Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

 

Sonra Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" 2006-cı il 28 dekabr tarixli sərəncamının icrası ilə əlaqədar aşağı seçki komissiyalarının rəsmiləri üçün kursların hazırlığı və keçirilməsi haqqında məsələ müzakirə edilmişdir. MSK sədri bildirmişdir ki, dövlətimizin başçısı İlham Əliyevin həmin sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzərinə qoyulmuş vəzifələrin icrası ilə bağlı mütəmadi tədbirlər həyata keçirilmiş, seçki sahəsində maarifləndirmə işinin gücləndirilməsi, habelə dairə və məntəqə seçki komissiyalarının sədr və üzvlərinin peşəkar hazırlığının artırılması məqsədilə, onlar üçün kurslar təşkil edilmişdir. Hazırda Mərkəzi Seçki Komissiyası həmin sərəncamın icrasının davam etdirilməsi ilə bağlı hazırlıq işləri apararaq aşağı seçki komissiyalarının rəsmiləri üçün yeni kursların təşkil edilməsi işini başa çatdırmışdır. Belə ki, dairə seçki komissiyalarının sədrləri üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bazasında və onunla birgə kursların keçirilməsi məqsədəuyğun hesab edilmiş, seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi üçün fəaliyyət proqramı hazırlanmış, aşağı seçki komissiyalarının digər rəsmiləri üçün isə regional kursların təşkil edilməsinin vacibliyi qənaətinə gəlinmişdir. Komissiya sədrinin müavini Svetlana Qasımova qeyd etmişdir ki, maarifləndirmə materiallarının həcminə müvafiq olaraq 36 saat tədris proqramı və təqvim-tematik plan işlənib hazırlanmış, həftəlik tədrisin cədvəli tutulmuşdur.

Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, 2009-cu il sentyabrın 7-dən başlayaraq dairə seçki komissiyalarının sədrləri üçün, 2009-cu il sentyabrın 21-dən isə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədr və üzvləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilsin.

Sonra komissiyanın katibi Natiq Məmmədov bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi ilə bağlı normativ xarakterli aktlara dair məsələ barədə məlumat vermişdir. O, bələdiyyə seçkiləri ilə bağlı 6 topluda cəmlənmiş 19 normativ aktın layihəsinin hazırlandığını qeyd edərək iclas iştirakçılarını həmin sənədlərin layihələri ilə tanış etmişdir. Mərkəzi Seçki Komissiyası müzakirəyə çıxarılmış normativ aktların təsdiq olunması barədə qərar qəbul etmişdir.

MSK 93 saylı Bərdə şəhər və 94 saylı Bərdə kənd seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər barədə qərar çıxarmışdır.

Komissiyanın iclasında cari məsələlərə də baxılmışdır.

İclasda ATƏT-in Bakı ofisinin, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 25 avqust.- S. 1.