Strateji Araşdırmalar Mərkəzində Mark Qrosman ilə görüş keçirilmişdir

 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən (SAM) bildirmişlər ki, qurumun dəvəti ilə Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin siyasi məsələlər üzrə sabiq müşaviri Mark Qrosman avqustun 24-də SAM-ın qonağı olmuşdur.

Xarici İşlər Nazirliyinin və Azərbaycan Diplomatik Akademiyasının məsul əməkdaşları, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin iştirakı ilə "XXI əsrdə diplomatiyanın çağırışları" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Tədbirdə bir sıra qlobal, regional və milli meyillər və proseslər haqqında fikir mübadiləsi aparılmışdır. İştirakçılar XXI əsrdə diplomatiya qarşısında dayanan əsas çağırışlar - qloballaşma, ekstremizm və terrorizmə qarşı birgə mübarizə, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, ətraf mühitin qorunması və s. məsələləri nəzərdən keçirmişlər.

Səfir M.Qrosman məruzəsində diplomatların bilik və bacarıqlarının artırılması məsələsinə toxunmuş, XXI əsrdə yuxarıda qeyd olunan çağırışları dəf etməyə qadir olan yeni diplomat korpusunun hazırlanması istiqamətində səylərin daha da artırılmasının vacibliyini diqqətə çatdırmışdır. Son dövrlərdə ABŞ-da bu sahəyə büdcədən daha çox vəsait ayrılmasını müsbət qiymətləndirən natiq Azərbaycanda da bu istiqamətdə çox uğurlu addımlar atıldığını xüsusi vurğulamışdır. Qeyd etmişdir ki, diplomatiya mədəniyyəti beynəlxalq məfhumdur, eyni zamanda, hər bir ölkənin spesifik xüsusiyyətləri onu təmsil edən diplomatların fəaliyyətində mühüm rol oynayır.

Səfir enerji təhlükəsizliyi məsələləri və Nabukko layihəsi, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində diplomatların fəaliyyətlərinin qiymətləndirilməsi, ABŞ və müsəlman dünyası arasında mövcud vəziyyət və perspektivlər, demokratiya və insan hüquqları ilə bağlı iştirakçıların suallarını da cavablandırmışdır.

Tədbirin sonunda səfir Qrosman ona göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş, keçirdiyi görüşlərdən razılığını ifadə etmişdir.

Qeyd edək ki, Azərbaycana səfəri çərçivəsində Mark Qrosman SAM-ın direktoru Elxan Nuriyev, eləcə də Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovla görüşmüşdür. Bu görüşlərdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 25 avqust.- S. 4.