Zəmanəmizin görkəmli din xadimi
Müqəddəs
dinimiz olan islamın gözəl ənənələrinin
ölkəmizdə, eləcə də bütün Qafqaz
bölgəsində qorunub saxlanılması və möhkəmləndirilməsində
Şeyxülislam Allahşükür Paşazadənin
xüsusi xidmətləri vardır. Onun Qafqaz Müsəlmanları
İdarəsinə rəhbərlik etdiyi illər ərzində
bu dini qurum islam dəyərlərinin geniş təbliğ
olunması, müsəlmanların dini-mənəvi birliyinin
möhkəmləndirilməsi, onların cəmiyyətin həyatında
fəallığının artırılması işində
böyük rol oynayan mühüm mərkəzlərdən
birinə çevrilmişdir. Azərbaycan xalqının
azadlıq uğrunda mübarizəsində Hacı
Allahşükür Paşazadənin tutduğu əsl vətəndaş
mövqeyi onun ölkədə cərəyan edən mürəkkəb
ictimai-siyasi prosesləri obyektiv qiymət-ləndirmək,
yaranmış problemlərin həllində dini ami-lin
gücündən düzgün istifadə etmək
bacarığını nümayiş etdirdi.
Heydər Əliyev
"...Dinc, namuslu,
hamıya dost münasibəti bəsləyən Azərbaycan
xalqını kimlərinsə xatirinə qırmaq nə
dövlət rəhbərinə, nə də adi bir insana
yaraşan hərəkət deyil. Bizi qırmaq olar, əzmək
olar, amma sındırmaq olmaz. Mən bütün Azərbaycan
xalqının iradəsini ifadə edərək
qoşunların Bakıdan təxirə salınmadan
çıxarılmasını tələb edirəm. Heç
bir xalq ilə, o cümlədən Azərbaycan xalqı ilə
silahla danışmaq olmaz. Bu, on gün və ya Əfqanıstandakı
kimi, on il davam edə bilər, lakin haqq-ədalət əvvəl-axır
qələbə çalacaqdır. Nə olursa-olsun,
Allah-Taalanın köməyi ilə ədalət Azərbaycanda
da zəfər çalacaqdır, xalqımızın sovet əsgərlərinin
gülləsinə tuş gəlib həlak olmuş oğlan və
qızları da öz həyatlarını bunun naminə
qurban vermişlər". Bu ittihamla dolu məktub
Şeyxülislam Allahşükür Paşazadə tərəfindən
19 il əvvəl - 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə sovet ordusunun Bakıya daxil olmasına və
dinc əhalinin qətlə yetirilməsinə göstəriş
verən so-vet dövlətinin başçısı
M.Qorbaçova ünvanlanıb. Həmin hüznlü günlərdə
Bakının mərkəzində elə bir bina, elə bir tin
yox idi ki, ora Şeyxülislam A.Paşazadənin
M.Qorbaçova ünvanladığı məktubun mətni
yapışdırılmasın. Sovet dövlətinin
başçısını ittiham edən və onu
bütün dünyada hörmətdən salan bu məktubu
yazmaq böyük cəsarət tələb edirdi.
1990-cı ilin qanlı
yanvar günlərində şeyxülislam öz
mübarizliyini nümayiş etdirərək xalqı birləşməyə,
hakimiyyətin tam iflic olduğu və xaosu dövründə
millətin iradəsini, əzmini möhkəmləndirməyə
müvəffəq oldu. O faciəli günlərdə Qafqaz
Müsəlmanları İdarəsi və onun sədri
xalqın yeganə nicat və ümid yeri oldu. 1990-cı ilin məlum
20 Yanvar faciəsində Şeyxülislam A.Paşazadə
dünya ictimaiyyətinin gözü qarşısında
özünü bir daha təsdiqlədi və göstərdi
ki, xalqın bu gün onun kimi müdrik ağsaqqala ehtiyacı
var. Şəhidlərin dəfn günündə A.Paşazadə
sinəsini qabağa verib öndə gedirdi. Bu yol Şəhidlər
xiyabanına gedən adi bir yol deyildi, bu, xalqın mənfur
imperiyaya nifrəti, etiraz yolu, milli qurtuluş yolu, ədalət,
istiqlal və azadlıq yolu idi.
