Vətəndaşlıq, ziyalılıq insanpərvərlik örnəyi

 

Qloballaşmanın diktə etdiyi qarşısıalınmaz proseslər fonunda Azərbaycan xalqına xas zəngin dəyərlər sisteminin qorunub saxlanılması və inkişaf etdirilməsi, ilk növbədə, milli genefondun saflığının təmini baxımından xüsusi aktuallıq kəsb edir. Bu aktuallıq geostrateyi mövqeyinə görə çeşidli dünyagörüşü və həyat tərzinin, mədəni dəyərlərin, dini konfessiyaların qovuşduğu Azərbaycanın milli-etnik tərkibi etibarilə dünyanın tolerant dövlətlərindən biri olması ilə şərtlənir. Əsrlərin sınağından çıxmış mədəniyyətini, əxlaqi dəyərlərini, adət-ənənələrini hifz etməyi bacaran xalqımız ümumbəşəri mütərəqqi dəyərlərə tolerant münasibət bəsləməklə müasirliyə və yeniliyə can atır. Ölkə vətəndaşları bu mürəkkəb sosiomədəni prosesin təkcə coğrafi deyil, həm də mənəvi təzahürünü, Qərb və Şərq mədəniyyətinin dialoqunu da öz gündəlik həyatında hiss edirlər.

Təsadüfi deyildir ki, xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycanda mədəni müxtəlifliyin təmin olunmasında, bəşəriyyətin nicatına, insanlığın yüksəlişinə xidmət edən nəcib və humanist dəyərlərin inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır.

Azərbaycanın birinci xanımı xalqımızın milli varlığının və özünəməxsusluğunun təcəssümü kimi əsrlər boyu formalaşmış zəngin mənəvi irsi, milli düşüncə və dəyərlər sistemini, intellektual mülkiyyətini yad təsirlərdən qorumaq, zəngin mədəniyyətini bəşər miqyasında təbliğ etmək kimi çətin və şərəfli vəzifənin öhdəsindən layiqincə gəlir. İstər mənəvi dəyərlərin qorunması, istər elm və təhsilin səviyyəsinin yüksəldilməsi, istərsə də səhiyyənin inkişafı, insanların fiziki və mənəvi sağlamlığının təminatı yönümündə həyata keçirdiyi mühüm layihələr Mehriban xanım Əliyevanın fəal vətəndaşlıq mövqeyində dayanmasının, yüksək məsuliyyətinin təzahürüdür.

Milli mədəniyyətin sadiq keşikçisinə çevrilmiş Heydər Əliyev Fondu, ilk növbədə, ulu öndərin müdrikliyə əsaslanan həyat fəlsəfəsini, xalqa xidmət missiyasının əbədiyaşarlığını təmin edən mühüm ideoloji-humanitar mərkəzdir. Qurumun başlıca məqsədi Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsinə və təbliğinə xidmət edən irimiqyaslı proqramları himayə etmək, xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaq, respublikamızın nüfuzunu artırmaq kimi strateji əhəmiyyətli vəzifələrdən ibarətdir.

Ulu öndər Heydər Əliyevin adı ilə bağlı qurumun yerləşdiyi əzəmətli bina da bu gün milyonlarla insan üçün, sözün əsl mənasında, mənəviyyat məbədinə, ümid və güvənc yerinə çevrilmişdir. Qarşıya qoyduğu xeyirxah niyyətlərlə mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf idealların ictimai şüurda möhkəmlənməsinə çalışan Heydər Əliyev Fondu məhz bunun sayəsində son 5 ildə nəinki respublika hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuz və etimad qazana bilmişdir. "İstər YUNESKO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir", - deyən Azərbaycanın birinci xanımı bu seçimi ilə milyonlarla insanın umid, pənah yerinə çevrilmişdir.

