Xoş məram məqsədlər elçisi

 

Tarix boyu bir çox taleyüklü məqamlarda məhz qadınlar daxildən gələn tələbatla, humanizm və insanpərvərliklə sülh, barış missiyalarını üzərlərinə götürmüş, sabitliyə, həmrəyliyə və tərəqqiyə xidmət edən böyük təşəbbüslərin müəllifinə çevrilmişlər. Qadınların parlaq zəkası, müdrikliyi, təmkinli düşüncəsi bəzi hallarda hətta insan tələfatı ilə nəticələnəcək böyük münaqişələrin, toqquşmaların qarşısını almışdır. Bu gün də dünyanın hər yerində qadınların bərabərlik, sülh və sabitlik uğrunda hərəkatı genişlənmişdir. Daim inkişafda olan tərəqqirərvər Azərbaycan qadınları bu hərəkatlara fəal surətdə qoşulur, millətimizin haqq səsini beynəlxalq tribunalardan səsləndirirlər.

Xalqın formalaşma və özünüdərk prosesində, mental dəyərlər sisteminin möhkəmlənməsində, genefondunun qorunmasında, milli məqsədlər naminə səfərbər olunmasında Azərbaycan qadınının xidmətləri əvəzsizdir. İctimai gerçəkliyin, əxlaqi problemlərin həllində, ideya mübarizələrində qadınlarımız əzmkarlığı, fəallığı, müasirliyi, biliyi, bacarığı, möhkəm əqidə saflığı ilə həmişə ön cərgələrdə olmuşlar. Adət-ənənələrimizin yaşadılması və nəsillərdən-nəsillərə çatdırılması yolunda Azərbaycan qadınları daim müdriklik, fədakarlıq və təmkinlilik nümayiş etdirmişlər. Milli-mənəvi dəyərlərə tapınan Azərbaycan qadını yüksək mənəvi idealların, nəcib, xeyirxah təşəbbüslərin tərəfdarı kimi çıxış etməklə yanaşı, bütün dünyada sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasına çalışmışdır. Bu gün qadınlarımız təkcə insanpərvər layihələrin gerçəkləşməsində deyil, həm də sivilizasiyalar arasında mədəni dialoqun qurulmasında, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasında, ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın dərinləşməsində böyük işlər görürlər.

Xüsusi vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədəki əzmkar və vətənpərvər fəaliyyəti hər birimizdə böyük rəğbət və fəxarət hissi doğurur. Azərbaycanın birinci xanımı əsl türk xatununa xas nəcib, humanist və insanpərvər xarakterlə cəmiyyətdə mənəvi aşınma yaradan, eləcə də saf və ali dəyərləri ucuzlaşdıran mənfi meyillərə qarşı barışmaz mövqe tutur, insanlığın təntənəsinə xidmət edən nəcib təşəbbüsləri ilə həm də sivilizasiyalararası dialoq prosesinə töhfəsini verir. Son illərdə məhz Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun iştirakı ilə Bakıda təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirlərdə dünyada sülh və sabitliyin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun genişləndirilməsi, savadsızlığın, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılması kimi nəcib ideyalar üstünlük təşkil etmişdir.

Azərbaycanda "birinci xanım" institutunun geniş mənada məhz 2003-cü ilin oktyabrından sonra formalaşması, bunun YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adı ilə bağlı olması faktı da xüsusi vurğulanmalıdır. 2004-cü ildən ulu öndərin adını daşıyan Heydər Əliyev Fonduna rəhbərlik edən, həmin ilin avqustunda YUNESKO-nun, 2006-cı ildə isə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülən Mehriban xanım Əliyevanın son illərdəki çoxşaxəli fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə, habelə mədəniyyət, təhsil, səhiyyə, idman sahələrində son dərəcə gərəkli layihələrin həyata keçirilməsinə, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına yönəlmişdir.