1991-ci ilin sonlarında
keçmiş sovet müsəlman respublikaları arasında
birinci olaraq Azərbaycanın İslam Konfransı Təşkilatına
üzv qəbul olunmasında A.Paşazadənin şəxsi
nüfuzu böyük rol oynadı.
Şeyxülislam
A.Paşazadə dini-ictimai xadim kimi beynəlxalq aləmdə
böyük nüfuz sahibidir. O, Azərbaycan həqiqətlərini,
Qarabağ problemini, qaçqınlar problemini
tanınmış din və dövlət xadimləri ilə
yüksək səviyyəli görüşlərində
müzakirə edir, bölgədə sülhün və əmin-amanlığın
möhkəmləndirilməsi ilə bağlı böyük
iş aparır. Şeyxülislam A.Paşazadə Qarabağ
probleminin sülh yolu ilə həll olunması
üçün rus, gürcü, erməni dini liderləri ilə
görüşlər keçirmiş, erməni kilsəsinin
rəhbərlərini Qarabağ məsələsi ilə
bağlı konstruktiv dialoqa dəvət etmişdir.
Ermənistanın Azərbaycana
təcavüzü nəticəsində işğal edilmiş
Azərbaycan torpaqlarının azad olunması ilə
bağlı dünya dövlətlərinin
başçılarına, parlamentlərinə, beynəlxalq təşkilatlara
müraciətlər ünvanlayan Şeyxülislam A.Paşazadə
Ermənistanın işğalçılıq siyasətinə
hüquqi qiymət verməyə, dünyanın ən
böyük əşrəfi olan insana və onun faciəsinə
biganə qalmamağa çağırır.
Şeyxülislam
A.Paşazadənin fəaliyyəti təkcə Azərbaycanın
hüdudları ilə məhdudlaşmır. 1992-ci ildə
Qafqaz Xalqları Ali Dini Şurasının sədri
seçilmiş A.Paşazadə Çeçenistan və
İnquşetiyada dini təfriqə salan radikal təmayüllü
qüvvələrin xalqa zidd əməllərinin
qarşısının alınmasında əməli tədbirlər
görmüş, "Qafqaz evi" çərçivəsində
bölgədə barış mühitinin formalaşması
istiqamətində gərgin fəaliyyət göstərmişdir.
O, Qafqaz müsəlmanlarının ali dini rəhbəri kimi təmsil
olunduğu bütün qurum və təşkilatlarda
xalqların maraqlarını ən yüksək şəkildə
qoruyur və onların haqq işini müdafiə edir.
Şeyxülislam
A.Paşazadə müsəlman həmrəyliyi prinsipindən
çıxış edərək İraqda, Fələstində
baş verən hadisələrlə bağlı öz etiraz səsini
ucaltmış, sivilizasiyanın beşiyi sayılan bu ərazilərdə
yerləşən müqəddəs ziyarətgahların, qədim
tarixi abidələrin mühafizə olunması
üçün beynəlxalq təşkilatlar və dövlətlər
qarşısında məsələ
qaldırmışdır. İraqda, Fələstində və
Livanda hərbi münaqişələr alovlanarkən qətiyyətli
mövqe nümayiş etdirərək dünyada sülhə və
əmin-amanlığa nail olunması istiqamətində fəaliyyət
göstərməyi özünün müqəddəs borcu
hesab etmişdir.
1998-ci ildə
Şeyxülislam A.Paşazadənin təşəbbüsü
ilə Bakıda "Müasirlik və dini-mənəvi dəyərlər"
mövzusunda beynəlxalq konfrans keçirildi. Bu konfransda
müstəqilliyinə qovuşduqdan sonra Azərbaycanda dini-mənəvi
dəyərlərin dirçəl-dilməsi istiqamətində
görülən işlər, dövlətin dinə göstərdiyi
qayğı rəğbətlə
vurğulanmışdır. A.Paşazadə, həmçinin,
2003-cü ildə "Allahın lütfi, xalqın
xilaskarı", 2004-cü ildə "Qloballaşma və
islam", 2005-ci ildə "Qloballaşan dünyada islam",
2006-cı ildə "Tolerantlığın örnəyi - Azərbaycan",
"İslamda dözümlülük" mövzularında
keçirilən beynəlxalq elmi konfransların təşəbbüskarı
və təşkilatçısı olmuşdur.