Xalqımızın milli mədəniyyətinin sadiq keşikçisinə çevrilmiş Heydər Əliyev Fondunun beşillik yubileyinin respublika miqyasında əlamətdar hadisələrdən biri kimi qeyd olunması da onun cəmiyyət həyatındakı əlahiddə mövqeyinin və nüfuzunun əyani göstəricisi kimi vurğulana bilər. Azərbaycanın birinci xanımının dövlət başçısı İlham Əliyevin 5 may 2009-cu ildə imzaladığı sərəncamla "Heydər Əliyev mükafatı"na layiq görülməsi də onun əzmkar fəaliyyətinə verilən adekvat qiymətdir. Dövlət başçısı İlham Əliyev beşillik yubileyi ilə bağlı keçirilən tədbirdə fondun fəaliyyətini yüksək dəyərləndirdiyini bir daha vurğulamışdır. Cənab İlham Əliyev qısa müddətdə böyük layihələri uğurla gerçəkləşdirməyə nail olmuş Heydər Əliyev Fondunun cəmiyyətdə böyük inam və etimad qazandığını razılıqla qeyd etmişdir: "Son beş il ərzində Heydər Əliyev Fondu, sözün əsl mənasında, ümumxalq fondu olmuşdur. Bu fondun xətti ilə aparılan işlər, görülən tədbirlər, irəli sürülmüş təşəbbüslər göz qabağındadır. İstər təhsil, istər səhiyyə sahəsində, mədəniyyət sahəsində, mənəvi irsin qorunması işində, Azərbaycanın dünya birliyində təbliğ edilməsi işində, Azərbaycanın olduğu kimi təqdimatı işində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılması işində Heydər Əliyev Fondunun rolunu mən çox yüksək qiymətləndirirəm. Bu fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Bu fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən "Xoş niyyət" deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük".

YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın milli-mənəvi irsin qorunması, Azərbaycan mədəniyyətinin təbliği istiqamətindəki xoşməramlı fəaliyyəti 15 ilə yaxın bir dövrü əhatə edir. Hələ 1995-ci ildə "Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondunu yaradan Mehriban xanım Əliyeva yüksək təşəbbüskarlığı, idarəçilik keyfiyyətləri ilə milli mədəniyyətin böhrandan çıxarılmasına və yüksəlişinə köməyini əsirgəməmişdir. Qədim ənənələrə xas Azərbaycan xalqının maddi və mənəvi mədəniyyət nümunələrinin, incəsənətinin, folklorunun, musiqisinin qorunması, habelə dünya miqyasında təbliğ olunması məqsədilə 1996-cı ildən "Azərbaycan-İrs" jurnalının nəşrə başlaması da təqdirəlayiq məqam kimi xatırlanmalıdır. Azərbaycan, rus, ingilis dillərində işıq üzü görən jurnalda son 10 ildə milli mədəniyyətimizin, tarixi irsimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi vacibliyi ilə bağlı çoxsaylı məqalələr işıq üzü görmüşdür. Azərbaycanın mədəniyyəti və incəsənəti ilə əlaqədar ən aktual problemlərin, böyük məzmun yükünə malik materialların dərc edildiyi "Azərbaycan-İrs" jurnalı ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və təbliği işinə də böyük dəstək olmuşdur.

"Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondu bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə milli mədəniyyətimizin üzləşdiyi taleyüklü problemləri, qarşıda duran məqsəd və vəzifələri düzgün müəyyənləşdirərək onların həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Ötən müddətdə musiqi təhsilinin inkişafı və gələcək nəslin maarifləndirilməsi işi fondun diqqət mərkəzində olmuş, müntəzəm olaraq keçirilən xeyriyyə konsertləri mədəniyyətimizin zəngin ənənələrinin qorunması məqsədinə xidmət etmişdir. 1996-cı ildən Azərbaycanda musiqi gimnaziyası və musiqi məktəbi əsaslı təmir edilmiş, minlərlə yeniyetmə və gəncin, ələlxüsus imkansız ailələrdən olan gənclərin yüksək musiqi təhsili almasına əlverişli imkan yaradılmışdır.

