Ukraynalı tarixçi faktlara əsaslanaraq erməni keşişini kəskin tənqid etmişdir

 

"Əgər bu keşiş öz ağalarının sifarişi ilə siyasi intriqalara qarışmaq əvəzinə özünün birbaşa vəzifələri ilə məşğul olsaydı - uşaqları xaç suyuna salsaydı, vəfat edənlərə rəhmət oxusaydı, sevən könülləri qovuşdursaydı, bu, həm cəmiyyət üçün, həm də dindarlar üçün daha faydalı olardı".

Rovno (Ukrayna) sakini, polyak mənşəli tarixçi Stefan Madalinski polşalı ermənilərin dini rəhbəri Tadeuş İsaakoviç-Zaleskinin (Tadevos İsahaqyanın) ermənilərin və yəhudilərin hərəkətlərindən nümunə götürərək Volında (Ukraynanın Polşa ilə həmsərhəd vilayəti) "polyakların soyqırımının" tanınmasının zəruri olması barədə bu yaxınlarda söylədiyi fikirləri REGNUM informasiya agentliyinə bu cür şərh etmişdir.

S.Madalinskinin fikrincə, "Ukraynada Stepan Banderanın şəxsiyyətinə münasibət birmənalı deyildir. Bu tarixi personaj barədə ukraynalılar arasında fikir birliyi yoxdur. Bir də ki, onun qəhrəman, yoxsa satqın olmasını ukraynalılar özləri ayırd edərlər. Volında soyqırımı, yoxsa adi qırğın baş verməsini də Ukrayna və Polşa tarixçiləri həll edərlər".

Rovnolu tarixçi demişdir: "Öz tarixi vətənində buna oxşar məsələlər sarıdan vəziyyətin heç də "parlaq" olmadığı üçüncü millətin ruhani rəhbərinin bu məsələyə müdaxilə etməsi həm Ukrayna, həm də Polşa tərəfinin hiddətinə səbəb olur. Yəqin ki, pan İsaakoviç-Zaleski öz tarixi vətəni Ermənistanda çoxdan olmamışdır və xəbəri yoxdur ki, Andranik Ozanyan, Amazasp Srvantsyan, Stepan Lalayan, Stepan Şaumyan, nasistlərin əlaltısı Qaregin Njde, nasist vermaxtının tərkibində Drastamat Kanayanın (general Dronun) başçılıq etdiyi 812-ci erməni xarici batalyonundan olan satqınlar, nasist canisi Ferens Salaşyan kimi banditlər və qan içən cəlladla orada dövlət səviyyəsində qəhrəmanlar kimi qələmə verilir. Görünür, pan İsaakoviç-Zaleski bilmir ki, Kaliforniyanın Santa-Barbara şəhərindən olan alçaq cəllad Qurgen Yanikyan Ermənistanda milli qəhrəman dərəcəsinə ucaldılmışdır. Halbuki həmin Yanikyan 1973-cü il yanvarın 27-də Los-Ancelesdəki konsulluqdan özünə dost adlandırdığı iki türk diplomatını - Mehmet Baydarı və Bahadur Dəmiri nahara dəvət etmiş, sonra isə "erməni qonaqpərvərliyinin ən yaxşı nümunələri" əsasında onunla duz-çörək kəsmiş, heç nədən şübhələnməyən qonaqların hər ikisini qətlə yetirmişdir. Görünür, erməni keşiş Amerika Femidası tərəfindən haqlı olaraq dəmir barmaqlıqlar arxasına salınmış və öz gərəksiz həyatının qalan hissəsini ev dustağı kimi keçirmiş bu mənfur qaniçən cəlladı epik ifadələrlə tərənnüm edən "Ay dzerunin" mahnısından və Anna Petrosyanın "Həbsxana kamerası" pyesindən də bixəbərdir. Erməni keşişinin Polşa-Ukrayna münasibətlərinə müdaxilə etməkdənsə, əvvəlcə öz kilsəsinə gələnlərə və Ermənistandakı soydaşlarına müraciət edib onları Stepan Zatikyan başda olmaqla Moskvada partlayışlar törətmiş üçlüyü "nahaq yerə öldürülənlər" dərəcəsinə qaldırmaqdan, ləğv edilmiş Asalaçı terrorçulara, məhv edilmiş terrorçu Monte Melkonyana rəğbət bəsləməkdən əl çəkməyə çağırması pis olmazdı".

Stefan Madalinski demişdir: "Təkcə bu faktı qeyd etmək kifayətdir ki, 2000-ci ildə Ermənistanın hakim dairələri hitlerçi Dronun nəşini... qəhrəman əsgərlərin memorialı önündə yenidən dəfn etmişlər. Bundan böyük həyasızlıq təsəvvürə gətirmək çətindir! Bütün bunlardan sonra erməni keşiş Polşa ilə Ukrayna arasında onsuz da sadə olmayan münasibətlərdə münsiflik etmək iddiasındadır. Volın faciəsi çoxdan baş vermişdir və polyakların yeni nəsilləri keçmişi xatırlamamağa çalışır. Xocalı qırğınının törədildiyi vaxtdan isə heç 20 il keçməmişdir. Tadeuş İsaakoviç-Zaleskinin həmvətənləri Azərbaycanın Xocalı şəhərinin böyüklü-kiçikli bütün sakinlərini qırmışdılar. Keşiş öz soydaşlarını onların və əcdadlarının törətdiyi cinayətlərə görə xristian adəti üzrə tövbə etməyə çağırmalıdır!"

 

 

Zeynal AĞAZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.- 2009.- 25 avqust.- S. 4.