Şeyxülislam
A.Paşazadə mötəbər beynəlxalq konfransların ən
yüksək kürsülərindən dinlərarası dialoq
və əməkdaşlıq, xalqlar və dövlətlər
arasında münaqişə yaradan problemlərin sülh yolu
ilə nizamlanması ideyasını üstün tutur. Tolerantlığı
ardıcıl təbliğ edən Şeyxülislam
A.Paşazadə postsovet məkanında xalqlar və dövlətlər
arasında dostluq və əməkdaşlıq münasibətlərinin
qorunub saxlanılması və inkişaf etdirilməsi naminə
daim xoş məram nümayiş etdirir və əməli fəaliyyət
göstərir. Şeyxülislam A.Paşazadə Müstəqil
Dövlətlər Birliyi Dinlərarası Şurasının
həmsədridir. Onun təşkilatçılığı
ilə 2002-ci ildə Tbilisidə "Qafqazda sülh uğrunda
əməkdaşlıq" beynəlxalq forumu, 2004-cü ildə
Moskvada "Beynəlxalq dinlərarası sülh yaratmaq"
forumu, 2006-cı ildə isə dini liderlərin
ümumdünya sammiti keçirilmişdir. Xristian aləmində
böyük nüfuz sahibi olan A.Paşazadə 2006-cı ildə
Roma Katolik və Rus Pravoslav kilsələrinin təklifi ilə
katolik-pravoslav məzhəblərarası əlaqələr
komissiyasının üzvü seçilmişdir.
Qafqaz Xalqları Ali Dini
Şurasının sədri Şeyxülislam A.Paşazadə
Moskva və Ümumrusiya patriarxı II Aleksi ilə birlikdə
BMT yanında Dinlərin Məşvərət
Şurasının yaradılması təşəbbüsü
ilə çıxış etmişdir. O, Moskvada din xadimlərinin
BMT Baş katibi Pan Gi Munla, Nyu-Yorkda BMT-nin mənzil-qərargahında
BMT Baş katibinin müavini İbrahim Qəmbəri ilə bu
ideyanın həyata keçirilməsi ilə bağlı
fikir mübadiləsi aparmışdır. Nəticədə
müsəlman, xristian və yəhudi din xadimlərinin YUNESKO
nəzdində formalaşdırılması nəzərdə
tutulan yüksək səviyyəli Məşvərət
qrupunda A.Paşazadənin müsəlman din xadimlərini təmsil
edəcəyi qərara alınmışdır. O, 2009-cu ilin
iyulunda YUNESKO-nun yanında yaradılan din xadimlərinin
yüksək səviyyəli Məşvərət qrupunun
üzvü seçilmişdir.
Azərbaycanda dini mərasimlər
içərisində xüsusi önəm daşıyan
Aşura mərasimi ilə bağlı Şeyxülislamın
uğurlu təşəbbüsü müasir islam mənəviyyatı
tarixində xüsusi yer tutur. O, Aşura günlərində
simvolik qan çıxarılması ayininin mahiyyətinin
saxlanılması şərti ilə, onun cəmiyyət
baxımından əhəmiyyətli formasının tət-biqinə
nail olmuşdur. Şeyxülislam A.Paşazadənin təşəbbüsü
ilə Aşura günlərində Azərbaycanın bir
çox məscid və ziyarətgahlarında imam Hüseynin
şəninə qanvermə aksiyalarında iştirak edən
müsəlmanlar, həm müqəddəslərə
ehtiramlarını nümayiş etdirir, həm də xəstə
insanlara real kömək göstərmələrindən məmnun
olurlar. Belə ki, irsi qan xəstəliklərindən əziyyət
çəkən insanların, xüsusilə talassemiyalı
uşaqların ehtiyaclarının ödənilməsi istiqamətində
təmənnasız qan verilməsi aksiyalarının təşkili
və həyata keçirilməsi Şeyxülislam
A.Paşazadənin adı ilə bağlıdır. O,
Aşura günü başyarma, zəncirlə bədənə
xəsarət yetirmə ilə qançıxarma kimi ictimaiyyət
arasında birmənalı qarşılanmayan ənənənin
cəmiyyətə fayda verən aksiyaya, insanpərvərlik
nümunəsinə çevrilməsinə nail olmuşdur.