BMT-nin ali humanitar qurumu olan YUNESKO qarşısında "Qafqaz xalq ənənələri evi"nin yaradılması təşəbbüsü ilə çıxış etməsi Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyətinin sistemli və ardıcıl xarakter daşıması ilə şərtlənir. Belə bir qurumun təşkili Qafqaz xalqlarına məxsus mədəni irsin qorunması və təbliği sahəsində son dərəcə mühüm addım ola bilər. Bu təşəbbüsün irəli sürülməsi, eyni zamanda, dünyada maddi və qeyri maddi irsin qorunub saxlanması vəzifəsini yerinə yetirən YUNESKO-nun həmin layihə çərçivəsində əməkdaşlığa dəvət edilməsi bir neçə cəhətdən mühüm əhəmiyyət daşıyır. Bununla təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqaz xalqlarının zəngin maddi-mənəvi mədəniyyət abidələrinin qorunması və təbliği məqsədi ön plana çəkilir. "Qafqaz xalq ənənələri evi"nin yaradılması tarix boyu Azərbaycanın təkcə torpağına deyil, həm də zəngin mədəniyyət nümunələrinə, incəsənətinə, musiqisinə, mətbəxinə göz dikən, onları özününküləşdirməyə çalışan bədnam ermənilərin cəfəng iddialarının qarşısının alınması, eyni zamanda, Avropa Birliyinin təşəbbüsü ilə Qafqaz regionunda həyata keçirilən "Yeni qonşuluq siyasəti"nin səmərəliliyi baxımından da son dərəcə vacib əhəmiyyət kəsb edir.

2005-ci ilin martında Parisdə - YUNESKO-nun qərargahında "Qarabağ xanəndələri" albomunun təqdimat mərasiminin keçirilməsi, qurumun qeyri-maddi irsinin şah əsərləri siyahısına muğamın və aşıq sənətinin də daxil edilməsi, eyni zamanda, Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulması fondun fəaliyyətinin kifayət qədər geniş spektri əhatə etdiyini göstərir.

YUNESKO xətti ilə hazırlanmış alboma "Qarabağ xanəndələri" adının verilməsi Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu, muğamın isə bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi sayıldığını nümayiş etdirmişdir. Albomun təqdimat mərasimində Mehriban xanım Əliyeva demişdir: "Bu albomla tanış olanda hiss etmisiniz ki, biz onu nə qədər məsuliyyətlə, digər tərəfdən də böyük məhəbbətlə hazırlamışıq. Heç də təsadüfi deyil ki, bizim ilk layihəmiz Qarabağ xanəndələrinə həsr olunmuşdur. Biz Qarabağ torpağının acısını, Azərbaycanın haqq səsini muğam vasitəsilə bütün dünyaya çatdırırıq".

2009-cu ilin mart ayında Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən Beynəlxalq muğam festivalı Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması və təbliği istiqamətində mühüm tədbirlərdən biri kimi yadda qalmışdır. Tədbirdə YUNESKO-nun baş direktoru Koişiro Matsuura, habelə dünyanın 17 ölkəsindən çoxsaylı qonaqlar iştirak etmişlər.

Heydər Əliyev Fondu tarixi abidələrin qorunması üçün həyata keçirilən tədbirlərdə də yaxından iştirak edir. Gəncə şəhərindəki Cavadxan türbəsi, habelə "Comərdi Qəssab" məqbərəsi, Bakının Şüvəlan qəsəbəsindəki Pirhəsən ziyarətgahı, Abdulla Şaiqin ev-muzeyi əsaslı təmir edilmişdir. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı ev-muzeyinin müasir tələblər səviyyəsində təmir olunması fondun həyata keçirdiyi xeyirxah layihələrdən biridir.

