Humanist ənənələrin davamçısı

 

Tarixi inkişafın gedişinə təsir göstərərək hadisələrin fövqündə dayanan böyük siyasi liderlər ictimai inkişafın ən böhranlı, dönüş anında məsuliyyəti üzərlərinə götürərək bütöv bir xalqın, millətin xilaskarına çevrilirlər. Cəmiyyətin mənafeyini qarşıya qoyduğu ali məqsədlərdə təcəssüm etdirən belə nüfuzlu şəxsiyyətlər dövlət hakimiyyətini ölkənin yalnız bugünkü deyil, həm də gələcək mənafeyi baxımından təşkil etməyə, dövlətçiliyin ideoloji-siyasi və iqtisadi əsaslarını formalaşdıraraq yeni dünya nizamı ilə uzlaşan optimal dövlət modeli yaratmağa çalışırlar.

Dərin zəka sahibi olan ümummilli lider Heydər Əliyevin bacarıqlı dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyinin möhkəm təməlini yaradan və onu möhkəmləndirən, davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti müasir tariximizin mühüm mərhələsini təşkil edir. Tarixə düşmüş böyük liderlər kimi, ulu öndər Heydər Əliyevin də böyük siyasətdə və dövlət idarəçiliyində qazandığı nailiyyətlər ilk növbədə xalqın səmimi dəstəyinə, ictimai inam amilinə söykənmiş, böyük strateqin mənəvi bütövlüyə, birliyə və həmrəyliyə xidmət edən siyasətinin nəticəsi olmuşdur.

Xalqımızın taleyində misilsiz rol oynamış ulu öndərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində son illər bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü il 10 mart tarixli "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" fərmanı ilə hələ ötən əsrin 70-80-ci illərində tikintisinə əzmlə nail olduğu bir sıra möhtəşəm tikililərə ulu öndər Heydər Əliyevin adı verilmiş, ictimai əsaslarla Heydər Əliyev Fondu yaradılmışdır.

2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu ümummilli liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl iş aparmaqla yanaşı, ölkəmizdə cəmiyyətin inkişafı üçün son dərəcə əhəmiyyətli olan bir sıra xeyirxah və nəcib layihələrin gerçəkləşməsində də yaxından iştirak etmiş, milyonlarla insanın hədsiz inam və etimadını qazanmışdır. Cəmiyyətdə bir sıra mütərəqqi yeniliklərin təşəbbüskarı kimi çıxış etməklə yanaşı, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq "birinci xanım" statusunu da öz fəaliyyəti ilə məhz Mehriban xanım Əliyeva formalaşdırmışdır. Azərbaycanın birinci xanımının timsalında bu status humanist fəaliyyətə, qayğıkeşliyə, eləcə də hansısa problemlərlə qarşılaşan, hansısa məqamda hüquqları pozulan sıravi vətəndaşların ümid, pənah yerinə çevrilmişdir.

Fondun diqqət yetirdiyi sahələr cəmiyyətin olduqca həssas qütbləridir və bunun mərkəzində milli genefondun inkişafı, xalqın minilliklərdən keçirib bugünə çatdırdığı mədəni, milli, əxlaqi dəyərlər sistemi dayanır. Fondun prezidenti eyni zamanda fəaliyyətini müasir dövrün tələblərinə uyğunlaşdırmaqla, bir ictimai-iqtisadi formasiyadan digərinə keçidlə bağlı cəmiyyətdə uzun illərdən bəri yığılıb qalan, insanları narahat edən problemləri dəqiq müəyyənləşdirməyə, onların həlli üçün səmərəli tədbirlər planı hazırlamağa və qısa müddətdə müsbət nəticələr əldə etməyə çalışır. Qurumun müxtəlif layihələrini birləşdirən ortaq nöqtə isə məhz milli genefondun qorunmasıdır. Bu ali mərama xidmət edən hər bir addım Heydər Əliyev Fondu üçün eyni səviyyədə prioritet mahiyyət daşıyır.

Heydər Əliyev Fondu təhsilin, səhiyyənin, mədəniyyətin, incəsənətin, idmanın inkişafına xidmət edən konkret layihələrlə yanaşı, regional inkişaf tədbirlərinə də yaxından dəstək verir.