Qafqaz Müsəlmanları
İdarəsinin sədri Şeyxülislam A.Paşazadənin
elmi fəaliyyəti də genişdir. O, 1992-ci ildə doktorluq
dissertasiyası müdafiə edərək tarix elmləri
doktoru elmi adını almışdır. Tarix və ilahiyyat
elmləri üzrə "Qafqazda islam", "İslamda
ümmət və şüubilik", "Quranın təfsiri
və tərcüməsi tarixi", "Qurani-Kərimin ilahi
hökmləri və öyrənilməsi", "İslamda
şəhidlik", "Milli münasibətlər və
din", "Qurani-Kərimin ecazkarlığı",
"Qurani-Kərimdə insan təbiəti" adlı
monoqrafiyaların, elmi əsərlərin və
çoxsaylı məqalələrin müəllifidir.
Bütün Qafqazın
şeyxi A.Paşazadə Ümumdünya İslam Konqresi,
Ümumdünya Xalq Rəhbərliyi, Ümumdünya Sülh
Şurası, Avrasiya İslam Şurası, "Vicdana
çağırış" Beynəlxalq Fondu və bir
sıra digər nüfuzlu beynəlxalq təşkilatların
rəyasət heyətlərinin üzvüdür.
Şeyxülislam
A.Paşazadə Azərbaycan Respublikası Prezidenti yanında Əfv
Komissiyasının üzvüdür. O, 1986-cı ildə
İordaniya İslam Mədəniyyəti Kral Akademiyasına
müxbir üzv, 2001-ci ildə isə həqiqi üzv
seçilmiş, Beynəlxalq Fiqh Akademiyasının həqiqi
üzvü, 2008-ci ildə yaradılmış Beynəlxalq
Fiqh Təşkilatının təsisçilərindən
biri, 2009-cu ildə Moskvada keçirilən "MDB müsəlmanları
konfessiyalararası və millətlərarası razılıq
tərəfdarıdır" adlı beynəlxalq elmi-praktik
konfransda Müstəqil Dövlətlər Birliyi müsəlman
dini liderlərinin Məşvərət Şurasının sədri
seçilmişdir.
Sülhün əldə
olunması və tolerantlığın bərqərarı sahəsində
uğurlu fəaliyyətinə görə Şeyxülislam
A.Paşazadə 2007-ci ildə Sülh Fondları Beynəlxalq
Assosiasiyası, Ümumdünya Veteranlar Federasiyası və
"Xalq yaddaşı" Beynəlxalq Veteranlar Fondunun təsis
etdikləri xatirə medalı ilə təltif olunmuşdur.
A.Paşazadənin təşəbbüsü
ilə 2005-ci ildə "Şeyxülislam ordeni" təsis
edilmişdir. Bu ordenə ilk dəfə sülhün,
tolerantlığın, mənəvi dəyərlərin
qorunub saxlanılması və inkişafı istiqamətində
böyük xidmətlərinə görə Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev layiq
görülmüşdür. Bu ali mükafat sonralar Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə, Rusiya
Federasiyasının keçmiş prezidenti, hazırkı
Baş nazir Vladimir Putinə, İslam Konfransı Təşkilatının
Baş katibi Ekmələddin İhsanoğluya, Moskva və
bütün Rusiyanın keçmiş patriarxı II Aleksiyə
və Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb
Tayyib Ərdoğana veril-mişdir.
Dini maarifin, islamın
elmi şəkildə tədris olunmasını önə
çəkən Şeyxülislam A.Paşazadənin təşəbbüsü
ilə 1991-ci ildə Bakı İslam İnstitutu, 1998-ci ildə
isə Qafqaz Müsəlmanları İdarəsi nəzdində
görkəmli elm və din xadimlərindən ibarət
Elmi-Dini Şura yaradılmışdır.