Azərbaycanda müasir informasiya texnologiyalarının inkişafı, respublikamızın virtual dünyaya çıxış imkanlarının genişləşdirilməsi də fondun əhəmiyyətli fəaliyyət istiqamətlərindən biri kimi vurğulanmalıdır. 2005-ci ildə həcminə və keyfiyyətinə görə ölkədə analoqu olmayan "Azərbaycan" informasiya portalının yaradılması internet reallığının həyatımızın ayrılmaz tərkib hissəsinə çevrildiyi müasir dövrdə Azərbaycan gerçəkliklərinin təbliği baxımından vacib əhəmiyyət daşıyır. Ermənilərin güclü təbliğat maşınının yaydığı yalanları ifşa etmək, əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün "Azərbaycan" portalında yaradılan bölmədə Qarabağın tarixi, Dağlıq Qarabağ problemi və erməni məsələsi, Azərbaycana qarşı erməni təcavüzü, Xocalı soyqırımı, humanitar fəlakət, erməni terrorizmi, Azərbaycan ərazilərinin işğalının ağır nəticələri haqqında məlumat toplanmış, tarixi sənədlər verilmişdir. "Xəbərlər" bölməsinin təqvim arxivi yaradılmışdır ki, onun da köməyi ilə günün istənilən məlumatı ilə tanış olmaq mümkündür.

Cəmiyyətdə fəal maarifçilik xətti yeritməklə klassiklərin mütərəqqi ənənələrini davam etdirən Heydər Əliyev Fondunun son 5 illik fəaliyyəti elmə və təhsilə qayğı nümunələri ilə zəngindir. Bu da təsadüfi deyildir - müasir dövrdə elmi-intellektual potensial hər bir xalqın mütərəqqi inkişafının vacib şərti kimi çıxış edir. Müasir gerçəkliklər fonunda dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsi, cəmiyyətdə hamı üçün bərabər təhsil imkanlarının yaradılması, yeni məktəblərin, təhsil ocaqlarının inşası, gənc nəslin kompüter və informasiya texnologiyalarına dərindən yiyələnməsi məsələləri fondun xüsusi diqqət mərkəzindədir. Mötəbər qurumun elmin, təhsilin dinamik inkişafı, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, bugünün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi üçün məqsədyönlü tədbirlər həyata keçirməsi, ilk növbədə, vətənpərvərlikdən irəli gəlir. Azərbaycanın birinci xanımı ulu öndərin əsasını qoyduğu, Prezident İlham Əliyevin isə layiqincə davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir.

Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda bu sahəni çağdaş dövrün tələbləri səviyyəsinə yüksəltməkdir. Bunun üçün ölkədə müasir tipli yeni məktəb binalarının tikilməsi, tədris prosesində normal şəraitin yaradılmasının zəruriliyini düzgün qiymətləndirən fond qarşıya qoyduğu strateji hədəflərə doğru inamla addımlamış, bir sıra uğurlu nəticələr əldə etmişdir. "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində son illər ərzində fondun xətti ilə inşa edilmiş 238 məktəb müasir lazımi avadanlıq, maddi-texniki ləvazimat, istilik sistemi, zəngin kitabxana və kompüter dəstləri ilə təchiz olunmuşdur.

Heydər Əliyev Fondu milli təhsil sisteminin inkişafı naminə bir sıra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı da vacib sayır. Qurumun təşəbbüsü ilə Azərbaycanla YUNESKO arasında təhsil sahəsində bir neçə istiqamətdə əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu əlaqələr əsasən "Təhsil hamı üçün" proqramını, "Assosiativ məktəblər", texniki-peşə sahəsində əməkdaşlıq, inkluziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedralarının yaradılması və digər sahələri əhatə edir. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da ikitərəfli əməkdaşlığa daxil olan əsas məsələlərdəndir. YUNESKO kimi böyük imkanlara malik nüfuzlu beynəlxalq təşkilatın bəzi pilot layihələrinin sınaqdan keçirilmə məkanı kimi məhz Azərbaycanı seçməsi ölkəmizdə reallaşdırılan islahatların uğurlu nəticələr verəcəyinə böyük inamın təzahürüdür.