Bu gün Azərbaycanda mədəni müxtəlifliyin təmin olunmasına, bəşəriyyətin nicatına, insanlığın yüksəlişinə xidmət edən nəcib və humanist dəyərlərin inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycanın birinci xanımı xalqın milli varlığının və özünəməxsusluğunun təcəssümü kimi əsrlər boyu formalaşmış zəngin mənəvi irsi, milli düşüncə və dəyərlər sistemini yad təsirlərdən qorumaq, zəngin mədəniyyətini bəşər miqyasında təbliğ etmək kimi çətin və şərəfli vəzifənin öhdəsindən layiqincə gəlir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva xüsusən də son beş ildə həyata keçirdiyi dəyərli layihələrlə, irəli sürdüyü nəcib və xeyirxah təşəbbüslərlə xalqın dərin inam və etimadını qazanmışdır. Xalqın mənəvi sərvətinin sadiq keşikçisinə çevrilmiş Heydər Əliyev Fondunun beş illik yubileyinin respublika miqyasında əlamətdar hadisələrdən biri kimi qeyd olunması onun cəmiyyət həyatındakı əlahiddə mövqeyinin və nüfuzunun daha bir əyani göstəricisi kimi vurğulana bilər. 2009-cu il mayın 10-da Heydər Əliyev Fondunun beş illiyi ilə əlaqədar keçirilən təntənəli mərasimdə çıxış edən Mehriban xanım Əliyeva demişdir: "Fondun fəaliyyəti artıq hər kəsə bəllidir. Beş il ərzində görülən işlər, əldə edilən nailiyyətlər haqqında bu axşam burada danışılacaq. Öz adımdan təkcə onu demək istəyirəm ki, bu beş il ərzində görülən işlər bir çox sahələri - elmi, təhsili, mədəniyyəti, səhiyyəni, sosial sferanı əhatə edir. Lakin bunları birləşdirən bir amil var. Bu da Azərbaycana, Vətənə xidmət etmək arzusu və şərəfidir. Bu yolda bizə kömək edən, bizi dəstəkləyən, bizə inanan hər bir insana dərin minnətdarlığımı bildirirəm. Fondun əməkdaşlarına - gənc, istedadlı və insan problemlərinə heç zaman biganə qalmayan komandamın hər bir üzvünə xüsusi minnətdarlığımı bildirirəm. Bir daha sizi əmin etmək istəyirəm ki, Heydər Əliyevin adını daşıyan fond Azərbaycanın bu günü və gələcəyi naminə bundan da artıq işlərə hazır və qadirdir".

Ötən beş ildə Azərbaycan vətəndaşlarının, sözün əsl mənasında, ümid, pənah ünvanına çevrilmiş fond ümummilli lider Heydər Əliyevin müdrikliyə əsaslanan həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini öyrənən ideoloji-humanitar mərkəz kimi üzərinə götürdüyü çətin vəzifənin öhdəsindən layiqincə gəlmiş, böyük strateqin ideallarına tapınaraq xalqın rifahına yönəlmiş irimiqyaslı layihələrin təşəbbüsçüsü və fəal icraçısı olmuşdur. Heydər Əliyev Fondu son beş ildə elmin, təhsilin, mədəniyyətin, incəsənətin, musiqinin inkişafı, sosial problemlərin həlli naminə gördüyü çox fəal işlərlə yanaşı, gender problemlərinə, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına da xüsusi diqqət yetirmişdir. 2008-ci il yanvarın 16-da Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu (UNFPA) və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə birgə layihəyə dair sənədlərin imzalanması da deyilənlərin təsdiqidir. Əsas məqsədi əhalinin maarifləndirilməsi, qadın və uşaqların məişət zorakılığından müdafiə olunması, zərərli vərdişlərin aradan qaldırılması, erkən nikahların qarşısının alınması və ailədə baş verən zorakılığın uşaqlara təsirinə yol verilməməsi kimi əsl insani münasibətləri əks etdirən bu layihə çərçivəsində beynəlxalq təcrübənin öyrənilməsi, o cümlədən beynəlxalq ekspertlərin cəlb edilməsiylə, əhali arasında insan hüquqları və gender bərabərliyi ilə bağlı genişmiqyaslı məlumatlandırma kampaniyası aparılmış, regional seminarlar təşkil edilmişdir.

Son illərdə Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun iştirakı ilə Bakıda təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirlərdə dünyada sülh və sabitliyin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun genişləndirilməsi, qadın hüquqlarının qorunması, savadsızlığın, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılması kimi nəcib ideyalar üstünlük təşkil etmişdir. Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü ilə 2008-ci ilin mayında Bakıda YUNESKO-nun "Dünyada savadlılığın dəstəklənməsi" üzrə regional konfransın keçirilməsi ümumilikdə Azərbaycanın təhsil sahəsində mühüm beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini söyləməyə əsas verir. İnformasiya cəmiyyətinin qurulması yolunda son illər uğurlu addımlar atan Azərbaycan rastlaşdığı yeni tipli problemlərin də çevik həllinə nail olmağa çalışır. Məhz bu baxımdan Bakıda belə bir konfransın təşkili böyük əhəmiyyət kəsb etmiş, respublikanın təhsil ictimaiyyətinə Avropa ölkələrinin müsbət təcrübəsindən bəhrələnmək üçün geniş imkanlar yaratmışdır.

