Rumıniyadan xoş təəssüratla

 

Azərbaycan Respublikasının Auditorlar Palatası ilə Rumıniyanın Maliyyə Auditorları Palatası arasında bu il mayın 5-də Bakıda imzalanmış Anlaşma memorandumu iki dost ölkənin müstəqil maliyyə nəzarəti qurumları arasında peşə əlaqələrinin intensivləşdirilməsi üçün əsas olmuşdur. O cümlədən Anlaşma memorandumuna uyğun olaraq, palataların əməkdaşlarının və üzvlərinin milli səviyyədə peşə ilə bağlı təşkil edilən tədbirlərdə - seminar və konfranslarda iştirakı barədə öhdəlik artıq reallaşdırılmağa başlanmışdır. İlk addım olaraq, Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, "RM*LM Audit Ltd" məhdud məsuliyyətli cəmiyyətinin auditoru İsmət Cabbarov bu günlərdə Rumıniya Maliyyə Auditorları Palatasının təşkil etdiyi beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir.

İ.Cabbarov konfransla əlaqədar demişdir:

- Ən əvvəl, qeyd etməliyəm ki, konfransın ümumi plenar iclası Rumıniyanın Kluj-Napoka şəhərindəki "Opera Plaza" hotelinin iclas salonunda oldu. Rumıniya Maliyyə Auditorları Palatasının prezidenti, professor İon Mihailesku giriş nitqində konfransın məqsədi barədə məlumat verdi, qonaqları salamlayaraq, onları təqdim etdi. ACCA-nın sədr müavini Mark Qold, Dünya Bankının Maliyyə Hesabatı İslahatları Mərkəzinin rəhbəri Con Hegarty, ACCA-nın Cənub-Şərqi Avropa üzrə rəhbəri Andrea Manea, Avropa Mühasiblər və Auditorlar Federasiyasının prezidenti Federiko Diomenda, Belçika Məcburi Auditorlar İnstitutunun prezidenti Pyer Berger və baş katibi David Şafran və başqlarının konfransda iştirakı müzakirə mövzusunun - "Maliyyə auditi peşəsində milli və beynəlxalq ünsürlər" - aktuallığından və konfransa peşəkar maraqdan xəbər verirdi.

Plenar iclasın əsas mövzusu "İdarəçilik və ictimai nəzarət" idi. Bu mövzu ətrafında çox maraqlı məruzələr səsləndirildikdən sonra konfrans "Keyfiyyətə nəzarət", "Etika məcəlləsi", "Peşəkar təhsil", "Qlobal iqtisadi böhran və auditorun məsuliyyəti", "Peşəkar davranış və intizamla bağlı təhqiqatlar" və "Cənub-Şərqi Avropada peşə ilə bağlı cari məsələlər" mövzuları üzrə bölmə iclaslarında işini davam etdirdi.

Mən "Qlobal iqtisadi böhran və auditorun məsuliyyəti" bölməsində çıxış edərək, qlobal iqtisadi böhranın Azərbaycana təsirini minimuma endirmək üzrə dövlətimizin başçısı cənab İlham Əliyevin yeritdiyi siyasətin uğurlu nəticələrindən, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən ardıcıl tədbirlər, bu prosesdə auditorların iştirakı barədə məlumat verdim.

Mənim çıxışım, xüsusən qlobal böhrana qarşı Azərbaycanın dayanıqlılığı ilə bağlı məqamlar iştirakçıların böyük marağına səbəb oldu. Yekun plenar iclasına sədrlik edən keçmiş sovet və Şərqi Avropa ölkələri arasında Azərbaycanın özünəməxsus uğurlu inkişaf strategiyasına toxundu, bu strategiyanın ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini xüsusi qeyd etdi.

Konfransdan kənar vaxtda ayrı-ayrı nümayəndələrlə maraqlı görüşlərimiz, söhbətlərimiz oldu və bütün bunlar məndə xoş təəssürat oyatdı.

 

 

Azərbaycan.- 2009.- 26 avqust.- S. 3.