Fond təhsildə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində də böyük işlər görür. BMT İnkişaf Proqramı ilə imzalanmış saziş bu baxımdan ciddi əhəmiyyətə malikdir. Bu sazişin nəticəsi olaraq Azərbaycanda kor və görmə qabiliyyəti zəif olan insanların informasiya və kommunikasiya texnologiyalarına çıxışını təmin edən layihənin həyata keçirilməsinə başlanılmışdır. Azərbaycanda 320 min əlil insan yaşayır, onlardan 40 mini görmə qabiliyyəti zəif olan şəxslərdir. Layihə bu insanların cəmiyyətə qovuşmasına, onların informasiya kommunikasiyaları vasitələrilə bilik və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, məşğulluğunun artırılmasına, ümumən bu insanların yaşayış tərzinin yaxşılaşdırılmasına xidmət edir.

Ümummilli lider Heydər Əliyevin "Kitabxana millət, xalq, cəmiyyət üçün müqəddəs bir yer, mədəniyyət, bilik mənbəyidir" kəlamını fəaliyyətində əsas götürən Heydər Əliyev Fondunun mədəniyyət sahəsində həyata keçirdiyi çoxsaylı layihələrdən biri də mövcud kitabxanaların yenidən qurulması ilə bağlıdır. Fondun bu sahədəki ardıcıl fəaliyyəti onlarca qəsəbə və kənd kitabxanasının yenidən qurulmasına, müasir avadanlıqlarla təmin olunmasına və zənginləşdirilməsinə imkan yaratmışdır. Fondun xətti ilə əsaslı təmir olunmuş Mərdəkan kitabxanası 2006-cı ilin may ayından oxucuların ixtiyarına verilmişdir.

Heydər Əliyev Fondu eyni zamanda Azərbaycan oxucusu üçün əhəmiyyətli sayıla biləcək bir sıra xarici nəşrlərin dilimizə tərcüməsi məsələsi üzərində də ciddi iş aparır. Türkçülük, azərbaycançılıq məfkurəsinin təbliği sahəsində dəyərli nəşrlərdən biri olan Murad Adcinın "Türklər və dünya: munis tariximiz" adlı kitabı artıq Azərbaycan dilində nəşr edilmişdir. ABŞ Mərkəzi Asiya-Qafqaz İnstitutu İpək Yolu Araşdırmalar Proqramı çərçivəsində S.Frederik Starr və Svant E.Kornellin "Bakı-Tbilisi-Ceyhan boru kəməri: Qərbə açılan neft pəncərəsi" kitabının Azərbaycan dilinə tərcüməsi işi də başa çatmışdır. Bu kitabda Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin Azərbaycan Respublikası üçün iqtisadi, geostrateji əhəmiyyətindən, habelə kəmərin ətraf mühit və sosial məsələlərlə bağlı aspektlərindən bəhs olunur.

Heydər Əliyev Fondunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya miqyasında təbliği məqsədilə müxtəlif dillərdə nəşr etdirdiyi kitabların əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. Son illərdə beynəlxalq ictimaiyyətə ünvanlanan "Qarabağ həqiqətləri" toplusu, "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitablarından ibarətdir. Bu topluların elektron variantları qanlı Xocalı soyqırımının 15 illiyində Avropanın 15 dövlətində keçirilən soyqırımı qurbanlarının xatirəsini anma mərasimlərində xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış siyasi-ictimai xadimlərə paylanmışdır. Real faktlara, dəlilli-sübutlu fotosənədlərə istinadla aparılan bu təbliğat kampaniyası on minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırmışdır.

Heydər Əliyev Fondunun son illər səhiyyə sahəsində həyata keçirdiyi layihələr də cəmiyyətdə böyük rəğbətlə qarşılanır. İxtisas etibarilə bu sahənin incəliklərinə dərindən bələd olan fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan səhiyyəsində mövcud olan problemləri daha yaxşı görməklə ictimaiyyəti həmin problemlərin həlli istiqamətində səfərbər etməyə, ələlxüsus tibbi yardıma böyük ehtiyacı olan aztəminatlı vətəndaşlara yüksək diqqətlə, həssaslıqla yanaşmağa çalışır. "Tibb işçisi kimi gözəl başa düşürəm ki, rsixi və fiziki qüsurları olan uşaqlar yalnız nəticədir, çox mürəkkəb ictimai rroseslər zəncirində axırıncı halqadır. Bunun arxasında yoxsulluq, zərərli adətlər və bəzən də sadəcə, müəyyən zəruri tibbi biliklərin yoxluğu dayanır. Bütün bunlar uzunmüddətli rroqramların gerçəkləşdirilməsini tələb edir. Biz reallaşdırılması illərlə çəkəcək layihələrdən qorxmuruq, lakin eyni zamanda gözəl anlayırıq ki, bizdən ani tezliklə yardım və fayda gözləyirlər. Bütün bunları vəhdət halında birləşdirmək mürəkkəb vəzifədir, lakin necə deyərlər, yolun öhdəsindən, yolçu gələr". - deyə Mehriban xanım Əliyeva vurğulayır.