Azərbaycanın birinci xanımı tədbirdə çıxış edərkən demişdir ki, Bakı konfransı qlobal savadlılığın dəstəklənməsinə yönəlmiş regional və subregional YUNESKO konfransların davamı, milli, regional və beynəlxalq səviyyələrdə savadlılığın təşviqinə yönəlmiş birgə səylərin bir hissəsidir. Hazırda YUNESKO hər bir ölkə üçün təhsilə açıq və bərabər çıxışın təmin edilməsindən ötrü resursları səfərbər edir. Yüksək keyfiyyətli təhsilə çıxışın təmin edilməsi və savadsızlığın aradan qaldırılması məsələlərinə xüsusi diqqət yetirilir. Heydər Əliyev Fondunun prezidenti xüsusi vurğulamışdır ki, hazırda Azərbaycanda savadlılığın dəstəklənməsinə mane olan yeganə qlobal səbəb Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində ölkəmizdə bir milyon qaçqın və məcburi köçkün yaranmış, son 20 il ərzində belə vəziyyətdə yaşayan yeni nəsil formalaşmışdır. Buna baxmayaraq, Azərbaycan hökuməti qaçqın və məcburi köçkün uşaqlar üçün təhsilin müvafiq səviyyəsini təmin edə bilmiş, təhsil problemlərini həll etmək məqsədi ilə regionlarda infrastrukturu dəstəkləyən təhsil modeli yaradılmışdır. Hazırda işğal olunmuş rayonların məktəbləri digər orta məktəblərlə eyni səviyyədə fəaliyyət göstərir.

2008-ci ildə Bakıda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində qadınların rolunun araşdırılması, bu yönümdə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir. Bu forum YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsində müasir Azərbaycan qadınının qlobal proseslərdə fəal iştirakını və təşəbbüskarlığını bütün dünyaya aşkarlamışdır. Bakı forumu həm də fərqli mədəniyyətlərin dialoqu prosesində qadınların rolunun araşdırılması və ümumi səylərinin bu yöndə səfərbər olunması, nəcib, humanist təşəbbüslərin dəstəklənməsi məqsədi daşımışdır.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq forum ölkəmizin demokratik dəyərlərə, qadın hüquqlarının qorunmasına və mövcud problemlərin həllinə göstərdiyi diqqətin parlaq təzahürü kimi dəyərləndirilməlidir. Qloballaşan dünya üçün mühüm aktuallıq kəsb etmiş həmin forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndənin, o cümlədən bir neçə ölkənin birinci xanımlarının, İSESKO-nun baş direktorunun, YUNESKO-nun xoşməramlı səfirlərinin iştirak etməsi mötəbər hadisə olmaqla, respublikamızın sivilizasiyaların dialoqu prosesindəki roluna verilən yüksək önəmin təzahürüdür. Forumda İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman Əl-Tüveycrinin, Türkiyənin Baş nazirinin xanımı Əminə Ərdoğanın, Polşanın birinci xanımı Mariya Kaçinskinin, Cənubi Afrika Respublikasının birinci xanımı Zanele Mbekinin, Anqolanın birinci xanımı Ana Paula duş Santuşun, Latviya Respublikasının birinci xanımı Lilita Zatlerin, ABŞ-ın Texas ştatının birinci xanımı Anita Perrinin, Rusiya Federasiyası Şurası sədrinin müavini Svetlana Orlovanın, Argentinanın vitse-prezidentinin xanımı Marta Kristina Çeruti Dekobosun, Bəhreyn xarici işlər nazirinin xanımı şeyxa Veysəlin və ayrı-ayrı dövlətlərin rəsmi şəxslərinin iştirak etməsi onun mötəbərliyini və səmərəliliyini bir daha sübuta yetirmişdir.

