Tarixin əks-sədası
olan maddi mədəniyyət sərvətlərimiz
qorunur
Azərbaycan dövləti
milli mədəniyyətimizin müxtəlif məqamlarını
özündə əks etdirən abidələrin
qorunmasında, bərpasında və gələcək nəsillərə
çatdırılmasında həmişə
maraqlıdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycana
rəhbərlik etdiyi dövrdə bu sahədə müxtəlif
tədbirlər həyata keçirilib. Ulu öndərin mədəniyyətimizə
göstərdiyi diqqətin nəticəsində 2000-ci ilin dekabrında
İçərişəhər YUNESKO-nun İrs
Siyahısına daxil edildi.
Bununla yanaşı, Azərbaycan
xalqının maddi mədəniyyətinin əvəzsiz abidəsi
sayılan İçərişəhəri qorumaq məqsədilə
unudulmaz Heydər Əliyev 17 fevral 2003-cü ildə
"Bakı şəhərində İçərişəhər
tarixi memarlıq qoruğunun mühafizəsi və bərpası
ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam
imzaladı. Bu sərəncamdan sonra qədim şəhərin
tarixi simasının qorunması istiqamətində bir sıra
məqsədyönlü tədbirlər həyata
keçirildi. Tikinti işləri saxlanıldı, tarixi abidələrin
və yaxud da qədim yaşayış binalarının
sökülməsinə son qoyuldu, mətbuatın, mütəxəssislərin,
memarların, aidiyyəti təşkilatların diqqəti məhz
İçərişəhərə yönəldi.
Əlbəttə,
müəyyən işlər görüldü, amma bir
müddətdən sonra yenidən hər şey öz köhnə
axarına qayıtdı. İçərişəhərin təzadlı
günləri başladı. İçərişəhərdə
istifadəyə verilmiş Miniatür Kitab Muzeyinin, Xalça
Evinin və digər sənət nümunələrini əks
etdirən ünvanların olması xoşagələndir.
Bununla bərabər,
İçərişəhərin qədimliyinə xələl
gətirən müasir görüntülü ofis və digər
binaların inşası tarixin əsrlərin, minilliklərin
dərinliyindən gələn səsini boğmağa bənzəyirdi.
Bu cür münasibət İçərişəhərin həyatına
son qoya bilərdi.
İçərişəhərin
uzunmüddətli qorunması, konservasiyası və bərpasının
davam etdirilməsi, daha da intensivləşdirilməsi, sistemli
xarakter alması üçün onun idarə
olunmasının təkmilləşdirilməsini və mərkəzləşdirilməsini
tələb edirdi.
Elə bu məqsədlə
də ölkə Prezidenti cənab İlham Əliyev 10 fevral
2005-ci ildə "Azərbaycan Respublikasının Nazirlər
Kabineti yanında "İçərişəhər"
Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin
yaradılması haqqında" sərəncam imzaladı. Beləliklə də, İçərişəhərin taleyinə həqiqətən
yeni günəş doğdu.
18 avqust 2006-cı ildə
Prezident İlham Əliyev "Azərbaycan
Respublikasının paytaxtı Bakı şəhərində
tarixi memarlıq abidələrinin bərpası və
qorunması haqqında" növbəti sərəncam
imzaladı. İçərişəhərlə əlaqədar
imzalanan bütün sərəncamlarda Bakının nadir
tarixi memarlıq abidələri ilə bağlı bir sıra
ciddi məsələlər qaldırılaraq əlaqədar təşkilatların
diqqətinə çatdırılırdı. Bu da səbəbsiz
deyildi.
Təkcə İçərişəhərdə
50-dən artıq tarixi memarlıq və maddi mədəniyyət
abidələri vardı. Bu ərazinin mühafizəsi
çox vacibdir. Təəssüf ki, İçərişəhərin
taleyi ilə bağlı çalınan həyəcan təbilinə
bəzi hallarda laqeyd yanaşılıb. Bu səbəbdən
də onun tarixi siması pozulub. Cənab İlham Əliyevin sərəncamı
ilə əlaqədar təşkilatlar İçərişəhərin
qorunması üçün, onun mühafizəsi ilə
bağlı yeni tədbirlər üzərində
düşünməli oldular.