Azərbaycanın birinci xanımının birbaşa təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bu baxımdan cəmiyyətdə daha böyük əks-səda doğurmuşdur. Layihə çərçivəsində yalnız 2005-ci ildə Azərbaycanın ən müxtəlif bölgələrində rekord sayda - 132, sonrakı mərhələdə isə 100-dən artıq yeni məktəb binasının tikilərək istifadəyə verilməsi və müasir avadanlıqlarla təchiz olunması dövlətin bu sahədə həyata keçirdiyi işlərə əvəzsiz töhfədir.

Fondun son illərdəki başlıca fəaliyyət istiqamətlərindən biri də ölkənin təhsil problemlərinin həllində nüfuzlu beynəlxalq təşkilatlardan sayılan YUNESKO-nun geniş imkanlarından səmərəli şəkildə faydalanmaqdan ibarət olmuşdur. Azərbaycanla YUNESKO arasında bir neçə istiqamətdə əməkdaşlıq münasibətləri qurulmuşdur - bu əlaqələr, əsasən, "Təhsil hamı üçün" proqramını, "Assosiativ məktəblər", texniki-peşə sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedralarının yaradılması və digər sahələri əhatə edir. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da bu qurumla əməkdaşlığa daxil olan əsas məsələlərdəndir.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin yayında Bakıda YUNESKO-nun "Dünyada savadlılığın dəstəklənməsi" üzrə regional konfransının keçirilməsi də ümumilikdə Azərbaycanın təhsil sahəsində mühüm beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini əminliklə söyləməyə əsas verir.

Heydər Əliyev Fondunun səhiyyə sahəsində ən çox əks-səda doğuran layihələrindən biri məhz "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi olmuşdur. Layihə fondun dəstəyi əsasında Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" şirkəti ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilmişdir. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar 2004-2006-cı illər ərzində müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və şpris-qələmlərlə təmin edilmişlər.

"Talassemiyasız həyat naminə" layihəsi isə bu xəstəliyin geniş yayıldığı ölkələrdən hesab olunan Azərbaycanda böyük rəğbətlə qarşılanmışdır. Proqramın daha səmərəli şəkildə həyata keçirilməsi üçün Məsləhət Şurası yaradılmış, bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, bu istiqamətdə əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə xüsusi diqqət yetirilmişdir. Layihə çərçivəsində inşasına başlanmış Talassemiya Diaqnostika Mərkəzinin 2009-cu il mayın 10-da - ulu önlərin doğum günündə istifadəyə verilməsi fondun ölkə səhiyyəsinə böyük töhfəsidir.

Azərbaycan mədəniyyəti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsində özünə etibarlı hami tapmışdır. Ötən beş ildə Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi Azərbaycanın birinci xanımının milli mədəniyyətin dünya miqyasında təbliği sahəsindəki fəaliyyətinin bir istiqamətidir. Bu sahəyə qayğını fəaliyyətində daim əsas tutan Heydər Əliyev Fondunun prezidenti xalqın varlığını özündə yaşadan mənəvi-intellektual irsə yüksək həssaslıqla yanaşır, onun dünya arenasında təbliğində fəal iştirak edir.

Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülür. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması bilavasitə bu fəaliyyətin nəticəsidir. Fondun milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi ən uğurlu layihələrdən biri də "Qarabağ xanəndələri" albomunun hazırlanması olmuşdur. YUNESKO xətti ilə hazırlanmış alboma "Qarabağ xanəndələri" adının seçilməsi ilə bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı, muğamın isə ən nadir nümunələrinin bu torpağa məxsus olduğu nümayiş etdirilmişdir.

2009-cu ilin mart ayında Azərbaycanın birinci xanımının təşəbbüsü ilə keçirilən Beynəlxalq muğam festivalı Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması və təbliği istiqamətində mühüm tədbirlərdən biri kimi yadda qalmışdır. Tədbirdə YUNESKO-nun baş direktoru Koişiro Matsuura, habelə dünyanın 17 ölkəsindən çoxsaylı qonaqlar iştirak etmişlər.

Heydər Əliyev Fondunun dəstəyi ilə 2009-cu il avqustun 13-dən 23-dək Qəbələdə Beynəlxalq musiqi festivalı və pianoçuların müsabiqəsi keçirilmişdir. On gün davam edən festival çərçivəsində gənc pianoçuların beynəlxalq müsabiqəsi, klassik musiqi axşamları, muğam konserti təşkil edilmişdir. Musiqi festivalında dünyanın 15 ölkəsindən nümayəndələrin iştirak etməsi tədbirin çox mühüm əhəmiyyət kəsb etdiyini sübuta yetirmişdir.