Şeyxin həyat və
fəaliyyəti ilə bağlı "On ikinci
şeyxülislam", "Mərhəmətli və şəfqətli
qəlb", "Şeyxülislam: ictimai xadim, alim",
"Bizim bir şeyximiz var", "Müqəddəs
ömrün anları", "Şeyxülislam
Allahşükür Paşazadə: elm və dinin vəhdəti",
"Qafqaz Müsəlmanları İdarəsi və Ermənistan-Azərbaycan
münaqişəsi", "İki əsrin
şeyxülislamı", "25 il şeyxülislam"
kitabları nəşr olunmuşdur.
Şeyxülislam
A.Paşazadənin Azərbaycan dövləti və xalqı
qarşısında xidmətləri dövlətimiz tərəfindən
yüksək qiymətləndirilmişdir. O, "Şöhrət"
və "İstiqlal" ordenləri ilə təltif olunmuşdur.
Şeyxülislam
A.Paşazadənin çoxsahəli fəaliyyəti
dünyanın böyük dövlətləri və dini
qurumları tərəfindən də yüksək qiymətləndirilmiş
və bir çox ali mükafatlara layiq
görülmüşdür. O, 1988-ci ildə SSRİ-nin
"Xalqlar dostluğu" ordeni, 1992-ci ildə Misirin I dərəcəli
"Əl elm və əməl" ordeni, 1998-ci ildə
Çeçenistan Respublikasının "Millət qəhrəmanı"
ordeni, 2001-ci ildə Rus Pravoslav Kilsəsinin I dərəcəli
"Müqəddəs Vladimir" ordeni, 2003-cü ildə
Çeçenistan Respublikasının "Çeçen qəhrəmanı"
ordeni, 2002-ci ildə Gürcüstan Respublikasının
"Şərəf" ordeni, 2005-ci ildə Rus Pravoslav Kilsəsinin
I dərəcəli "Sergi Radonejski" ordeni, 2005-ci ildə
Vatikan dövlətinin "Müqəddəs Qreqori"
ordeni, 2006-cı ildə Rusiya Federasiyasının
"Dostluq" ordeni, 2007-ci ildə İordaniya Krallığının
I dərəcəli "Kral Hüseyn" ordeni ilə təltif
olunmuşdur.
Müqəddəs
Ramazan bayramı münasibətilə açılan iftar
süfrəsinə dəvət olunan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev
Şeyxülislam A.Paşazadənin çoxşaxəli fəaliyyətini
yüksək qiymətləndirərək demişdir:
"Şeyx həzrətlərinin Azərbaycanda dini
tolerantlığın inkişafında çox böyük əməyi,
çox böyük xidmətləri var. Bunu biz bilirik,
başqa dinlərin başçıları və nümayəndələri
də bilir. Bütün dünyada şeyx həzrətlərinə
çox böyük hörmət, çox böyük inam
var. Başqa dinlərin başçılarının, Qafqaz
xalqlarının dini nümayəndələrinin Azərbaycana
səfərləri zamanı və beynəlxalq tədbirlərdə
mən şəxsən bunun şahidi olmuşam. Əlbəttə
ki, bu, bütövlükdə Azərbaycana olan hörmətin
böyük nümunəsidir".
Şeyxülislam A.Paşazadə
bu gün Azərbaycan xalqının taleyi ilə bağlı
nəinki müsəlman aləmində, hətta dünyada gedən
ictimai-siyasi proseslərin, qlobal məsələlərin həllində
yaxından iştirak edir və bu yolda var qüvvəsini əsirgəmir.
60 yaşlı Şeyxülislam Hacı Allahşükür
Paşazadə dünya müsəlmanlarının
iftixarıdır və onun bu adı fəxarətlə
daşımağa haqqı var. 60 yaşın mübarək,
şeyx həzrətləri!
Anar İSGƏNDƏROV,
tarix elmləri doktoru,
professor
Azərbaycan.- 2009.- 26 avqust.- S. 4.