Heydər Əliyev Fondunun səhiyyə sahəsində ən çox əks-səda doğuran layihələrindən biri "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi olmuşdur. Layihə fondun dəstəyi əsasında Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" şirkəti ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilmişdir. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və şpris-qələmlərlə təmin edilmişlər.

"Talassemiyasız həyat naminə" layihəsi isə talassemiya xəstəliyinin geniş yayıldığı ölkələrdən hesab olunan Azərbaycanda böyük rəğbətlə qarşılanmışdır. Proqramın daha səmərəli şəkildə həyata keçirilməsi üçün Məsləhət Şurası yaradılmış, bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə xüsusi diqqət yetirilmişdir. Layihə çərçivəsində inşasına başlanmış Talassemiya Diaqnostika Mərkəzinin 2009-cu il mayın 10-da - ulu öndərin doğum günündə istifadəyə verilməsi fondun ölkə səhiyyəsinə böyük töhfəsidir.

Humanizm prinsipinə söykənən praktik fəaliyyəti ilə cəmiyyətdə böyük ictimai nüfuz qazanmış Heydər Əliyev Fondu həm də kimsəsiz, köməyə ehtiyacı olan insanların maddi-mənəvi hamisi rolunda çıxış edir. Fondun prezidenti məhz bu qəbildən olan insanların himayədarı, qayğıkeşi kimi çıxış edir, imkan daxilində onların problemlərinin həllinə çalışır. Müxtəlif dövlət strukturlarının laqeydliyindən və biganəliyindən bezərək Heydər Əliyev Fonduna üz tutmuş hər bir vətəndaşın müraciətinə böyük həssaslıq və diqqətlə yanaşılır, imkan daxilində onun qayğılarının həllinə yardım göstərilir. Fondun hər bir vətəndaşın müraciətinə fərdi qaydada baxması və ona cavab ünvanlaması respublikamızda fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatları, o cümlədən hakimiyyət orqanları üçün də nümunə sayılmalıdır.

Heydər Əliyev Fondu respublikada insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatı, vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsi prosesinə də töhfəsini verməyə çalışır. Mehriban xanım Əliyevanın son iki ildə iki dəfə amnistiya təşəbbüsü ilə çıxış etməsi yüksək humanizmin və insanpərvərliyin əyani təcəssümü olmuşdur. İlk dəfə hələ ümummilli lider Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə irəli sürülmüş bu nəcib təşəbbüs əsasında gerçəkləşən amnistiya aktı minlərlə azərbaycanlı ailəsinə hədsiz sevinc və xoşbəxtlik gətirmişdir.

Ümummilli liderin humanist siyasətinə daim yüksək sədaqət nümayiş etdirən Mehriban xanım Əliyeva 2009-cu ilin martında - firavanlıq, əmin-amanlıq və mərhəmət rəmzi olan Novruz bayramı ərəfəsində növbəti amnistiya təşəbbüsü irəli sürərək bununla bağlı qərar layihəsini Milli Məclisə təqdim etmişdir. Milli Məclis deputatının müraciətində vurğulanırdı ki, məhkum edilmiş şəxslərin və onların ailə üzvlərinin fonda ünvanlanan müraciətləri ilə əlaqədar aparılan araşdırmalar və tədqiqatlar həmin insanlara da münasibətdə mərhəmətli olmağın zəruriliyini göstərir.

