Heydər Əliyev Fondu
Azərbaycanı gələcəyə aparan gözəl bir
vasitədir. Modernləşmə, müasirləşmə,
dünya birliyinə inteqrasiya, Azərbaycanın milli
maraqlarının müdafiə edilməsi, Azərbaycanın
olduğu kimi dünyaya təqdim edilməsi - bütün bu
şərəfli funksiyalar bu fondun üzərinə
düşübdür.
İlham Əliyev
Ulu öndər Heydər
Əliyevin zəngin irsinin öyrənilməsini,
ideyalarının həyatda tətbiqini qarşıya məqsəd
qoyan Heydər Əliyev Fondu Azərbaycan xalqının
rifahının daha da yüksəldilməsinə yönəlmiş
bütün təşəbbüsləri uğurla həyata
keçirməklə yanaşı, ölkəmizdə təhsil,
elm, incəsənət, mədəniyyət, eləcə də
digər sahələrin inkişafına təkan verən layihələrə
yardımçı olur, gənclərin milli-mənəvi dəyərlər
ruhunda yetişməsinə böyük dəstək verir. Humanizm,
mərhəmət, vətənpərvərlik, xeyirxahlıq
hisslərinə söykənən fəaliyyətilə cəmiyyətdə
böyük nüfuz qazanmış Heydər Əliyev Fondunun
ölkəmizdə təhsil sisteminin inkişafı ilə
bağlı qarşısına qoyduğu başlıca məqsəd
Azərbaycanda bu sahənin müasir dövrün əsas tələblərinə
uyğun səviyyəyə yüksəldilməsi, potensial
kadrların yetişdirilməsindən ibarətdir.
Fondun prezidenti Mehriban
xanım Əliyeva 2005-ci ilin əvvəlində paytaxtda
internat məktəbləri və uşaq evlərində
olduqdan sonra "Uşaq evləri və internat məktəblərinin
inkişafı proqramı"nın hazırlanıb həyata
keçirilməsini məqsədəuyğun hesab etmişdir.
Respublikamızdakı uşaq evləri və internat məktəblərindəki
mövcud problemlərin həll olunmasına yönəldilən
proqram fondun təhsil sahəsindəki fəaliyyətinin əsas
istiqamətlərindən birinə çevrilmişdir. İlkin
mərhələdə aparılmış monitorinqdən sonra
uşaq müəssisələrində təhsil və sosial
sahədə problemlərin həllinə yönələn 4
mühüm istiqamət: texniki dəstək, təhsil, səhiyyə
və ictimai fəallıq prioritet kimi müəyyənləşdirilmişdir.
Bu müəssisələrin böyük qisminin yenidənqurmaya,
təmirə və texniki təchizata daha çox ehtiyacı
olduğu nəzərə alınaraq texniki dəstək
istiqaməti üzrə işlərə
başlanılmışdır. 50-dək uşaq müəssisəsində
aparılan yenidənqurma və tikinti-təmir işləri
zamanı onların zəruri avadanlıqla təmin edilməsi,
yeni ədəbiyyatla zəngin kitabxanaların
yaradılması, informasiya texnologiyalarının tətbiqi,
sinif otaqlarının interaktiv təhsil üçün
uyğunlaşdırılması təmin edilmişdir.
Layihənin
reallaşdırılması zamanı, həmçinin, Nəsimi
rayonundakı 268 nömrəli xüsusi yardımçı məktəb,
1 nömrəli körpələr evi, Nərimanov
rayonundakı psixo-nevroloji uşaq evi, Nizami rayonundakı 1
nömrəli uşaq evi, Əzizbəyov rayonundakı 2
nömrəli yetim və valideyn himayəsindən məhrum
olmuş uşaqlar üçün internat məktəbi, əqli
və fiziki cəhətdən qüsurlu uşaqlar
üçün 3 nömrəli xüsusi təhsil məktəbi,
Şüvəlan qəsəbəsindəki yetim və valideyn
himayəsindən məhrum uşaqlar üçün
respublika yardımçı internat məktəbi, beyin iflici və
poliomielit keçirmiş uşaqlar üçün 16
nömrəli internat məktəbi, Türkan qəsəbəsindəki
nitqi qüsurlu uşaqlar üçün respublika xüsusi
internat məktəbi, Şamaxı internat məktəbi və
bir sıra digər uşaq müəssisələri yenidən
qurulmuş, sanitar-gigiyenik normalara cavab verən müasir tipli
yeməkxanalar, yataq otaqları, həkim və psixoloq
otaqları, idman meydançaları və salonları
yaradılmışdır.
