızın digər
sektorlarının inkişafı üçün əməli-praktik
işlər görülmüşdür.
İlin birinci
yarısında sosial məsələlərin həlli də
uğurla davam edir, bütün sosial proqramlar həyata
keçirilir. Məktəb, xəstəxana tikintisi, digər
sosial proqramlar icra edilir. Ünvanlı sosial yardım alan
insanların sayı 800 minə çatmışdır və
orta hesabla hər bir ailəyə yüz manat yardım göstərilmişdir.
Bu da çox böyük məbləğdir və çətin
vəziyyətdə yaşayan soydaşlarımızın
sosial vəziyyətinin yaxşılaşdırılması
üçün Azərbaycan dövləti tərəfindən
görülən konkret tədbirdir".
Prezident İlham Əliyev
tərəfindən təsdiq edilən sosial-iqtisadi inkişaf
proqramlarının uğurla davam etdirilməsi əhalinin rifah
halının yüksəlməsinə, bölgələrin
tarazlı inkişafına, yeni infrastrukturların
yaradılmasına, sahibkarlıq mühitinin genişləndirilməsinə
geniş imkan açmışdır. Son beş ildə
ölkə üzrə yeni yaradılan müəssisələrin
40 faizinin, iş yerlərinin isə 80 faizinin regionların
payına düşməsi deyilənləri bir daha təsdiq
edir. 2004-2008-ci illəri əhatə edən regional inkişaf
proqramının keyfiyyətlə icra olunması nəticəsində
bütün rayonların siması dəyişmiş, paytaxtla
bölgələr arasında kəskin inkişaf fərqi
aradan qaldırılmışdır. Proqramda qarşıya
qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi
və son beş ildə bütün sahələrdə əldə
olunmuş yüksək nailiyyətlər 2009-2013-cü illəri
əhatə edən yeni Dövlət Proqramının
hazırlanmasını labüd etmişdir. Prezident İlham Əliyevin
təsdiq etdiyi respublikanın regionlarının sosial-iqtisadi
inkişafına dair II Dövlət Proqramı
qarşıdakı illərdə dinamik inkişafın davam
etdirilməsinə, investisiya mühitinin daha da
yaxşılaşdırılmasına, qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsinə, əhalinin
sosial durumunun daha da yaxşılaşdırılmasına
imkan yaradacaqdır. Dövlət Statistika Komitəsinin verdiyi məlumata
görə, cari ilin yanvar-iyun ayları ərzində ölkədə
36 min 565 yeni iş yeri açılmışdır. Bu
müddət ərzində iş yerlərinin 13,3 faizi yeni,
15,2 faizi mövcud, 0,9 faizi fəaliyyətini bərpa edən
müəssisələrdə, 70,6 faizi isə fiziki şəxslər
tərəfindən açılmışdır. Yeni
açılan iş yerlərinin 71,1 faizinin regionların
payına düşməsi aparılan iqtisadi siyasət
strategiyasının məqsədyönlülüyündən
xəbər verir.
Makroiqtisadi nailiyyətlər
müxtəlif sahələrdə sosial rifaha, iqtisadi
azadlığa və səmərəli təşəbbüskarlığa
yönələn, hər bir vətəndaşın həyatında
kardinal dəyişikliklərlə müşayiət olunan,
demokratik islahatların dərinləşdirilməsi yolu ilə
insan amilinin inkişafına xidmət edən liberal
islahatları dinamizmlə gerçəkləşdirmək
imkanı yaradır. Bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə
özünə dayaqlar tapması, özəl sektorun
inkişafına yaradılmış şərait,
iqtisadiyyatın liberallaşdırılması uğurlu
iqtisadi siyasətin müsbət nəticələridir. Ölkədə
minimum əməkhaqlarının, büdcə təşkilatlarında
çalışan işçilərin məvaciblərinin,
sosial pensiya və müavinətlərin davamlı
artırılması dövlətin vətəndaşlara olan
diqqət və qayğısının bariz təcəssümüdür.
Ölkəmizdə
iqtisadi islahatların uğurla aparılması və əldə
olunan müsbət irəliləyişlər nüfuzlu beynəlxalq
maliyyə qurumlarının hesabatlarında da əks
olunmuşdur. Azərbaycanın iqtisadi potensialının ildən-ilə
artması iqtisadiyyatımıza daha böyük həcmdə
xarici investisiyaların yatırılmasına geniş imkanlar
açmışdır. Dünyanı bürüyən maliyyə
böhranına baxmayaraq, nüfuzlu şirkətlərin
ölkə iqtisadiyyatına investisiya yatırmaları Azərbaycanda
əlverişli biznes mühitinin olduğunu sübuta yetirir. Bu
ilin yeddi ayının makroiqtisadi nəticələri göstərir
ki, Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edir.
E.HACIALIYEV
Azərbaycan.- 2009.- 25
avqust.- S. 1.