Fondun prezidenti Mehriban xanım Əliyeva respublikanın hər bir bölgəsinə, eyni zamanda paytaxt rayonlarına xüsusi diqqət və qayğı ilə yanaşır, dövlətin yeritdiyi siyasətə öz töhfəsini verir. Binəqədi rayon seçicilərini Milli Məclisdə təmsil edən şəxs kimi deyə bilərəm ki, Heydər Əliyev Fondunun prezidentinin nəcib və xeyirxah fəaliyyətini binəqədililər də yaxından hiss edirlər. Fondun xəttilə rayonda təhsilin problemlərinin həllinə xidmət edən layihələr həyata keçirilir, eyni zamanda səhhətində ciddi problemlər olan insanlara yardım göstərilir. Məhz buna görə də rayonun hər bir sakininin Azərbaycanın birinci xanımına böyük rəğbət və ehtiramı var.

Azərbaycanın birinci xanımı üzərinə götürdüyü xoşməramlı missiya ilə həm də insan hüquqlarının qorunmasına, vətəndaş cəmiyyəti ideyalarının cəmiyyətdə daha da möhkəmlənməsinə, habelə cəza siyasətinin humanistləşdirilməsi prosesinə öz töhfələrini verir. Cəmiyyətdə insanpərvərlik və humanizm ideyalarının möhkəmlənməsinə çalışan Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ulu öndər Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə hələ 2007-ci ilin may ayında parlamentə təqdim etdiyi amnistiya aktı layihəsi də ümummilli liderin humanist siyasətinə sədaqətin əyani nümayişi olmuşdur. Mehriban xanım Əliyeva tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb etmişdir.

Amnistiya aktının qəbulu ilə bağlı Milli Məclisə müraciət edən Heydər Əliyev Fondunun prezidenti demişdir: "Bu təşəbbüsü irəli sürərkən mən hesab edirdim ki, səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk. Mən əminəm ki, cəmiyyətdə bütün ağır, çətin problemləri xeyirxahlıqla, insansevərliklə, mərhəmətlə həll etməyə çalışmaq lazımdır. Bu, vətəndaş cəmiyyətinin formalaşmasında ən əsas şərtlərdən biridir".

Amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır bir sıra cinayətlərə görə məhkum olunmuş qadınlar, birinci qrup əlillər, 60 yaşına çatmış kişilər, cinayət törədərkən 18 yaşına çatmayanlar, öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı və ya birinci və ikinci qrup əlil övladı olan kişilər, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, 1948-1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırım siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş, 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş, 1990-cı il 20 Yanvar faciəsində və ya Xocalı soyqırımında əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları, bəzi digər kateqoriyalardan olan şəxslər məhkumluq cəzasından azad edilmişlər. Amnistiya aktı nəticəsində azadlıqdan məhrum etmə qismində cəza çəkən məhkumlardan təqribən 1500 nəfər cəzaçəkmə müəssisələrindən azad edilmiş, habelə azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan cəzalara məhkum olunmuş təqribən 7500 nəfər şəxs cəzasından azad edilmişdir.

Müasir qloballaşma dövründə hər bir sivil cəmiyyətdə insan haqlarının təminatına və ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına xidmət edən amnistiya aktları olduqca yüksək dəyərləndirilir. Məlumat üçün vurğulamaq lazımdır ki, amnistiya yunan dilindən tərcümədə "unutma", "bağışlama" mənasını verir. Cinayət hüququ mənada amnistiya dedikdə, ali dövlət hakimiyyəti orqanının törədilən cinayətə görə cəza müəyyən edən cinayət qanununu ləğv etməyən və dəyişdirməyən, məhkəmənin konkret cinayət işi üzrə çıxarılmış hökmünü etibarsız saymayan, onun qanuniliyini və əsaslılığını şübhə altına qoymayan, cəzadan tamamilə və ya qismən azad edən, məhkəmə tərəfindən təyin olunmuş cəzanı daha yüngül cəza növü ilə əvəz edən, yaxud başlanmış cinayət tətbiqinə xitam verən, əgər belə təqib hələ başlanmamışdırsa, onun başlanmasını istisna edən normativ-hüquqi akt başa düşülür. Amnistiya qərarının qəbulu humanizm və mərhəmət hissinin mücəssəməsi olub, cinayət törətmiş şəxslərin və məhkumların vəziyyətini yüngülləşdirir. Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət və lider kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də məhz bu idi ki, o, günahkarı cəzalandırmağı da, şans verərək bağışlamağı, islah etməyi də bacarırdı.

