Avqustun 25-də
M.F.Axundov adına Milli Kitabxanada Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini
əks etdirən "Azərbaycan mədəniyyəti və
mədəni şedevrləri gələcək nəsillərə
misilsiz ərməğandır" kitabının rus dilində
variantının təqdimat mərasimi keçirilmişdir.
Mədəniyyət və
Turizm Nazirliyinin layihəsi əsasında hazırlanmış
kitabın təqdimat mərasimində Milli Məclisin
deputatları, tanınmış ziyalılar, mədəniyyət
və incəsənət xadimləri iştirak etmişlər.
Kitab Mehriban xanım Əliyevanın
mədəniyyətin, mədəni irsin qorunması və gələcək
nəsillərə çatdırılması istiqamətində
1995-ci ildən 2009-cu ilədək həyata keçirdiyi
böyük işləri və onun çoxşaxəli fəaliyyətini
geniş şəkildə əks etdirir.
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev mərasimdə
çıxış edərək bildirmişdir ki, "Azərbaycan
mədəniyyəti və mədəni şedevrləri gələcək
nəsillərə misilsiz ərməğandır"
kitabı bu yaxınlarda təqdimatı keçirilmiş
"Mədəniyyətimizin və mədəni incilərimizin
hamisi" kitabının rus dilində variantıdır. Kitab yenidən işlənmiş
və ona əlavələr edilmişdir, məqalələrin
bir çoxu ilk dəfə nəşr olunur. Həmçinin
kitabda Mehriban xanım Əliyevanın xeyirxah əməlləri,
çıxışları, onun haqqında deyilən fikirlər
də əksini tapmışdır.
Kitabda, eyni zamanda, Azərbaycanın
birinci xanımının təşəbbüsü ilə
onun rəhbərlik etdiyi Fond tərəfindən elm, ədəbiyyat,
mədəniyyət, təhsil, səhiyyə və digər
sahələrdə həyata keçirilən çox dəyərli
layihələr haqqında ətraflı məlumatlar
toplanmışdır.
Nazir demişdir ki,
Mehriban xanım Əliyeva bütün sahələrlə
yanaşı, mədəniyyətimizin inkişaf etdirilməsi
və dünyaya tanıtdırılması istiqamətində
də mühüm işlər görmüşdür. O, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri kimi Azərbaycan mədəniyyəti
incilərinin dünya qeyri-maddi mədəni irs
siyahısına salınması kimi böyük uğurlara
imza atmışdır. Hazırda bu istiqamətdə fəaliyyət
davam etdirilir. Yaxın vaxtlarda Azərbaycanın aşıq
musiqisi sənəti də YUNESKO-nun dünya qeyri-maddi mədəni
irs siyahısına daxil ediləcəkdir.
Rəngli fotoşəkillərlə
zəngin olan bu dəyərli kitab ingilis dilinə də tərcümə
olunacaq və yaxın vaxtlarda elektron variantda oxuculara təqdim
ediləcəkdir. Nəfis
tərtibatla, yüksək poliqrafik keyfiyyətlə çap
edilmiş kitab YUNESKO-nun baş direktoru Koişiro Matsuuranın
Mehriban xanım Əliyevanın fəaliyyəti haqqında
fikirləri ilə açılır.
Təqdimat mərasimində
bildirilmişdir ki, "Çinar-Çap" mətbəəsində
1000 nüsxə tirajla çap olunmuş 798 səhifəlik
kitabda AzərTAc-ın materiallarından geniş istifadə
edilmişdir.
Tədbirdə
AMEA-nın müxbir üzvü, Milli Məclisin Mədəniyyət
komitəsinin sədri, Azərbaycanda Atatürk Mərkəzinin
rəhbəri Nizami Cəfərov, Aşıqlar Birliyinin sədri,
xalq yazıçısı Zəlimxan Yaqub, Milli Məclisin
deputatı Elmira Axundova və xalq artisti Arif Babayev
çıxış edərək Mehriban xanım Əliyevanın
genişmiqyaslı fəaliyyətini əks etdirən
kitabın rus dilində variantının
hazırlanmasını yüksək qiymətləndirmişlər.
Bildirilmişdir ki,
YUNESKO-nun 41 xoşməramlı səfiri sırasında Azərbaycanın
birinci xanımının da olması ölkəmizin ən
yeni tarixinin parlaq səhifələrindəndir. Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın
zəngin, bənzərsiz mədəni irsinin qorunması və
təbliği, təhsil və səhiyyə sahələrində
həyata keçirilən genişmiqyaslı layihələr təkcə
ölkəmizdə deyil, beynəlxalq aləmdə də
yüksək qiymətləndirilir.
Sonda tədbirin
iştirakçıları Mehriban xanım Əliyevanın fəaliyyətini
əks etdirən və Heydər Əliyev Fondu tərəfindən
müxtəlif illərdə çap edilmiş kitabların sərgisinə
maraqla baxmışlar.
Azərbaycan.- 2009.- 25 avqust.- S.3.