Avropalı qonaqlar Yevlaxda məskunlaşmış qaçqınlarla görüşmüşlər

 

Beynəlxalq Diaspor Mərkəzinin (BDM) mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanda səfərdə olan Çexiya Respublikasında Şərq ölkələri üzrə mütəxəssis, professor İvan Meznikin də daxil olduğu avropalı qonaqlardan ibarət nümayəndə heyəti avqustun 24-də Yevlax şəhərində olmuş və Qərbi Azərbaycandan deportasiya olunmuş qaçqınlarla görüşmüşdür.

BDM-in sədri İsmayıl Ağayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bərdə şəhərində də məcburi köçkünlərlə görüşmüş, buradakı tarixi abidələri və Seyid Yusif Ağanın məzarını ziyarət etmişdir.
Qarabağ bölgəsindən sonra qonaqların Qərb regionuna səfəri başlayacaqdır. Ata-baba yurdlarından deportasiya olunmuş Qərbi azərbaycanlı soydaşlarımızın hüquqlarının Avropa İnsan Hüquqları Məhkəməsində müdafiəsi ilə bağlı BDM-in həyata keçirdiyi layihə çərçivəsində avqustun 25-də Gəncə şəhərində "dəyirmi masa" keçiriləcəkdir. Tədbirdə professor İvan Meznik, Çexiyada MDB ölkələri üzrə təhsil əlaqələndiricisi, BDM-in Avropa təmsilçisi, professor Azər Kərimov Ermənistan tərəfindən hüquqları pozulmuş Qərbi azərbaycanlıların Avropa İnsan Hüquqları Məhkəməsində müdafiələrinin təşkili və beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində məruzələr edəcəklər. Daha sonra Göygöl rayonunda məskunlaşmış Qərbi azərbaycanlı qaçqınlarla görüş keçiriləcəkdir.

 

 

Azərbaycan.- 2009.- 25 avqust.- S. 4.