Ümummilli liderin irsinə maraq böyükdür

 

Bu mərkəz Suraxanı Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının yanında, Heydər Əliyev parkındadır. Bina üçmərtəbəlidir, hər mərtəbəsinin sahəsi 360 kvadratmetrdir. Mərkəzin önündəki meydanda ulu öndərin bürüncdən hazırlanmış abidəsi ucalır. Mərkəz bu il may ayının 4-də fəaliyyətə başlamış, onun açılış mərasimində ölkə Prezidenti İlham Əliyev iştirak etmişdir.

- Mərkəz istifadəyə veriləndən sonra rayon əhalisi Heydər Əliyevin irsi ilə daha yaxından tanış olmaq imkanı qazanıb, - deyə Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Barxudar Barxudarov söhbətə başladı. Bildirdi ki, birinci mərtəbədə əsasən ümummilli liderin Suraxanı rayonunda keçirilən müxtəlif tədbirlərdə iştirakını əks etdirən fotoşəkillər üstünlük təşkil edir. Həmin fotoların bir qismi rəhbərin sovet dövrü fəaliyyətinə - 1970-1984-cü illərə aiddir. Bu dövrdə Heydər Əliyev rayondakı müxtəlif obyektlərdə, o cümlədən neft sənayesi müəssisələrində, maşınqayırma zavodunda olmuş, zəhmətkeşlərlə görüşmüş, Suraxanı rayonundan SSRİ Ali Sovetinə deputat seçilmişdir.

Azərbaycan müstəqillik qazandıqdan sonra xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər yenə də bir neçə dəfə rayonumuzda olmuşdur. 1994-cü ildə neftin sənaye üsulu ilə istehsalının 90 illiyi ilə əlaqədar keçirilən tədbirdə, üç il sonra - yanvar ayının 27-də Suraxanıda yerləşən "Neftçi" İdman Sağlamlıq Mərkəzinin 60 illiyinə və mərkəzin Olimpiya Kompleksinin açılışına həsr olunmuş mərasimdə iştirak etmişdir. Heydər Əliyev 1998-ci ildə şair Tofiq Bayramın büstünün, 1999-cu ildə Yeni Suraxanıda tikilmiş müxtəlif sosial obyektlərin açılışında, 2002-ci ildə Yeni Günəşlidəki 275 saylı orta ümumtəhsil məktəbində keçirilən Bilik günündə iştirak etmişdir. Mərkəzdə həmin tədbirləri əks etdirən fotoşəkillər də vardır. Birinci mərtəbədə multimedia və rəsm studiyaları, habelə texniki otaqlar yerləşir. Multimedia studiyasında 2 nəfər çalışır. Bundan başqa, mərkəzdə 15 nəfərdən ibarət tədqiqat qrupu fəaliyyət göstərir. Onlar ulu öndərin Suraxanı rayonuna gəlişi ilə bağlı materialları toplayır, araşdırır və film hazırlayırlar. Bəzi adamların arxivində hələ işıq üzü görməyən materiallar var. Həmin materiallar multimedia studiyasında işlənir və eksponatlarımızın sırasını zənginləşdirir.

Burada rəsm studiyası da fəaliyyət göstərir. Studiyada gənc rəssamların yaradıcılıqla məşğul olması üçün hər cür şərait yaradılmışdır. Mərkəzdə elektron kitabxana da vardır. Kitabxanada 200-dən çox kitab vardır.

İkinci mərtəbədəki geniş sərgi salonunda ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən çoxsaylı şəkillər nümayiş etdirilir. Mərkəzi ziyarətə gələn qonaqlar, tələbələr, məktəblilər ulu öndərin zəngin irsi ilə tanış olurlar. Onların məşğələ keçmələri üçün xüsusi fərdi səs sistemi olan oturacaqlarla və plazma panellərlə təmin olunmuş 3 elekron auditoriya yaradılmışdır.

Üçüncü mərtəbədə "Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideridir" mövzusunda elektron sərgi nümayiş etdirilir. Burada müasir texnoloji avadanlıqlarla təchiz olunmuş audio-video sistemlə müşayiət olunan konfrans zalı - lektoriya fəaliyyət göstərir.

Heydər Əliyev Mərkəzinin saytında ümummilli liderin fəaliyyəti ilə bağlı məlumatlar yerləşdirilmişdir.

Yeri gəlmişkən, mərkəzə baxış planlı şəkildə həyata keçirilir. İlk hüququ rayon ərazisində yerləşən 35 təhsil müəssisəsinin ən yaxşı oxuyan və ictimai işlərdə fəal iştirak edən şagirdləri qazanıblar. May ayında hər təhsil müəssisəsindən təxminən 80-90 nəfər olmaqla ümumilikdə üç minə yaxın şagird və onları müşayiət edən 150-dən çox müəllim gəlmişdir. Səhiyyə ocaqlarının, sənaye müəssisələrinin kollektivləri də mütəşəkkil qaydada müəyyən edilmiş vaxtlarda mərkəzdə olmuşlar. Onlar ulu öndərin həyatının müxtəlif anlarını, fəaliyyətini əks etdirən çoxsaylı foto-şəkillərə, habelə xüsusi fərdi səs sistemi ilə təchiz edilmiş elektron auditoriyalarda "Əyilməz iradə", "Xilaskar" və "Millət atası" filmlərinə maraqla baxmışlar.

Rayon sakinlərinin Heydər Əliyev Mərkəzi ilə tanış olmaq istəyini nəzərə alaraq hər həftənin müəyyən vaxtlarında "Açıq qapı" günləri keçirilmişdir.

 

 

Eldar NƏSİBLİ

 

Azərbaycan.- 2009.- 26 avqust.- S. 4.