Heydər Əliyev
Fondunun təşəbbüsü ilə həyata keçirilən
"Yeniləşən Azərbaycana yeni məktəb"
proqramı tədris prosesinin günün tələbləri səviyyəsində
qurulmasına imkan verən müasir məktəb
binalarının inşasına istiqamətlənmişdir. Bu
sahədə real vəziyyəti qiymətləndirmək
üçün fondun prezidenti Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə respublikada məktəb
binalarının vəziyyəti yoxlanılmışdır. "Yeniləşən
Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində
2005-2007-ci illərdə 184 məktəb binası inşa
olunaraq lazımi avadanlıqla təchiz edilmişdir. Proqram
çərçivəsində tikilən və infrastrukturu
yerli tələbata və imkana uyğunlaşdırılan məktəblər
müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani
vəsait və kompüter avadanlığı ilə təchiz
olunmuşdur.
"Təhsilə dəstək"
layihəsi çərçivəsində hər yeni dərs
ilinin əvvəlində məktəblilərə çanta və
digər məktəb ləvazimatlarının verilməsi Heydər
Əliyev Fondunun ənənəsidir. 2004-cü ildən
başlayaraq fond hər il qaçqın və məcburi
köçkün ailələrindən olan birinci sinif
şagirdlərini, eləcə də Gürcüstanda
yaşayan soydaşlarımızı yeni dərs ili ərəfəsində
hədiyyə etdiyi çanta və dərs ləvazimatı ilə
sevindirir. 2008-2009-cu dərs ili ərəfəsində həyata
keçirilən aksiyanın miqyası isə daha geniş
olmuşdur. "Təhsilə dəstək" layihəsi
çərçivəsində fondun dəstəyi ilə
hazırlanan 140 adda plakat ölkənin bütün ümumtəhsil
məktəblərini əyani vəsaitlə təmin etməyə
imkan verəcəkdir.
Fondun təşəbbüsü
ilə ötən il 15 sentyabr - Bilik Günü münasibətilə
Bakının bir neçə qəsəbəsində təlim-tərbiyə
ocaqları da istifadəyə verilmiş, fondun prezidenti Mehriban
xanım Əliyeva Bakının Nərimanov rayonunda görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva adına
uşaq bağçasının
açılışında iştirak etmişdir. Ən
müasir standartlara cavab verən bağça 3
yaşından 6 yaşınadək 120 nəfər uşaq
üçün nəzərdə tutulmuşdur. Uşaqlar
bağçada ingilis dili ilə yanaşı, bədii
gimnastikanın da sirlərini öyrənəcəklər. Həmçinin
ötən il sentyabrın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü
ilə Badamdar qəsəbəsində Tofiq Məmmədov
adına 239 nömrəli orta məktəbin təmirdən
sonra açılışı olmuşdur. Təmirdən əvvəl
1200 nəfərdən artıq şagirdin dörd növbədə
oxuduğu təhsil ocağında məktəblilər bir
növbədə təhsil almaq imkanı əldə etmişlər.
Ötən ilin
sentyabrında fondun təşəbbüsü ilə Ələt
qəsəbəsindəki 105 nömrəli əsas məktəb
də yenidən qurulmuşdur. "Yeniləşən Azərbaycana
yeni məktəb" layihəsi çərçivəsində
yenidən qurulan məktəb 250 şagird üçün nəzərdə
tutulmuşdur. Fizika, biologiya, xarici dil kabinetləri, kompüter
otağı, geniş idman salonu olan məktəbdə tədris
üçün hər cür şərait yaradılıb.
Fond xeyriyyəçilik
missiyasını bir neçə xarici ölkədə də
davam etdirir. Gürcüstanda yaşayan azərbaycanlıların
təhsillə bağlı problemlərinin aradan
qaldırılması üçün hər il dövlət
xətti ilə yanaşı, fond tərəfindən də
böyük yardım edilməsini soydaşlarımız dərin
minnətdarlıq hissi ilə qarşılayırlar. Rusiya
paytaxtında və ayrı-ayrı şəhərlərdə
fəaliyyət göstərən Azərbaycan məktəblərinə
göstərilən müntəzəm qayğı da bu qəbildəndir.
Ölkəmizdə təhsilin
sürətli inkişafı, gələcək nəslin təlim-tərbiyəsinin
yüksək səviyyədə qurulması, onların Azərbaycanın
layiqli vətəndaşları kimi yetişməsi istiqamətində
Heydər Əliyev Fondunun gördüyü məqsədyönlü
işlər ilk növbədə milli ruha söykənən vətənpərvərlik
hissinin təcəssümüdür. Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın elmə, təhsilə
xüsusi qayğısı və diqqəti, həyata
keçirilmiş layihə və proqramlar bu sahənin səviyyəsini
daha da yüksəltməyə imkan vermişdir.
Anar RASİMOĞLU
Azərbaycan.- 2009.- 25
avqust.- S. 3.