Forumda dərin məzmunlu nitq söyləyən Azərbaycanın birinci xanımı bütün qadınları mədəniyyətlərin dialoqunda və millətlər arasında anlaşmanın inkişaf etdirilməsi istiqamətində birlikdə çalışmağa, düşmənlərinin irqi, dini və mədəni ayrı-seçkiliyə yönələn fitnələrinin qarşısını birlikdə almağa çağırmışdır. Həmçinin vurğulamışdır ki, hər bir belə toplantı özlüyündə dialoq olaraq müxtəlif ölkələrin və mədəniyyətlərin təmsilçilərini bir araya gətirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Mehriban xanım Əliyeva haqlı olaraq bildirmişdir ki, belə görüşlər ən azından insanların bir-birini daha dərindən tanımasına, fikir və təcrübə mübadiləsinin aparılmasına xidmət edir.

Mədəniyyətlər və sivilizasiyalararası dialoq probleminə qadınların gözü ilə baxılmasının, bu məsələdə qadınların mövqeyinin qabardılmasının əhəmiyyətini diqqətə çəkən Azərbaycanın birinci xanımı demişdir ki, qadın olan yerdə həmişə səmimiyyət, sevgi və məhəbbət var, düşmənçiliyə, qarşıdurmaya, nifrətə yer yoxdur: "Sürətlə qloballaşan müasir dünyada sivilizasiyaların dialoqunun intensivləşdirilməsi yolunda siyasətçilərin, alimlərin, din və mədəniyyət xadimlərinin, həmçinin kütləvi informasiya vasitələri nümayəndələrinin qarşısında geniş perspektivlər mövcuddur. Məhz onların məqsədyönlü və rasional fəaliyyəti nəticəsində bəşəriyyət mədəniyyətlərin qarşıdurması təhlükəsini dəf edərək dialoqun uğurlu nəticələrinə nail ola bilər. Bakı Forumu qadınların mədəniyyətlər arasında dialoqda rolunun genişləndirilməsi işinə təkan verəcək və hər birinizin həyatında yaddaqalan hadisəyə çevriləcəkdir".

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva forumdakı dərin məzmunlu çıxışında demişdir ki, bu gün qadınları sivilizasiyaların dialoqunda və ümumi məqsədlərə nail olmaq istiqamətində beynəlxalq hərəkatlara fəal cəlb etməyə ciddi ehtiyac yaranmışdır. Azərbaycanın birinci xanımı bütün qadınları mədəniyyətlərin dialoqu və millətlər arasında anlaşmanın inkişaf etdirilməsi istiqamətində birlikdə çalışmağa, sülhün və insanların dinc yanaşı yaşamasının düşmənlərinə qarşı mübarizə aparmağa çağırmışdır. Onun fikrincə, forumda aparılacaq müzakirələr dünyada qadınların qarşılaşdıqları problemlərin həllində mühüm rol oynayacaqdır. Mehriban xanım Əliyeva, eyni zamanda, Azərbaycan qadınlarının cəmiyyətin ictimai-siyasi və mədəni həyatında daim mühüm rola və mövqeyə malik olduqlarını xüsusi vurğulamışdır: "Bu gün qadınlarımız idarəetmə, hüquq və məhkəmə sistemində təmsil olunur, ölkənin ictimai və siyasi həyatında fəal iştirak edirlər. Onlar ölkə üzrə məktəb müəllimlərinin 71, həkimlərin 61, elmi işçilərin isə 50 faizini təşkil edirlər. Bu yolu Azərbaycan qadını 90 il ərzində keçmişdir. Bütün bunlarla yanaşı, Azərbaycan qadını ailə dəyərlərinin qorunub saxlanması kimi mühüm bir sahədə də öz layiqli töhfəsini vermişdir. Şərq ilə Qərb dəyərlərini özündə birləşdirən Azərbaycan, beləliklə, gender məsələsində də nümunə ola bilər. Biz qadınları, adətən, iki model ilə üz-üzə qoyurlar. Belə hesab olunur ki, Şərq qadını daha çox ailəyə bağlıdır, Qərb qadını isə cəmiyyətdə yüksək mövqe axtarır. Reallıq isə iki mövqedən də çox-çox uzaqdır. Mən elə hesab edirəm ki, həm Şərq qadını, həm Qərb qadını tarix boyu elə nailiyyətlər əldə edib ki, onlardan biz hamımız faydalana bilərik. Bu yanlış stereotipdən bu məsələdə uzaq olsaq, bu, həm Şərqə, həm də Qərbə kömək edə bilər".

Ümumbəşəri mədəniyyətə, sülhə və əmin-amanlığa yeni töhfələr verən bu forumun yekunları göstərmişdir ki, qadınlar sivilizasiyalararası dialoqun inkişaf etdirilməsində çox mühüm rol oynayırlar. Ən əsası, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən beynəlxalq forumun ölkəmizin demokratik dəyərlərə, qadın hüquqlarının qorunmasına və mövcud problemlərin həllinə göstərdiyi diqqətin parlaq təzahürü kimi dəyərləndirilməlidir.