Haqlı olaraq deyirlər
ki, hər bir abidə tarixin əks-sədasıdır. Amma
onlar illəri, əsrləri, müəyyən təbii prosesləri,
olayları, quruluş dəyişmələrini adladıqca
müxtəlif deformasiyaya məruz qalır, sökülür,
dağılır, sıradan çıxır. Bu səbəbdən
də hər bir abidənin insan əlinə, onun qayğısına,
sığalına ehtiyacı var. Prezident İlham Əliyev 2
aprel 2007-ci ildə "Azərbaycan Respublikasında monumental
heykəltəraşlıq abidələri, xatirə, memorial və
memarlıq kompleksləri haqqında" sərəncam
imzalamışdır. Həmin sərəncamda deyilirdi:
"Ölkəmizin
müxtəlif guşələrində ucaldılan monumental
heykəltəraşlıq abidələri, xatirə, memorial və
xatirə kompleksləri bu gün artıq şəhər və
kəndlərimizin görkəminin ayrılmaz hissəsinə
çevrilmişdir. Yüksək estetik dəyərlərə
malik olan milli-mənəvi irsə və tarixi keçmişə
dərin ehtiram duyğusu oyadan bu əsərlər Azərbaycan
heykəltəraşlıq və memarlıq sənətinin
gözəl nümunələridir".
Monumental heykəltəraşlıq
xəzinəmizin qızıl fonduna daxil olmuş bütün
abidələrin mühafizəsi və bərpası ilə
bağlı ölkə başçısı aidiyyəti təşkilatların
qarşısında konkret vəzifələr qoymuşdur. Həmin
sərəncamda önəmli cəhətlərdən biri də
budur ki, Prezident İlham Əliyev XX əsrdə
ucaldılmış, lakin görünüşü
bugünkü dövrdə bizi qane etməyən, yəni
dünya standartlarına uyğun olmayan bəzi xatirə
komplekslərinin də azərbaycançılıq fəlsəfəsinin
meyarlarına uyğunlaşdırılmasının zəruri
olduğunu qeyd etmişdir. Həmin sərəncamda yeni tarixi
etnoqrafik abidələrin də yaradılması nəzərdə
tutulmuşdur.
Ölkə Prezidenti
İlham Əliyev 19 avqust 2009-cu ildə "Azərbaycan Respublikasının
ərazisində monumental heykəltəraşlıq abidələri,
xatirə-memorial və memarlıq komplekslərinin ümumi
görkəminin qorunub saxlanılması və ətrafının
abadlaşdırılmasına dair Tədbirlər
planı"nın təsdiq edilməsi barədə" sərəncam
imzaladı. Həmin sərəncamla "Azərbaycan
Respublikasındakı monumental heykəltəraşlıq abidələri,
xatirə-memorial və memarlıq kompleksləri
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il
2 aprel tarixli sərəncamının icrasını təmin
etmək məqsədilə "Azərbaycan
Respublikasının ərazisində yerləşən
monumental heykəltəraşlıq abidələri, xatirə-memorial
və memarlıq komplekslərinin ümumi görkəminin
qorunub saxlanılması və ətrafının
abadlaşdırılmasına dair Tədbirlər
planı" təsdiq olunub.
Altı bölmədən
ibarət olan Tədbirlər planı 2010-cu ilin birinci
rübündə başa çatmalıdır. Burada ölkə
ərazisində bədii əhəmiyyət kəsb edən
monumental heykəltəraşlıq abidələrinin, xatirə-memorial
və memarlıq komplekslərinin Dövlət reyestrinin tərtibindən
başlayaraq bu sahədə ekspert komissiyasının
yaradılmasını, yeni müvafiq tədbirlərin
hazırlanmasını, eləcə də həm Bakıda, həm
də şəhər ətrafında ləğv edilmiş
bir sıra abidələrin regional heykəllər
xiyabanının yaradılması da nəzərdə
tutulmuşdur.
Təmir-bərpa işləri
tələb olunan heykəltəraşlıq abidələrinin,
xatirə-memorial və memarlıq komplekslərinin müəyyən
edilərək abadlaşdırılması "Tədbirlər
planı"nın əsas müddəalarından biridir.
Bu sənəddə həyata keçiriləcək hər bir
tədbirin icra müddəti və icraya məsul qurumların
adları da əks olunub. Mədəniyyət və Turizm
Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi,
Bakı Şəhər İcra Hakimiyyəti, eləcə də
Azərbaycan Milli Elmlər Akademiyası və digər
müvafiq yerli qurumlar bu tədbirlərin göstərilən
müddətdə icrasını təmin etməlidirlər. Bu
sərəncamdan irəli gələn məsələlərin
həllini isə Azərbaycan Respublikasının Nazirlər
Kabineti yerinə yetirəcək.