Azərbaycan mədəniyyətinin, habelə kökü qədimlərə gedib çıxan milli musiqi sənətinin dünyada tanıdılması istiqamətində böyük layihələrə imza atan Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm layihələrdən biri də bugünlərdə Qəbələ şəhərində keçirilmiş Beynəlxalq musiqi festivalı olmuşdur. Avqustun 13-dən 22-nə kimi davam edən festivalda dünyanın 16 ölkəsindən - ABŞ-dan, Fransadan, Rusiyadan, Çindən, Xorvatiyadan və digər ölkələrdən gəlmiş nümayəndələr Azərbaycanın zəngin mədəniyyəti, təbiəti, incəsənəti, musiqisi ilə yaxından tanış olmaq imkanı qazanmışlar.

Bu gün dünyada mövcud olan fondlar, əsasən, konkret istiqamətdə fəaliyyət göstərirlər və sahələr üzrə ixtisaslaşırlar. Heydər Əliyev Fondunun dünya miqyasında analoqu olmayan əlahiddə qurum kimi tanınması isə onun qarşıya qoyduğu fövqəladə missiya ilə şərtlənir. Fondun yaradılması təşəbbüsünün Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ildə imzaladığı "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" fərmanda əksini tapması onun cəmiyyətdə fərqli yerini, statusunu təmin edir. Fond son beş ildə cəmiyyətin ən həssas qütblərini əhatə edən çoxşaxəli fəaliyyəti ilə insanların böyük etimadını qazanmışdır. Heydər Əliyev Fondu Azərbaycan mədəniyyətinin təbliğindən tutmuş təhsilin, səhiyyənin, idmanın problemlərinin həllinə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, fərqli sivilizasiyaların dialoquna, qadın hərəkatının genişlənməsinə qədər geniş spektri əhatə edir.

Vaxtilə qədim yunan filosofu Ezop yazırdı ki, əsl insan üçün ən dəyərli xəzinə çalışmaq və başqalarına yaxşılıq etmək bacarığıdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da dəyərli vaxtını, enerjisini insanların rifahının yaxşılaşmasına sərf edir. Ən təqdirəlayiq cəhət bundadır ki, onun həyata keçirdiyi bu böyük layihələr təmənnasızlıq prinsipinə söykənir. "Ömrüm boyu mənim həyat amalım belə olmuşdur ki, etmək istədiyin yaxşılığı heç vəchlə gözə çarpdırmaq olmaz. İndi mən bundan, demək olar ki, məhrumam. Birinci xanım statusunda mən elə bir xeyriyyə aksiyası keçirə bilmirəm ki, o, ictimaiyyətin diqqətini cəlb etməsin. Bu, kütləvilik amili məni sıxsa da, yaşayışıma bəzi yeniliklər gətirir və mən bunu olduğu kimi qəbul edirəm. Bu isə özünü göstərməkdən tamamilə uzaq adam kimi mənə kifayət qədər çətin olur".

Mənəvi meyar və ideallar heç bir dövrdə aktuallığını itirmədiyi kimi, bu gün də ön plandadır - humanizmə və insanpərvərliyə əsaslanan yüksək insani dəyərlər təsir gücünu qoruyur. Heydər Əliyev Fondunun fəaliyyət fəlsəfəsində də insanlara yaxşılıq kimi mütərəqqi bir ideya, nəcib amal daim qırmızı xətlə keçir. YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın özünün də söylədiyi kimi, başqalarına yaxşılıq, mərhəmət ömrü boyu onun üçün ümdə anlayışlara, ən ülvi insani keyfiyyətlərə çevrilmiş, bu missiyanın kökündə təmənnasızlıq prinsipi dayanmışdır. İnsan amilinin yüksəlişinə xidmət edən qlobal layihələr, şübhəsiz, Heydər Əliyev ideyalarına sədaqətin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vətən, xalq naminə apardığı məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürüdür.

 

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin

rektoru, akademik,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2009.- 25  avqust.- S. 2.