Forumun sonunda qəbul edilmiş Bakı Bəyannaməsi tədbir iştirakçılarının rəy və təklifləri əsasında işlənmiş və təkmilləşdirilmişdir. Bəyannamədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın qadınların sivilizasiyalararası dialoqa töhfəsinə həsr olunan forumu keçirmək təşəbbüsü alqışlanır. Bildirilir ki, Bakı Forumu İnsan Hüquqları üzrə Dünya Bəyannaməsinin 60-cı ildönümünə təsadüf edir. Bu da insan hüquqları, mədəniyyət müxtəlifliyi, mədəniyyətlərarası dialoq və gender bərabərliyi arasında əlaqə yaratmaq haqda düşünməyə imkan verir. Bəyannamədə dünya dövlətləri münaqişələrin həllində və sülhməramlı proseslərdə qərarların qəbulunda qadınların iştirakının artırılmasına çağırılır. "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda ikinci forumun 2010-cu ildə yenə də Bakıda keçirilməsi planlaşdırılır.

Azərbaycan qadınlarının 2008-ci il sentyabrın 26-da keçirilmiş III qurultayı da ölkənin ictimai-siyasi həyatında mühüm siyasi hadisə olmaqla, bu təbəqənin cəmiyyətdəki layiqli yerinin, mühüm proseslərə fəal müdaxilə imkanlarının təcəssümüdür. 2000-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Misir, Küveyt, Gürcüstan, Rusiya, Türkiyə, Litva, ABŞ, İordaniya və İsveçrədən nümayəndələrin iştirakı da tədbirin əhəmiyyətindən və mötəbərliyindən xəbər verir.

Qurultayda respublikada son beş il ərzində qadın hərəkatının inkişafı sahəsində görülən işlərə yekun vurulmuş, gender bərabərliyinin möhkəmləndirilməsi üzrə dövlət strukturlarının və qeyri-hökumət təşkilatlarının perspektiv fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Qurultayda həmçinin Azərbaycanda qadın hərəkatının bugünkü vəziyyəti və qarşıda duran vəzifələr mövzusunda fikir mübadiləsi aparılmış, çıxışlar dinlənilmiş, Azərbaycan Prezidentinə və beynəlxalq təşkilatlara müraciət və yekun qətnamə qəbul olunmuşdur. Qurultayda həmçinin regionlarda qadın hərəkatının inkişafı problemlərinə xüsusi diqqət ayrılmış, ölkənin nisbətən daha ucqar regionları ilə əlaqələrin intensivləşdirilməsi vacibliyi önə çəkilmişdir.

Qurultayda dərin məzmunlu çıxış edən YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva demişdir ki, Azərbaycan qadınları həyatın bir çox sahələrində əldə etdiyi uğurlarla haqlı olaraq fəxr edirlər. Azərbaycanın birinci xanımı həmçinin ölkədə qadınların təhsili ilə bağlı bəzi problematik məsələlərə də toxunmuşdur: "Hesab edirəm ki, biz belə qurultayda bu məsələləri birgə müzakirə etməli və problemlərin həlli yolunu axtarmalıyıq. Mən bu gün sizin diqqətinizi məni narahat edən iki məsələyə cəlb etmək istərdim. Bunun birincisi təhsilə aiddir. Bir sıra bölgələrdə bəzi ailələr qızlarına hətta orta məktəbi bitirməyə belə icazə vermirlər.

 Hesab edirlər ki, qız uşağı üçün təhsil o qədər də vacib deyil. Fikrimcə, bu, dözülməz bir faktdır. Biz qadınlar bu məsələlərdə həmrəy olaraq öz qəti sözümüzü deməliyik. İkinci məsələ uşaq evləri və internat məktəblərində tərbiyə alan uşaqlara aiddir. Heydər Əliyev Fondu bu sahədə bir çox işlər görür. Bizim xüsusi proqramımız var və bu proqram çərçivəsində ölkəmizdə 30-dan çox uşaq evi və internat məktəbi yenidən qurulub, ən müasir avadanlıqla təmin olunubdur. Mən bu kürsüdən istifadə edərək sizə müraciət edirəm və düşünürəm ki, biz bu məsələləri birgə təhlil edib bu xoşagəlməz meyillərin qarşısını almağa çalışmalıyıq. Artıq 90 ildir ki, Azərbaycan qadını cəmiyyətimizin tamhüquqlu üzvüdür. Biz bu gün bərabər hüquqlardan bərabər imkanlara siyasətini gerçəkləşdiririk. Mən bu yolda bütün Azərbaycan qadınlarını daha fəal olmağa, öz potensialını gerçəkləşdirməyə, cəmiyyətdə öz sözünü deməyə çağırıram".