Tərəqqi olduqca ətraf
mühitə, xüsusilə də memarlıq abidələrinə
yeni baxış, münasibət yaranır. Hər bir
memarlıq abidəsi öz varlığında təkcə
doğulduğu tarixi deyil, həm də məxsus olduğu
dövrün mədəni mühitini, maddi imkanını,
yaradıcısının təfəkkür tərzini,
düşüncəsini əks etdirir. Memarlıq abidələrinin
mühafizəsi həm də maddi və mənəvi həyatımızın
güzgüsünü hifz etməklə onu gələcək
nəsillərə çatdırmaq deməkdir.
Azərbaycan qədim mədəniyyət
beşiklərindən biri sayılır. XII əsrdə
yaşamış memar Əcəminin bugünümüzə
qədər gəlib çatmış abidələri,
müxtəlif bölgələrimizdə ucaldılan saraylar
maddi mədəniyyət sərvətlərimizin ən gözəl
nümunələridir. Doğrudur, sovet hakimiyyətinin ilk illərində
bir sıra tarixi binalar, abidələr, xüsusilə də məqbərələr,
məscidlər dağıdıldı. Var-dövləti, əmlakı
talan edilib uzaqlara aparılan, bizə ancaq içi boş
divarları qalan Şəki xan sarayı, Şirvanşahlar
sarayı və başqa tarixi binalar özləri elə bir
abidədir. Onlar yalnız Azərbaycanın deyil, dünya mədəniyyətinin
inciləri sayılır. Fərəhli haldır ki, ölkə
başçısı İlham Əliyevin qayğısı və
diqqəti nəticəsində əgər bir tərəfdə
yeni abidələr ucalırsa, memarlıq kompleksləri
yaradılırsa, digər tərəfdən də tarixi abidələr,
binalar özlərinin ikinci ömrünü yaşayırlar. İstər
Bakı şəhərində, istərsə də bölgələrdə
yerləşən tarixi binalar, monumental heykəltaraşlıq
abidələri, xatirə kompleksləri bərpa edilməkdədir.
Burada bir məsələni
də mütləq diqqətə çatdırmaq
lazımdır. Monumental heykəltəraşlıq abidələri,
xatirə-memorial və memarlıq kompleksləri Azərbaycanın
işğal altındakı torpaqlarında da var idi. Təəssüf
ki, ermənilərin 1988-ci ildən başlayan
işğalçılıq siyasəti Zəngəzur, Dərələyəz,
İrəvan, Göyçə, Vedibasar... bölgələrindəki
tarixi abidələrin zəbtinə, sıradan
çıxmasına, adlarının dəyişdirilməsinə
səbəb oldu. İyirmi faiz Azərbaycan
torpağının işğalı nəticəsində
tarixi yurd yerlərimizdə abidələrin, maddi mədəniyyət
ocaqlarının, xatirə komplekslərinin talan olunmasına,
dağıdılmasına, sıradan çıxmasına gətirib
çıxardı. Ermənilərin işğal altında
saxladıqları qədim torpaqlarımızda ayrı-ayrı
tarix və mədəniyyət abaidələrinin dəyəri
və mövcud vəziyyəti haqqında ətraflı məlumat
yoxdur. Ara-sıra müxtəlif vasitələrlə lentə
alınan şəkillərdə ancaq
yandırılmış, qaralmış,
dağıdılmış, xarabazara çevrilmiş, göz
göynədən "mənzərələr"
görürük. Bu gün dünya abidələrin beynəlxalq
mühafizəsi haqqında düşünür. Hətta təqvimdə
(18 aprel) belə bir gün də var.
Çox təzadlı məqamdır
ki, Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus
yüzlərlə mədəniyyət abidəsi
dağıdılıb. Ermənilər təkcə
insanlarımızı deyil, qədim tarixi kökə malik olan
monumental abidələrimizi, memarlıq komplekslərimizi məhv
ediblər. Şuşa özü tarixi memarlıq qoruğu
kimi hifz edilirdi və dünya əhəmiyyətli şəhər-abidə
sayılırdı. Amma oradan gətirilmiş Üzeyir bəyin,
Bülbülün, Xan qızı Natəvanın güllələnmiş
abidələri ermənilərin analoqu olmayan vəhşiliyindən
xəbər verir.
Ölkə
başçısı cənab İlham Əliyevin
imzaladığı "Tədbirlər planı"nın
müddəti 2010-cu ildə tamamlanır. Ürəyimizdə
bir ümid yaranır ki, bu işlə məşğul olacaq səlahiyyətlilər
həyata keçirdikləri xeyirxah missiyanı bizdən imdad
gözləyən yurd yerlərimizdə də mütləq
davam etdirəcəklər. Cənab İlham Əliyevin bu sahədə
apardığı gərgin mübarizə və siyasi fəaliyyət
bizdə bu inamı yaradır.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2009.- 25 avqust.- S. 5.