İnsanlara böyük sevinc bəxş edən, onlara səmimi, ülvi hisslər aşılayan əfv fərmanları və amnistiya aktları ümummilli lider Heydər Əliyevin xalq və dövlət maraqları naminə reallaşdırdığı misilsiz işlər sırasında daim xüsusi qeyd olunur. Ümummilli liderin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə 7 amnistiya haqqında qanun qəbul etmiş, 21325 məhkum azadlığa buraxılmış, ümumilikdə, 78 mindən artıq məhkuma amnistiya aktları şamil edilmişdir. Bu siyasəti inamla davam etdirən Azərbaycan Prezidenti son 5 ildə əfvlə bağlı 13 fərman imzalamış, 2000-ə yaxın məhkum cəzasının çəkilməmiş hissəsindən tam və yaxud qismən azad edilmişdir. Bu, Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən siyasi kursun layiqincə davam etdirildiyini göstərir. İmzalanan əfv fərmanlarının bir qayda olaraq mühüm tarixi günlər və dövlət bayramları ərəfəsinə təsadüf etməsi insanlara hədsiz sevinc bəxş etməklə yanaşı, onlara yüksək mənəvi dəyərlər aşılayır.

Amnistiya qərarlarının qəbulu ilə bağlı ölkədə formalaşmış müsbət ənənənin Heydər Əliyev Fondu tərəfindən geniş miqyasda davam etdirilməsi Azərbaycanda humanist dəyərlərin ictimai şüurda möhkəmlənməsinə xidmət edir. Ümummilli liderin humanist siyasətinə daim yüksək sədaqət nümayiş etdirən fondun prezidenti Mehriban xanım Əliyeva firavanlıq, əmin-amanlıq və mərhəmət rəmzi olan Novruz bayramı münasibətilə növbəti amnistiya təşəbbüsü irəli sürərək bununla bağlı qərar layihəsini Milli Məclisə təqdim etmişdir. Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bununla bağlı müraciətində göstərilirdi ki, məhkum edilmiş şəxslərin və onların ailə üzvlərinin fonda ünvanlanan müraciətləri ilə əlaqədar aparılan araşdırmalar və tədqiqatlar həmin insanlara da münasibətdə mərhəmətli olmağın zəruriliyini göstərir. Azərbaycanın birinci xanımı bu təşəbbüsün vətəndaşların qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cəzadan azad edilən şəxslərin cəmiyyətə qayıdaraq vətəndaş cəmiyyətinin qurulmasına müsbət töhfələrini verəcəklərinə inanaraq, Novruz bayramı ərəfəsində məhkumların ailələrinə qovuşmalarını arzulayaraq "Novruz bayramı münasibətilə amnistiya elan edilməsi haqqında" qərar layihəsini parlamentin müzakirəsinə təqdim etmişdir.

Amnistiya aktı layihəsinə əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar və bəzi digər kateqoriyalardan olan məhkumlar cəzasından azad edilirdi. Həmçinin azadlıqdan məhrum edilmiş və cəzalarının bitməsinə bir il qalmış qadınlara və altı ay qalmış kişilərə, azadlığın məhdudlaşdırılması cəzalarının bitməsinə iki il qalmış qadınlara və bir il qalmış kişilərə, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə onların cəzadan azad olunmaları təklif edilmişdir. Amnistiya aktı nəticəsində təqribən 9 min nəfər amnistiya aktının təsiri altına düşmüş, 1.700 məhkum azadlıqdan məhrumetmə yerlərindən azad edilmişdir.

Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın son beş ildə iki dəfə amnistiya təşəbbüsü ilə çıxış etməsi yüksək insani dəyərlərin, mərhəmət hissinin cəmiyyətə aşılanmasına, ictimai şüura hakim kəsilməsinə yönəlmişdir. Fond cəmiyyəti mərhəmət və humanizm ruhunda kökləməyə yönəlmiş nəcib addımlarını bu gün də inamla davam etdirir.

Cəmiyyətdə inam var ki, yaranmasının 5-ci ildönümü tamam olan Heydər Əliyev Fondu bundan sonra da insan hüquq və azadlıqlarının keşiyində etibarlı dayanmaqla vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu siyasətinə töhfələrini verəcəkdir.

 

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2009.- 25 avqust.- S. 3.