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın insanlığın nicatına xidmət edən nəcib fəaliyyəti təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da layiqincə qiymətləndirilir. Azərbaycanın birinci xanımının "XXI əsrin böyük qadını" fəxri titulunun nominantı olması bunu bir daha təsdiqləyir. Beynəlxalq Niaqara Festivalının bədii rəhbəri, Toronto Kral Konservatoriyasının professoru Atis Bankas, Moskva Konservatoriyasının professoru, Niaqara Festivalının "İpək yolu" Komitəsinin həmsədri Nina Koqan, "İpək yolu" kamera orkestrinin baş dirijoru və "İpək yolu" Komitəsınin sədri, həmvətənlimiz İsmayıl Hacıyev və Beynəlxalq Niaqara Festivalının baş meneceri Virciniya Meynprays bu təkliflə Amerika Bioqrafiya İnstitutunun prezidenti cənab Evansa müraciət etmişlər. Xatırladaq ki, indiyə qədər bir sıra nüfuzlu qadınlar, o cümlədən İngiltərə Kraliçası II Yelizaveta, Amerika Birləşmiş Ştatlarının indiki dövlət katibi Hillari Klinton, öz xeyirxah əməlləri ilə dünya şöhrəti qazanmış Tereza Ana və başqaları bu mühüm fəxri ada layiq görülmüşlər.

2009-cu il iyulun axırlarında isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu beynəlxalq səviyyəli titula layiq görülmək üçün nominant kimi irəli sürülmüşdür. Amerika Bioqrafiya İnstitutuna müraciətin müəllifləri öz təkliflərini əsaslandırmaq üçün Mehriban xanım Əliyevanın ölkəsinin mədəni sərvətlərinin inkişafına, Şərq və Qərb mədəniyyətlərinin yaxınlaşmasına yönəlmiş, mənəvi yaradıcı inteqrasiyaya kömək edən geniş fəaliyyətini vurğulamışlar. Müraciətdə həmçinin qeyd edilir ki, Heydər Əliyev Fondunun prezidenti uşaqlara, onların problemlərinə xüsusi diqqət yetirir. Fondun xeyriyyə proqramı Azərbaycanda uşaq evlərinin yenidən qurulmasını və modernləşdirilməsini, məktəblərin açılmasını, diabetdən və digər ağır xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə olunmasını əhatə edir. Qocalar evlərinə də ən müasir tibbi səviyyədə kömək göstərilir.

Azərbaycanın birinci xanımını XXI əsrin tanınmış görkəmli qadınları olan müasirlərimiz sırasına daxil etmək təklifi ilə Amerika Bioqrafiya İnstitutunun ünvanına daxil olmuş digər müraciəti Niaqara şəhər meri lord Qeri Borrou imzalamışdır.

Ümumilikdə, fondun son 5 ildə həyata keçirdiyi bütün layihələr milli xüsusiyyətlər, yerli tələb və ehtiyaclarla çulğaşaraq maraqlı və rəngarəng forma almışdır. Fond hansısa ayrıca götürülmüş sahənin inkişafı naminə fəaliyyət göstərmir - xeyriyyəçilikdən tutmuş ölkənin səhiyyə və təhsil sisteminin, mədəniyyət və incəsənətinin inkişafı, insan hüquqlarının qorunması, Azərbaycanın beynəlxalq aləmdəki imicinin formalaşması kimi müxtəlif sferalarda məhsuldar fəallıq nümayiş etdirir. Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva üzərinə götürdüyü çətin, fəqət xoşməramlı missiyasını layiqincə davam etdirir. Bu fəaliyyəti ilə o həm də həyatının mənasını insanlara təmənnasız köməkdə, xeyirxah və nəcib əməllərdə axtaran, bəşəriyyətin nicatı, xilası üçün çalışan nəcib insanlarla bir sırada dayanır.

 

 

Afət SADIQOVA,

filologiya elmləri namizədi

 

Azərbaycan.- 2009.- 25 avqust.- S. 2.