Bakıda Avropa Şurasının
Gənclərlə İş
üzrə Daimi Komitəsinin yay məktəbi fəaliyyətə
başlamışdır
Avqustun 25-də "Park
İnn - Azərbaycan" mehmanxanasında Avropa
Şurasının (AŞ) Gənclərlə İş
üzrə Daimi Komitəsinin yay məktəbi öz işinə
başlamışdır.
Tədbirdə gənclər
və idman naziri Azad Rəhimov, Azərbaycanın Avropa
Şurası Parlament Assambleyasındakı daimi nümayəndə
heyətinin rəhbəri Səməd Seyidov, AŞ Gənclərlə
İş üzrə Daimi Komitənin direktoru Rene Veynqartner,
bir sıra ölkələrin gənclərlə iş sahəsində
çalışan yüksək vəzifəli məmurları
və Avropanın gənclər təşkilatlarının rəhbərləri
iştirak edir.
Tədbirdə
çıxış edən Azad Rəhimov yay məktəbinin
Azərbaycanda keçirilməsinin əhəmiyyətindən
danışmışdır. Nazir Azərbaycanın AŞ ilə
bir sıra sahələrdə əməkdaşlıq etdiyini
və gənclər siyasəti ilə bağlı əlaqələrə
xüsusi diqqət yetirdiyini bildirmişdir.
Səməd Seyidov isə
gənclər üçün yay məktəblərinin təşkil
olunmasının vacib olduğunu və bu tədbirlərin
xüsusi əhəmiyyət kəsb etdiyini söyləmişdir.
O, gənclərlə iş sahəsində Azərbaycanın
Avropa Şurası ilə əməkdaşlığa
böyük əhəmiyyət verdiyini demişdir.
Rene Veynqartner isə rəhbərlik
etdiyi komitənin artıq beşinci dəfədir ki, yay məktəbi
təşkil etdiyini söyləmişdir. Bakıya bir
neçə dəfə gəldiyini deyən qonaq Azərbaycanın
gözəl və maraqlı ölkə olduğunu
bildirmişdir. R.Veynqartner rəhbərlik etdiyi komitəyə
üzv ölkələr arasında Azərbaycanın gənclər
və idman sahəsində ən fəal olduğunu diqqətə
çatdırmışdır. O demişdir ki, Azərbaycan hər
zaman innovativ tədbirlərlə çıxış edir. Biz
yalnız müəyyən danışıqlar
aparmırıq, həm də konkret addımlar atırıq. Əminəm
ki, bu yay məktəbi çərçivəsində məhsuldar
müzakirələr keçiriləcək.
Tədbirin keçirilməsində
əsas məqsəd Avropa Şurasının və Avropa
Komissiyasının gənclərlə iş sahəsində həyata
keçirdiyi fəaliyyəti və gənclər siyasətinin
təsir mexanizmlərini müzakirə etmək, AŞ-nin bu
sahədə iş prinsipi, metodları və məqsədləri
ilə yaxından tanış olmaqdır.
Beş gün davam edəcək
tədbirdə gənclərlə iş sahəsində Avropa
Birliyinin 2020-ci ilə qədər olan strategiyası təqdim
olunacaq, müxtəlif mövzular ətrafında debatlar
keçiriləcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 26 avqust.- S. 3.